Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-4451/2021 25.06.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Cəfərzadə Fərid Zülfəli oğlunun katibliyi, İddiaçının etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil, Cavabdeh2 etibarnamə üzrə nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “yaşayış sahəsinə istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər xx xxxxxx 1970-ci il təvəllüdlü Cavabdeh1 və xx xxxxxxxx 1977-ci il təvəllüdlü Cavabdeh2 Bakı şəhəri, Xətai rayonu, N.Tusi küçəsi, ev 28, 83 saylı mənzilindən istifadə hüququnun olmamasının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 13 mart 2021-ci il tarixli notarial qaydada bağlanmış alğı-satqı müqaviləsinə əsasən X1 ünvan 1 ünvanında 4 otaqlı mənzili satın almışdır. Həmin müqavilədən sonra iddiaçı aldığı mənzilə dair mülkiyyət hüququnu rəsmiləşdirərək AR ƏMDK yanında DƏDRX-nin 02 aprel 2021-ci il tarixli çıxarışını almışdır. Alğı-satqı müqaviləsinin 13-cü bəndinə əsasən satıcı 13 aprel 2021-ci il tarixədək Bakı şəhəri, Xətai rayonu, N.Tusi küçəsi, ev 28, 83 saylı mənzildən qeydiyyatdan çıxmağı öhdəsinə götürmüşdür. Lakin hələ də satıcı özü və övladları Cavabdeh1 və Cavabdeh2 mənzildən qeydiyyatdan çıxmamışlar. Cavabdehlərin iddiaçıya məxsus mənzildə qeydiyyatda qalması onun hüquqlarını məhdudlaşdırır. Daha sonra iddiaçının etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil Azərbaycan Respublikasının MPM-nin 53-cü maddəsinə əsasən, ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər xx xxxxxx 1970-ci il təvəllüdlü Cavabdeh1 və xx xxxxxxxx 1977-ci il təvəllüdlü Cavabdeh2 Bakı şəhəri, Xətai rayonu, N.Tusi küçəsi ev 28, 83 saylı mənzildən istifadə hüququna xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək onun təmin olunmasını xahiş etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Məhkəmə iclasında Cavabdeh2 etibarnamə üzrə nümayəndəsi X3 iddia tələbini qəbul edərək onun təmin edilməsini xahiş etdi. O, izahatında mübahisəli mənzili iddiaçıya satdığını, cavabdehlərin onun oğlu olduğunu, mənzildən istifadə hüquqlarının itirilməsinə razı olduqlarını bildirdi. İş materiallarına əlavə olunmuş doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, X3 cavabdehlərin atasıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 69.1-1-ci maddəsinə əsasən, fiziki şəxsin nümayəndəsi onun yaxın qohumu və ya vəkil ola bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 19.3-cü maddəsinə əsasən, yaxın qohumlara babalar, nənələr, valideynlər, övladlığa götürənlər, doğma və ögey qardaşlar və bacılar, ər-arvad, uşaqlar, övladlığa götürülənlər, nəvələr aiddirlər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmuş digər cavabdeh məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, digər cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işin faktiki hallarını araşdıraraq, toplanmış və məhkəmədə tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, iş materiallarında olan notariat işindən görünür ki, İddiaçı 13 mart 2021-ci il tarixdə X3 ilə arasında bağlanmış alğı-satqı müqaviləsinə əsasən, Bakı şəhəri, Xətai rayonu, N.Tusi küçəsi, ev 28, 83 saylı mənzili almışdır. Cavabdehlər mənzilin keçmiş mülkiyyətçisi və onun ailə üzvləri olmuşlar. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 sözügedən mənzilin satılmasına dair yazılı razılıq vermişlər. Onlar hazırda həmin mənzildə yaşamırlar, mübahisəli mənzildə formal olaraq qeydiyyatdadırlar. Cavabdehlər mənzilə istifadə hüquqlarının itirilməsinə etiraz etmirlər. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 2-ci bəndinə görə mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət qanunla qorunur. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi” haqqında Konvensiyanın 1 nömrəli protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şəxslər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 191.3-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.4-cü maddəsinə əsasən yaşayış evinə və ya mənzilə mülkiyyət hüququnun keçməsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün əsas deyildir, amma yaşayış otağından istifadə hüququ olan şəxsin mülkiyyət hüququndan imtina barəsində həmin hüquq keçənədək notariat qaydasında təsdiqlənmiş öhdəlik verdiyi hal istisna təşkil edir. Məhkəmə iclasında müəyyən olundu ki, X3 ilə aralarında bağlanmış alğı-satqı müqaviləsinə əsasən, İddiaçı Bakı şəhəri, Xətai rayonu, N.Tusi küçəsi, ev 28, 83 saylı mənzili tam olaraq mülkiyyətinə qəbul etmişdir. Cavabdehlər mənzilin keçmiş mülkiyyətçisinin ailə üzvləri olmaqla, mənzilin alğı-satqısından sonra köçərək başqa yaşayış sahəsinə getmişlər və hazırda həmin mənzildə yaşamırlar, iddiaçının ailə üzvləri deyildirlər. Bunlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, iddiaçının qanunla müəyyən olunmuş qaydada əldə etdiyi mənzilə cavabdehlərin istifadə hüquqlarına xitam verilməlidir. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. İş materiallarında olan qəbzdən görünür ki, iddiaçı 10 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, məhkəmə dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 10 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Bakı şəhəri, Xətai rayonu, N.Tusi küçəsi, ev 28, 83 saylı mənzildən istifadə hüquqları itirilsin. Ödənilmiş 10 (on) manat dövlət rüsumu İddiaçı özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova
Məhkəmə qərarları › İş №2(011)-4451/2021
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-4451/2021
25.06.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver