Məhkəmə qərarları › İş №2(011)-437/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-437/2024

10.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Yaşayış sahəsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-437/2024 10.01.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Həsənova Elnarə Daşdəmir qızının katibliyi, İddiaçı, onun vəkili və nümayəndəsi Vəkil1, Cavabdehlər Cavabdeh4 və Cavabdeh6, Cavabdeh X5 vəkili və nümayəndəsi Vəkil2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh4, X6, X7, Bakı şəhəri 51 saylı Notariat Ofisinə, Bakı şəhəri 26 saylı Notariat Ofisinə və AR İN yanında ƏMDKR PH-nin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “bağışlama və alqı satqı müqavilələrinin etibarsız hesab edilməsi və çıxarışların ləğv edilməsi” barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İşin halları:

1. Bakı şəhəri, Nərimanov rayonu, Koroğlu Rəhimov küçəsi, 9 saylı evin 63 saylı mənzilin (bundan sonra – Mənzil) əvvəlki mülkiyyətçisi iddiaçı olmuş və onun Mənzilə dair mülkiyyət hüququ xx.xx.2016-cı il tarixdə dövlət qeydiyyatına (qeydiyyat nömrəsi: **********) alınmışdır. İddiaçı xx.xx.2019-cu il tarixdə Cavabdeh4 10 il müddətinə (xx.xx.2029-cu il tarixədək) etibarnamə vermişdir. Etibarnamədə digər səlahiyyətlərlə bərabər Cavabdeh4 iddiaçıya məxsus əmlakı idarə etmək, sərəncam vermək, buna müvafiq olaraq bütün hallarda öz mülahizəsinə görə məbləği, müddəti və s müəyyən etməklə qanunla icazə verilmiş bütün əqdləri, o cümlədən: almaq, satmaq, bağışlamaq, hədiyyə etmək, dəyişmək, əmlakı ipoteka (girov) qoymaq və ipotekanı (girov) qəbul etmək haqqında əqdlər bağlamaq, o əqdlər üzrə haqq-hesab aparmağı və digər səlahiyyətlər etibar edilmişdir.

2. Mənzil xx.xx.2020-ci il tarixdə iddiaçının adından verilmiş etibarnamə əsasında onun nümayəndəsi qismində Cavabdeh4 tərəfindən bağışlama müqaviləsi əsasında yetkinlik yaşına çatmayan övladı X4 bağışlamış və sonuncunun mülkiyyət hüququ xx.xx.2020-ci il tarixdə ********** nömrəsi ilə dövlət qeydiyyatına alınmışdır.

3. Daha sonra, Mənzilin alqı-satqısına dair xx.xx.2022-ci il tarixdə Məmmədxan Mirzəyevin qəyyumları ilə Cavabdeh6 arasında əmlakın alqı-satqı müqaviləsi bağlanmışdır.

İddia ərizəsinin və ona etirazın dəlilləri:

a) İddia ərizəsinin dəlilləri

4. İddiaçı Mənzilin Cavabdeh4 tərəfindən X4 bağışlanması barədə Bakı şəhəri 26 saylı Notariat ofisi tərəfindən təsdiq olunmuş, xx.xx.2020-ci il tarixdə reyestrdə 4Ə-81 nömrə ilə qeydə alınmış “Daşınmaz əmlakın bağışlanması müqaviləsi'nin etibarsız hesab edilməsi, bu müqavilə əsasında dövlət reyestrində əmlaka dair X4 mülkiyyət hüququ ilə bağlı aparılmış qeydin və onun əsasında verilmiş çıxarışın ləğv edilməsi, Bakı şəhəri Nərimanov rayonu Koroğlu Rəhimov küçəsi ev 9, 63 saylı mənzilin cavabdehlər Cavabdeh4 və X10 tərəfindən Cavabdeh6 58 000 manata satılması barədə Bakı şəhəri 51 saylı Notariat ofisi tərəfindən təsdiq olunmuş xx.xx.2022-ci il tarixdə reyestrdə 4Ə-1027 nömrə ilə qeydə alınmış “Daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, bu müqavilə əsasında dövlət reyestrində əmlaka dair Cavabdeh6 mülkiyyət hüququ ilə bağlı aparılmış qeydin və onun əsasında verilmiş çıxarışın ləğv edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

5. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, Mənzil onun xüsusi mülkiyyətində olmuşdur. Mənzili satmaq, kiməsə bağışlamaq niyyəti olmamışdır. Bu yaxınlarda ona məxsus mənzilin kilidinin dəyişdirilməsinin şahidi olmuş, daha sonra isə Mənzilində başqa şəxsin yaşamasını müəyyən etmişdir. Həmin Mənzildə olan şəxs ona məxsus mənzili alqısatqı yolu ilə aldığını bildirmişdir. O, bu məsələnin aydınlaşdırılması üçün vəkillə müqavilə bağlamış və vəkil tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə müvafiq sorğu verilmişdir. Həmin qurumun xx.xx.2023-cü il tarixli məktubuna əsasən, Mənzil Bakı şəhəri 26 saylı DNK-nın 4Ə-81. reyestr nömrəli xx.xx.2020-ci il tarixli bağışlama müqaviləsinə əsasən X3 adına qeydiyyatdan keçmişdir. Daha sonra, Mənzil Bakı şəhəri 51 saylı DNK-nın 4Ə-1027 reyestr nömrəli xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsin əsasən, Cavabdeh6 adına qeydiyyatdan keçmişdir. Sorğuya verilmiş cavabdan sonra 26 və 51 saylı Notariat Ofislərinə də müvafiq sorğular göndərilmiş, həmin sorğulara cavab olaraq bağışlama və alqı-satqı müqavilələri üzrə notariat hərəkətlərinə dair sənədlər təqdim edilmişdir. Həmin sənədlər əsasında müəyyən etmişdir ki, oğlu Cavabdeh4 ona xx.xx.2019-cu ildə ona verdiyi etibarnamədən istifadə etməklə ona məxsus mənzili xx.xx.2020-ci il tarixdə iddiaçının nəvəsi X8 bağışlamışdır. Halbuki, o, cavabdehə etibarnaməni mənzil üzərində sərəncam vermək üçün deyil, ümumi işlərinin görülməsi üçün vermişdir. Cavabdeh4 onun qocalığından, xəstəliyindən, ona verdiyi etibarnamədən öz mənafeyinə uyğun istifadə etmişdir. Daha sonra xx.xx.2022-ci ildə nəvəsi Məmmədxan Mirzəyevin valideynləri üzrə cavabdehlər Cavabdeh4 və X11 Mənzili 58 000 manata X2. Cavabdeh4 mənzili oğluna bağışlamaqla dolayı yolla özü özü barəsində əqdə bağlamışdır. Çünki uşağın müstəqil sərəcam vermək səlahiyyəti olmadığından əmlak üzərində qanuni nümayəndəsi olan valideynləri qərar verirlər. Cavabdeh4 verdiyi etibarnaməni ləğv etdirmişdir.

Cavabdehin iddia ərizəsinə etirazının dəlilləri: b) Cavabdeh Səbinə Kərimovanın vəkili və nümayəndəsi iddia ərizəsinə yazılı etirazında qeyd etmişdir ki, iddiaçının bütün bunların hamısından xəbəri və razılığı olmuş, mənzil onun iradəsi ilə bağışlanmış, mənzilin satılmasından da xəbəri və razılığı olmuşdur. Belə ki, Mənzil onun oğluna bağışlandıqdan sonra həmin mənzil xx.xx.2022-ci il tarixli “Daşınmaz əmlakın alqı-satqı müqaviləsi”nə əsasən digər cavabdeh X1. Satışdan əldə olunan pula cavabdeh Kərimova (Mirzəyevə) Səbinə Xanlar qızı uşaqları üçün 01 iyun 2022-ci tarixli “Daşınmaz əmlakın alqı-satqı müqaviləsi”nə əsasən ünvan 1 ünvanında yerləşən 213 saylı mənzili almışdır. Həmin mənzili uşaqların adına almağın çətin olduğunu və gələcəkdə mənzillə bağlı dövlət orqanları ilə davamlı münasibətlərin və həmin orqanlarda sənədləşmələrin (qaz, işıq, su, MKİS, müvafiq arayışların alınması və sair) çətinlik yaradacağını nəzərə alaraq cavabdeh mənzili öz adına almışdır. Bundan sonra cavabdeh S.Kərimova həmin mənzilə iddiaçının və Cavabdeh4 qeydiyyata düşməsinə razılıq vermiş, həmin razılığa əsasən iddiaçı yeni mənzilə qeydiyyata düşmək və bununla bağlı yeni şəxsiyyət vəsiqəsi almaq üçün şəxsən özü “ASAN xidmət”ə gedərək müraciət etmiş, müvafiq sənədləri, eləcə də yeni mənzilə qeydiyyata düşməklə bağlı mənzilin çıxarışını, cavabdeh S.Kərimovanın razılıq ərizəsini və sair sənədləri təqdim etmişdir. Bundan sonra iddiaçı və oğlu qeyd olunan mənzilə qeydiyyata düşərək yeni şəxsiyyət vəsiqələri almışdırlar. İddiaçı hal-hazırda da həmin yeni mənzildə qeydiyyatdadır və iddia ərizəsində də həmin ünvanı göstərmişdir. Yəni, iddiaçı bağışladığı mənzilin satışından əldə olunan pula alınan yeni mənzilə özü şəxsən qeydiyyata düşmüş və yeni şəxsiyyət vəsiqəsi almışdır. İddiaçı əvvəlcə bağışladığı Mənzildə qeydiyyatda olmuşdur. İddiaçı həmin mənzildən qeydiyyatdan çıxaraq yeni mənzilə qeydiyyata düşmüşdür. İddiaçının bağışladığı mənzildən qeydiyyatdan çıxaraq yeni mənzilə qeydiyyata düşməsi bütün bu proseslərdən, yəni mənzili bağışlaması, satılması və satış pulundan yeni mənzilin alınmasından xəbəri olmasını tam sübut edir. İddiaçının müqavilələrin etibarsızlığı ilə bağlı yalnız bir dəlili vardır ki, o da etiabsızlığını iddia etdiyi müqavilələrin bağlanmasından guya xəbəri olmamasıdır. Bütün iddiasını da həmin dəlili üzərində qurmuşdur. Lakin, iddiaçının bütün bu məsələrdən xəbəri olmuşdur. Əvvəlki mənzilin satışından yeni mənzil alındıqdan sonra qalan pula isə ** TT *** dövlət qeydiyyat nişanlı “Audı Allroad” markalı minik avtomobili alınaraq iddiaçının oğlu Cavabdeh4 istifadəsinə verilmişdir və hal-hazırda da onun istifadəsindədir. Cavabdeh4 isə anası iddiaçı ilə birlikdə ünvan 2 ünvanında yaşayırlar. Yəni, həmin avtomobil onların sahiblik və istifadəsindədir, avtomobilin də mənzilin satış pulu ilə alınmasını iddiaçı dəqiq bilir. Həmin avtomobil onların yaşadıqları həyət evindədir və daimi istifadələrindədir. İddiaçı iddia ərizəsində göstərir ki, Cavabdeh4 etibarnaməni mənzilin üzərində sərəncam vermək üçün deyil, ümumi işlərinin görülməsi üçün vermişdir. Həmin etibarnamə ilə iddiaçı oğluna ümumi işlərin görülməsi üçün deyil, bütün səlahiyyətləri, eləcə də mənzil üzərində sərəncam vermək hüququnu da vermişdir. Etibarnamə verilən tarixdən, yəni xx.xx.2019-cu il tarixdən 2 ay əvvəl iddiaçı oğlu Cavabdeh4 ümumi işlərin görülməsi daxil olmaqla səlahiyyətlərin verilməsi barədə 09 iyul 2019-cu il tarixli etibarnamə vermişdir. Həmin etibarnamə 10 il müddətinə verilmiş və xx.xx.2029-cu il tarixədək qüvvədə olmuşdur. Əgər ümumi işlərin görülməsi üçün iddiaçı oğlu Cavabdeh4 etibarnamə vermişdirsə, ortada belə bir etibarnamə mövcud idisə, onda 2 aydan sonra yenidən etibarnamə verməyin nə əhəmiyyəti vardır və nə üçün lazım idi?

Məhkəmə iclasında verilən izahatlar:

7. İddiaçı məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin oıunmasını xahiş etdi. Əlavə olaraq bildirdi ki, Mənzil onun şəxsi mülküdür. Bir gün Mənzilinə gedəndə qapını döyəndə açan olmadı, açarla açmaq istəyəndə isə açma mümkün olmadı. Sonra qonşular ona bildirdi ki, Mənzili başqa birinə satıblar. Onun Mənzili nəvəsinə bağışlamaq fikri olmayıb. Oğlu ona nə Mənzilin bağışlanması, nə də Mənzilin satılması barədə heç bir şey deməyib. Oğluna birinci dəfə etibarnaməni o səbəbdən verib ki, Mənzilin kommunal xərclərini ödəsin və Mənzilə dair digər xırda işləri görsün. Daha sonra bildirdilər ki, kənddəki evlərin sənədləşdirilməsi aparılır. Həmin vaxt yenə həmin işlərin görülməsi üçün oğluna etibarnamə verib.

8. İddiaçının vəkili və nümayəndəsi məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin oıunmasını xahiş etdi. Əlavə olaraq bildirdi ki, Mənzil iddiaçının mülkü olub. Sonradan sorğu əsasında məlum oldu ki, Mənzil 2020-ci ildə iddiaçı tərəfindən nəvəsinə bağışlanıb, 2022-ci ildə isə Mənzil Kəmalə xanıma satılıb. Mənzilin texniki pasportunun əsli onda idi, əgər onun Mənzili bağılamaq fikri olsa idi, texniki pasportu da nəvəsinə verərdi. Hətta iddiaçı sonradan biləndə ki, Mənzil oğlu tərəfindən nəvəsinə bağışlanıb, onda etibarnaməni ləğv elətdirib.

9. Cavabdeh4 məhkəmə iclasında iddia tələbini qəbul edərək bildirdi ki, o, öz ailəsinin dağılmamasından ötrü belə bir şey edib. Çünki, bir neçə il əvvəl Səbinə ilə aralarında mübahisə olmuş və Səbinə öz atasının evinə getmişdir. Həmin vaxt qohumları ona məsləhət görüblər ki, Mənzili oğlunun adına keçirtsin, ancaq bütün bunlardan iddiaçının heç bir xəbəri olmayıb. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsini xahiş etdi.

10. Cavabdeh X5 vəkili və nümayəndəsi məhkəmə iclasında izahat verərək iddianın rədd edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, iddiaçının baş verənlərdən məlumatı olub.

Mülki işə tətbiq edilən hüquq:

Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

11. Maddə 329.1. Əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır.

12. Maddə 329.2. Əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır.

13. Maddə 331.1. Yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır.

14. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.

15. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

16. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

17. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

18. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

İşə baxan məhkəmənin mövqeyi:

19. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, iddianın dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslıdır.

20. Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır.

21. İddiaçı iddia edir ki, Mənzilin X4 bağışlanmasından məlumatı olmamışdır. Odur ki, mübahisəyə əqdin etibarsızlığı ilə bağlı müddəlar tətbiq ediləcəkdir.

22. Məhkəmə qeyd edir ki, müqavilə iki və ya bir neçə şəxsin konkret münasibətlərindən irəli gələn hüquq və vəzifələrinin müəyyən edilməsi, dəyişdirilməsi və xitamı üçün, qanunla müəyyən edilmiş hallarda yazılı, yaxud şifahi formada öz iradə azadlıqları ilə, əldə etdikləri razılaşmadır. Müqavilənin bağlanması əqli (süuru) iradəyə söykənir və bu özünü müqaviləni bağlayan tərəflərin onun məzmununu sərbəst (iradə azadlığı çərçivəsində) müəyyən etməkdə ifadə edir (Mülki Məcəllənin 389.1 və 390.1-ci maddələri). Əqdin bağlanması üçün əqli iradənin (müqaviləni bağlayan tərəflərin onun məzmununu və hüquqi nəticələrini dərk etməsi) mövcud olmaması əqdin etirbarsızlığına səbəb olan ən zəruri əlamətdir.

23. Yuxarıda qeyd edilən müddəalarda əqdlərin etibarsızlığı anlayışı və əsasları göstərilmişdir. Qanunun etibarsız əqdlərə verdiyi anlayışdan görünür ki, etibarsızlıq üçün əsas şərt əqdin qanunda müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanılması şərtidir. Əqdin etibarsızlığına səbəb olan şərtləri qanunvericiliyə əsasən, ümumi formada (şərti olaqraq) subyektə (əqdin tərəflərinə) bağlı olan, iradə ifadəsinə bağlı olan və əqdin forma və məzmununa bağlı olan şərtlərə ayırmaq olar.

24. Subyektə bağlı olan şərtlərə, bir qayda olaraq Mülki Məcəllənin 349-cu maddəsində (Hüquqi şəxsin hüquq qabiliyyətindən kənara çıxan əqdin etibarsızlığı) göstərilən etibarsızlıq üçün əsasları aid etmək olar. Subyektə bağlı olan şərtlər, əsasən şəxsin əqd bağlamaq üçün yetərli səlahiyyətə malik olmaması ilə bağlıdır.

25. İradə ifadəsinə bağlı olan şərtlər Mülki Məcəllənin 339-cu maddəsində (Hakimiyyətdən sui-istifadə nəticəsində, aldatma, zorakılıq, hədə təsiri altında, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi və ya şəxsin ağır vəziyyətə düşməsi nəticəsində bağlanmış əqdin etibarsızlığı) 340-cı maddəsində (Uydurma və yalan əqdlərin etibarsızlığı), 342-ci maddəsində (Fəaliyyət qabiliyyəti olmayan şəxslərin bağladığı əqdlərin etibarsızlığı), 343-cü maddəsində (Fəaliyyət qabiliyyəti məhdudlaşdırılmış fiziki şəxsin bağladığı əqdin etibarsızlığı), 344-cü maddəsində (On dörd yaşı tamam olmamış yetkinlik yaşına çatmayanın bağladığı əqdin etibarsızlığı), 345-ci maddəsində (On dörd yaşından on səkkiz yaşınadək olan yetkinlik yaşına çatmayanın bağladığı əqdin etibarsızlığı), 346-cı maddəsində (Öz hərəkətlərinin mənasını başa düşməyən və ya onlara rəhbərlik edə bilməyən fiziki şəxsin bağladığı əqdin etibarsızlığı) və 347-ci maddəsində (Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqdin etibarsızlığı) nəzərdə tutulmuş şərtlərə aid edilə bilər. İradə ifadəsinə bağlı olan şərtlər ümiyyətlə iradə ifadəsinin olmaması, yaxud olduğu halda da qüsurlu (zədəli) olması ilə bağlı olan şərtlərdir.

26. Əqdin forma və məzmununa bağlı olan şərtlər isə, Mülki Məcəllənin 329-cu maddəsində (Əqdlərin formaları), 331-ci maddəsində (Yazılı əqd) və 334-cü maddəsində (Əqdin notariat qaydasında təsdiqlənməsi) göstərilmişdir. Bu şərtlər əqdin forma və məzmununa dair əvvəlcədən müəyyənləşdirilmiş şərtlərin pozulması ilə əqdin bağlanmasını nəzərdə tutan şərtlərdir.

27. İddia ərizəsinin məzmunundan da göründüyü kimi, iddiaçının Mənzilə dair bağlanmış bağışlama müqaviləsinin etibarsızlığı üçün irəli sürdüyü dəlil onun belə bir müqavilənin bağlanmasından məlumatı olmaması ilə bağlıdır, başqa sözlə iddiaçı müqavilənin bağlanmasında iradə ifadəsinin olmamasını iddia edir.

28. İş materiallarından görünür ki, Mənzil iddiaçının mülkiyyətində olmuşdur. xx.xx.2019-cu il tarixdə iddiaçı tərəfindən oğlu Cavabdeh4 10 il müddətinədək etibarlı olan etibarnamə vermişdir. Həmin etibarnamə əsasında iddiaçı bütün əmlaklarının idarə edilməsi, əmlaklar üzərində sərəncam verilməsi və digər səlahiyyətləri Cavabdeh4 etibar etmişdir. Daha sonra, xx.xx.2020-ci il tarixdə iddiaçı ilə nəvəsi Məmmədxan Mirzəyev arasında daşınmaz əmlakın bağışlanması müqaviləsi imzalanmış, müqaviləyə əsasən iddiaçı Mənzili Məmmədxan Mirzəyevə bağışlamışdır. Sözügedən müqavilə xx.xx.2019-cu il tarixdə verilmiş etibarnamə əsasında iddiaçının əvəzinə Cavabdeh4 tərəfindən imzalanmışdır. İddiaçı qeyd edir ki, xx.xx.2019-cu il tarixli etibarnamə Mənzilin bağışlanması məqsədilə deyil, iddiaçıya məxsus başqa bir fərdi yaşayış evinə dair sənədləşdirilmə işlərinin aparılması məqsədilə verilmiş. xx.xx.2020-ci il tarixli müqavilənin bağlanmasından isə məlumatı olmamışdır. İddiaçının bu dəlilinə münasibətdə Cavabdeh4 bildirmişdir ki, həqiqətən də Mənzilin Məmmədxan Mirzəyevə bağışlanmasından iddiaçının məlumatı olmamışdır. Çünki əgər iddiaçıya bildirsə idi, o bununla razılaşmayacaq idi.

29. Göründüyü kimi, Cavabdeh4 Mənzilin qanuni sahibi olan iddiaçının iradə ifadəsi olmadan, həmin Mənzili iddiaçının adından nəvəsinə bağışlamışdır. İddiaçının adından etibarnamə əsasında onun oğlu Cavabdeh4 ilə Məmmədxan Mirzəyevlə onun adından iddiaçının keçmiş gəlini Səbinə Kərimova arasında bağlanmış xx.xx.2020-ci il tarixli müqavilə qanunvericiliyin tələblərinə cavab verməmiş, bu müqavilə səlahiyyəti olmayan subyekt tərəfindən bağlanmış və mübahisəli Mənzilə dair həqiqi hüquq sahibi olan iddiaçının iradə sərbəstliyi və iradə ifadəsinin bildirilməsi vəhdətinə uyğun olmamışdır. Buna görə də həmin müqavilə bağlandığı andan etibarsız olmuşdur. Məhkəmə qeyd edir ki, xx.xx.2020-ci il tarixli müqavilə etibarsız hesab edildiyindən, onun əsasında verilmiş xx.xx.2020-ci il tarixdə Məmmədxan Mirzəyevə verilmiş ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış də ləğv edilərək iddia tələbi həmin hissədə təmin edilməlidir.

30. Məhkəmə qeyd edir ki, cavabdeh Səbinə Kərimova bağışlanma müqaviləsinin bağlanması barədə iddiaçının məlumatlı olmasını bildirsə də, bu dəlilini təsdiq edəcək sübutlarını məhkəməyə təqdim edə bilməmişdir.

31. Məhkəmə iddia tələbinin ikinci hissəsinə, yəni, xx.xx.2022-ci il tarixli Mənzilin alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsinə münasibətdə qeyd edir ki, iddia tələbi həmin hissədə təmin edilməməlidir. Məhkəmənin qənaətinə görə Kəmalə İsrəfilova vicdanlı alıcıdır. Belə ki, onun əldə olunmuş əmlaka üçüncü şəxslərin mümkün iddialarından xəbəri olmamış, əmlakı başqa şəxslərdən əldə edən zaman əqdin legitimsizliyi barədə onlarda şübhə yaranmamışdır.

32. Əmlakı əldə edən İsrəfilova Kəmalə vicdanlı olub-olmamasına münasibətdə məhkəmə qeyd edir ki, əmlakı başqa şəxslərdən əldə edən hər bir alıcıda əqdin legitimsizliyi barədə şübhə yaranmadıqda, o vicdanlı alıcı qismində qəbul olunur. Bundan başqa, əldə olunmuş əmlaka üçüncü şəxslərin mümkün iddialarından xəbəri olmadığı hallarda da alıcı vicdanlı hesab edilir. Əqdlərin etibarsızlığı ilə bağlı mübahisələrin həllində həm mülkiyyət hüququ müdafiə olunmalı, həm də vicdanlı alıcıların əmlak hüquqları təmin olunmalıdır.

33. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçı xx.xx.2022-ci il tarixli Mənzilin alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə deyil, Mənzilin onun xəbəri olmadan özgəninkiləşdirilməsi nəticəsində ona dəymiş zərərin əvəzinin ödənilməsi barədə Səbinə Kərimovaya və Cavabdeh4 qarşı iddia tələbi ilə məhkəməyə müraciət etməli idi.

34. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə

QƏTETDİ:

İddia qismən təmin edilsin. Bakı şəhəri, Nərimanov rayonu, Koroğlu Rəhimov küçəsi, 9 saylı evin 63 saylı mənzilin İddiaçı adından Cavabdeh4 tərəfindən X4 bağışlanması barədə Bakı şəhəri 26 saylı Notariat ofisi tərəfindən təsdiq olunmuş, xx.xx.2020-ci il tarixdə reyestrdə 4Ə-81 nömrə ilə qeydə alınmış daşınmaz əmlakın bağışlanması müqaviləsi etibarsız hesab edilsin və onun əsasında xx.xx.2020-ci il tarixdə verilmiş ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış ləğv edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən: Pərviz Zamanlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar