Məhkəmə qərarları › İş №2(011)-4483/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-4483/2025

24.09.2025 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-4483/2025 24.09.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayeva Aynur Aydın qızının sədrliyi, Nəcəfova Evelina Ramid qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh İB-nə qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidməti cəlb edilməklə) “iş yerinin dəyişdirilməsinin qanunsuz hesab edilməsi və əvvəlki vəzifəyə qaytarılma” barədə iddia ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh İB-nə qarşı “iş yerinin dəyişdirilməsinin qanunsuz hesab edilməsi və əvvəlki vəzifəyə qaytarılma” barədə iddia tələbi ilə məhkəməyə müraciət edərək onun Cavabdeh İB-də işlədiyi “çilingər” vəzifəsindən əvvəl işlədiyi “usta” vəzifəsinə geri qaytarılması barədə qətnamənin qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ali təhsillidir, Azərbaycan Dövlət Pedoqoji Universitetini Cavabdeh İB-nin göndərişi əsasında AR Prezidentinin Aparatı yanında İdarəçilik Akademiyasını bitirmişdir. xx.xx.2010-cu ildə Bakı şəhəri Xətai rayonu Qaz İstismar Sahəsində işə qəbul olmuşdur. 2016-cı ildən Binəqədi rayonu Qaz istismar sahəsinə keçirilmişdir. 2024-cü ildə imtahan verib 1 illik müqavilə ilə usta vəzifəsinə qəbul olunsa da, 8 ay sonra yenidən imtahana çağırılmışdır. İmtahanda 40 sualdan 28 sualı doğru cavablandırmışdır. İmtahandan bir ay sonra ona bildirilib ki, güya ki imtahandan keçməyib. 2025-ci ildə “Socar”-ın İnsan Resursları mərkəzinə yüksək nəticə ilə imtahan verib, Cavabdeh İB müsahibəsindən keçib, Sumqayıt QİS - də 1 illik müqavilə ilə işə başlamışdır. Ona “1 il ərzində heç bir vakansiyaya müraciət etmək olmaz” deyilib. Lakin 8 ay sonra 1 iş günü əvvəl yanvar ayının 13-ü ona yenidənqurma ilə əlaqədar telefonla sms göndərib imtahana çağırıblar. Qanunla isə imtahan xəbərdarlığı 14 iş günü ərzində verilməliydir. İmtahanda 40 sualdan 28-i doğru cavablandırmışdır, imtahan vaxtından təqribi 1 ay sonra Azəriqaz” İB-nin kadrlar şöbəsindən ona bildirildi ki, “ya çilingər vəzifəsində işləməlidir ya da ki, işinə xitam verilir”. Ondan aşağı bal yığan, təhsili olmayan şəxsləri şəxsi maraqları zəminində mühəndis vəzifəsinə keçiriblər. Qanunla isə ali təhsili olmayan şəxsləri mühəndis vəzifəsinə götürmək olmaz. Şöbədə onunla bərabər işləyən 5 nəfəri mühəndis vəzifəsinə təyin edilərək yer doldurulub, bunlardan 3 nəfərin ali təhsili yoxdur. O, bununla razılaşmayıb kadrlar şöbəsinə, baş direktora ərizə ilə müraciət edib, qəbul şöbəsinə gedib, lakin bu kimi hallar olur, onlar qarışmırlar deyib onu qəbul etməyiblər. Uzun müddət işləməyinə baxmayaraq, Cavabdeh İB-nin Kadrlar şöbəsindən ona bildirilib ki, “ya çilingər vəzifəsində işlə ya da ki, işdən çıx”. Hal-hazırda çilingər vəzifəsində işləsə də maaşı çox azaldılıb. Hal-hazırda ailə başçısı olduğu üçün himayəsində 3 azyaşlı uşaq var. Maddi vəziyyəti yaxşı olmadığından bir neçə krediti var və əmək haqqı ona xəbərdarlıq edilmədən azaldığı üçün kreditlərini ödəyə bilmir. Ona qarşı irəli sürülən tələbləri, yəni onu seçim qarşısında qoyacaq təklifi qeyri-obyektiv hesab edir. Belə ki, o, işində həmişə vicdanla və sədaqətlə çalışmışdır. Üzərinə qoyulan öhdəlikləri layiqincə yerinə yetirmişdir. Qanunsuz və haqsız yerə bu cür vəzifəsindən azad olunmağı onu çox sarsıdıb. Hüququnun pozulduğunu hesab etdiyinə görə müvafiq qaydada iddia ərzəsi ilə məhkəməyə müraciət etməli olmuşdur. O, hesab edir ki, onun vəzifəsinin dəyişdirilməsi barədə verilən qərar prosessual hüquq normalarının pozulması nəticəsində baş vermişdir. Bu səbəbdən də o, ağır sarsıntı və iztirab keçirir. Odur ki, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianı müdafiə edərək təmin olunmasını xahiş etmişdir. Sual-cavab zamanı o bildirmişdir ki, cavabdeh müəssisədə işlədiyi müddətdə usta vəzifəsindən çilingər vəzifəsinə keçmək istəməmişdir. İşdən azad olunmaması üçün məcbur olub vəzifəsinin dəyişdirilməsi barədə ərizəyə imza atmışdır. Cavabdeh İB-nin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılsa da, nümayəndəsi məhkəməyə gəlməmiş və gəlməməsi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidməti məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılsa da, nümayəndəsi məhkəməyə gəlməmiş və gəlməməsi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə iddiaçının izahatını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Bakı şəhəri 8 saylı Mediasiya Təşkilat tərəfindən verilmiş ilkin mediasiya sessiyasında (İMS) iştirak edilməməsi barədə xx.xx.2025-ci il tarixli arayışın surətindən görünür ki, İddiaçı mediasiya sessiyasında iştirak etmiş, Cavabdeh İB-nin nümayəndəsi mediasiya sessiyasında iştirak etməmişdir. İş materiallarında olan Cavabdeh İB Sumqayıt Q İS-nin xx.xx.2025-ci il tarixli 14-2-2-6/3-1K-198/2025 nömrəli əmrdən çıxarışının surətindən görünür ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 59-cu maddəsini rəhbər tutaraq İddiaçı xx.xx.2024-cü il tarixdə təyin edildiyi “usta” vəzifəsindən xx.xx.2025-ci il tarixində “qaz avadanlıqlarının istismarı və təmiri üzrə çilingər” vəzifəsinə təyin edilmişdir. İş materiallarında olan Socar-ın Cavabdeh İB-nin (bundan sonra “Birlik”) xx.xx.2024cü il tarixli 14-2-2/3-1İ-976/2024 nömrəli əmri ilə İddiaçı ştatı ixtisar olunmuşdur. Socar-ın Cavabdeh Sumqayıt Qaz İstismar Sahəsi bölməsi üzrə əmək haqqı saatı 4,33 manat olmaqla “Qaz avadanlıqlarının istismarı və təmiri üzrə çilingər” işi təklif olunmuşdur . xx.xx.2025-ci il tarixdə İddiaçı tərəfindən iş təklifi onun imzası ilə təsdiqlənmişdir. İş materiallarında olan Cavabdeh Sumqayıt Qaz İstismar Sahəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubunun surətindən görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixli, 14-2-2/3-1İ-976/2024 saylı əmri ilə onun ştatı ixtisar edilmişdir. Onun işlə təmin edilməsi üçün Birliyin Sumqayıt Qaz İstismar Sahəsində Sumqayıt QİSnin Abşeron rayonu üzrə sayğac əməliyyatları xidmətində qaz avadanlıqlarının istismarı və təmiri üzrə çilingər işi təklif olunur. Əməyin ödənilmə dərəcəsi 05, saatlıq maaş 4.33 manat. Həmin məktub üzrə “iş təklifini qəbul edirəm” qrafasında imza edilmişdir, “iş təklifini qəbul etməkdən imtina edirəm” qrafası boş saxlanılmışdır. İş materiallarında olan işçi İddiaçı (təbii qazın qəbulu və satışı şöbəsinin 9-cu dərəcəli ustası) tərəfindən Cavabdeh Sumqayıt Qaz İstismar Sahəsinə ünvanlanmış xx.xx.2025-ci il tarixli ərizənin surətindən görünür ki, işçi özünün Abşeron rayonu üzrə sayğac əməliyyatları xidmətinə 5-ci dərəcəli qaz avadanlıqlarının istismarı və təmiri üzrə çilingər peşəsinə keçirilməsini xahiş etmişdir. İş materiallarında olan Cavabdeh Sumqayıt Qaz İstismar Sahəsinin xx.xx.2025-ci il tarixli, 14-2-2-6/3-1K-198/2025 nömrəli əmrinin surətindən görünür ki, İddiaçı xx.xx.2025ci il tarixdən Cavabdeh Sumqayıt Qaz İstismar Sahəsinin təbii qazın qəbulu və satışı şöbəsində 09 dərəcəli usta vəzifəsindən Cavabdeh Sumqayıt Qaz İstismar Sahəsinin Abşeron rayonu üzrə sayğac əməliyyatları xidmətidə 05 dərəcəli qaz avadanlıqlarının istismarı və təmiri üzrə çilingər vəzifəsinə keçirilmişdir. İş materiallarında olan Cavabdeh İB-nin Sumqayıt RQİİ tərəfindən məhkəməyə elektron qaydada ünvanlanmış xx.xx.2025-ci il tarixli arayışın surətindən görünür ki, Cavabdeh strategiyasının tətbiq planına uyğun olaraq yeni əməliyyat modelinə keçidlə əlaqədar olaraq Sumqayıt rayonu üzrə sayğac əməliyyatları xidmətində mühəndis ştatı üzrə xx.xx.2025-ci il tarixində biliklərin test üsulu ilə yoxlanılması imtahanı keçirilmişdir. Həmin imtahanda iştirak etmək üçün Sumqayıt rayonu üzrə sayğac əməliyyatları xidmətinin mühəndisi İddiaçı da dəvət edilmişdir. İddiaçı test balı, təhsil, iş təcrübəsinə əsasən yekun qiymətləndirmənin nəticəsinə görə 58 bal toplamış ve reytinq siyahısı ilə işçilərin yerləşdirilməsi əməliyyatı əmək qanunvericiliyinin tələbləri gözlənilməklə müvafiq qaydada aparılmışdır. Yekun qiymətləndirmə nəticəsinə əsasən İddiaçı imtahandan yüksək bal toplaya bilmədiyi üçün qulluqçu kateqoriyası üzrə mühəndis vəzifəsinə yerləşdirilməsi mümkün olmamışdır. Əlavə olaraq bildirilir ki, əmək qanunvericiliyinə uyğun olaraq, uzun müddət əmək fəaliyyətini, eyni zamanda SOCAR-ın qayğı dəyərini, həmçinin humanizm prinsiplərini nəzərə alaraq İddiaçı oglu işdən azad edilməmiş, fəhlə kateqoriyası üzrə iş təklifi edilmişdir. İddiaçı həmin iş təklifini qəbul etmiş, öz ərizəsinə əsasən xx.xx.2025-ci il tarixində Sumqayıt Qaz istismarı Sahəsinin Abşeron rayonu üzrə «sayğac əməliyyatları xidmətinin 5-ci dərəcəli qaz avadanlıqlarının istismarı və təmiri üzrə çilingər» peşəsinə keçirilmişdir. İş materiallarında olan Socar Cavabdeh İB Sumqayıt Qaz İstismarı Sahəsi ilə İddiaçı arasında bağlanılmış xx.xx.2024-cü il tarixli əmək müqaviləsinin surətindən görünür ki, İddiaçı Cavabdeh İB-nin Sumqayıt Qaz İstismarı Sahəsinə təbii qazın qəbulu və satışı şöbəsinə 9-cu dərəcəli usta vəzifəsinə işə qəbul edilmişdir. Əmək müqaviləsi müddətli (xx.xx.2024-xx.xx.2025-ci il) bağlanılmışdır. İş materiallarında olan əmək kitabçasının surətindən görünür ki, İddiaçı xx.xx.2010cu il tarixdə "xxxx" MMC-nin Xətai rayon idarəsinin 11-ci sahəsinə nəzarətçi vəzifəsinə işə qəbul edilmişdir. - xx.xx.2010-cu il tarixdə onunla Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü bəndinə əsasən (öz xahişi ilə) əmək müqaviləsinə xitam verilmişdir. - xx.xx.2010-cu il tarixdə ARDNŞ Cavabdeh İB Xətai Qaz İstismar Sahəsinə 3 ay sınaq müddəti ilə 1 il müddətinə 8 saylı yaşayış yerlərində qaz xətlərinə və məişət qaz cihazlarına nəzarət xidmətinə 4-cü dərəcəli qaz avadanlıqlarının istismarı və təmiri üzrə çilingər peşəsinə qəbul edilmişdir. - xx.xx.2015-ci ildə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü bəndinə əsasən başqa işəgötürənlə əmək müqaviləsi bağlandığı üçün əmək müqaviləsinə xitam verilmişdir. - xx.xx.2015-ci il tarixdə əmək müqaviləsi əsasında 1 il müddətinə Birliyin Bakı Regional Qazın Satışı Departamentinin qazın balansı və satışı şöbəsində 4-cü dərəcəli qaz avadanlıqlarının istismarı və təmiri üzrə çilingər peşəsinə qəbul edilmişdir. - xx.xx.2021-ci il tarixdə ona 05 dərəcə təyin edilmişdir. - xx.xx.2023-cü il tarixdə ştat cədvəlində aparılan dəyişikliklə əlaqədar həmin Departamentin qazın balansı, satışı və müştəri xidmətləri şöbəsində 4-cü dərəcəli qaz avadanlıqlarının istismarı və təmiri üzrə çilingər peşəsinə qəbul edilmişdir. - xx.xx.2023-cü il tarixdə ştat cədvəlində aparılan dəyişikliklə əlaqədar peşənin adı qaz təsərrüfatının nəzarətçisi adlandırılmışdır. - xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü bəndinə əsasən başqa işəgötürənlə əmək müqaviləsi bağlandığı üçün əmək müqaviləsinə xitam verilmişdir. - xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdeh İBnin Sumqayıt Qaz İstismar Sahəsinə əmək müqaviləsi əsasında 1 illik müddətinə Sumqayıt Qaz İstismar Sahənin təbii qazın qəbulu və satışı şöbəsinə 9-cu dərəcəli “usta” vəzifəsinə təyin edilmişdir. - xx.xx.2025-ci il tarixdə Abşeron rayonu üzrə sayğac əməliyyatları xidmətinə 5-ci dərəcəli qaz avadanlıqlarının istismarı və təmiri üzrə çilingər peşəsinə keçirilmişdir. - xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü hissəsinə əsasən (başqa işəgötürənlə əmək müqaviləsi bağladığına görə) əmək müqaviləsinə xitam verilib. - xx.xx.2025-ci il tarixdə Socar Cavabdeh İB Sumqayıt Regional Qaz İstismarı İdarəsinə əmək müqaviləsi əsasında 1 il müddətinə Birliyin Sumqayıt Regional Qaz İstismarı İdarəsinin Abşeron rayonu üzrə sayğac əməliyyatları xidmətinə 5-ci dərəcəli “qaz avadanlıqlarının istismarı və təmiri üzrə çilingər” peşəsinə qəbul edilmişdir. Hal-hazırda işləyir. İş materiallarında olan İddiaçı tərəfindən Cavabdeh İB-nin Sumqayıt RQİİ-nə ünvanlanmış xx.xx.2025-ci il tarixli ərizənin surətindən görünür ki, İddiaçı cavabdeh müəssisədə 5-ci dərəcəli çilingər vəzifəsinə işə qəbul üçün müraciət etmişdir. İş materiallarında olan Cavabdeh Sumqayıt Qaz İstismar Sahəsinin xx.xx.2025-ci il tarixli, 14-2-2-6/3-1K-925/2025 nömrəli əmrinin surətindən görünür ki, İddiaçı xx.xx.2025ci il tarixdən Cavabdeh Sumqayıt Qaz İstismar İdarəsinin Abşeron rayonu üzrə sayğac əməliyyatları xidmətinə 05 dərəcəli qaz avadanlıqlarının istismarı və təmiri üzrə çilingər vəzifəsinə qəbul edilmişdir. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 43.4-cü maddəsinə görə bu Məcəllədə başqa hal nəzərdə tutulmayıbsa, əmək müqaviləsinin şərtləri birtərəfli qaydada dəyişdirilə bilməz. Həmin Məcəllənin 57.1-ci maddəsinə görə işəgötürən işçinin əmək funksiyasının — əmək müqaviləsində nəzərdə tutulan, bir və ya bir neçə vəzifə, ixtisas, yaxud peşə üzrə yerinə yetirməli olduğu müvafiq işin və ya göstərməli olduğu xidmətin dairəsini dəqiq və birmənalı müəyyən etməlidir. Həmin Məcəllənin 57.3-cü maddəsinə görə əmək funksiyasının dəyişdirilməsinə yalnız tərəflərin qarşılıqlı razılığı ilə yol verilir. Birtərəfli qaydada əmək funksiyasının dəyişdirilməsinə, onun dairəsinin azaldılmasına və ya artırılmasına yol verilmir. Həmin Məcəllənin 57.4-cü maddəsinə görə əgər müəyyən səbəblərdən işəgötürən göstərilən işlərlə işçini təmin edə bilmədiyinə görə ona peşə-ixtisas dərəcəsinə uyğun olan başqa iş verəcəksə, işçi həmin işləri yerinə yetirməkdən yalnız orta əmək haqqı saxlanılmadıqda imtina edə bilər. Həmin Məcəllənin 59-cu maddəsinə görə işçiyə əmək müqaviləsində nəzərdə tutulmayan başqa peşə, ixtisas və vəzifə üzrə əmək funksiyasının yerinə yetirilməsini həvalə etmək, başqa işə keçirilmə sayılır və buna yalnız işçinin razılığı ilə, həmçinin əmək müqaviləsinə əlavə və dəyişikliklər edilməklə və ya yeni əmək müqaviləsi bağlanılmaqla yol verilir. Həmin Məcəllənin 70-ci maddəsinin “b” bəndinə görə işçilərin sayı və ya ştatları ixtisar edildikdə - əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Həmin Məcəllənin 77-ci maddəsinin birinci bəndinə görə işçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda bu Məcəllənin 70-ci maddəsinin “b” bəndi ilə işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilməzdən əvvəl işçi işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı müddətlərdə rəsmi xəbərdar edilməlidir: bir ilədək əmək stajı olduqda – azı iki təqvim həftəsi; bir ildən beş ilədək əmək stajı olduqda – azı dörd təqvim həftəsi; beş ildən on ilədək əmək stajı olduqda – azı altı təqvim həftəsi; on ildən çox əmək stajı olduqda – azı doqquz təqvim həftəsi. Həmin Məcəllənin 77-ci maddəsinin ikinci bəndinə görə xəbərdarlıq müddəti ərzində hər iş həftəsində əmək haqqı saxlanılmaqla iş axtarmağa imkan yaradılması məqsədi ilə işçi azı bir iş günü əmək funksiyasının icrasından azad edilir. Həmin Məcəllənin 77-ci maddəsinin üçüncü bəndinə görə əmək müqaviləsi bu Məcəllənin 70-ci maddəsinin “a” və “b” bəndləri ilə ləğv edilərkən işçiyə işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı məbləğlərdə işdənçıxarma müavinəti ödənilir: bir ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqı miqdarında; bir ildən beş ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı 1,4 misli miqdarında; beş ildən on ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı 1,7 misli miqdarında; on ildən çox əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı iki misli miqdarında. Həmin Məcəllənin 77-ci maddəsinin dördüncü bəndinə görə şəgötürən işçinin razılığı ilə bu maddənin birinci hissəsi ilə müəyyən edilmiş azı iki təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 0,5 misli, azı dörd təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 0,9 misli, azı altı təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 1,4 misli, azı doqquz təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 2 misli və bu Məcəllənin 56-cı maddəsinin ikinci hissəsi ilə müəyyən edilmiş xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqından az olmamaqla əməkhaqqını bir dəfəyə ödəməklə müvafiq əsasla əmək müqaviləsinə xitam verə bilər. Bu halda xəbərdarlıq müddəti ərzində əmək müqaviləsinə xitam verilmiş işçilərə bu hissənin birinci cümləsində nəzərdə tutulmuş xəbərdarlıq müddəti əvəzinə verilən ödəniş xəbərdarlıq müddətinin ötmüş hissəsinə mütənasib olaraq azaldılır. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə müvafiq hallarda işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən müəyyən vəzifələr üzrə əmək funksiyasının icrası üçün tələb olunan ixtisasın (peşəsinin) və peşəkarlıq səviyyəsinin daha yüksəyinə malik olan işçilər işdə saxlanılır. İşçinin peşəkarlıq səviyyəsini işəgötürən müəyyən edir. İşəgötürən işçinin peşəkarlıq səviyyəsini müəyyən edərkən onun peşə hazırlığı səviyyəsinin yüksəldilməsini, yeni ixtisasa yiyələnməsini və ixtisasının artırılmasını nəzərə alır. Həmin Məcəllənin 78.2-ci maddəsinə görə işəgötürən ixtisasları (peşələri) və ya peşəkarlıq səviyyələri eyni olduqda şəhid ailəsinin üzvlərinə; müharibə iştirakçılarına; əsgər və zabitlərin arvadına (ərinə); öhdəsində iki və daha çox 16 yaşınadək uşağı olanlara; həmin müəssisədə istehsalat qəzası və ya peşə xəstəliyi nəticəsində əlilliyi olan şəxslərə; məcburi köçkün onlara bərabər tutulan şəxs və qaçqın statusu olan şəxslərə; kollektiv müqavilələrdə və ya əmək müqavilələrində nəzərdə tutulan digər şəxslərin işdə saxlanmasına üstünlük verir: Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.3-cü maddəsinə görə qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır Belə ki, işdən göründüyü kimi İddiaçı xx.xx.2025-ci il tarixində öz ərizəsinə əsasən Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdeh İB-nin Sumqayıt Qaz İstismar Sahəsinin 9-cu dərəcəli “usta” vəzifəsindən Sumqayıt Regional Qaz İstismarı İdarəsinin Abşeron rayonu üzrə sayğac əməliyyatları xidmətinə 5-ci dərəcəli “qaz avadanlıqlarının istismarı və təmiri üzrə çilingər” vəzifəsinə keçirilmişdir. Məhkəmə qeyd edir ki, işəgötürən tərəfindən xx.xx.2025-ci il tarixdə iddiaçının barəsində biliklərin yoxlanılması imtahanının keçirilməsi iddianın predmetini təşkil etmir. Bundan əlavə cavabdeh təşkilatın təqdim etdiyi sənədlər üzrə iddiaçının şttatının xx.xx.2024-cü il tarixli əmrə əsasən ixtisarı qeyd edilsə də, tərəflərin arasında bağlanılmış əmək müqaviləsi işəgötürənin təşəbbüsü ilə ştatların ixtisarı əsası ilə xitam olunmamışdır. Belə ki, işəgötürənin işçi ilə əmək müqaviləsini ləğv etmək niyyəti iş materiallarından bəlli olsa da işəgötürənin bu əsasla müqavilənin ləğvi proseduruna başlanılmamış, tərəflərin arasında əldə edilmiş razılığa əsasən işçi ona təklif edilmiş digər vəzifəyə keçirilmişdir. Buna görə də iddia tələbləri üzrə müvafiq yoxlama ştatların ixtisarı ilə əlaqədar əmək müqaviləsinin ləğvinin qanuniliyinin yoxlanılmasının deyil, işçinin bir vəzifədən digərinə keçirilməsinin qanuniliyi və işçinin razılıq ifadə edərkən iradə ifadəsinin bütövlüyü nöqteyi nəzərindən yoxlanılmalıdır. İddiaçı iş yerinin dəyişdirilməsi barədə xx.xx.2025-ci il tarixli ərizəsinin onun iradə ifadəsi əleyhinə verildiyini, iradəsinin təzyiq və məcburetmə altında zədələndiyini bildirmişdir. Lakin o, iş yerinin dəyişdirilməsi barədə ərizəni könüllü şəkildə yazmadığını vurğulasa da, onun məcburetməyə məruz qalması iş materialları ilə öz təsdiqini tapmır. Belə ki, iddiaçı işəgötürənin təklif məktubunda usta vəzifəsindən çilingər vəzifəyə keçirilməsi ilə bağlı təklifi qəbul etməklə (buna dair imza etməklə) xx.xx.2025-ci il tarixdə başqa vəzifəyə keçməsi ilə razılaşmışdır. Daha sonra iddiaçı çilingər vəzifəsinə keçməklə bağlı işəgötürənə yazılı ərizə ilə müraciət etmişdir. İddiaçı hüquqi nəticələr doğuran bu hərəkətlərinin işəgötürənlə razılaşdırılmış sərbəst iradə ifadəsi deyil, hüquqazidd məcburetmənin nəticəsi olduğunu mötəbər sübutlarla əsaslandıra bilməmişdir.Buna görə də əmək vəzifəsinin dəyişdirilməsinin qanunsuz hesab edilməsi barədə iddia tələbləri təmin edilməməlidir. Bundan əlavə məhkəmə qeyd edir ki, iddiaçının öz razılığı əsasında xx.xx.2025-ci il tarixdə usta vəzifəsindən çilingər vəzifəsinə keçirilməsindən sonra tərəflərin arasında qüvvədə olan xx.xx.2024-cü il tarixli əmək müqaviləsinə (başqa işəgötürənlə əmək müqaviləsinin bağlanılması əsası ilə) xx.xx.2025-ci il tarixdə iddiaçının təşəbbüsü ilə xitam verilmişdir. Daha sonra iddiaçı öz ərizəsi əsasında çilingər vəzifəsinə işə qəbulla bağlı cavabdeh təşkilata müraciət etmişdir və tərəflərin arasında xx.xx.2025-ci il tarixli yeni əmək müqaviləsi bağlanılmışdır. İddiaçı hal-hazırda həmin vəzifədə işləyir. Bununla da, vəzifə dəyişikliyinin mübahisələndirməsinə baxmayaraq, iddiaçı vəzifə dəyişikliyinin aparıldığı dövrdə qüvvədə olan xx.xx.2024-cü il tarixli əmək müqaviləsini öz təşəbbüsü ilə xətm edərək, xx.xx.2025-ci il tarixdən yeni müqavilə əsasında işlədiyi çilingər vəzifənin uyğunsuzluğunu mübahisələndirir. Bununla bağlı yuxarıda qeyd olunan halları da nəzərə alaraq, məhkəmə qeyd edir ki, iddiaçının xx.xx.2024-cü il tarixli əmək müqaviləsi üzrə xx.xx.2025-ci il tarixdə usta vəzifəsindən çilingər vəzifəsinə keçirilməsi barədə yazılı razılığın verilməsi; daha sonra həmin müqaviləyə xx.xx.2025-ci il tarixdə öz təşəbbüsü ilə xitam verməsi və xx.xx.2025-ci il tarixdə yenidən mübahisələndirdiyi vəzifəyə işə qəbul edilməsi ilə bağlı ərizə verərkən vaxtı iradə ifadəsinin zədələnməsi və məcburetməyə məruz qalması iş materialları ilə təsdiq olunmadığından, iddia tələbləri təmin edilə bilməz. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh İB-nə qarşı iş yerinin dəyişdirilməsinin qanunsuz hesab edilməsi və iddiaçının “çilingər” vəzifəsindən daha əvvəl işlədiyi “usta” vəzifəsinə qaytarılma barədə iddia ərizəsi təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd edilən Məcəllənin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə, q ə t e t d i: İddiaçı Cavabdeh İB-nə qarşı iş yerinin dəyişdirilməsinin qanunsuz hesab edilməsi və iddiaçının “çilingər” vəzifəsindən daha əvvəl işlədiyi “usta” vəzifəsinə qaytarılma barədə iddia ərizəsi təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aynur Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar