Məhkəmə qərarları › İş №2(011)-4338/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-4338/2021

03.06.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-4338/2021 03.06.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Mehrəliyev Sərdar Bəşərəddin oğlunun sədrliyi, Abbaslı Elman Semur oğlunun katibliyi, İddiaçı qızının iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “mənzildən istifadə hüququnun itirilməsi tələbinə dair” mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “mənzildən istifadə hüququnun itirilməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin Bakı şəhəri, Xətai rayonu, Zığ yolu küçəsi, ev 1V, 75 saylı mənzildən istifadə hüququnun itirilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəh., Xətai rayonu, Zığ yolu küçəsi, ev 1V, 75 saylı mənzil mülkiyyətindədir. 07.01.1998-ci il tarixdə adına mülkiyyət hüququ tanınmışdır. Mənzil atası X3 adına olmuş və 1998-ci ildə bağışlanma yolu ilə ona vermişdir. 05.02.1989-cu ildə X4 ilə rəsmi nikaha daxil olmuşdur və bu nikahdan cavabdeh xx.xx.1989-cu ildə təvəllüdlü qızı Cavabdeh və 25.01.1991-ci il təvəllüdlü X2 anadan olmuşdur. X4 ilə bir müddət mehriban yaşadıqdan sonra ailə münasibəti pozulmuş və aralarında 1989-cu il tarixdə rəsmləşdirilmiş nikah 28.03.2014-cü il tarixdə Bakı şəhər Yasamal rayon qeydiyyat şöbəsi tərəfindən pozulmuşdur. Cavabdeh onun doğma qızıdır, mülkiyyətində olan mənzildə qeydiyyatdadır, lakin ailə qurandan sonra 2016-cı ildən öz ailəsi ilə birlikdə yaşayır. Mənzilin bütün komunal xərclərini iddiaçı olaraq özü ödəyir. Cavabdehin evində qeydiyyatda qalması maddi cəhətdən ziyan vurduğundan əlavə komunal xərcləri ödəmək məcburiyyətində qalır. Ona görə də hesab edir ki, cavabdehin ona məxsus evdən istifadə hüququ itirilməlidir. Cavabdeh iddia ərizəsinə etiraz edərək göstərmişdir ki, iddia əsassızdır və təmin edilə bilməz. İddiaçı iddiasının hüquqi əsası kimi 2009-cu ilə qədər qüvvədə olan Mənzil Məcəlləsinin normalarına və Konstitusiya Məhkəməsinin 12.03.1999-cu il tarixli qərarına istinad edib. İddia ərizəsindən də göründüyü kimi, mübahisəli mənzil özəlləşdirilmiş mənzildir, buna görə də Konstitusiya Məhkəməsinin 12.03.1999-cu il tarixli qərarı ona şamil oluna bilməz. Eyni zamanda mübahisəli mənzildə yaşamadığı iddia olunan müddət 2009-cu ildən sonraya aid olduğundan, 2009-cu ilədək qüvvədə olan Mənzil Məcəlləsinin normaları bu işə tətbiq oluna bilməz. Digər tərəfdən mübahisəli mənzildə pasport qeydiyyatındadır. 2016-cı ildə ailə qurduqdan sonra başqa mənzildə yaşasa da, mübahisəli mənzillə və mənzilin mülkiyyətçisi olan iddiaçıla ilə bağlılığı itirməmişdir. Mütəmadi olaraq həmin mənzilə gedir, orada yaşayır. Hətta mənzildə çəkilən internet həyat yoldaşının adına rəsmiləşdirilib, onun ödənişlərini də əksər hallarda həyat yoldaşı ilə o, ödəmişdir. Mübahisəli mənzildə pasport qeydiyyatında qalması iddiaçıya hər hansı çətinlik yaratmır. Çünki hazırda bütün kommunal ödənişlər işlədilən sərfiyyata uyğun olaraq ödənilir. Buna görə də bu, iddiaçıya maddi ziyan vurmur. Mübahisəli mənzilə istifadə hüququ olduğundan ona yalnız kompensasiya ödənilməklə xitam verilə bilər. Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair 29 mart 2016- cı il tarixli qərarına görə, məhkəmələr Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verərkən hər bir halda müvafiq hüquq münasibətlərinin bütün iştirakçılarının hüquq və maraqlarının ədalətli və ağlabatan tarazlığını gözləyərək, konstitusiya hüquqlarının əsassız və həddindən artıq məhdudlaşdırılmasının qarşısını almalıdırlar. Bu mənada xüsusilə qeyd olunmalıdır ki, keçmiş ailə üzvünün yaşayış sahəsindən istifadə etmək zərurətinin mövcudluğuna baxmayaraq, mülkiyyətçinin və digər mənzil sakinlərinin onun bu hüququndan istifadə etməsini mümkünsüz etdiyi qanuna zidd hallar müəyyən olunduqda, keçmiş ailə üzvünün istifadə hüququna kompensasiya ödənilmədən xitam verilə bilməz. Qeyd edilənlərə əsasən məhkəmədən iddianın əsassız olduğundan rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış Cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə qeyd edilənləri nəzərə alaraq hazırkı mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün sayır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 ifadəsində göstərmişdir ki, iddiaçının qonşusudur. İddiaçının qızı olan Cavabdeh 5 ildir ki, ərə gedib və ər evində yaşayır. Hərdən bir qonaq kimi anasının evinə gəlir. Məhkəmə iddiaçının izahatını, şahidin ifadəsini dinləyərək, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, eləcə də işdə olan sənədləri tədqiq etməklə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Mülki işin materiallarında olan MH seriyalı 115347 saylı qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, Zığ yolu küçəsi, ev 1V, 75 saylı mənzil İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 07.01.1998-ci il tarixdə qeydiyyata alınmışdır. İddia ərizəsinə əlavə olunmuş AR DİN MAPS şöbəsinin 26.04.2021-ci il tarixli arayışından görünür ki, Cavabdeh Bakı şəhəri, Xətai rayonu, Zığ yolu küçəsi, ev 1V, 75 saylı mənzildə qeydiyyatdadır. Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” 08.10.2013-cü il tarixli Qərarına əsasən yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Tərəflər arasında mübahisəli mənzillə bağlı hüquq münasibətləri 2009-ci il oktyabrın 1-dək yarandığı üçün Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin yuxarıda qeyd edilən qərarlarına əsasən hazırkı mübahisə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin qaydalarına uyğun həll edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Həmin Məcəllənin 228.5-ci maddəsinə görə yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına əlavə 1 saylı Protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Marks Belçikaya qarşı iş üzrə qərarında qeyd etmişdir ki, öz əmlakına sərəncam vermək mülkiyyət hüququnun adi və əsasını təşkil edən aspektidir və əmlakdan maneəsiz istifadə hüququ mahiyyəti etibarilə mülkiyyət hüququna təminat verir. Sporronq və Lonnpot İsveçə qarşı işdə isə Məhkəmə göstərmişdir ki, mülkiyyətçinin əmlakına hüququ ilə bağlı statusu toxunulmaz qalsa da, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının məhdudlaşdırılması ilə mülkiyyət hüququ “şərti və qeyri-sabit” xarakter almış olur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Akimova Azərbaycana qarşı işi üzrə qərarında isə göstərilmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsinin başlıca və ən əsas tələbi mülkiyyətdən istifadə hüququna dövlət tərəfindən hər hansı bir müdaxilənin qanun çərçivəsində olmasından ibarətdir. Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair” 29 mart 2016-cı il Qərarı ilə müəyyən edilmişdir ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə hüququna müvafiq kompensasiya ödənilmədən xitam verilməsi həmin hüququn əldə edilməsini zəruri edən əsas (yaşayış sahəsinə ehtiyac) aradan qalxdıqda mümkündür. Belə mübahisələrə baxılarkən məhkəmələr tərəfindən işin faktiki halları, o cümlədən istifadə hüququnun həyata keçirilməməsinin səbəbləri dəqiq və hərtərəfli araşdırılmalı və məhkəmə aktında əsaslandırılmalıdır.” Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ. Hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyətçi ona məxsus əmlak üzərində öz mülahizəsinə əsasən sahiblik edir, onun barəsində sərəncam verir və ondan istifadə edir. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özünün sahibliklə əiaqədar olmayan pozulmuş hüquqlarının bərpa olunmasını məhkəmədən tələb edə bilər. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Həmin Qanunun 9-cu maddəsinin 5-ci bəndəinə əsasən müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında çıxarılır Məhkəmə işin faktiki hallarına əsasən Cavabdeh uzun müddət ərzində (5 il) İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, Zığ yolu küçəsi, ev 1V, 75 saylı mənzildə yaşamamasını, onun həmin mənzildən istifadə hüququnun əldə edilməsini zəruri edən əsasların (yaşayış sahəsinə ehtiyac) aradan qalxmasını nəzərə alıb, qanunvericiliyin yuxarıda sadalanan normalarına əsaslanaraq hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdehin mübahisəli mənzildən istifadə hüququ itirilmiş hesab edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia tələbi təmin edilsin. Cavabdeh İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, Zığ yolu küçəsi, ev 1V, 75 saylı mənzildən istifadə hüququ itirlmiş hesab edilsin. Qətnamə Cavabdeh yaşayış yeri üzrə qeydiyyatlarının ləğvi üçün əsasdır. Qətnamədən rəsmi qaydada təqdim edildikdən sonra bir ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Sərdar Mehrəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar