Məhkəmə qərarları › İş №2(011)-4486/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-4486/2021

12.11.2021 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-4486/2021 12.11.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, X2 katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil Babalı oğlunun, Cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Cavabdeh nümayəndəsi və vəkili X1 iştirakları ilə, İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Cavabdehnə qarşı “zərərli iş şəraitinin müəyyən edilməsi” barədə iddia tələbi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun Cavabdeh Neft Məhsullarının Qəbulu və göndərilməsi bazasında 01.08.1977-ci ildən 1998-ci ilə qədər zərərli iş şəraitində işləməyinin müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, iddiaçı 01.08.1977-ci il tarixdə Bakı yük nəqliyyat aşırım neft bazasının Güzdək yanacaqdoldurma sexində 4-cü dərəcəli zərərli iş şəraiti əmtəə operatoru vəzifəsinə işə qəbul olunmuşdur, 16.01.1979-cu il tarixdə həmin iş şəraitində 5ci dərəcəli əmtəə operatoru vəzifəsinə, yəni öz köhnə iş yerində işini davam etdirmişdir, 23.04.1998-ci ildə öz xahişi ilə işdən çıxmış, həmin vaxtı da əmək kitabçasını almışdır, bu faktları əmək kiabçasında yazılmış əmrlərlə təsdiq edir, lakin cavabdehin ona ünvanladığı arayışda güya onun 16.01.1979-cu il tarixdə Güzdək yanacaqdoldurma sexinə 5-ci dərəcəli normal iş şəraiti ilə əmtəə operatoru vəzifəsinə keçirilməsi göstərilmişdir, bu fakt həqiqətə uyğun deyildir, çünki ona təqdim olunmuş əmək kitabçasında normal iş şəraiti olması qeyd olunmayıb, 4-cü və 5-ci dərəcə almağına baxmayaraq iddiaçı eyni işi icra etmişdir, bu barədə cavabdehə müraciət etsə də, onun müraciətləri cavabsız qalmışdır, hazırda iddiaçı güzəştli şərtlərlə təqaüdə çıxmaq istəyir, bu fakta ona bu səbəbdən lazımdır, tələb üzrə iddia müddəti keçməmişdir. Sonda iddiaçının nümayəndəsi Vəkil iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Ə.A.Səfərov məhkəməyə iddia ərizəsinə qarşı etiraz və iddia müddətinin tətbiqi barədə yazılı vəsatət təqdim edərək, onlara uyğun izahat verərək bildirdi ki, iddiaçı müxtəlif vaxtlarda (1970-1990-cı illərdə) Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin keçmiş Bakı neft nəqliyyat aşırım neft bazasının Güzdək yanacaqdoldurma sexində əmtəə operatoru işləmişdir, arxivdə olan materiallara əsasən iddiaçı 01.08.1977-ci ildə Bakı neft nəqliyyat aşırım neft bazasının Güzdək yanacaqdoldurma sexinə 4-cü dərəcəli zərərli iş şəraitli əmtəə operatoru vəzifəsinə işə qəbul olunmuşdur, sonradan 1979-cu ildə iddiaçı eyni müəssisədə 4-cü dərəcəli zərərli iş şəraitli əmtəə operatoru vəzifəsindən 5-ci dərəcəli normal iş şəraiti əmtəə operatoru vəzifəsinə keçirilmişdir, 1979-cu ildən 1998-ci illər ərzində müəssisənin adının bir necə dəfə dəyişdirilməsinə baxmayaraq, iddiaçı bu illər ərzində 5-ci dərəcəli normal iş şəraiti əmtəə operatoru vəzifəsində çalışmışdır, 23.04.1998-ci ildə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 37-ci maddəsinə əsasən öz xahişi ilə işdən azad olunmuşdur, işdən azad olunarkən son haqq-hesabı görülmüş, ona əmək kitabçası verilmişdir, göründüyü kimi iddiaçı Bakı neft nəqliyyat aşırım neft bazasının Güzdək yanacaqdoldurma sexində işlədiyi müddət ərzində cəmi iki ilini zərərli iş şəraitində çalışıb, bu əmək kitabçasında görünməsə də, daxili əmrlə qeyd olunub, arayış əmrə əsasən verilir, hazırda iddiaçının məqsədi güzəştli şərtlərlə pensiyaya çıxmaqdır, bu barədə-pensiya ilə bağlı inzibati qaydada da məhkəməyə müraciət edə bilər, həmçinin 23.04.1998-ci ildə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 37-ci maddəsinə əsasən, öz xahişi ilə 1998ci ildə işdən azad olunmasına baxmayaraq, iddiaçı 2021-ci ildə, keçmişdə çalışdığı peşənin zərərli iş şəraitində olduğu faktının tanınması üçün şikayət ilə məhkəməyə müraciət etmişdir, göründüyü kimi bütün iddia müddətlərini də ötürmüşdür. Sonda Ə.A.Səfərov iddia müddəti tətbiq olunmaqla iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi rədd edilməlidir. İş materiallarında olan Cavabdeh Neft Məhsullarının Qəbulu və göndərilməsi bazası tərəfindən 17.02.2021 tarixində İddiaçı verilmiş arayışdan görünür ki, İddiaçı həqiqətən 01.08.1977-ci il tarixdə Bakı Yük-nəqliyyat aşırım neft bazasının Güzdək yanacaqdoldurma sexində 4-cü dərəcəli zərərli iş şəraiti əmtəə operatoru vəzifəsinə işə qəbul olunub, 16.01.1979-cu il tarixdə Güzdək yanacaqdoldurma sexinə 5-ci dərəcəli normal iş şəraiti əmtəə operatoru vəzifəsinə keçirilib, Azərbaycan SSR Ali Sovetinin 665-x saylı 31.07.1981-ci il tarixli qərarına əsasən “Azərneftbaştəchizat” birliyinin adı dəyişilərək Azərbaycan SSR Dövlət Neft Komitəsi olmuşdur, Azərbaycan SSR X4 Komitəsinin 23/3-1 nömrəli 01.03.1989-cu il tarixli əmri ilə Bakı yük-nəqliyyat aşırım neft bazası 01.03.1989cu ildə dəyişdirilərək Neft məhsullarının təchizatı və topdansatış istehsalat birliyi adlandırılmışdır, “Azərnefttəchizat” birliyinin 24.03.1997-ci il tarixli 16-k nömrəli əmri ilə Neft Məhsullarının təchizatı və topdansatış istehsalat birliyi 01.04.1997-ci ildən ləğv edilib və Mərkəzi neft məhsullarının qəbulu və göndərilməsi bazası yaranmışdır, 23.04.1998-ci ildə öz xahişi ilə işdən azad olunub, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Cavabdeh təşkili barədə 14.04.2003-cü il tarixli 31 saylı əmri ilə Mərkəzi neft məhsullarının qəbulu və göndərilməsi bazası Neft məhsullarının qəbulu və göndərilməsi bazası adlandırılmış, Cavabdeh struktur tərkibinə daxil edilmişdir. İş materiallarında olan ИТ-İ № ******* saylı əmək kitabçasının notarial qaydada tərcümə və təsdiq olunmuş surətindən görünür ki, İddiaçı 1977-ci ildə 4-cü dərəcəli əmtəə operatoru qəbul edilib, 1979-cu ildə Güzdək yanacaqdoldurma sexinə 5-ci dərəcəli əmtəə operatoru vəzifəsinə keçirilib, 1989-cu ildə Güzdək yanacaqdoldurma sexinə 5-ci dərəcəli əmtəə operatoru vəzifəsinə qəbul edilib, 1997-ci ildə Güzdək yanacaqdoldurma sexinə 5ci dərəcəli əmtəə operatoru vəzifəsinə keçirilmişdir, 1998-ci ildə 4 saylı Evlər İdarəsinə xadimə vəzifəsinə qəbul edilib, 1998-ci ildə AR ƏM-nin 37-ci maddəsinə əsasən öz xahişi ilə işdən azad edilib. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, İddiaçı 01.08.1977-ci il tarixdə Bakı Yük-nəqliyyat aşırım neft bazasının Güzdək yanacaqdoldurma sexində 4-cü dərəcəli zərərli iş şəraiti əmtəə operatoru vəzifəsinə işə qəbul olunmuş, 16.01.1979-cu il tarixdə 5-ci dərəcəli normal iş şəraiti əmtəə operatoru vəzifəsinə keçirilmişdir, iddiaçı 23.04.1998-ci il də öz xahişi ilə işdən azad olunmuşdur, iddiaçının öz xahişi ilə işdən çıxmaqla son haqq-hesabın və əmək kitabçasını aldığı 23.04.1998-ci il tarix onun hüququnun pozulduğunu aşkar etdiyi gündür. Bununla belə, iddia müddətinin ötürülməsinin üzürlü səbəblərinə dair hallar məhkəmə tərəfindən müəyyən olunmadı. Məhkəmə hesab edir ki, iddiaçı hüququnun pozulduğunu bilməsindən (əmək kitabçasının verildiyi gündən) xeyli müddət keçdikdən sonra onun müdafiəsi üçün məhkəməyə müraciət etdiyindən və iddia müddətinin tətbiq edilməsinə dair cavabdeh tərəfindən ərizə verildiyindən, iddia müddəti tətbiq edilməli, iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci bəndinə əsasən, bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 296-cı maddəsinin 3-cü bəndinə əsasən, hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 1-ci hissəsinin, 294 və 296-cı maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarında göstərilən hüquqi mövqeyə əsasən, Əmək Məcəlləsinin 296-cı maddəsində fərdi əmək mübahisələrinin həm məhkəməyə qədər baxan orqan tərəfindən, həm də məhkəmələr tərəfindən həlli zamanı tətbiq olunan müddətlər nəzərdə tutulmuşdur. Həmin Qərarla formalaşdırılmış hüquqi mövqeyə görə, Konstitusiya Məhkəməsinin Plenumu fərdi əmək mübahisələrinin həlli zamanı tətbiq olunan iddia müddəti ilə əlaqədar müraciətdə qaldırılan məsələlərə aydınlıq gətirilməsi məqsədilə aşağıdakıların qeyd olunmasını zəruri hesab edir. Mülki Məcəllənin 375-ci maddəsinə əsasən, hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 2013-cü il 3 iyun tarixli Qərarında qeyd etmişdir ki, işin məhkəmə baxışına hazırlığı zamanı hakimin tərəflərdən hər hansı birindən iddia müddətinin keçməsi ilə bağlı sübutları təqdim etməyi və ya izahat verməyi tələb etməsi yolverilməzdir. Əgər maraqlı tərəf, yəni cavabdeh iddia ərizəsinə qarşı verdiyi etirazda iddia müddətinin keçməsinə istinad edərsə, hakim işin məhkəmə baxışına hazırlığı qaydasında işin düzgün və vaxtında həllini təmin etmək üçün tərəflərin hər birinə iddia müddəti ilə bağlı müvafiq sübutların təqdim olunmasını təklif edə bilər. Beləliklə, məhkəmənin öz təşəbbüsü ilə iddia müddətini tətbiq etmək səlahiyyəti olmadığından, iddiaçıdan ötürülmüş müddətin bərpasına dair ərizə verməsini tələb etmək səlahiyyəti də yoxdur. Bu cür ərizənin verilməsi yalnız iddiaçının şəxsi təşəbbüsü ola bilər və bu zaman məhkəmə iddiaçı tərəfindən iddia ərizəsi ilə birlikdə iddia müddətinin üzrlü səbəbdən ötürülməsinə dair təqdim edilmiş sübutları araşdırıb qiymətləndirməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Stanyo Belçikaya qarşı iş üzrə 7 iyul 2009cu il tarixli qərarında formalaşdırdığı presedentə görə, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyrimüəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Beləliklə, göstərilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, mülki qanunvericiliyin normaları baxımından tələb üzrə iddia müddəti keçdiyindən İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Cavabdehnə qarşı “onun Cavabdeh Neft Məhsullarının Qəbulu və göndərilməsi bazasında 01.08.1977-ci ildən 1998-ci ilə qədər zərərli iş şəraitində işləməyinin müəyyən edilməsi barədə iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən, iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216- 220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Cavabdehnə qarşı “onun Cavabdeh Neft Məhsullarının Qəbulu və göndərilməsi bazasında 01.08.1977-ci ildən 1998-ci ilə qədər zərərli iş şəraitində işləməyinin müəyyən edilməsi” barədə iddia tələbi rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir ay) müddətində, Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar