Məhkəmə qərarları › İş №2(011)-4415/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-4415/2023

21.07.2023 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-4415/2023 21.07.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Eyvazova Samirə Əli qızının sədrliyi, Hüseynli Mehriban Qalib qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Xətai Rayon 3 nömrəli Uşaq evinə, Bakı Şəhər İcra Hakimiyyətinə, (AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında X8 üçünücü şəxs qismində cəlb edilməklə) qarşı “əmrin ləğv edilməsi, işə bərpa, buraxılmış iş günlərinə görə işə bərpa olunanadək orta aylıq əmək haqqının ödənilməsi, maddi və mənəvi ziyanın ödənilməsi ” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏNETDİ: İşin halları:

1. İddiaçı 5 yaşından etibarən Bakı şəhəri İcra Hakimiyyəti Xətai Rayon 3 nömrəli Uşaq evində böyümüşdür və 20 yaşında ailə həyatı qurduqdan sonra oradan çıxmışdır.

2. İddiaçının əvvəllər Uşaq evində böyüməsi və təhsili nəzərə alınaraq o, xx.xx.2017-ci il tarixli 87 nömrəli əmrlə Bakı şəhəri Xətai Rayon 3 nömrəli Uşaq evində tərbiyəçi köməkçisi vəzifəsinə işə qəbul edilmişdir.

3. İddiaçı iddia edir ki, onun işdən çıxarılma səbəbi Bakı şəhəri Xətai Rayon 3 nömrəli Uşaq evinin müdiri Məhbubə Hüseynova tərəfindən ölkədə yayılmış uşaqlara verilmiş qurban ət payının mənimsənilməsi ilə bağlı orada tərbiyə alan Məhəmməd Hacıyevin videosu olmuşdur. Çünki sözügedən video iddiaçının telefonu ilə çəkilmiş və onun tərəfindən ictimailəşdirilmişdir. Daha sonradan Məhəmməd Hacıyev ruhi xəstə olması ilə əlaqədar olaraq psixiatriya xəstəxanasına yerləşdirilmişdir. Bu proseslər gedən zaman Xətai Rayon 3 nömrəli Uşaq evinin direktoru Məhbubə Hüseynova xx.xx.2023-cü il tarixdə axşam saat 20:00 radələrində iddiaçını iş otağına dəvət edərək, ona işdən çıxarıldığını bildirmiş və əmək kitabçasını ona təhvil vermişdir. İddiaçı buna etiraz etmişdir, çünki onun fəaliyyəti barədə heç bir araşdırma aparılmamış, izahat alınmamışdır. Sonradan iddiaçıya məlum olmuşdur ki, cavabdeh 3 nömrəli Uşaq evinin xx.xx.2023-cü il tarixli 25 nömrəli əmri ilə onunla bağlanmış əmək müqaviləsinə xx.xx.2023-cü il tarixdən etibarən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən ləğv edilmişdir.

4. İddia ərizəsində iddiaçı qeyd etmişdir ki, sonradan bu məsələ ilə bağlı geniş ictimaiyyətin və mətbuatın, sosial şəbəkələrin müdaxiləsi nəticəsində Məhəmməd Hacıyev uşaq evinə qaytarılmış, Uşaq evinin direktoru isə vəzifəsindən azad olunmuşdur.

5. İddiaçı qeyd etmişdir ki, bu məsələdən əvvəl 2022-ci ilin yanvar ayında o, qanunsuz olaraq işdən çıxarılsa da sonradan işə bərpa edilmişdir, cavabdeh isə cərimə olunmuşdur.

6. Cavabdeh Xətai Rayon 3 nömrəli Uşaq evinin əmrində göstərilmişdir ki, iddiaçı öz əmək funksiyalarını, vəzifə borcunu yerinə yetirməyərək, əmək və icra intizamını pozmuşdur, öz hərəkətləri ilə uşaq evinin əmək kollektivinin, onun ayrı-ayrı üzvlərinin hüquqlarına və qanunla qorunan mənafeyinə zərər vurmuşdur, əmək fəaliyyəti zamanı kobud səhvlərə yol verməklə, uşaq evinin qanuni mənafeyinə ciddi xələl gətirmişdir.

7. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, ona işəgötürənin qanunsuz hərəkətləri nəticəsində həm maddi, həm mənəvi ziyanlar vurulmuş, işgüzar nüfuzuna xələl gətirilmiş, iztirablar keçirmiş, özünə qapanmışdır. Nəticədə ona maddi ziyan olaraq 2000 manat, mənəvi zərər olaraq 5000 manat zərər vurulmuşdur.

İddiaçının tələbi:

8. İddiaçı Bakı şəhəri Xətai Rayon 3 nömrəli Uşaq evi tərəfindən verilmiş 11 aprel 2023-cü il tarixli 25 nömrəli əmrin ləğv edilməsi və əvvəlki vəzifəsinə bərpa edilməsi, buraxılmış iş günlərinə görə bütün işləmədiyi dövr üçün vəzifəsinə bərpa olunana kimi orta aylıq əmək haqqının eləcə də 2000 manat maddi ziyanın və 5000 manat mənəvi zərərin əvəzinin cavabdehdən tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

Cavabdehin etirazı:

9. Cavabdeh tərəfindən ərizəçinin tələbinə qarşı yazılı etiraz daxil olmamışdır.

İşdə iştirak edən şəxslərin izahatları:

10. Məhkəmənin iclasında (xx.xx.2023-cü il) iştirak edən İddiaçı öz izahatında bildirmişdir ki, o həmin uşaq evində böyümüşdür. 2017-ci ildən uşaq evində çalışmağa başlamış, lakin 2018-ci ildən rəsmi işçi kimi işə götürülmüşdür. Uşaq evində böyüdüyü zaman uşaqların yaşadıqları çətinlikləri görmüş, bu səbəbdən uşaqlara kömək etmək üçün videoçəkilişlər aparmışdır. Həmçinin direktor onu ancaq gecə növbəsində işə çağırırmış. 2022-ci ilin iyul ayında yayımladığı video çəkilişə görə onu efirə dəvət etmişlər. 2023-cü ilin mart-aprel ayları ərzində 3 dəfə efirə çıxmışdır. Bundan sonra uşaq evinin direktoru iddiaçını otağına çağırmış və o zaman əmək müqaviləsinə xitam veriləcəyini anlamışdır. Əmək müqaviləsinə xitam verilən zaman Ombudsmanın məktubuna əsasən xitam verildiyi ona bildirilmişdir. Bununla bağlı Ombudsmana müraciət etmiş, lakin orada İddiaçı Ombudsmanın məktubunda onun əmək müqaviləmə xitam verilməsi ilə bağlı qeyd olmadığı bildirilmişdir.

11. İddiaçının nümayəndəsi və vəkili Vəkil2 öz izahatında qeyd etmişdir ki, hər gün iş saatı bitdikdən sonra təhvil-təslim prosesi həyata keçirilirdi və hər hansı bir qüsur mövcud olsa idi, bununla bağlı təhvil-təslim aktında qeyd də mövcud olmalı idi.

12. Cavabdehin nümayəndəsi və vəkili Vəkil1 qeyd etmişdir ki, iddiaçı uşaqlara pul verərək onları efirə çıxarmışdır. Köhnə direktor hazırda işdən çıxmışdır. Yeni direktor isə iddiaçını işə bərpa etmək istəmir. Belə ki, digər işçilər iddiaçıdan narazıdır və onunla bir müəssisədə çalışmaq istəmirlər, hətta onlardan bəziləri Gülcan xanım işə bərpa olunarsa ərizə yazıb işdən çıxacaqlarını bildimişlər.

13. Cavabdehin nümayəndəsi X1 Nağıyeva istehsalın ahənginə mənfi təsir göstərir. İddiaçı həmin müəssisədə valideyn ilə dalaşmağını gözardı etməmək lazımdır. Belə ki, İddiaçı həmin müəssisədə uşaqların təlim tərbiyəsi ilə məşğul olduğunu gözardı etmişdir. Bu səbəbdən iddia tələbinin hüquqi əsası mövcud deyildir.

14. Şahid6 - Uzun müddət həmin müəssisədə çalışmışam ancaq hazırda 65 yaşıma çatdığımdan pensiyaya çıxmışam. İddiaçı həmin müəssisədə böyüyüb, daha sonra 2017-ci ilin dekabr ayında uşaq evinə tərbiyəçi köməkçisi vəzifəsinə işə götürülüb. Gülcanı müəssisənin keçmiş direktoru Məhbubə xanım işə götürmüşdür və Gülcan uşaq evində axşam növbəsində çalışırdı. Rəhbərliklə Gülcan arasında problemlər Gülcan ilə valideyn arasında davadan sonra yarandı. Həmçinin Gülcan müəssisənin fəaliyyətilə bağlı çəkilişlərə valideyn ilə arasında problem yarandıqdan sonra başladı. Ancaq mənim yanımda çəkiliş aparmayıb. Gecə növbəsinə Gülcan ilə birlikdə Həyat xanım, Tamam xanım, Nəzakət xanım və Valeriya xanım gəlir. Gülcan Elmira xanımla işləyirdi. Tərbiyəçi köməkçisi tərbiyəçi ilə işləyir və Gülcan Nəzirə xanım ilə birlikdə işləyirdi. Gülcanın gecə növbəsində məşğul olduğu uşaqlarla gündüz növbəsində Elmira xanım məşğul olurdu və onlar arasında təhvil-təslim həyata keçirilməli idi. Bəzən Gülcan ilə eyni növbədə olmuşam və bu vaxt hadisə olsa idi mən bunu eşidərdim. Eyni zamanda iş vaxtı ərzində heç kimin ixtiyarı yox idi ki, başqa otağa getsin. İddiaçı işinə vaxtında gəlirdi və vəzifəsini yerinə yetirirdi.

15. Şahid1 - Gülcan ilə eyni qrupda işləyirik, mən səhər, o gecə növbəsində. İşə ikinci dəfə bərpa olunduqdan sonra, bir gün səhər işə gələndə pilləkənlərin təmizlənmədiyini gördüm (biz təmiz halda təhvil verməliyik), Gülcana bu barədə iradımı bildirdiyim zaman pilləkənləri təmizləməyə çatmadığını dedi və mən ona pilləkənləri təmizlədikdən sonra çıxmalı olduğunu dediyim zaman mənə pilləkənləri təmizləməyi Cəmilə deyəcəyini bildirdi. Uşaq evində böyüyən uşaqlara iş gördürülməsini mən başqa tərbiyəçi köməkçilərində görməmişəm, ancaq Gülcan uşaqlara iş gördürürdü. Mən Gülcana bu “sənin işindir, uşaqlar niyə görməlidir” deyərək iradımı bildirdim və pilləkənləri mənə təmiz halda təhvil verməli olduğunu dedim. O məni kameraların olmadığı yerə çəkib əl qaldırmaq istədi, o uşaq evində böyüdüyündən kameraların yerini yaxçı bilir. Yanımızda Cəmil vardı. Ona görürsən mənə əl qaldırır dedik də, o mənə heç nə görmədiyini dedi. Cəmil hər zaman Gülcanın yanında olurdu. Uşaqlar əvvəlcə ona “Fatma xala” deyə müraciət edirdilər, lakin daha sonra “Fatma xanım” deyə müraciət etməyə başladılar. O ümumiyyətlə növbəni normal qaydada təhvil vermirdi, uşaqlar çarpayını batırardı, fikir verməzdi elə çirkli-çirkli təhvil verirdi. Uşaqlardan Əlihüseyni döydüyünü öz gözlərimlə görmüşəm. Cəmil də onun yanında idi, mənim Gülcanın Əlihüseyni döyüdüyünə baxdığımı görəndə gəlib qapını örtdü. Onun Əlihüseyni döydüyünü İlahə xanıma dedim, o da müdirə deməli idi. Gülcan əlində telefonla mənim növbəmdə də çəkiliş aparırdı, o çəkiliş aparan zaman uşaqlar yemək yemirdilər. Gülcanın videoları yaymasından sonra bütün dost tanış məni, iş yoldaşlarımı qınayırlar, deyirlər ki, siz orda uşaqlara nələr edirsiz. Hamıya cavab verməkdən yorulmuşuq.

16. Şahid4 - Tərcüməçiyə ehtiyacım yoxdur. Həqiqəti əks etdirməyən çəkilişlər müəssisənin nüfuzuna xələl gətirir. Həmçinin, mən hal-hazırda təhsil alıram və təhsil aldığım müəssisədə Gülcanın çəkilişlərinə görə dəfələrlə təzyiqə məruz qalmışam. 1 dəfə İddiaçı ilə mübahisə etmişik. Mən uşaqlara rəsm çəkməyi öyrədirəm, o mənim yanıma gələrək dedi ki, bu şəkillər kimə lazımdır, get pilləkəni sil. Bir dəfə də çantamdan pul götürmüşdü, müdirə şikayət etmişdim.

17. Şahid X5 – Gülcan ilə valideyn arasında mübahisə yarandıqdan Məhbubə xanım isə Gülcanı başqa işə keçirmək istəsə də, Gülcan onu dinləmədi və şikayət edəcəyini bildirdi. Bundan sonra Gülcan video çəkilişlərə başladı o, işə qayıtdıqdan sonra da çəkilişlərə davam etdi. Müəssisəmizdə iki uşağın valideyni bloqerdir, Gülcana onlar kömək edirdilər. Həmin valideylərdən birinin etirafını televiziya proqramı olan “Tolikin proqramı”nda eşitmişəm. Bundan sonra uşaq evinə hər gün komissiya gəlirdi, çəkiliş aparırdılar. Onun uşaqları döydüyünü eşitmişəm, lakin görməmişəm. Gülcanın başqa işçilərlə dalaşdığını görmüşəm və müəssisənin kollektivi Gülcanın qayıtmağını istəmir. Onun çəkilişlərinə görə ətrafdakı insanlar tərəfindən təhqir olunurduq. Hamı bizi qınıyır. Hətta müəssisənin 2 əməkdaşı sosial şəbəkələrdəki hadisələrə görə işdən çıxdı. 18.Şahid2 - Mən müəssisədə uşaq birliyinin rəhbəriyəm. Gülcan uşaqlardan istifadə edərək müəssisədə müxtəlif problemlər yaradırdı. Hər hansı işçi ilə problemi yaranan zaman uşaqlardan istifadə edirdi.

19. Şahid3 - Gülcan müəssisədə təmizlik etmirdi. Tələb etdiyimiz zaman iyrəndiyini və sağlamlıq problemi olduğunu bildirirdi. Müəssisədəki icra etməli olduğu işləri uşaqlara həvalə edirdi. Yüngül işdə çalışması məqsədi ilə süpürgəçilik təklif etdik, ancaq o razı olmadı. Yaydığı videoda mənim də adımı çəkir, guya mən işimi yerinə yetirə bilmirəm.

20. Şahid Niftalıyeva Tamam Vəkil qızı - Mən həmin müəssisədə tərbiyəçi köməkçisi vəzifəsində çalışıram. Gülcan kiçik oğlan qrupunda mən isə böyük oğlan qrupunda işləyirəm, ikimiz də gecə növbəsində işləyirik. Müəssisədə gecə növbəsi axşam saat 8-də başlayır ancaq Gülcan axşam saat 7-də işə gəlirdi, həyətdə oturur, orda olan böyük oğlan qruplarına qarşı nalayiq ifadələr işlədir, söz atırdı və tez-tez dava düşürdü. Hətta bununla bağlı polisədə şikayət olunub. Gülcandan bir dəfə niyə tez gəldiyini soruşduğum zaman mənə tez gəlib tez getdiyini dedi. Cəmil əslində mənim qrupumun uşağıdır. 17 yaşı var, amma bütün günü Gülcanın yanında olur. Hər gün səhər saat 6-da durub Gülcanı dayanacağa qədər yola salırdı. Mən Gülcanın rəhbərlik etdiyi qrupun otağının qarşısındakı otaqda işlədiyim üçün hər şeyi görürdüm. Əlihüseyni qəddarcasına döydüyünü öz gözlərimlə görmüşəm. Uşağı elə döymüşdü ki, uşağın səsi hələ də qulağımdadır. Gülcan çox vaxt təmizlik işlərini uşaqlara gördürürdü. Rəhbərliyə onun uşaqlara təmizlik işləri gördürməsi ilə bağlı məlumat vermişdim. Təmizlik işlərini özü etmir, uşaqlara etdirirdi. Həmçinin forma geyinmir və dikdaban ayaqqabı ilə gəzirdi. Otağında heç vaxt səs-küy olmazdı. Hətta mən təcüblənirdim ki, necə olur bu boyda uşağın səsi çıxmır, bizim qrupda uşaqlar səsli-küylü olurdular, deyir-gülürdülər. Bir dəfə otağa keçdikdə gördüm ki, uşaqların hamısı dizi üstə yerdən oturub televizora baxır, Gülcanla Cəmil də arxada oturub evdən gətirdiyi yeməkləri yeyirdilər. Otağı bütün yemək iyisi bürümüşdü. Uşaqlar Gülcandan çox qorxurdular. Bir dəfə otaqda uşağı döydüyünü eşitdim. Kərim adlı uşaq otaqda danışmışdı, onu danışmağına görə döymüşdü. Uşağı necə vurmuşdusa, burnu qanamışdı. Sonra da elə uşağın özünə yerə tökülən qanını təmizlətmişdi. Kərimi danışmağına görə döymüşdü. Ramalı çağırıb, ondan müəssisədə baş verənlərlə bağlı məlumatları öyrənirdi. Mən Gülcanın rəhbərlik etdiyi qrupun otağının qarşısındakı otaqda işlədiyim üçün hər şeyi görürdüm. İclasda Gülcanın uşaqları döydüyünü bildirsəm də, o bunu inkar etdi. Bir dəfə də uşaqlardan biri qırmızı yer kökü yedikdən sonra ağzının qırağı qırmızı rəng olub, gecə saat 01:00-da uşağın şəklini çəkib anası Vəfa xanıma göndərmişdi ki, bax gör sənin uşağını necə döyüblər. Qadın da gecə yarısı başına da adamları yığıb gəlmişdi körpələr evinə. Gülcandan da soruşanda niyə belə elədin, dedi ki, mən zarafat edirdim. Züleyxa xanım bizim otaqlarımızı diqqətlə yoxladığı halda Gülcanın təhvil verdiyi otağı yoxlamırdı. Bir dəfə bunun səbəbini soruşduqda bunun mənə aidiyyətinin olmadığını bildirdi.

İş materiallarına əlavə edilmiş sənədlər və onlara əsasən təsdiq edilən faktlar:

20. 3 saylı uşaq evinin Pedaqoji Şurasının 31 avqust 2021-ci iltarixli iclasında müzakirə edilərək qəbul edilmiş, Bakı şəhəri Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq evləri İdarəsi tərəfindən təsdiq edilmiş 3 saylı X9. 3 saylı X6 əsasən, 3 saylı Uşaq evi Bakı şəhər İcra Hakimiyyəti Bakı Şəhər Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsinin tabeliyində valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş 3 yaşından 18 yaşına çatanadək uşaqlara sosial xidmət göstərən müəssisə və publik hüquqi şəxsdir.

21. Tərəflər arasında bağlanmış xx.xx.2018-ci il tarixli əmək müqaviləsinə əsasən, İddiaçı tərbiyəçi köməkçisi vəzifəsinə işə qəbul edilmişdir.

22. MŞB/13/2023-00564 nömrəli xx.xx.2023-cü il tarixli Bakı 13 saylı Mediasiya təşkilatı tərəfindən verilmiş Mediasiya sessiyasında iştirak edilməməsi barədə Arayışa əsasən, İddiaçı mediasiya sessiyasında iştirak etmiş, Bakı şəhəri İcra Hakimiyyəti Xətai rayonu 3 nömrəli Uşaq evi isə mediasiya sessiyasında iştirak etməmişdir. 50 manat mediasiya xərci dövlət hesabına ödənilmişdir.

23. Bakı şəhəri İcra Hakimiyyəti Xətai rayonu 3 nömrəli Uşaq evinin 11 aprel 2023-cü il tarixli 25№li Əmrinə əsasən, İddiaçı - tərbiyəçi köməkçisi özünün əmək funksiyalarını, habelə əmək müqaviləsi üzrə öhdəliklərini, vəzifə borcunu yerinə yetirməyərək uşaq evində əmək və icra intizamının normal ahəngini pozduğunu, öz hərəkətləri ilə uşaq evinin əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə ziyan vurduğunu, əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri ilə uşaq evinin qanuni mənafeyinə ciddi xələl gətirdiyini nəzərə alaraq onunla bağlanılmış əmək müqaviləsi xx.xx.2023-cü il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən ləğv edilməsi və tutduğu vəzifədən azad edilməsi qərara alınmışdır. Əsas kimi isə Azərbaycan Respublikası İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsman) xx.xx.2023-cü il tarixli 2-5/2-6985/2023 nömrəli məktubu, 3 nömrəli X11 ittifaqı komitəsinin 2 nömrəli xx.xx.2023-cü il tarixli protokolu, əmək kollektivinin böyük əksəriyyətinin izahatları və müraciətləri, İddiaçı dair son dövrlərdə tərtib edilmiş aktlar və onun izahat verməkdən imtina etməsi barədə aktı göstərilmişdir.

24. xx.xx.2023-cü il tarixli Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti Bakı şəhər İdarəsi tərəfindən İddiaçı ünvanlanmış məktuba əsasən, Bakı şəhər İcra Hakimiyyətinin Bakı şəhər Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq evləri İdarəsinin 3 nömrəli Uşaq evində ünvanladığı müraciətinə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Bakı şəhər İdarəsində baxılmışdır. Lakin 3 nömrəli Uşaq Evinə ünvanlanmış məktuba əsasən, İddiaçı məxsus sənədlərin təqdim edilməsi xahiş olunmuş və sənədlər təqdim ediləcəyi təqdirdə müraciətə yenidən baxılacağı bildirilmişdir.

25. Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) aparatı tərəfindən Bakı Şəhər İcra Hakimiyyəti başçısı Aparatının rəhbəri cənab Ayaz İmaməliyevə ünvanlanmış 18 aprel 2023-cü il tarixli 2-5/2-9181/2023 nömrəli məktuba əsasən, müəyyən edilmişdir ki, İddiaçı AR İnsan Hüquqları üzrə Müvəkkilinə (Ombudsmana) müraciət edərək, işlədiyi Xətai rayon 3 saylı Uşaq Evinin direktoru Məhbubə Hüseynova tərəfindən şər və böhtana məruz qalaraq xx.xx.2023-cü il tarixdən tutduğu tərbiyəçi köməkçisi vəzifəsindən azad olunduğunu, əmək hüquqlarının əsassız olaraq pozulduğunu, işdən azad olunmasına dair müvafiq əmrdə əsas kimi istinad edilən sənədlər sırasında AR İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) tərəfindən Bakı Şəhər İcra Hakimiyyətinin başçısına ünvanlanmış xx.xx.2023-cü il tarixli 2-5/2-6985/2023 nömrəli məktubunun olduğunu bildirmiş, əvvəlki işinə bərpa olunmasına köməklik göstərilməsini xahiş etmişdir. Ombudsman Milli Preventiv Qrupunun həmin uşaq evinə keçirdiyi başçəkmə zamanı müəssisənin fəaliyyətində aşkar olunmuş pozuntularla bağlı Bakı Şəhər İcra Hakimiyyətinin başçısına ünvanlanmış xx.xx.2023-cü il tarixli 2-5/2-6985/2023 nömrəli məktubu tövsiyə xarakteri daşıdığı üçün 3 nömrəli Uşaq Evinin direktorunun xx.xx.2023-cü il tarixli, 25(47) nömrəli əmrində İddiaçı işdən çıxarılmasına dair əsas kimi göstərilmiş sənədlər sırasında həmin məktuba istinad edilməsi yolverilməzdir.

26. xx.xx.2023-cü il tarixli İddiaçı tərəfindən 3 saylı Uşaq Evinin direktoru Məhbubə Hüseynovaya ünvanlanmış izahata əsasən müəyyən edilmişdir ki, İddiaçı xx.xx.2023-cü il tarixdə axşam saat 22:00-da uşaqlara Həsənin anasının gətirdiyi meyvələri paylamış və yuxarı qaldıranda görmüşdür ki, uşaqların üzü nara batıb. O, zarafatyana Həsənin videosunu(fotoşəklini) çəkib anasına atmışdır ki, uşaq döyülüb və dərhal anasına zəng etmişdir ki, zarafat edir. Anası ilə danışdığı üçün rahat olmuş və bir saat sonra ona Həsənin anasının gəldiyi deyilmişdir, o, Həsəni anasının yanına aparmış, onları görüşdürmüş və Həsənin anası Həsənin sağ salamat olduğunu görmüşdür. Hadisədən sonrakı gün İddiaçı xəbər tutmuşdur ki, həmin video Vəfa tərəfindən tik-tok sosial şəbəkəsinə yerləşdirilmişdir. Vəfa bu zaman Gülcana bildirmişdir ki, uşağı döyüldüyündən o da videonu tik-tok sosial şəbəkəsinə yerləşdirmişdir.

27. Bakı şəhəri Xətai rayonu 3 nömrəli Uşaq evinin Pedaqoji şurasının xx.xx.2023-cü il tarixli növbədənkənar iclasının Protokoluna əsasən, tərbiyəçi köməkçisi İddiaçı xx.xx.2023cü il tarixdə gecə növbəsində olarkən heç bir əsası olmayan hadisənin ictimailəşdirilməsinə səbəbkar olmasının, eyni zamanda İddiaçı xx.xx.2023-cü il tarixli ərizəsinin müzakirəsi keçirilmişdir. Nəticədə İddiaçı uşaq evinin nüfuzuna xələl gətirən hadisələrə səbəbkar olduğu üçün xəbərdarlıq edilmişdir.

28. xx.xx.2023-cü il tarixli 2-5/2-6985/2023 nömrəli Azərbaycan Respublikası İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsman) tərəfindən Bakı Şəhər İcra Hakimiyyətinin başçısı cənab Eldar Əzizova ünvanlanmış məktuba əsasən müəyyən edilmişdir ki, Ombudsmanın Milli Preventiv Qrupunun üzvləri tərəfindən növbəti başçəkmə 3 saylı Uşaq Evində həyata keçirilmişdir. Başçəkmə zamanı müəssisədə yaşayan uşaqların hüquqlarının təmini vəziyyəti, saxlanma şəraiti və rəftar məsələləri, tibbi yardımın və psixoloji işin təşkili, qidalanma səviyyəsi, müvafiq sənədləşmənin aparılması, o cümlədən əvvəlki baş çəkmələr zamanı müəyyən edilmiş nöqsanların aradan qaldırılması ilə bağlı təkliflərin icrası vəziyyəti yenidən araşdırılmışdır. Rəftar məsələlərinin öyrənilməsi məqsədilə uşaqlarla fərdi və qrup şəklində görüşlər keçirilmiş, 10 uşaqla aparılmış fərdi müsahibələr zamanı müəssisədə qeyri-sağlam psixoloji mühitin olduğu, uşaqların İddiaçı adlı əməkdaş tərəfindən fiziki və psixoloji zorakılığa məruz qaldığı, uşaqlararası zorakılıq və ayrıseçkilik hallarının olduğu və onların peşəkar psixoloji dəstəyə ehtiyaclarının olduğu müəyyən edilmişdir. Uşaqlar bildirmişlər ki, kamera müşahidəsi olmayan yerlərdə İddiaçı tərəfindən döyülmüşlər, şərəf və ləyaqətini alçaldan sözlərdən istifadə etmiş, bəzi uşaqlara qarşı qərəzli münasibət göstərmişdir. Uşaqlar öz yaş qruplarına uyğun olmayan qruplarda yerləşdirilmiş və yaşca böyük uşaqlar tərəfindən kiçik uşaqlara şiddət göstərildiyi habelə yeni gələn uşaqların əvvəlki uşaqlar tərəfindən ayrı-seçkiliyə məruz qaldıqlarını bildirmişlər. Həmçinin əvvəlki başçəkmələr zamanı verilən tövsiyələr nəzərə alınaraq uşaqların fərdi inkişaf (qayğı) planları tərtib olunmuş, lakin müəssisə əməkdaşlarının superviziya imkanlarının habelə müvafiq nümunələrin olmaması səbəbilə həmin sənədlərin standartlara cavab vermədiyi aşkar edilmişdir. Başçəkmədən sonra İddiaçı xx.xx.2023-cü il tarixdə Ombudsman Aparatında müraciəti əsasında qəbul edilmiş və yazılı surətdə 3 saylı Uşaq Evinin direktoru, oradakı qidalanma, saxlanma, təlim-tərbiyə məsələlərinə aid problemlərlə bağlı şikayət ərizəsi ilə müraciət etmişdir.

29. 10 aprel 2023-cü il tarixli 3-52/2-1998/2023 nömrəli Bakı şəhər İcra Hakimiyyəti Başçısının Aparatı tərəfindən 3 nömrəli Uşaq evinin direktoru Məhbubə Hüseynovaya ünvanlanmış məktuba əsasən, Azərbaycan Respublikası İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsman) Bakı Şəhər İcra Hakimiyyəti ünvanlanmış xx.xx.2023-cü il tarixli 2-5/2- 6985/2023 nömrəli məktubu qeyd edilmiş xüsusatların ciddi şəkildə araşdırılması və qısa müddət ərzində zəruri tədbirlər görülərək nəticəsi barədə Bakı şəhər İcra Hakimiyyətinə məlumat verilməsi məqsədilə 3 nömrəli Uşaq evinə göndərilmişdir.

30. xx.xx.2023-cü il tarixli Akta əsasən, İddiaçı uşaq evinin nizam-intizam qaydalarına tabe olmur, uşaqlar arasında uşaq evinin rəhbərliyi, tərbiyəçiləri və.s işçi kollektivi haqqında həqiqətə uyğun olmayan ifadələr işlədərək onların şüurunda mənfi fikirlərin yaranmasına səbəb olur. “Tik-Tok” sosial şəbəkəsində uşaq evi haqqında neqativ paylaşımlar edir, yalan, böhtan xarakterli paylaşımlarına davam edəcəyini, uşaq evində tibbi xidmətin, qidanın, təhsil səviyyəsinin qənaətbəxş olmadığını söyləyir. Uşaqlara psixoloji təsir edərək uşaq evində verilən qidaların dadsız, duzsuz, yaxşı bişirilmədiyini söyləməyə, qidadan imtina etmələrinə təhrik edir. Dövlət tərəfindən tərtib edilmiş qida normasının düzgün olmadığını bildirərək tərtib etdiyi normaya etiraz edir. Tərbiyəçi köməkçisi vəzifəsini icra etmir.

31. 11 aprel 2023-cü il tarixli Bakı şəhəri Xətai rayonu 3 nömrəli X11 İttifaqı Komitəsinin iclas protokoluna əsasən, müəyyən edilmişdir ki, Bakı şəhəri Xətai rayonu 3 nömrəli Uşaq Evi ilə İddiaçı arasında bağlanmış xx.xx.2022-ci il tarixli əmək müqaviləsinə AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsi üçün təqdimata baxılmışdır. Nəticədə 3 nömrəli Uşaq Evinin direktoru Məhbubə Hüseynovanın təqdimatı təmin edilmiş və tərbiyəçi köməkçisi işləyən İddiaçı ilə bağlanmış əmək müqaviləsinə AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “Ç” bəndinə əsasən, xitam verilməsi qərara alınmışdır.

32. 11 aprel 2023-cü il tarixdə tərtib edilmiş akta əsasən, müəyyən edilmişdir ki, 11 aprel 2023-cü il tarixli Xətai rayonu 3 nömrəli Uşaq Evi ilə İddiaçı arasında bağlanmış xx.xx.2022-ci il tarixli əmək müqaviləsinə AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsi üçün təqdimata baxılması ilə bağlı iclas zalını yarıda tərk etmiş, rəsmi yazılı izahat verilməsi tələb edilsə də, o izahat verməkdən imtina etmişdir. Aktın düzgünlüyünü direktor M.Hüseynova, H.İ.S Şahid7 və UBR Şahid2 öz imzaları ilə təsdiq etmişlər.

33. İş materiallarında olan digər sənədlər, disklər və s.

Tətbiq edilən hüquq:

34. Azərbaycan Respublikasının Konstitusiyası: 36.İİİ. Fərdi və kollektiv əmək mübahisələri qanunla müəyyənləşdirilmiş qaydada həll edilir.

35. Uşaq hüquqları haqqında 20 noyabr 1989-cu il BMT-nin Konvensiyası:

3. Uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər social təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən.

36. İnsan Hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyası: 8.1. Hər kəs öz şəxsi və ailə həyatına, mənzilinə və yazışma sirrinə hörmət hüququna malikdir.

8. 2. Milli təhlükəsizlik və ictimai asayiş, ölkənin iqtisadi rifah maraqları naminə, iğtişaş və ya cinayətlərin qarşısını almaq üçün, sağlamlığı yaxud mənəviyyatı qorumaq üçün və ya digər şəxslərin hüquq və azadlıqlarını müdafiə etmək üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olan hallar istisna olmaqla, bu hüququn həyata keçirilməsinə dövlət hakimiyyəti orqanları tərəfindən müdaxiləyə yol verilmir. 10.1.Hər kəs öz fikrini ifadə etmək azadlığı hüququna malikdir. Bu hüquqa öz rəyində qalmaq azadlığı, dövlət hakimiyyəti orqanları tərəfindən hər hansı maneə olmadan və dövlət sərhədlərindən asılı olmayaraq, məlumat və ideyaları almaq və yaymaq azadlığı daxildir. Bu maddə dövlətlərin radioyayım, televiziya və kinematoqrafiya müəssisələrinə lisenziya tələbi qoymasına mane olmur.

10. 2. Bu azadlıqların həyata keçirilməsi milli təhlükəsizlik, ərazi bütövlüyü və ya ictimai asayiş maraqları naminə, iğtişaşın və ya cinayətin qarşısını almaq üçün, sağlamlığın və mənəviyyatın qorunması üçün, digər şəxslərin nüfuzu və ya hüquqlarının müdafiəsi üçün, gizli əldə edilmiş məlumatların açıqlanmasının qarşısını almaq üçün və ya ədalət mühakiməsinin nüfuz və qərəzsizliyini təmin etmək üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olan müəyyən rəsmiyyətə, şərtlərə, məhdudiyyətlərə və ya sanksiyalara məruz qala bilər.

37. 1996-cı il 3 may tarixli Dəyişdirilmiş Avropa Sosial Xartiyası:

24. İşçilərin əmək münasibətlərinə xitam verilməsi hallarında müdafiə hüququnun səmərəli həyata keçirilməsini təmin etmək məqsədilə Tərəflər aşağıdakıları tanımaq öhdəliyini götürürlər: a) bütün işçilərin, onların vəzifəsi və ya davranışı, yaxud müəssisənin, idarənin və ya xidmətin istehsal tələbləri əsasında əmək münasibətlərinə xitam verilməsi üçün qanuni səbəblər olmadan əmək münasibətlərinə xitam verilməməsi hüququ; b) qanuni səbəblər olmadan əmək münasibətlərinə xitam verilmiş işçilərin adekvat kompensasiya və ya digər müvafiq müavinətlər almaq hüququ. Bu məqsədlə Tərəflər əmək münasibətlərinə əsassız xitam verildiyini hesab edən işçinin qərəzsiz orqana şikayət etmək hüququnu təmin etmək öhdəliyini götürürlər. 26.2. iş yerində və yaxud işlə bağlı ayrı-ayrı işçilərə qarşı yönəldilmiş daimi çirkin və ya xüsusilə mənfi və təhqiredici hərəkətlər barədə izahatı, məlumatlandırmanı və onun qarşısının alınmasını dəstəkləmək və işçiləri bu cür davranışdan qorumaq üçün bütün lazımi tədbirləri görmək.

38. Azərbaycan Respublikasının Əmək Məcəlləsi: 2.2. Azərbaycan Respublikasının Əmək Məcəlləsi fiziki şəxslərin əmək hüquqlarının və bu hüquqların həyata keçirilməsini təmin edən qaydaların minimum normalarını müəyyən edir. 2.3. Azərbaycan Respublikasının Əmək Məcəlləsi əmək münasibətlərində tərəflərin: hüquq bərabərliyinin təmin edilməsi; mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması prinsiplərinə əsaslanır. 3.3. İşəgötürən — tam fəaliyyət qabiliyyətli olub işçilərlə əmək müqaviləsi (kontrakt) bağlamaq, ona xitam vermək, yaxud onun şərtlərini dəyişdirmək hüququna malik mülkiyyətçi və ya onun təyin (müvəkkil) etdiyi müəssisənin rəhbəri, səlahiyyətli orqanı, habelə fiziki şəxs. 3.9. Əmək funksiyası — əmək müqaviləsində nəzərdə tutulan bir və ya bir neçə vəzifə (peşə) üzrə işçinin yerinə yetirməli olduğu işlərin (xidmətlərin) məcmusu. 10.Əmək müqaviləsi üzrə işçinin əsas vəzifələri aşağıdakılardır: a) əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək; b) əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək; e) iş yoldaşlarının əmək hüquqlarını və qanuni mənafelərini pozmamaq; f) əmək qanunvericiliyinin tələblərinə əməl etmək.

11. Əmək münasibətləri sahəsində işəgötürənin aşağıdakı əsas hüquqları vardır: b) bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək;

12. Əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifələri bunlardır: a) əmək müqaviləsinin şərtlərinə və onlarda nəzərdə tutulan öhdəliklərə əməl etmək; b) bu Məcəllənin və əmək qanunvericiliyinə dair digər normativ hüquqi aktların tələblərini yerinə yetirmək; c) əmək müqavilələrini bu Məcəllədə nəzərdə tutulmuş əsaslarla və qaydada pozmaq; ç) kollektiv müqavilələrin, sazişlərin şərtlərinə, onlarda nəzərdə tutulmuş öhdəliklərə əməl etmək; d) fərdi, kollektiv əmək mübahisələri üzrə məhkəmə qərarlarını (qətnamələrini) yerinə yetirmək.

14. Əmək münasibətlərinin tənzimlənməsi sahəsində qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanları öz səlahiyyətləri çərçivəsində qanunvericiliyin tələblərinə əmək münasibətlərinin subyektləri tərəfindən hər yerdə eyni qaydada və dürüst əməl olunmasını; işçilərin və işəgötürənlərin pozulmuş hüquqlarının bərpa olunmasını; əmək münasibətləri sahəsində Azərbaycan Respublikasının Konstitusiyası ilə müəyyən edilmiş insan hüquqları və azadlıqları prinsipləri əsasında dövlət siyasətinin həyata keçirilməsini təmin etməlidirlər. 45.1. Əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır. 68.1. Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər.

70. (bənd “ç”) Əmək müqaviləsi işəgötürən tərəfindən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda ləğv edilə bilər. 71.2. Bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. 71.3. İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır.

72. Aşağıdakı hallar işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir: a) özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi; b) alkoqollu içkilər, narkotik vasitələr və psixotrop, toksik və digər zəhərli maddələr qəbul edərək sərxoş vəziyyətdə işə gəlməsi, habelə işə gəldikdən sonra iş yerində həmin içkiləri və ya maddələri qəbul edərək sərxoş vəziyyətdə olması; c) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması; ç) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində əməyin mühafizəsi qaydalarını pozaraq iş yoldaşlarının səhhətinə xəsarət yetirməsi və ya onların bu səbəbdən həlak olması; d) qəsdən istehsal, kommersiya və ya dövlət sirrinin yayılması və ya bu sirrin gizli saxlanılması üzrə öhdəliklərini yerinə yetirməməsi; e) əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi; ə) əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması; f) iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllərə yol verməsi. 80.1. Bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. 80.2. Həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir. 83.1. Əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. 83.2. Əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. 186.1. İşəgötürən, işçi bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrini yerinə yetirmədikdə və ya hüquqlarından sui-istifadə etdikdə və yaxud əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə intizam məsuliyyətinə, qanunvericilikdə nəzərdə tutulmuş hallarda isə digər məsuliyyətə cəlb edilirlər. 186.2. İşçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər: a) töhmət vermək; b) sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; c) kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək; ç) əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək. 186.3. İşəgötürən intizam tənbehini verərkən işçinin şəxsiyyətini, kollektivdə nüfuzunu, peşəkarlıq səviyyəsini, onun törətdiyi xətanın xarakterini nəzərə almalıdır. 187.4. İdarə, müəssisə və ya təşkilatın korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat vermiş işçisi barəsində intizam tənbehini tətbiq edən idarə, müəssisə və ya təşkilat intizam tənbehinin qanunla müəyyən edilmiş hallardan irəli gəlməsini və korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumata aidiyyəti olmadığını əsaslandırmalıdır. 189.3. İntizam tənbehi işəgötürənin əmri (sərəncamı, qərarı) ilə verilir. İşçi həmin əmrlə (sərəncamla, qərarla) tanış edilməli və onun tələbi ilə əmrin surəti ona təqdim olunmalıdır.

39. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsi: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir;

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 115.0. İşə baxılması ilə əlaqədar məsrəflərə aşağıdakılar daxildir: 115.0.6. vəkillərə etdikləri kömək üçün ödənilən xərclər; 115.0.9. məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 119.2. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

40. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunu: 9.1.1. Əməyin ödənilməsi və əmək fəaliyyəti ilə bağlı digər tələblər üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azaddırlar.

Məhkəmənin mövqeyi:

41. Məhkəmə mülki iş üzrə iddia ərizəsini, məhkəmə iştirakçılarının izahını, əlavə edilmiş sənədləri, nəzərdən keçirib, təqdim edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi əsassızdır və təmin edilməməlidir.

42. Tərəflərin arasında əmək münasibətlərinin dəyişdirilməsinə əsas verən əmrin qanuniliyinə, məhkəmə tərəfindən qiymət verilərkən müqavilə tərəflərinin əmək münasibətlərində olduğu müddət, işin və ya göstərilən xidmətlərin xarakteri, tərəflərin dəlilləri və mübahisənin diqqətəlayiq bütün halları nəzərə alınmalıdır.

43. İşin mübahisəsiz halları ondan ibarətdir ki, İddiaçı 3 saylı uşaq evinin məzunu olmuşdur. 2017-ci ilin dekabr ayında 3 saylı uşaq evinə tərbiyəçi köməkçisi vəzifəsinə təyin edilmişdir. 2022-ci ilin yanvar ayında oğlan qrupunda tərbiyə alan S.Şahbazovu vurduğuna görə valideynlə konflikt yaşamışdır, hadisə ilə bağlı pedaqoji şuranın iclası keçirilmiş, direktor İddiaçı müvəqqəti olaraq 3 saylı uşaq evinin daxilində uşaq qrupundan kənarda xadimə işini icra etməsi tövsiyı edilmişdir. 2022-ci ilin yanvar ayında əmək müqaviləsinə xitam verilmişdir, 2022-ci ilin 1 iyul tarixində mediasiyada tərəflər arasında barışıq əldə edilmişdir.44. İddiaçının əmək müqaviləsi Bakı şəhəri İcra Hakimiyyəti Xətai rayonu 3 nömrəli Uşaq evinin 11 aprel 2023-cü il tarixli 25№li Əmrinə əsasən ləğv edilmişdir. Əmrdə qeyd edilir ki, İddiaçı - tərbiyəçi köməkçisi özünün əmək funksiysını, habelə əmək müqaviləsi üzrə öhdəliklərini, vəzifə borcunu yerinə yetirməyərək uşaq evində əmək və icra intizamının normal ahəngini pozduğunu, öz hərəkətləri ilə uşaq evinin əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə ziyan vurduğunu, əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri ilə uşaq evinin qanuni mənafeyinə ciddi xələl gətirdiyini nəzərə alaraq onunla bağlanılmış əmək müqaviləsi xx.xx.2023-cü il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən ləğv edilməsi və tutduğu vəzifədən azad edilməsi qərara alınmışdır. (23-cü bənd)

44. Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsi işəgötürən tərəfindən işçiyə verilən intizam tənbehinin növlərini müəyyən edir və bu tənbeh növləri xarakterinə görə yüngüldən ağıra doğru təsnifləşdirilir. Qeyd edilən maddəyə görə əmək müqaviləsinin həmin Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək son və xarakterinə görə ən ağır tənbeh növü sayılır. Əmək Məcəlləsinin 186-cı maddəsinin 3-cü hissəsinə görə də işəgötürən intizam tənbehini verərkən işçinin şəxsiyyətini, kollektivdə nüfuzunu, peşəkarlıq səviyyəsini,onun törətdiyi xətanın xarakterini nəzərə almalıdır.

45. Məhkəmə qeyd edir ki, Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə əmək müqaviləsinə xitam verilməsi üçün təkcə həmin normada qeyd olunan halın baş verməsi kifayət etmir. Əmək Məcəlləsinin 71-ci maddəsinin 2-ci hissəsinə görə, bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsaslar əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun.

46. Məhkəmə hesab edir ki, mübahisəyə ilk növbədə 3 nömrəli Uşaq evinin uşaqlara sosial xidmət göstərən müəssisə olmasına və iddiaçının həmin müəssisədə fəaliyyətinin xüsusiyyətlərini nəzərə almaqla qiymət verilməli, müstəsna hallar xüsusi ilə diqqətə alınmalıdır. İşçinin ƏM-nin 10-cu maddəsində nəzərdə tutulan əmək vəzifələri ilə yanaşı tərəflər arasında bağlanmış əmək müqaviləsində də işçinin vəzifələri sadalanır. Tərəflər arasında bağlanmış müqaviləyə əsasən işçinin əmək funksiyaları kimi yataq otağının təmizliyi, uşaqların gigyena tələblərinə riayət etmək, yataq əşyalarının vaxtında dəyişdirilməsi, uşaq evinin daxili qayda-qanuna riayət etmək, uşaqların hüquqlarını qorumaq və s. qeyd edilir. Əmək müqaviləsindən görünür ki, iddiaçının əsas vəzifəsi uşaqların qayğısına qalmaqdır və o, uşaqlara qulluq etmək üçün daima onlarla təmasda olur.

47. Əmrdə tərbiyəçi köməkçisinin özünün əmək funksiyalarını, habelə əmək müqaviləsi üzrə öhdəliklərini, vəzifə borcunu yerinə yetirməyərək uşaq evində əmək və icra intizamının normal ahəngini pozduğu qeyd edilmişdir. Məhkəmə araşdırması zamanı məlum olmuşdur ki, iddiaçı mütəmadi olaraq qayğısına qalmalı olduğu uşaqları döymüş, onlara qarşı şərəf və ləyaqətini alçaldan sözlərdən istifadə etmiş, bəzi uşaqlara qarşı qərəzli münasibət göstərmiş, uşaqlar arasında ayrı-seçkiliyə yol vermiş, öz əmək funksiyası olan təmizlik işlərini müəssisədə qalan uşaqlara gördürmüşdür. Bütün bu sadalananlarla bağlı müəssisə rəhbərliyi qanunvericiliyin tələbinə uyğun olaraq vaxtında müvafiq qrumlara məlumat verməmiş, lazımi qaydada aktlaşdırılmamış, tədbirlər götülməmişdir. Lakin qeyd edilən hallar məhkəmə araşdırması zamanı, həm iş materiallarına daxil edilmiş sənədlərdə, həm də şahid ifadələrində öz təsdiqini tapmışdır.

48. İddiaçının işinə vaxtı-vaxtında gəlməsi, iş buraxmaması, təlim-təhvil aktında pozuntuların qeydə alınmaması, işçinin əmək vəzifələrini lazımi qaydada icra etməsi kimi qiymətləndirilməməlidir. Belə ki, sözügedən müəssisənin təyinatı valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş 3 yaşından 18 yaşınadək uşaqlara sosial xidmət göstərmək olduğundan, orda işləyən şəxslərin də başlıca vəzifə borcu müəssisədə olan uşaqların lazımi səviyyədə qayğısına qalmaqdır.

49. Məhkəmə hesab edir ki, mübahisə edilən hüquq münasibəti barədə qanuni, əsaslı və ədalətli nəticəyə gəlmək üçün ilk növbədə uşaqların üstün maraqları rəhbər tutulmalıdır. Uşaqların “üstün maraqları” konsepsiyası - 20 noyabr 1959-cu il tarixli “Uşaq hüquqları Bəyannaməsi”nin 2-ci maddəsində nəzərdə tutulmuşdur. Bu termindən ilk dəfə 1989-cu ildə BMT-nin “Uşaq Hüquqları Konvensiyası”nın 3-cü maddəsinin 1-ci bəndində istifadə edilmişdir və orada göstərilmişdir ki: Uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Uşağın üstün maraqları məsələsi Azərbaycan Respublikasının tərəfdar çıxdığı digər beynəlxalq sənədlərdə (İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyaya - 8-ci maddə, 4 saylı Protokol - 2.2-ci maddə), dövlətdaxili qanunvericiliyimizdə, o cümlədən Avropa İnsan hüquqları Məhkəməsinin presidentlərində (Vetjen və digərləei Almanyaya qarşı işi, Şvitsgebel İsveçrəyə qarşı işi, Çbihi Loudoudi və başqaları Belçikaya qarşı işi və s.) təsbit edilmişdir.

50. Məhkəmə hesab edir ki, ilk növbədə, yetkinlik yaşına çatmayan uşaqların hüquq və mənafelərinin daha üstün olması, onların fiziki, psixi və mənəvi inkişafı ilə bağlı olan hallar araşdırılmaqla mübahisəyə qiymət verilməlidir. Məhkəmə qeyd edir ki, ƏM-nin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozuduğu yuxarıda sadalanan hallarla öz təsbitini tapmışdır. Məhkəmə hesab edir ki, iddiaçının işə yenidən bərpası həmin müəssisədə qalan uşaqların yenidən döyülməsi, psixoloji təzyiqə məruz qalması, məcburi işlədilməsi riski daşıyır, bu səbəbdən də iddia tələbi rədd edilməlidir.

51. Əmrdə o da qeyd edilmişdir ki, iddiaçı öz hərəkətləri ilə uşaq evinin əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə ziyan vurduğuna görə onunla əmək müaviləsi ləğv edilmişdir. Məhkəmə araşdırması zamanı məlum olmuşdur ki, iddiaçı həqiqətən müəssisədə işləyən işçilərin böyük əksəriyyəti ilə ayrıayrı vaxtlarda mübahisələr yaşamışdır, iddiaçının digər işçilərlə münasibəti gərgindir.

52. İddiaçı müəssisədə baş verən hadisələri ictimailəşdirdiyinə görə işdən çıxarıldığını iddia edir. Məhkəmə bu kontekstdə, qarşıya qoyulan qanuni məqsədlə əlaqədar işçinin ifadə azadlığı hüququna edilən müdaxilənin mütənasibliyini qiymətləndirərkən AİHM-nin presedent hüququnda Quja Moldovaya qarşı” (Guja v. Moldova, 2008), “Heyniş Almanyaya qarşı” (Heinisch v. Germany, 2011), Bucur və Toma Rumıniyaya qarşı (Bucur and Toma v. Romania, 2013) işlərində formalaşdırdığı altı meyar üzrə təhlil aparılmalı olduğunu hesab edir.

53. İlk növbədə, açıqlanan məlumatda ictimai maraqlara xüsusi diqqət yetirilməlidir. Konvensiyanın 10-cu maddəsinin 2-ci bəndinə əsasən ictimai maraq doğuran məsələlər üzrə müzakirələrə məhdudiyyətlər üçün çox az imkan var (Sürek Türkiyəyə qarşı, Stoll İsveçrəyə qarşı). İkinci amil açıqlanan məlumatın həqiqiliyidir. AİHM bu kontekstdə bir daha vurğulayır ki, ifadə azadlığı özü ilə bağlı vəzifə və məsuliyyətlər daşıyır və məlumatı açıqlamağı seçən hər bir şəxs şəraitin imkan verdiyi dərəcədə onun dəqiq və etibarlı olmasını diqqətlə yoxlamalıdır. Bu məsələyə digər tərəf qarşısında öhdəliklərin, məsələn işəgötürənlə tabeçilik münasibətləri, işçilərin, digər şəxlərin reputasiyalaraına xələl gətirilməsi riski və s. mövcud olduğu hallarda xüsusi diqqət verilməlidir. (X2rşı, Bladet Tromsö və Stensaas v. Norveç qarşı). Üçüncüsü, sözügedən məlumatın açıqlanması nəticəsində işəgötürənin dəydiyi zərəri (əgər iddia olunursa) ölçülməli və bu zərərin məlumatın aşkar edilməsində ictimaiyyətin maraqlarından üstün olub-olmadığı qiymətləndirməlidir (Quja Moldovaya qarşı). Dördüncüsü, məhkəmə işçinin işəgötürənə qarşı öhdəlik daşıdığını nəzərə alaraq məlumatın yuxarı və ya digər səlahiyyətli orqana açıqlanmasından sonra son çarə kimi ictimaiyyətə açıqlanıb-açılmadığını müəyyən etməlidir. Məhkəmə bu kontekstdə işçinin aşkar etmək niyyətində olduğu hüquq pozuntusunu aradan qaldırmaq üçün hər hansı digər effektiv vasitələrin mövcud olubolmadığını, onun buna cəhd edib-etmədiyini nəzərə almalıdır. Beşincisi, məlumat yayan işçinin hərəkətlərinin motivi konkret açıqlamanın qorunub saxlanılmaması barədə qərar qəbul edən digər müəyyənedici amildir. Məsələn, şəxsi şikayət və ya şəxsi antaqonizm və ya şəxsi üstünlük, o cümlədən maddi qazanc gözləntisi ilə əsaslandırılmış hərəkət xüsusilə güclü müdafiə səviyyəsinə haqq qazandırıla bilməz (Kudeşkina Rusiyaya qarşı, 2009). Məlumatı yayan zamanı şəxsin vicdanla və məlumatın doğru olduğuna inanaraq hərəkət etdiyini, onun açıqlanmasının ictimai maraqlara uyğun olduğunu və qanun pozuntusunu aradan qaldırmaq üçün başqa, daha təmkinli vasitələrin olmadığını, əlçatanılığını müəyyən etmək vacibdir. Altıncı meyar, qarşıya qoyulan qanuni məqsədlə bağlı müdaxilənin mütənasibliyinə yenidən baxılması ilə əlaqədar, tənbehin, xüsusən də işçiyə tətbiq edilən cəzanın və onun nəticələrinin ciddiliyinin diqqətlə təhlili tələb olunmalıdır (Qavlik Lixtenşteynə qarşı işi, Case of Gawlik v. Liechtenstein, 2021).

54. Məhkəmə iddiaçının apardığı çəkilişlərin başlanma zamanına diqqət yetirərək (2022-ci ilidən başlayaraq) hesab edir ki, iddiaçı müəssisədə baş verən pozuntuları ictimailləşdirməyə məhz valideyinlə baş vermiş mübahisə zəminində, ilk dəfə işdən çıxarılma ərəfəsində başlamışdır. Müəssisənin fəaliyyətinin ictimailəşdirilməsində başlıca motiv uşaqların qayğısına qalmaq, onların hüquqlarını qorumaqdan çox müəssisə rəhbərliyinə təzyiq xarakteri daşımışdır. Sözü gedən videoçəkilişlərə başlama vaxtı, məğzi əksər hallarda bu videoçəkilişlərin məqsədinin ictimaiyyəti məlumatlandırmaqla ictimai maraqlara, uşaqları qorumağa deyil, daha çox şəxsi marağa xidmət etdiyi qənaətinə gəlməyə əsas verir. Məhkəmə araşırması zamanı məlum olmuşdur ki, iddiaçı iki ildən artıqdır ki, video çəkilişlər aparır, ictimailəşdirir, lakin bu dövr ərzində iddiaçıya xəbərdarlıq edilmiş, lakin əmək fəaliyyətinə son qoyulmamış, hətta ilk işə bərpası zamanı bu video çəkilişlərdən təzyiq vasitəsi kimi yararlanmışdır.

55. Məhkəmə araşdırması zamanı məlum olmuşdur ki, bu cür videoların yayılması müəssisədə işləyən digər işçilərin də işgüzar nüfuzuna xələl gətirmiş, onların yaxın insanlar, tanışlar tərəfindən qınanmalarına rəvac vermiş, bununla da əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə ziyan dəymişdir.

56. Yuxarıda qeyd edilənlərə əsasən, qeyd etmək lazımdır ki, ictimaiyyət körpələr evində uşaqların maraqlarına xələl gətirən hadisələrə dair şübhələrin açıqlanmasında maraqlıdır. Lakin bu halda, bu şübhənin əsaslılığı onun açıqlanmasına qədər kifayət qədər yoxlanılmalıdır. Eyni zamanda məlumat ictimailəşdirilməmişdən öncə müvafiq qurumlara əsaslı şübhələrlə bağlı məlumat verilməli idi.

57. Məhkəmə bir tərəfdən işəgötürənin və işçi heyətinin nüfuzunu və hüquqlarını qorumaq zərurəti ilə digər tərəfdən iddiaçının ifadə azadlığı hüququnu qorumaq zərurəti arasında ədalətli tarazlıq əldə etməlidir. Məhkəmə belə nəticəyə gəlir ki, ərizəçinin ifadə azadlığı hüququna, xüsusən də məlumat vermək hüququna edilən müdaxilə demokratik cəmiyyətdə qarşıya qoyulan qanuni məqsədlə mütənasib olar və bu işin hallarına uyğun olaraq zəruridir.

58. Məhkəmə araşdırması zamanı məlum olmuşdur ki, iddiaçıdan işdən çıxarılmasına təkan verən amil, iddiaçının iddia etdiyi kimi onun televiziya proqramına çıxması deyil, müəssisədə aparılan yoxlama nəticəsində aşkarlanan hallar olmuşdur.

59. Beləliklə, məhkəmə yuxarıda qeyd edilənlərə əsasən belə qənaətə gəlir ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinin ƏM-nin 70-ci maddəsinin ç) bəndi ilə ləğv edilməsinə səbəb olan hallar cavabeh tərəfindən sübuta yetirilmişdir. İddiaçının tələbi "əmrin ləğv edilməsi, işə bərpa, buraxılmış iş günlərinə görə işə bərpa olunanadək orta aylıq əmək haqqının ödənilməsi, maddi və mənəvi ziyanın ödənilməsi ” tələbidir. Cavabdeh tərəfindən tərtib edilmiş əmr əsaslı hesab edildiyindən və iddiaçının əmrin ləğv edilməsi və işə bərpa ilə bağlı tələbi təmin edilmədiyindən iddia tələbi digər hissələrə münasibətdə də təmin edilməməlidir.

60. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə,

QƏT ETDİ:

1. İddia tələbi rədd edilsin.

2. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim: Samirə Eyvazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar