Məhkəmə qərarları › İş №2(011)-4479/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №2(011)-4479/2025

05.11.2025 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(011)-4479/2025 05.11.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qızının sədrliyi, Səmədov Söhrab Azər oğlunun katibliyi, İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil, Cavabdeh1 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “paylı mülkiyyətdə olan mənzillərin açıq hərracda satılması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “paylı mülkiyyətdə olan mənzillərin açıq hərracda satılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil barışıq sazişi təqdim edərək barışıq sazişinin təsdiq edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 barışıq sazişinin təsdiq edilməsinə və iş üzrə icraata xitam verilməsinə etiraz etmədiyini bildirmişdir. Məhkəmə iclası barədə Cavabdeh2 lazımı qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, tərəflərin arasında bağlanmış barışıq sazişi təsdiq edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 191.1-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. Azərbaycan Respublikası MPM-nin 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Azərbaycan Respublikası MPM-nin 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verir. Azərbaycan Repsublikası MPM-nin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Məhkəmə hesab edir ki, tərəflərin barışıq sazişi qanuna uyğun olduğundan və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından təsdiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 191.2, 261.0.5, 262-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: İddiaçı ilə Cavabdeh1 arasında 05 noyabr 2025-ci il tarixdə bağlanmış barışıq sazişi aşağıdakı şərtlərlə təsdiq edilsin: Sazişin şərtləri:

1. İddiaçı Cavabdeh1 59.500 (əlli doqquz min beş yüz) manat məbləğində pulu almış və aldığı pulun müqabilində mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, Lütfi Zadə küçəsi, ev 18a, mənzil 14-də olan 1/4 hissədən və Bakı şəhəri, Sarayevo küçəsi, məhəllə 2325, mənzil 227-də olan ¼ hissədən olan paylarından Cavabdeh1 xeyrinə imtina edir və həmin hissələrin onun adına keçməsinə etirazı yoxdur. Gələcəkdə isə bununla bağlı heç bir tələbi olmayacaq.

2. Cavabdeh1 İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, Lütfı Zadə küçəsi, ev 18a, mənzil 14- də olan ¼ hissədən və Bakı şəhəri, Sarayevo küçəsi, məhəllə 2325, mənzil 227-də olan 1/4 hissədən olan paylarından Cavabdeh1 xeyrinə imtina etməsinə görə 59.500 (əlli doqquz min beş yüz) manat məbləğində pulu İddiaçı ödəmişdir. Gələcəkdə bununla bağlı heç bir tələbim olmayacaq. Bizə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52 və 191- ci maddələrinin hüquqi nəticələri aydındır. Bu Saziş Azərbaycan dilində, 1 (bir) vərəqdə, 3 (üç) nüsxədə tərtib olunmuşdur, nüsxələr eyni hüquqi qüvvəyə malikdir, tərəflərin imzaladığı və məhkəmənin qərardadla təsdiq etdiyi andan qüvvəyə minir, nüsxələrdən biri iddiaçıda, biri cavabdehdə, biri isə Bakı şəhəri Xətai Rayon Məhkəməsində iş materiallarında saxlanılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 881.1-ci maddəsinə əsasən, barışıq razılaşması haqqında müqaviləyə görə tərəflər öz aralarında hüquqlar və ya iddialar barəsində mübahisəni və ya qeyri-müəyyənliyi qarşılıqlı güzəştlər yolu ilə həll edirlər. Tərəflərdən hər hansı biri bu saziş ilə üzərilərinə götürdükləri öhdəlikləri icra etmədikdə, öhdəliyin icra edilməsi ilə bağlı məhkəməyə müraciət edə bilər. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “paylı mülkiyyətdə olan mənzillərin açıq hərracda satılması” tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Tərəflərə izah edilsin ki, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan 10 gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər.

Hakim: İlahə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar