Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-4346/2024 04.06.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Quliyeva Nərmin İsmayıl qızının katibliyi, İddiaçı və onun nümayəndəsi və vəkili Qanuni nümayəndə, Cavabdehin etibarnamə üzrə nümayəndəsi X2 iştirakları ilə, İddiaçı Cavabdeh1 İB-yə qarşı “əmrin ləğv edilməsi, işə bərpa və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddia ərizəsinin dəlilləri: İddiaçı nümayəndəsi və vəkili Qanuni nümayəndə Cavabdeh1 İB-yə qarşı “əmrin ləğv edilməsi, işə bərpa və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 İB Salyan X7 İdarəsinin İddiaçı ilə əmək müqaviləsinin ləğv edilməsi barədə əmrinin ləğv edilməsi, onun işə bərpa olunması və məcburi buraxdığı iş günlərinə görə əmək haqqının ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.2014-cü il tarixindən Cavabdeh1 Salyan X7 İdarəsi ilə Əmək müqaviləsi bağlayaraq telefonçu vəzifəsində çalışmağa başlamışdır. İddiaçı Cavabdeh1 Salyan X7 İdarəsində işlədiyi dövr ərzində əmək funksiyalarını və əmək müqaviləsi üzrə öhdəliklərini, o cümlədən əmək vəzifələrini yüksək peşəkarlıqla icra etmişdir. Cavabdeh1 Salyan X7 İdarəsinin 03 iyul 2023-cü il tarixli, 14-2-2-9/3-1k-153/2023 saylı əmri ilə nümayəndəsi olduğu şəxsin əmək müqaviləsinə xitam verilmişdir. İşdən çıxarılmasına əsas olaraq, Əmək Məcəlləsinin 74-cü maddəsinin 1-ci bəndi (qanunvericiliklə daha uzun müddət müəyyən edilməyibsə, əmək qabiliyyətinin fasiləsiz olaraq altı aydan çox müddətə tam itirilməsi ilə əlaqədar işçi əmək funksiyasını yerinə yetirə bilmədikdə) göstərilmişdir. İddiaçının uzun müddətdir ki, 2-ci dərəcə əlilliyi var və bu zaman əmək fəaliyyəti ilə məşğul ola bilməyəcəyi qeyd edilmişdir. Lakin onun əmək fəaliyyətinə mane olmamışdır. Çünki sağlamlığındakı problem əmək müqaviləsi bağlamamışdan mövcud olmuşdur. Nümayəndəsi olduğu şəxs işlədiyi müddət ərzində heç vaxt problem olmamışdır. Əmək müqaviləsinə xitam verildikdən sonra o, sağlamlıq vəziyyətinin yoxlanılması üçün yenidən müraciət etmişdir. Bu zaman verilmiş rəydə epidemoloji təhlükənin olmadığı şəraitdə işləyə bilər qeyd edilmişdir. Göründüyü kimi Cavabdeh1 Salyan X7 İdarəsinin 03 iyul 2023-cü il tarixli, 14-2-2-9/3-1k-153/2023 saylı əmrinə əsas olmuş hal aradan qalxmışdır. İddiaçı işlədiyi zaman da, ona sağlamlığının yoxlanılması tapşırılsaydı işləməyinə maneənin olmaması müəyyən edilərdi. İddiaçı əmrin ləğvi üçün mediasiya təklifi göndərmiş, lakin qarşı tərəf ümumiyyətlə iclasda iştirak etmədiyi üçün məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Odur ki, Cavabdeh1 Salyan X7 İdarəsinin İddiaçı ilə əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin ləğv edilməsi, onun işə bərpa olunması və məcburi buraxdığı iş günlərinə görə əmək haqqının ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tərəflərin izahatları: Məhkəmə iclasında iddiaçı və onun vəkili iddia tələbini müdafiə edərək onun təmin olunmasını xahiş etdilər və iddia ərizəsinin məzmununa uyğun izahat verdilər. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X5 iddia tələbinə etiraz edərək onun təmin edilməməsini xahiş etmişdir. O, iddia müddətinin tətbiqi barədə ərizə ilə məhkəməyə müraciət edərək iddianın rədd edilməsini xahiş etmişdir. O, məhkəməyə təqdim etdiyi etiraz ərizəsində qeyd etmişdir ki, İddiaçı Salyan RQİİ-nin xx.xx.2014-cü il tarixli, 366K saylı əmrlə Hacıqabul rayonu üzrə Təmir-Bərpa xidmətinin yerli telefon rabitəsinin telefonçusu peşəsinə işə qəbul edilmişdir. Ştat cədvəlində aparılmış dəyişikliklə əlaqədar xx.xx.2021-ci il tarixli 195 k saylı əmrlə Hacıqabul rayonu üzrə Təmir-Bərpa xidmətinin yerli telefon rabitəsinin telefonçusu peşəsinə keçirilmişdir. Salyan RQİİ-nin 03 iyul 2023-cü il tarixli əmri ilə onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 74-cü maddəsinin “c” bəndinə əsasən (qanunvericiliklə daha uzun müddət müəyyən edilməyibsə, əmək qabiliyyətinin fasiləsiz olaraq altı aydan çox müddətə tam itirilməsi ilə əlaqədar işçi əmək funksiyasını yerinə yetirə bilmədikdə) xitam verilmişdir. 2023-cü ilin may ayında Salyan RQİİ üzrə işçilərin “Elektron hökümət portalı”nda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatların yoxlanılması zamanı (ƏMAS alt sistemində) İddiaçı ikinci dərəcəli əlillik statusunun olması və əmək zəmanəti əmək qabiliyyətsiz kimi qeyd olunması müəyyən edilmişdir. Bu səbəbdən də İddiaçı Salyan RQİİ-nə dəvət edilmiş, ona bu barədə müvafq izahat verilmiş, onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 74-cü maddəsinin “c” bəndinə əsasən xitam veriləcəyi bildirilmişdir. İddiaçı əmək qabiliyyətli olmasını, təkrar müayinədən keçirilməsi üçün Tibbi-Sosial Ekspert Komissiyasına müraciət edəcəyini və müraciətinin nəticələrinə dair müvafiq sənədləri idarəyə təqdim edəcəyini bildirmişdir. Lakin İddiaçı əmək qabiliyyətli olması barədə idarəyə heç bir sənəd təqdim etməmiş, “Elektron hökümət portalı”nda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatların təkrar yoxlanılması zamanı İddiaçı əmək zəmanəti əmək qabiliyyətsiz kimi olması müəyyən edilmişdir. Bu səbəbdəndə Salyan RQİİ-nin 03 iyul 2023-cü il tarixli 14-2- 2-9/3-1k-153/2023 saylı əmri ilə İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 74-cü maddəsinin “c” bəndinə əsasən (qanunvericiliklə daha uzun müddət müəyyən edilməyibsə, əmək qabiliyyətinin fasiləsiz olaraq altı aydan çox müddətə tam itirilməsi ilə əlaqədar işçi əmək funksiyasını yerinə yetirə bilmədikdə) xitam verilmişdir. Salyan RQİİ-nin xx.xx.2023-cü il tarixli 14-2-2-9/2-547/2023 məktubu ilə İddiaçı əmək kitabçasını Salyan RQİİ-nin İnsan resursları şöbəsindən götürülməsi barədə məlumat verilmişdir. İddiaçı xx.xx.2023-cü il tarixdə əmək kitabçasını Salyan RQİİ-nin İnsan resursları şöbəsindən təhvil almışdır. İddiaçı iddia ərizəsində sağlamlığıda olan problemin əmək müqaviləsi bağlamamışdan əvvəl mövcud olmasını, işlədiyi müddətdə heç bir problemin olmamasını, işlədiyi zaman sağlamlığının yoxlanılması barədə tapşırıq verilmədiyini qeyd etmişdir. İddiaçı əlillik dərəcəsi olması barədə idarəyə heç bir məlumat verməmiş, onun əlillik dərəcəsi olması və əmək qabiliyyətinin olmaması Salyan RQİİ üzrə işçilərin “Elektron hökümət portalı”nda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatların yoxlanılması zamanı müəyyən edilmişdir. Qanunvericilikdə zərərli peşədə çalışan işçilərin dövri tibb müayinədən keçirilməsi nəzərdə tutulmuşdur. İddiaçının tutduğu peşə zərərli peşələr kateqoriyasına aid olmadığı üçün onun dövri tibb müayinədən keçirilməsi nəzərdə tutulmamışdır. Bundan əlavə iddiaçı tərəfindən məhkəməyə müraciət edilməsi üçün müəyyən edilmiş prosessual müddəti ötürülmüşdür. Belə ki, Salyan RQİİ-nin 03 iyul 2023cü il tarixli 14-2-2-9/3-1k-153/2023 saylı əmri ilə İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 74-cü maddəsinin “c” bəndinə əsasən xitam verilmiş, Salyan RQİİ-nin xx.xx.2023-cü il tarixli 14-2-2-9/2-547/2023 məktubu ilə İddiaçı əmək kitabçasını Salyan RQİİ-nin İnsan resursları şöbəsindən götürülməsi barədə məlumat verilmişdir. İddiaçı xx.xx.2023-cü il tarixdə Salyan RQİİ-nə mediasiyanın tətbiqi barədə təklif məktubu göndərmişdir. Mediasiyanın tətbiqi barədə təklif məktubunun göndərilməsindən 45 gün sonra, yəni xx.xx.2023-cü il tarixdə ilkin mediasiya sesiyası üçün Salyan 1 saylı Mediasiya Təşkilatına müraciət edilmişdir. Salyan 1 saylı Mediasiya Təşkilatı tərəfindən xx.xx.2023-cü il tarixdə MŞS/MT-028/2023/0002Ə saylı X1 iştirak edilməməsi barədə arayış verilmişdir. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 28.3-cü maddəsinə əsasən tərəfin bu Qanunun 21.6-cı maddəsində nəzərdə tutulmuş mediasiya prosesinin tətbiqi barədə təklifi digər tərəfə təqdim edildikdən sonra 10 iş günü ərzində qəbul edilmədikdə və ya tərəflər bu Qanunun 28.2-ci maddəsinə əsasən mediator və ya mediasiya təşkilatı barədə razılığa gəlmədikdə, ilkin mediasiya sessiyası tərəflərdən hər hansı birinin ilkin müraciət etdiyi, mübahisənin aidiyyəti üzrə aid olduğu məhkəmə ilə eyni şəhər və ya rayonda yerləşən mediasiya təşkilatı, həmin şəhər və ya rayonda mediasiya təşkilatı olmadıqda isə (bu Qanunun 28.4-cü maddəsi nəzərə alınmaqla) həmin məhkəmənin yerləşdiyi inzibati ərazi vahidinə ən yaxın şəhər və ya rayonlardan birində yerləşən mediasiya təşkilatı tərəfindən aparılır. Bu halda tərəflər mediator barədə razılığa gəlmədikdə, mediatoru mediasiya təşkilatı təyin edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 05 sentyabr 2019-cu il tarixli 385 nömrəli qərarı ilə təsdiq edilmiş “Mediasiya prosesinin həyata keçirilməsi Qaydası”nın 7.1-ci bəndinə əsasən mediasiya prosesi tərəflərdən birinin digər tərəfə mediasiya prosesinin tətbiqi barədə yazılı formada məlumatları (tərəflərin adları və rekvizitləri, mübahisənin predmeti, xərclərin ödənilməsi şərtləri və qaydası, əgər tərəflər arasında digər razılaşma yoxdursa, mediasiyanın keçirilməsinin məxfiliyi haqqında tərəflərin öhdəlikləri və həmin öhdəliyə əməl etməməyə görə məsuliyyət), həmçinin tərəflərin qarşılıqlı razılaşdığı mediator (mediatorlar) və ya mediasiya təşkilatı vardırsa, bu barədə məlumatı, olmadıqda isə bu barədə təklifləri əks etdirən təklifin göndərildiyi andan başlanılmış sayılır. Həmin Qaydaların 4.6-cı bəndinə əsasən mediasiya prosesinin ümumi müddəti 30 gündən artıq olmayaraq davam edə bilər. Mübahisənin mürəkkəbliyi nəzərə alınaraq, tərəflərin razılaşması ilə mediasiya prosesinin müddəti daha 30 gün müddətinədək uzadıla bilər. Mediasiya prosesinin keçirilməsinin konkret müddəti ümumi müddət nəzərə alınmaqla, “mediasiya prosesinin tətbiqi barədə müqavilə” ilə müəyyən olunur. Azərbyacan Respublikasının Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci bəndinə əsasən bu maddənin birinci hissəsində göstərilən hallardan başqa qalan bütün hallarda fərdi əmək mübahisələrinin həll edilməsi üçün işçi hüququnun pozulduğu aşkar edildiyi gündən 1 təvqim ayı ərzində məhkəməyə müraciət edə bilər. Lakin iddiaçı tərəfindən qanunvericliklə müəyyən edilmiş prosessual müddət ötürülmüşdür. İşin faktiki halları: İşin mübahisə edilməyən halları ondan ibarətdir ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2014-cü il tarixdə əmək müqaviləsi bağlanmış və iddiaçı cavabdeh qurumda telefonçu vəzifəsinə işə qəbul edilmiş, 03 iyul 2023-cü il tarixdə isə onunla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 74-cü maddəsinin 1-ci hissəsinin c) bəndinə əsasən xitam verilmişdir. Cavabdeh iddiaçı ilə əmək müqaviləsinə xitam verərkən iddiaçının əmək qabiliyyətinin fasiləsiz olaraq altı aydan çox müddətə tam itirilməsi ilə əlaqədar əmək funksiyasını yerinə yetirə bilməməsini səbəb kimi göstərmişdir. İş materiallarında olan 03 iyul 2023-cü il tarixli əmrdən görünür ki, xx.xx.2014-cü il tarixli, 366K saylı əmrlə Hacıqabul rayonu üzrə TəmirBərpa xidmətinin yerli telefon rabitəsinin telefonçusu peşəsinə işə qəbul olunmuş İddiaçı əmək müqaviləsinə 03 iyul 2023-cü il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 74 maddəsinin 1-ci hissəsinin c) bəndinə əsasən, əmək qabiliyyətinin fasiləsiz olaraq altı aydan çox müddətə tam itirilməsi ilə əlaqədar əmək funksiyasını yerinə yetirə bilməməsi səbəbindən xitam verilmiş, müqaviləyə xitam verilərkən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 77-ci maddəsinin 7-ci hissəsinə əsasən, orta aylıq əmək haqqının iki misli miqdarında müavinətin ödənilməsi tapşırılmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair (xx.xx.2023-cü il tarixdə çap edilmiş) məlumatın verilməsi barədə arayışdan görünür ki, İddiaçı epidemoloji təhlükənin olmadığı şəraitdə işləyə bilər. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi barədə arayışdan görünür ki, İddiaçı ikitərəfli infiltrativ ağciyər vərəmi parçalanma fazasında BK(-) ağciyər-ürək çatışmamazlığı diaqnozu qoyulmuş və ikinci dərəcəli əlillik verilmişdir. İş materiallarında olan Salyan 1 saylı Mediasiya Təşkilatının vermiş olduğu X1 iştirak edilməməsi barədə arayışdan görünür ki, İddiaçı xx.xx.2023-cü il tarixində ilkin mediasiya sessiyası üçün ərizə ilə müraciət etmişdir. xx.xx.2023-cü il tarixində sessiya keçirilmiş və cavabdeh Salyan X7 İdarəsinin nümayəndəsinin iştirak etməməsi əsasında müvafiq arayış verilmişdir. İddiaçı hazırkı iddia tələbi ilə Salyan Rayon Məhkəməsinə müraciət etmiş, Salyan Rayon Məhkəməsinin 15 dekabr 2023-cü il tarixli e-2(057)-1925/2023 saylı qətnaməsi ilə iddia tələbi təmin edilmiş, Cavabdeh1 Salyan X7 İdarəsinin 03 iyul 2023-cü il tarixli əmrinin ləğv edilməsi və İddiaçı telefonçu vəzifəsinə bərpa edilməsi, Cavabdeh1 Salyan X7 İdarəsi tərəfindən hazırki qətnamə qanuni qüvvəyə mindiyi günədək məcburi iş buraxma müddəti üçün hesablanmış əmək haqqının İddiaçı ödənilməsi, 50 (əlli) manat məbləğində mediasiya xərcinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi, iş üzrə dövlət rüsumu qismində 100 (bir yüz) manat məbləğində pul vəsaitinin Cavabdeh1 Salyan X7 İdarəsindən dövlət nəfinə tutulması qət edilmişdir. İş üzrə cavabdeh həmin qətnamədən apellyasiya şikayəti vermiş, Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-488/2024 saylı 28 fevral 2024 saylı qərardadı ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Salyan Rayon Məhkəməsinin 15 dekabr 2023cü il tarixli e-2(057)-1925/2023 saylı qətnaməsi ləğv edilmiş, mülki iş ərazi aidiyyəti üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilmişdir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyası: 35-ci maddəsinə əsasən, əmək fərdi və ictimai rifahın əsasıdır. Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. Heç kəs zorla işlədilə bilməz. Əmək müqavilələri sərbəst bağlanılır. Heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır. Azərbaycan Respublikasının Əmək Məcəlləsi: 3-cü maddəsinin 8-ci bəndinə əsasən iş yeri — işçinin haqqı ödənilməklə vəzifəsi (peşəsi) üzrə əmək müqaviləsi ilə müəyyən edilmiş işləri (xidmətləri) yerinə yetirdiyi yer. 68.2-ci maddəsinin a bəndinə əsasən, əmək müqaviləsinə tərəflərdən birinin təşəbbüsü ilə xitam verilə bilər. 74-cü maddəsinin 1-ci bəndinə əsasən, tərəflərin iradəsindən və ya istəyindən asılı olmayaraq əmək müqaviləsinə aşağıdakı hallarda xitam verilir: a) işçi hərbi və ya alternativ xidmətə çağırıldıqda; b) əvvəllər müvafiq işdə (vəzifədə) çalışan işçinin işinə (vəzifəsinə) bərpa edilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi (qərarı) olduqda. c) qanunvericiliklə daha uzun müddət müəyyən edilməyibsə, əmək qabiliyyətinin fasiləsiz olaraq altı aydan çox müddətə tam itirilməsi ilə əlaqədar işçi əmək funksiyasını yerinə yetirə bilmədikdə; ç) İşçinin nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə, müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə, müəyyən müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə cəzasına məhkum edildiyi barədə məhkəmənin hökmü qanuni qüvvəyə mindikdə; d) məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə işçinin fəaliyyət qabiliyyətsizliyi təsdiq edildikdə; e) işçi vəfat etdikdə, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə xəbərsiz itkin düşmüş və ya ölmüş elan edildikdə; ə) əvvəllər həmin müəssisədə çalışan işçi müddətli həqiqi hərbi xidmətdən ehtiyata buraxıldıqdan sonra öz iş yerinə (vəzifəsinə) qayıtmaq hüququndan istifadə etdikdə f) qanunla pedaqoji fəaliyyətlə məşğul olması qadağan edilmiş şəxslə pedaqoji fəaliyyətlə məşğul olmaq üçün əmək müqaviləsinin bağlandığı aşkar edildikdə. 154-cü maddəsinə əsasən, əmək haqqı — müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. Bu Məcəllənin 16-cı maddəsində nəzərdə tutulmuş ayrı-seçkiliyə yol verilməməsi prinsiplərini pozaraq işçilərin əmək haqqı məbləğinin hər hansı şəkildə azaldılması və onlara dövlətin müəyyən etdiyi minimum əmək haqqı miqdarından az əmək haqqı verilməsi qadağan edilir. 296-cı maddəsinin 2-ci bəndinə əsasən, fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. 296.4-cü maddəsinə əsasən, pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. “Əmək haqqının mühafizəsi haqqında” BƏT-nin 1949-cu il tarixli Konvensiyası: Əmək haqqının vaxtında ödənilməsi və əməkçiləri işdən getmək üçün real imkandan məhrum edən hər hansı bir ödəniş sistemlərinin tətbiqini qadağan olunması prinsipi qeyd edilmişdir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu: 9.1.1-ci maddəsinə əsasən, əməyin ödənilməsi və əmək fəaliyyəti ilə bağlı digər tələblər üzrə -iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. İşə baxan məhkəmənin mövqeyi: Məhkəmə ilk öncə qeyd edir ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Məhkəmə iş üzrə təqdim edilmiş sənədləri araşdıraraq belə qənaətə gəlir ki, tərəflər arasında yaranmış mübahisə əmək münasibətlərindən irəli gəldiyindən hazırkı işə baxılarkən məhz əmək qanunvericiliyinin normalarına riayət edilib-edilməməsi yoxlanılmalıdır. İşin faktiki hallarından göründüyü kimi, Salyan X7 İdarəsinin Hacıqabul rayonu üzrə Təmir-Bərpa xidmətinin yerli telefon rabitəsinin telefonçusu İddiaçı Salyan X7 İdarəsinin 03 iyul 2023-cü il tarixli əmri ilə 03 iyul 2023-cü il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 74 maddəsinin 1-ci hissəsinin c) bəndinə əsasən, əmək qabiliyyətinin fasiləsiz olaraq altı aydan çox müddətə tam itirilməsi ilə əlaqədar əmək funksiyasını yerinə yetirə bilməməsi səbəbindən xitam verilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 74-cü maddənin “Qeyd” hissəsinə görə “Əmək qabiliyyətinin tam itirilməsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) rəyi ilə müəyyən edilir. Əmək qabiliyyətinin tam itirilməsi dedikdə, icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) qərarı ilə işçiyə onun orqanizminin funksiyalarının pozulması faizinə uyğun əlillik müəyyən edilməklə ən azı bir il müddətinə əmək qabiliyyətsiz hesab edilməsi başa düşülməlidir. Əmək qabiliyyətinin 6 aydan az müddətə müvəqqəti itirilməsi əmək müqaviləsinə xitam verilməsi üçün əsas ola bilməz. Əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərin iş yeri və vəzifəsi saxlanılmaqla onlara ilk 14 gün üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada və miqdarda işəgötürənin vəsaiti, qalan günlər üçün isə məcburi dövlət sosial sığorta haqları hesabına müavinət ödənilir. Əmək qabiliyyətini bir ildən çox olmayan müddətə qismən itirmiş işçilər üçün isə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) rəyi nəzərə alınır.” Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı heç vaxt işdən qalmamış, işində heç bir nöqsan olmamış, nümunəvi işçi olmaqla əmək funksiyasını fasiləsiz olaraq yerinə yetirmişdir. Və bu hallar cavabdehin nümayəndələri tərəfindən məhkəmə iclasında bir neçə dəfə qeyd olunmuşdur. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, iddiaçı işə qəbul edilərkən İİ qrup əlil olmuşdur. O, 2012-ci ildən 2-ci qrup əlildir. Salyan X7 İdarəsi tərəfindən məhz 2023-cü ildə işçilərin əmək qabiliyyəti yoxlanılmış, həmin vaxt iddiaçının əmək qabilliyyətsiz (əvvəlki meyyarlarla) olduğu müəyyən olunsa da, hazırda epidemoloji təhlükənin olmadığı şəraitdə işləyə bilməsi müəyyən olunmuşdur. İddiaçının əmək qabilliyyətsiz olması əsası ilə onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi qanunvericiliyə uyğun olmamışdır. İşdən görünür ki, cavabdeh Salyan X7 İdarəsi tərəfindən bu qaydaya düzgün riayət edilmədən iddiaçı ilə olan əmək müqaviləsinə xitam verilmişdir. Məhkəmə hesab edir ki, iddiaçı əmək müqaviləsi bağlayarkən İİ qrup əlil olmasını gizlətməmiş, ona təyin olunmuş əlillik təyin edilərkən müəyyən edilən meyyarlarla, hazırkı meyyarlar fərqlidir. Belə ki, “Əlilliyin müəyyən olunması meyarları”nın təsdiq edilməsi və “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarında dəyişiklik 2022-ci il iyulun 1-dən qüvvəyə minmişdir. Cavabdehin nümayəndəsi izahatında iddiaçıya sağlamlığ vəziyyəti ilə bağlı 2-3 ay vaxt verilməsini qeyd etsə də, bu barədə heç bir sübut məhkəməyə təqdim etməmişdir. Məhkəmə araşdırması zamanı izahatı alınan iddiaçı bildirmişdir ki, çalışdığı müəssisədə onun əlilliyi ilə bağlı məsələ ortaya çıxdıqdan sonra o, yenidən yoxlama üçün iyun ayında Hacıqabul rayonunda yerləşən yerli həkim komissiyasına müraciət etmiş, bundan sonra 03 iyul 2024-cü il tarixdə Sabirabad rayonunda əyani müayinəyə getmiş, orada olarkən Birliyin İnsan resursları şöbəsində çalışan əməkdaşa məlumat vermişdir. Bundan sonra iddiaçıya Bakıda yerləşən X4 müraciət etməli olduğu bildirilmiş və o, elektron növbə götürərək Bakıya yollanmışdır. Məhkəmə iclasında iddiaçı istifadəsində olan telefon vasitəsilə elektron növbədə olmasını əks etdirən məlumatı da məhkəməyə təqdim etmişdir. Odur ki, məhkəmə qeyd edir ki, cavabdeh iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilmədən əvvəl iddiaçıya yenidən müayinə olunmasına imkan yaratmadan bağlanmış əmək müqaviləsini 03 iyul 2023-cü il tarixdə xitam vermiş, bununla da Azərbaycan Respublikasının Əmək Məcəlləsinin tələbləri pozulmuşdur. Məhkəmə iddia müddətinin tətbiqi ilə bağlı cavabdehin nümayəndəsi tərəfindən verilmiş ərizəyə qiymət verərək hesab edir ki, ərizə əsassızdır. Belə ki, cavabdeh tərəf məhkəməyə iddia müddətinin tətbiqi barədə ərizə ilə müraciət edərək, iddiaçının 1 aylıq iddia müddətini ötürməsinə istinad edərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir. AR Əmək Məcəlləsinin 296-cı maddəsinin tələblərinə əsasən, pul tələbi ilə əlaqədar işçinin hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət etmək hüququ mövcuddur. Hazırkı iş üzrə iddiaçı iddia ərizəsində həmçinin pul vəsaiti də tələb etdiyindən, həmçinin iddiaçı ilk dəfə məhkəməyə 06 oktyabr 2023-cü ildə müraciət etdiyindən, iddia müddəti iddiaçı tərəfindən ötürülməmişdir. Ona görə də, cavabdehin ərizəsi əsassızdır. Yuxarıda istinad olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə 03 iyul 2023-cü il tarixli əmr ləğv edilməli və İddiaçı Cavabdeh1 Salyan X7 İdarəsində tutduğu telefonçu vəzifəsinə bərpa edilməli, Cavabdeh1 tərəfindən məcburi buraxılmış iş günləri üçün əmək haqqı hesablanıb İddiaçı ödənilməlidir. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. Odur ki, məhkəmə dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, hazırkı iş üzrə iddiaçı dövlət rüsumu ödəməkdən azad edilmişdir. Ona görə də Cavabdeh1ndən 100 manat dövlət rüsumu alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə 03 iyul 2023-cü il tarixli əmr ləğv edilsin və İddiaçı Cavabdeh1 Salyan X7 İdarəsində tutduğu telefonçu vəzifəsinə bərpa edilsin. Cavabdeh1 tərəfindən məcburi buraxılmış iş günləri üçün əmək haqqı hesablanıb İddiaçı ödənilsin. Cavabdeh1ndən 100 (bir yüz) manat dövlət rüsumu tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova
Məhkəmə qərarları › İş №2(011)-4346/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-4346/2024
04.06.2024 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver