Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-4347/2025 18.08.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayeva Aynur Aydın qızının sədrliyi, Kazımov Samir Vaqif oğlunun katibliyi, İddiaçı vəkili və nümayəndəsi Vəkil, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “nikahın etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı “nikahın etibarsız hesab edilməsi” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla Cavabdeh arasında xx.xx.2021-ci il tarixdə 6 saylı Bakı “Asan Xidmət” X1 bağlanılmış nikahın etibarsız sayılması barədə qətnamənin qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdehlə baş tutmayan toyundan qabaq onunla nikahını xx.xx.2024-cü il tarixdə rəsmi qaydada 6 saylı Bakı “Asan xidmət” X1 rəsmiləşdirmişdir. Cavabdehlə nikaha daxil olsalar da və hətta toy günləri təyin olunsa da el adəti ilə toy edə bilməmişlər. Bu etibarsız nikahın bağlanmasının əsas səbəbkarı, bunu onlara məcbur etdirən ailələridir, iddiaçı cavabdehi tanımazdan qabaq ailələri ailəvi dost olmuşlar və bu etibarsız nikahı valideynlərinin təkidi ilə onları məcbur edərək qeyd etdirmişlər. İddiaçı ilə cavabdehin nə nişan, nə həri, nə qız toyu və nə də toyları olmamışdır. Çünki ilk başdan Cavabdeh ailə qurmaq niyyəti olmadığı üçün toy etməmişlər. Sonra isə iddiaçı cavabdehin bu hərəkətindən sonra və özünün cavabdehlə bir ömür boyu yaşamaq üçün toy edib ailə qurmaq fikrindən daşınmışdır və aralarında heç bir əsas olmayan nikah var, sonra başa düşmüşdür ki, iddiaçının Cavabdeh ilə ailə qurmaq niyyətinin olmadığı kimi, Cavabdeh da iddiaçı ilə ailə qurmaq niyyəti olmayıb. İddiaçı bu nikahın etibarsız sayılmasını arzu edir. Bu nikahın etibarsız sayılmasını arzu etməkdə məqsədi odur ki, Aytacın və özünün gələcək ailələrində problem yaranmasın. Hal-hazırda aralarında olan və heç bir əhəmiyyəti olmyan nikah sadəcə rəsmiyyətdədir. Bildirmişdir ki, toy edə bilməmələrinin əsas səbəbi tamamilə əks-xarakterli insanlar olmalarıdır. Nikaha daxil olsalar da, bir ailə kimi yaşamağının Cavabdeh ilə baş verməsi qeyri-mümkündür. Hal-hazırda nikahları sadəcə rəsmiyyətdədir. İddiaçı vəkili və nümayəndəsi Vəkil məhkəmə iclasında iştirak etmişdir. O, məhkəmə iclasında iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermişdir və məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. O, bildirmişdir ki, tərəflər nikaha girmək niyyətində olmayıb, onları valideynləri məvbur edib. Cavabdeh məhkəmə iclasında iddia tələblərini qəbul edərək, məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Sual-cavab zamanı o bildirmişdir ki, cavabdehlə nikaha girmək istəməyib. Atasının təkidi ilə nikaha daxil olub. Onun toyu olmayıb, cavabdehlə hər hansı ər-arvad münasibəti olmayıb. Cavabdeh hərbiçidir və Xocalı rayonunda hərbi xidmətdədir. Hətta nikahı qeyd etmək üçün ərizəni də hərbi xidmət yerinə yaxın ərazidə verib. Onlar nikahı rəsmi qeydə alandan sonra toyları olmamışdır. Nikah qeydindən sonra cavabdeh hərbi hissəyə qayıtmışdır və onunla maraqlanamışdır. Lakin cavabdeh onunla maraqlanıb normal münasibət saxlamış olsaydı, onlar bəlkə də ailə qurub birlikdə yaşaya bilərdilər. O bildirir ki, nikahı atası tərəfindən razılaşdırılmış olsa da o, Xocalı rayonunun ərazisində yaşamaq istəməmişdir. O, ali təhsillidir və karyera quruluşu ilə məşğul olmaq istəyir. İş üzrə şahid qismində dindirilmiş X4 ifadəsində göstərmişdir ki, iddiaçının atasıdır. O bildirmişdir ki, tərəflərin nikahlarını özü istəmişdir amma məcbur etməmişdir. İlk öncə cavabdeh iddiaçının xoşuna gəlmişdir, sonradan isə xasiyyətləri uyğun gəlməmişdir. Onların elçilik mərasimi, nişanı olub. Amma toy olmayıb. İş üzrə şahid qismində dindirilmiş X5 ifadəsində göstərmişdir ki, cavabdeh onun bacısıdır. O bildirmişdir ki, tərəflərin elçilik mərasimi və nişanı olub. Toy təqribi 5-7 yanvarda olmalı idi, şadlıq sarayı ilə də behləşmişlər. 23 noyabrda bilmişdir ki, toy olmayacaq. İş üzrə şahid qismində dindirilmiş X6 ifadəsində göstərmişdir ki, cavabdeh onun əmisi qızıdır. Bildiyi odur ki, tərəflər nikaha məcburiyyət altında daxil olublar. Onların toyu olmayıb. Onları nikaha girməyə ataları məcbur edib. Məhkəmə tərəflərin izahatlarını, şahid ifadələrini dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsassızdır. Buna görə də iddia təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş xx.xx.2025-ci il tarixli Bakı 9 saylı Mediasiya Təşkilatı tərəfindən verilmiş “ilkin mediasiya sessiyasında iştirak edilməməsi” barədə arayışdan görünür ki, İddiaçı ilkin mediasiya sessiyasında iştirak etmiş, Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmişdir. İş materiallarında olan nikah haqqında şəhadətnamənin əslindən görünür ki, İddiaçı ilə Cavabdeh xx.xx.2024-cü il tarixdə 6 saylı Bakı “Asan xidmət” X1 rəsmi nikaha daxil olmuşlar və nikahlarını 2051 saylı akt qeydi ilə rəsmiləşdirilmişlər. İş materiallarında olan xx.xx.2025-ci il tarixli, 3-16-5/7-13-616/2025 saylı 6 saylı Bakı “Asan xidmət” mərkəzi Qeydiyyat Şöbəsi tərəfindən məhkəməyə ünvanlanan sorğuya cavab məktubunun və ona əlavə olunmuş sənədlərin təsdiq olunmuş surətindən görünür ki, İddiaçı və Cavabdeh xx.xx.2024-cü il tarixində nikaha daxil olmaq barədə 6 saylı Bakı “Asan xidmət” mərkəzi Qeydiyyat Şöbəsinə müraciət etmişlər. İş materiallarında olan Cavabdeh tərəfindən 6 saylı Bakı “Asan xidmət” mərkəzi Qeydiyyat Şöbəsinə ünvanlanan xx.xx.2024-cü il tarixli ərizənin surətindən görünür ki, Cavabdeh İddiaçı hal-hazırda Gəncə şəhərində ezamiyyətdə olduğunu və hərbçi olduğunu nəzərə alaraq və təyin olunan gün gələ bilməyəcəkləri üçün nikahın 11 noyabr tarixinə təyin olunmasını xahiş etmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli 176 nömrəli ezamiyyət vəsiqəsinin surətindən görünür ki, kiçik çavuş İddiaçı kiçik gizir X2 ilə birlikdə xx.xx.2024-cü il tarixindən xx.xx.2024-cü il tarixinədək N nömrəli hərbi hissəyə, Gəncə şəhərinə ezam olunmuşdur. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək, hesab edir ki, iddia əsassızdır. Buna görə də iddia təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: 11.1.ci maddəsinə görə nikahın bağlanması üçün nikaha daxil olan şəxslərin yazılı razılığı, bu Məcəllənin 13-cü maddəsinə uyğun olaraq, tibbi müayinədən keçdiklərini təsdiq edən arayışın təqdim edilməsi və onların nikah yaşına çatmaları zəruridir. 25.1.-ci maddəsinə görə bu məcəllənin 10-12-ci maddələrində və 13.7-ci maddəsində nəzərdə tutulmuş şərtlər pozulduqda, eləcə də tərəflərdən birinin və ya hər ikisinin ailə qurmaq niyyəti olmadıqda bağlanan nikah (saxta nikah) etibarsız sayılır. 25.2.-ci maddəsinə görə nikah məhkəmə qaydasında etibarsız sayılır. 26.1.5.-ci maddəsinə görə pozulmamış əvvəlki nikah üzrə ər (arvad) nikahın etibarsız sayılmasını tələb etmək hüququna malikdir. 28.1-ci maddəsinə görə bu Məcəllənin 28.5-ci, 28.6-cı və 28.7-ci maddələri ilə müəyyən olunmuş hallar istisna olmaqla etibarsız hesab edilmiş nikah ər-arvadın qarşılıqlı hüquq və vəzifələrini yaratmır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016- cı il tarixli qərarının 11.2.-ci bəndinə əsasən nikahın etibarsız sayılması üçün Ailə Məcəlləsinin 25.1-ci maddəsində nəzərdə tutulmuş əsasların siyahısı qətidir və genişləndirilə bilməz. Bu əsaslar aşağıdakılardır: nikahın bağlanması üçün qanunla müəyyən olunmuş şərtlərin pozulması (Ailə Məcəlləsinin 10, 11-ci maddələri); nikahın bağlanmasına mane olan halların mövcudluğu (Ailə Məcəlləsinin 12-ci maddəsi); nikaha daxil olan şəxslərdən birinin özündə dəri-zöhrəvi xəstəliyin və insanın immunçatışmazlığı virusunun törətdiyi xəstəliyin olmasını digərindən gizlətməsi (Ailə Məcəlləsinin 13.7-ci maddəsi); nikahın saxtalığı (Ailə Məcəlləsinin 25.1-ci maddəsi). Məhkəmə qeyd edir ki, nikahın etibarlı olması üçün başlıca şərt nikaha daxil olan şəxslərin buna dair sərbəst iradə ifadəsinin mövcudluğudur. Tərəflər nikaha daxil olmaqla bağlı sərbəst iradə ifadələrinin olmadığını, valideynləri (ataları) tərəfindən məcbur edildiyini qeyd etsələr də, məcburetməni təsdiq edəcək hər hansı mötəbər sübut iş materiallarına əlavə edilməmişdir. Cavabdeh məhkəmədə verdiyi izahatlarından da bəlli olur ki, tərəflər nikaha daxil olduqdan sonra Xocalı rayonu deyil, cavabdehin istəyinə uyğun digər ərazidə yaşamağı razılaşdırsaydılar – ailə həyatları baş tuta bilərdi. Daha sonra o qeyd etmişdir ki, cavabdehin diqqətsizliyi olmasaydı tərəflərin münasibətləri bu qədər pisləşməyəcəkdir. Bundan başqa Cavabdeh elçilik və nişan mərasimlərinin olmadığını, adət ənənəyə uyğun olaraq tərəflərin biri-digərinə nişan üzükləri təqdim etmədiyini bildirsə də, şahid ifadələri ilə müəyyən edilmişdir ki, tərəflərin arasında el adətinə əsasən elçilik və nişan mərasimləri keçirilmişdir, onların nikaha daxil olmaq niyyətləri bəlli olmuşdur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, nikahın dövlət qeydiyyatından sonra tərəflərin münasibətlərinin pisləşməsinin mümkünlüyü nəzərə alınaraq, tərəflərin toy mərasiminin və ya birgə yaşayışının olmaması özü-özlüyündə nikah qeydiyyatının etibarsızlığına dəlaət etmir. Belə ki, işdən görünür ki, tərəflər könüllü şəkildə nikahın qeydiyyatı üçün xx.xx.2024-cü il tarixdə qeydiyyat orqanına müraciət etmişlər (onların nikahın qeydiyyatına dair dövlət orqanına təqdim etdikləri ərizələrin etibarlılığı mübahisələndirilmir); ərizənin verildiyi xx.xx.2024-cü il tarixdən (qeydiyyat günü olan) xx.xx.2024-cü il tarixinədək onların nikaha daxil olmaq istəyi qüvvədə olmuş, hətta nikahın qeydiyyat günü cavabdehin xidməti vəzifələrinə uyğunlaşdırılaraq - tərəflərin istəyinə əsasən xx.xx.2024-cü il tarixinə salınmış; nikah günü tərəflər könüllü şəkildə qeydiyyat mərasimində iştirak edərək, nikaha daxil olmaq niyyətlərini təsdiqləmişlər. Belə olduğu təqdirdə nikahın etibarsız (saxta) olmasını əsaslandıran halların mövcudluğu məhkəmə araşdırması zamanı öz təsdiqini tapmadığından, həmçinin nikah qeydiyyatının qanunsuzluğuna dəlaət edən sair hallar müəyyən edilmədiyindən – iddia tələbləri təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi təmin edilmədiyindən dövlət rüsümu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddiaçı Cavabdeh qarşı tərəflərin arasında xx.xx.2024-cü il tarixdə 6 saylı Bakı “Asan Xdmət” X1 2051 saylı akt qeydinə əsasən bağlanılmış nikahın etibarsız hesab olunması barədə iddia ərizəsi təmin edilməsin. Dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aynur Abdullayeva
Məhkəmə qərarları › İş №2(011)-4347/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-4347/2025
18.08.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Nikahın etibarsız sayılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver