Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-4450/2021 07.07.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “mənzildən istifadə hüququna xitam verilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Bakı şəhəri, Xətai rayonu, General Mehmandarov küçəsi, ev 2, mənzil 88-dən istifadə hüquqlarına xitam verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, Bakı şəhəri, Xətai rayonu, General Mehmandarov küçəsi, ev 2, mənzil 88 çıxarış əsasında 10.01.2013-cü ildən etibarən onun tam mülkiyyətindədir, həmin mənzildə qeydiyyatda olan cavabdeh isə onun xalası oğludur, AR DİN yaşayış yeri üzrə qeydiyyat haqqında arayışından göründüyü kimi, sözügedən mənzildə tam mülkiyyət hüququna sahib olmasına baxmayaraq, cavabdeh orada qeydiyyatdadır və həmin mənzildən faktiki istifadə etmir, nəticədə bu hal onun hüquqlarını məhdudlaşdırır, Cavabdeh ilk vaxtlar mənzildən çıxacağına dair vəd versə də, qeydiyyatdan çıxmamışdır ki, bu da onun mülkiyyət hüququnun tam olaraq həyata keçirilməsində məhdudiyyət yaradır, əlavə mənzil xərclərin yaranmasına səbəb olur. Sonda İddiaçı iddia tələbinin təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında cavabdehin faktiki olduğu yer məlum olmadığından, o, məlum olan axırıncı yaşayış yeri üzrə xəbərdar edilmiş, cavabdehin həmin ünvanda yaşamadığına dair qeyd aparılmış bildiriş məhkəməyə qaytarılmışdır. Belə olan halda məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 147-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin 29.04.2021-ci il tarixli, ******* saylı “Yaşayış yeri üzrə qeydiyyat” haqqında Arayışından görünür ki, Bakı şəhəri, Xətai rayonu, General Mehmandarov küçəsi, ev 2, mənzil 88-də qeydiyyatda olan digər şəxslər Cavabdeh, X4r. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı ******* saylı çıxarışdan görünür ki, Bakı şəhəri, Xətai rayonu, General Mehmandarov küçəsi, ev 2, 88 saylı mənzil tam mülkiyyət hüququ üzrə X2 məxsusdur. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş 07.12.2012-ci il tarixli arayışın surətindən görünür ki, X1 Mehmandarov küçəsindəki 2 nömrəli, 9 mərtəbəli evin, sahəsi 28,82 kv.m olan 2 otaqlı, 88 nömrəli mənzilində yaşayır, həmin mənzildə daimi qeydiyyatda olanlar X5 və X3r. İş materiallarında olan Bakı şəhəri, Xətai Rayon İcra Hakimiyyəti Xətai rayon Mənzil- Kommunal Təsərrüfat Birliyi 94 saylı Mənzil Kommunal İstismar Sahəsinin 07.12.2012-ci il tarixli arayışın surətindən görünür ki, X1 Mehmandarov küçəsindəki 2 nömrəli, 9 mərtəbəli evin, sahəsi 28,82 kv.m olan 2 otaqlı, 88 nömrəli mənzilində yaşayır və orada daimi qeydiyyatdadır. Beləliklə, məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, Bakı şəhəri, Xətai rayonu, General Mehmandarov küçəsi, ev 2, 88 saylı mənzil tam mülkiyyət hüququ əsasında İddiaçı məxsusdur, Cavabdeh həmin ünvanda rəsmi qeydiyyatdadır, həmin mənzildə yaşamır və iddiaçının ailə üzvü deyildir. Bununla belə cavabdehin mənzildən istifadə hüquqlarının itirilməsini istisna edən hallar məhkəmə tərəfindən müəyyən olunmadı. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Həmin Konstitusiyanın 29-cu maddəsinin 2-ci hissəsinə görə mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.2-ci maddəsinə əsasən, sahiblik hüququ- əmlaka (əşyaya) faktiki sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 152.3-cü maddəsinə əsasən, istifadə hüququ- əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Həmin Məcəllənin 178.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Məhkəmə, iş üzrə tədqiq edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi təmin edilməli, İddiaçı məxsus Bakı şəhəri, Xətai rayonu, General Mehmandarov küçəsi, ev 2, 88 saylı mənzildən Cavabdeh istifadə hüququna xitam verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsininin Plenumunun 24 .11.2005-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, qətnamənin əsaslandırıcı hissəsində məhkəmənin mübahisə edilən hüquq münasibəti barədə gəldiyi nəticə üçün əsas götürdüyü maddi hüquq normaları, istinad etdiyi qanunun və ya digər normativ aktın adı, maddəsi, abzası, bəndi, zəruri hallarda Konstitusiya Məhkəməsinin və Ali Məhkəmə Plenumunun ayrı-ayrı məsələlər barədə qərarları da göstərilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh Bakı şəhəri, Xətai rayonu, General Mehmandarov küçəsi, ev 2, 88 saylı mənzildən istifadə hüququna xitam verilsin. Dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev
Məhkəmə qərarları › İş №2(011)-4450/2021
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-4450/2021
07.07.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver