Məhkəmə qərarları › İş №2(011)-4440/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-4440/2023

28.07.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması,habelə Azərbaycan Respublikasında daimi yaşaması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-4440/2023 28.07.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qızının sədrliyi, Osmanova Əfsanə Fəxrəddin qızının katibliyi, Ərizəçi və onun nümayəndəsi Vəkil iştirakları ilə, Ərizəçi maraqlı şəxs qismində Maraqlı şəxs cəlb olunmaqla “hüquqi əhəmiyyətli faktın müəyyən olunmasına” dair ərizəsi üzrə mülki işə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi “hüquqi əhəmiyyətli faktın müəyyən olunmasına” dair ərizə ilə məhkəməyə müraciət edərək, ərizəsində göstərmişdir ki, o, yəni Ərizəçi xx.xx.1972-ci il tarixdə Gürcüstan SSR-in Dmanisi rayonunun Gödəkdağ kəndində anadan olmuşdur. xx.xx.1979cu il tarixdə anası X5 məxsus ünvan 1 ünvanında yerləşən 18 saylı evin 15 nömrəli mənzilində qeydiyyata alınmışdır. 1991-ci ildə Bakı şəhəri Xətai rayonunda yerləşən 260 saylı orta məktəbini bitirmişdir. xx.xx.1991-ci il tarixdə daimi qeydiyyatda olduğu ünvan 1 ünvanında yerləşən 18 saylı evin 15 nömrəli mənzilindən qeydiyyatdan çıxaraq Gürcüstana qazanc əldə etmək üçün gedərək orada yaşamışdır. 1997-ci il tarixdə Azərbaycana qayıtmış və həmin ildən ünvan 1 ünvanında yerləşən 18 saylı evin 15 nömrəli mənzilində hal-hazıra kimi anasının yanında qeydiyyatsız olaraq yaşayır. Azərbaycana gəlməyinin səbəbi- Azərbaycanda yaşayan və Azərbaycan Respublikasının vətəndaşları olan yaxın qohumlarının, o cümlədən atası mərhum X13, anası X8, 2 qardaşı X10 və mərhum X7 yaxın daimi yaşamaq, eləcə də ailə həyatı qurmaqdan ibarət olmuşdur. Şəxsiyyət vəsiqəsi olmadığı üçün qeyri-rəsmi nikaha daxil olmuşdur və həmin nikah münasibətindən 30 avqust 2001-ci il təvəllüdlü X12 anadan olmuşdur. Onun uzun illərdir Azərbaycanda anasının yanında daimi yaşamasına baxmayaraq vətəndaşlığı olmadığı üçün şəxsiyyətini təsdiq edən heç bir sənəd yoxdur. Şəxsiyyət vəsiqəsi olmadığı üçün həm özü, eləcə də övladı layiqli həyat səviyyəsindən məhrum olmuşlar. Belə ki, heç bir yerdə rəsmi muzdlu işlə təmin oluna bilmir, övladı ilə birgə istirahət etmək üçün ölkə hüdudlarından kənara çıxa bilmir, miras paylarında vərəsə kimi iştirak edə bilməyəcəyi açıq aşkardır. Övladının vətəndaş cəmiyyətində lazımınca iştirak etmək üçün bir sıra zəruri hallarda valideynin şəxsiyyət vəsiqəsinin təqdim edilməsi tələb olunur. Təəssüflər olsun ki, bu tələbi qarşılamaq onun üçün mümkünsüzdür. Azərbaycan vətəndaşlığına qəbul edilib şəxsiyyət vəsiqəsini almaq üçün onun heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktının məhkəmə qaydasında müəyyən edilməsinə həm ehtiyac, həm də zərurət vardır. Çünki, şəxsiyyət vəsiqəsini başqa şəkildə ala bilmir. Ərizəçi göstərilənləri nəzərə alaraq, xx.xx.1972-ci il tarixdə Gürcüstan SSR-in Dmanisi rayonunun Gödəkdağ kəndində anadan olmuş onun, yəni Ərizəçi 1997-ci il tarixdən halhazıradək Azərbaycan Respublikasında daimi yaşaması və heç bir dövlətin vətəndaşlığına mənsub olmaması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi və onun nümayəndəsi Vəkil hər biri ayrı-ayrılıqda ərizəyə uyğun izahat verməklə yanaşı, ərizənin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişlər. Məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq qaydada məlumatlandırılmış Maraqlı şəxs məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə işə Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarını araşdırıb, ərizəçinin və onun nümayəndəsinin izahatına və iş üzrə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək məhkəmə hesab edir ki, ərizə əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, iş materiallarında olan İ-ГТ 627976 saylı Gürcüstan SSR-in Dmanisi rayonun ZAKS şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin notarial qaydada tərcümə və təsdiq edilmiş surətindən görünür ki, Ərizəçi xx.xx.1972-ci il tarixdə Gürcüstan SSR-in Dmanisi rayonunda doğulmuş, atası X13, anası X3. İş materiallarında olan Maraqlı şəxs tərəfindən Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi ilə əlaqədar icraatın nəticəsinə dair 29 noyabr 2022-ci il tarixli, ******* №-li elektron arayışdan görünür ki, xx xxxx 1972-ci il təvəllüdlü Ərizəçi 428280/m nömrəli, 29 noyabr 2022-ci il tarixli müraciətə baxılaraq, onun “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının 30 sentyabr 1998-ci il tarixli Qanununa əsasən Azərbaycan Respublikasının vətəndaşı olmadığı müəyyən edilmişdir. İş materiallarında olan Gürcüstan Ədliyyə Nazirliyi tərəfindən X14 Nazirliyinin Kriminal Polis Departamentinin direktor müavini, polis polkovniki L.Çadunelia ünvanlanmış 10 may 2017-ci il tarixli məktubun notarial qaydada tərcümə və təsdiq edilmiş surətindən görünür ki, Gürcüstan Ədliyyə Nazirliyinin Vətəndaşlıq və Miqrasiya məsələləri departamenti “Gürcüstan vətəndaşlığı haqqında” Gürcüstan qanunun 36.1 maddəsini və 09 noyabr 1998-ci il Gürcüstan Prezidentinin “Gürcüstan vətəndaşlıq məsələlərinin həlli haqqında” 637 №-li əmrindən irəli gələn müddəalara uyğun olaraq onun məktubu araşdırılmış və bildirilmişdir ki, onlar tərəfindən tapılmış informasiyaya görə Ərizəçi (xx.xx.1972-ci il təvəllüdlü) Gürcüstan vətəndaşı hesab edilmir. İş materiallarında olan Gürcüstanın Azərbaycan Respublikasındakı Səfirliyi tərəfindən verilmiş 23 may 2023-cü il tarixli arayışın notarial qaydada tərcümə və təsdiq edilmiş surətindən görünür ki, arayış verilir Gürcüstanda xx.xx.1972-ci il tarixdə anadan olan Ərizəçi ondan ötrü ki, “Gürcüstanın Vətəndaşlıq haqqında” Gürcüstan Orqan qanununun 3-cü maddəsinə, həmçinin 11-22-ci maddələrinə müvafiq olaraq Gürcüstan Ədliyyə Nazirliyinin X2 Agentliyinə təqdim olunan və agentlik tərəfindən əldə edilən sənədlərə əsasən o, Gürcüstan vətəndaşı hesab olunmur. İş materiallarında olan Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Bakı şəhəri İ.Cəfərov adına 260№-li tam orta məktəbi tərəfindən verilmiş 432№-li, 26 may 2023-cü il tarixli arayışdan görünür ki, arayış verilir Ərizəçi ondan ötrü ki, o, həqiqətən də, 1990- 1991-ci tədris ilində Bakı şəhəri Xətai rayonu 260№-li tam orta məktəbin Xİ sinfini bitirmişdir. İş materiallarında olan Xətai rayon MKTB-nin 6 saylı MKİS-si tərəfindən verilmiş 15 may 2023-cü il tarixli arayışdan görünür ki, arayış verilir Ərizəçi ondan ötrü ki, o, həqiqətən N.Tusi küçəsində yerləşən 18 saylı evin 15 saylı mənzilində yaşayır. Lakin Ərizəçi xx.xx.1991-ci ildə pasport qeydiyyatından çıxmış və göstərilən ünvanda hal-hazıra kimi qeydiyyatsız yaşayır. İş materiallarında olan AZ-İ seriyalı, 477252 nömrəli Bakı şəhəri Xətai rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X12 xx.xx.2001-ci il tarixdə anadan olmuş, atası Ərizəçi, anası isə X6r. İş materiallarında olan Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, ünvan 1, ev 18, 15 saylı mənzil tam mülkiyyət hüququ üzrə X4 adına xx.xx.2008-ci il tarixdən daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 bildirmişdir ki, ərizəçinin anasıdır. Onun öz ailəsi Gürcüstanda yaşayır, o, 1969-cu ildə Bakıya oxumağa gəlmiş və əri ərizəçinin atası ilə tanış olaraq ailə qurmuşdur. 1971-ci ildə birinci oğlu Bakı şəhərində doğulmuşdur. 1972-ci ildə yayda Gürcüstana valideynlərinin yanına getmiş və Elşad orada doğulmuşdur. Qırxı çıxandan sonra Bakıya qayıtmışdır. Elşad orta məktəbi Bakıda bitirmişdir, 1991-ci ildə qazanc məqsədilə onun ailəsinin yanında Gürcüstana getmiş, orda işi alınmadığına görə bir müddətdə sonra Bakıya qayıtmışdır. 1997-ci ildə Elşadın atasında xərçəng xəstəliyi tapılmış, 1998-ci ildə atası ölmüş, 2000-ci ildə Elşad evlənmiş və iki uşağı dünyaya gəlmişdir. Şahid təsdiq etmişdir ki, Elşad ailəsi ilə bir yerdə onun mülkiyyətində olan evdə yaşayır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X11 təsdiq etmişdir ki, ərizəçinin qonşusudur, ərizəçi ilə uzun illərdir dostluq münasibətlərində olmuşdur, arada Elşad işlə bağlı Gürcüstana gedib qayıtmışdır, Elşad uzun müddətdir ki və eyni zamanda hal-hazırda da ünvan 1, ev 18, 15 saylı mənzildə anası, yoldaşı və iki uşağı ilə yaşayır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 ərizəçinin qonşusu olmaqla yanaşı, digər şahid İlqar Göyüşovla eyni məzmunlu ifadə vermişdir. “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının Qanunun 14-cü maddəsinin dördüncü hissəsinə əsasən Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallarda keçmiş SSRİ vətəndaşının pasportu və ya digər sənəd əsasında 2006-cı ilin yanvarın 1-dək Azərbaycan Respublikasına gələrək burada daimi yaşayan, heç bir dövlətin vətəndaşlığına mənsub olmayan və şəxsiyyətini təsdiq edən etibarlı sənədləri olmayan şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktı məhkəmə tərəfindən müəyyən edilir. Bu müddəa könüllü olaraq mənsub olduğu dövlətin vətəndaşlığından çıxmış şəxslərə şamil edilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 309.1-ci maddəsinin tələbinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Göründüyü kimi ərizə aidiyyəti üzrə düzgün verilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinin tələbinə əsasən məhkəmə fiziki və ya hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa yolla ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin məcəllənin 307.2.10-1-ci maddəsinə əsasən məhkəmə “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin dördüncü hissəsinə uyğun olaraq şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktının müəyyən edilməsi barədə işlərə baxır. Məhkəmə hesab edir ki, Ərizəçi 1997-ci il tarixdən hazırki dövrədək Azərbaycan Respublikasının ərazisində daimi yaşaması və heç bir dövlətin vətəndaşlığına mənsub olmaması faktını təsdiq etmək üçün kifayət qədər yoxlanılmış sübutlar vardır. Belə ki, mülki işdə olan sübutlarla təsdiq edilir ki, Ərizəçi xx.xx.1972-ci il tarixdə Gürcüstan SSR-in Dmanisi rayonunun Gödəkdağ kəndində doğulmuş, 22 noyabr 1979-cu il tarixdə anası X5 məxsus ünvan 1ndə yerləşən, 18 saylı evin 15 saylı mənzilində qeydiyyata alınaraq həmin mənzildə yaşamış, 1981-1991-ci illər ərzində Bakı şəhəri Xətai rayonunun ərazisində yerləşən 260 №-li orta məktəbdə orta təhsil almış, arada qazanc əldə etmək məqsədilə Gürcüstan Respublikasına gedib qayıtmışdır. Eyni zamanda işdə olan sübutlarla təsdiq edilmişdir ki, ərizəçi 1997-ci ildən hal-hazıradək anası X5 məxsus ünvan 1ndə yerləşən, 18 saylı evin 15 saylı mənzilində yoldaşı, iki uşağı ilə birlikdə yaşayır, doğulduğu Gürcüstan Respublikası da daxil olmaqla, heç bir dövlətin vətəndaşı deyil. Məhkəmə hesab edir ki, göstərilən faktın sair yolla müəyyən edilməsi mümkün olmadığından, ərizəçi düzgün olaraq məhkəməyə müraciət etmişdir və onun Azərbaycan Respublikasının ərazisində daimi yaşaması və heç bir dövlətin vətəndaşlığına mənsub olmaması faktı müəyyən olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutub, məhkəmə Q Ə T E T D İ: Ərizə təmin edilsin. xx xxxx 1972-ci il təvəllüdlü Ərizəçi 1997-ci ildən hazırki dövrədək Azərbaycan Respublikasının ərazisində daimi yaşaması və heç bir dövlətin vətəndaşlığına mənsub olmaması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlahə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar