Məhkəmə qərarları › İş №2(011)-4471/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(011)-4471/2023

13.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-4471/2023 13.09.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı pul tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 və Cavabdeh2 (585 əyyar qızıl qolbaq və sep) və ya 1660 manat pulun və ödənilmiş dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, o, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ilə bir yerə gələrək, oğlunun şəxsiyyət vəsiqəsinin surətini və gəlini Aydan Ağamalıyevanın maaş kartını girov qoyaraq 210 manat ödəyərək, xx.xx.2020-ci il tarixindən 6 ay müddətinə maaş kartından 276 manat hər ay ödəmək şərti ilə 1870 manat dəyərində qızıl zinyət əşyaları satmışdır (585 əyyar qızıl qolbaq və sep), cavabdehlər zinyət əşyalarını aldıqdan sonra maaş kartını bloklamışlar, bununla bağlı polisə də müraciət etmişdir, lakin onların əməllərində cinayət və ya inzibati xəta tərkibi olmadığından əlavə hərəkətlər edilməmişdir, cavabdehlə dəfələrlə danışmış, o isə pulu ödəyəcəyini vəd etsə də, bugünə qədər ödəniş etməmişdir, bu səbəbdən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Sonda İddiaçı iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilsələr də, onlar məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə hər hansı məlumat verməmişlər. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasnda İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək işə qiyabi icraat qaydasında baxılmasını və qiyabi qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 238.1-ci maddəsinə əsasən, iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. Məhkəmə, qeyd edilən qanunvericilik normalarının tələblərinə uyğun olaraq, mülki işə cavabdehin iştirakı olmadan və qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan tərəflər arasında imzalanmış müqavilənin əlyazmasından görünür ki, Cavabdeh1 İddiaçı ümumi dəyəri 1870 manat olan 1 sep (çəkisi: 11,9 q.) və bilərzik ( çəkisi: 3,76 q.) almış, həmin məbləği hər ay gəlini Ağayeva Aydanın 9269 kodlu maaş kartından çıxarması üçün vermiş və razılaşmışlar. İş materiallarında olan Cavabdeh2 tərəfindən xx.xx.2019-cu il tarixdə imzalanmış əlyazmasından görünür ki, o, İddiaçı qızıl əşyaları almış və onun əvəzində özünə məxsus kodu 71-75 olan əmək haqqı kartını hər ayın birində 235 manat çıxarmaq şərti ilə 6 ay müddətinə vermişdir, xx.xx.2020-ci il tarixdə kart ona qaytarılacaq. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhər Baş Polis İdarəsi Nəsimi Rayon Polis İdarəsinin 21-ci Polis Bölməsinin xx.xx.2022-ci il tarixli, 085-6549M-3222 saylı İddiaçı ünvanlanan məktubundan görünür ki, faktla bağlı cinayət və inzibati xəta tərkibinin, habelə şikayətininin olmaması səbəbindən toplanmış material kargüzarlıq xidmətində işə tikilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli ********* saylı qəbzdən görünür ki, İddiaçı 47 manat dövlət rüsumu ödəmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BPQMİ-nin MAPS şöbəsinin xx.xx.2023-cü il tarixli arayışlarından görünür ki, Cavabdeh1 və Cavabdeh2 ünvan 1 ünvanında qeydiyyatdadırlar. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, tərəflər arasındakı şifahi müqavilə əsasında Cavabdeh1 İddiaçı ümumi dəyəri 1870 manat olan 1 sep (çəkisi: 11,9 q.) və bilərzik ( çəkisi: 3,76 q.) almış, bununla bağlı qəbz imza atmış, Cavabdeh2 qızılların dəyərini hər ay qaytarmağa dair Cavabdeh1 ilə birgə öhdəlik götürmüş, lakin öhdəliyini tam və vaxtında icra etməmiş, aylıq ödənişləri etməkdən boyun qaçırmışlar. Bununla belə, cavabdehin iddiaçıya olan borca dair öhdəliyini istisna edən hallar məhkəmə tərəfindən müəyyən olunmadı. Belə olan halda məhkəmə hesab edir ki, cavabdehlər zinyət əşyalarının götürülməsi barədə qəbzi və qızılların dəyərini qaytarmağa dair iltizamı imza etməklə bu öhdəliyinin icra edilməsi üçün məsuliyyəti öz üzərlərinə götürmüş, lakin öhdəliyi icra etməmişlər, buna görə də iddiaçı məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alğısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Məhkəmə, tədqiq edilmiş sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, 1660 manat məbləğində pul və ödənilmiş 47 manat dövlət rüsumu cavabdehlərdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, iddia tələbi təmin edildiyindən məhkəmə xərcinə daxil olan dövlət rüsumu cavabdehlərə aid edilməli, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu cavabdehlərdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 241.1-ci maddəsinə əsasən qiyabi icraat qaydasında işə baxarkən hakim, tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun 8.1.2-ci maddəsinə əsasən, iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi həddində dövlət rüsumu ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 238, 241-244 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 1660 (min altı yüz altmış) manat pul və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 47 (qırx yeddi) manat alınaraq İddiaçı ödənilsin. Qiyabi qətnamə alındığı gündən 10 gün müddətində həmin qətnamənin ləğvi üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinə ərizə verilə bilər. Qiyabi qətnamədən həmin qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar