Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-4498/2021 08.06.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Cəfərzadə Fərid Zülfəli oğlunun katibliyi, İddiaçının etibarnamə üzrə nümayəndəsi və vəkili X2, Cavabdeh1 iştirakları ilə, İddiaçı Cavabdeh1 qarşı “nikahın etibarsız hesab edilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Bakı şəhəri Cavabdeh2nə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum həyat yoldaşı X3 ilə Cavabdeh1 arasında bağlanmış və Bakı şəhəri Cavabdeh2 tərəfindən 23 iyun 1994-cü ildə 466 nömrə ilə qeydiyyata alınmış nikahın etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı mərhum X3 ilə 18 oktyabr 1991-ci il tarixdə qeydiyyat orqanında 1051 nömrəsi ilə qeydiyyata alınmaqla nikaha daxil olmuşdur. Bu nikahdan iki övladları 17 avqust 1991-ci il təvəllüdlü X4 və 21 yanvar 1994-cü il təvəllüdlü X5 dünyaya gəlmişdir. İddiaçının mərhum əri ilə münasibətləri həmişə normal olmuş, birgə nikah dövründə ailənin dağılmasına səbəb olacaq hər hansı hal baş verməmişdir. X3 27 dekabr 2020-ci il tarixdə vəfat etmişdir. İddiaçı notariat orqanına mərhum ərindən qalmış miras əmlaklarla bağlı vərəsəlik şəhadətnaməsinin verilməsi üçün müraciət etdikdə notariat orqanı ona X1 başqa qadınla nikahının mövcud olmasını bildirmişdir. Həmin nikah Cavabdeh2 tərəfindən 23 iyun 1994-cü ildə 466 nömrə ilə qeydiyyata alınmışdır. İddiaçının əri X3 ilə Cavabdeh1 arasında bağlanmış nikah qanuna zidd olmaqla bağlanmışdır və iddiaçının hüquqlarını pozur. Daha sonra iddiaçının etibarnamə üzrə nümayəndəsi və vəkili X6 vəsatət ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 cavabdeh kimi deyil, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi işə cəlb olunmasını xahiş etmişdir. Daha sonra iddiaçının etibarnamə üzrə nümayəndəsi və vəkili X6 Azərbaycan Respublikasının MPM-nin 53-cü maddəsinə əsasən, ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh qismində Cavabdeh1 göstərmiş, iddiaçının mərhum həyat yoldaşı X3 ilə Cavabdeh1 arasında bağlanmış və Bakı şəhəri Cavabdeh2 tərəfindən 23 iyun 1994-cü ildə 466 nömrə ilə qeydiyyata alınmış nikahın etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının etibarnamə üzrə nümayəndəsi və vəkili X6 iddia tələbini müdafiə edərək onun təmin olunmasını məhkəmədən xahiş etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Məhkəmə iclasında Cavabdeh1 iddia tələbini qəbul edərək onun təmin edilməsini xahiş etdi. O, izahatında bildirdi ki, ərinin daha əvvəl ailəli olduğunu bilmiş, lakin onun boşandığını zənn etmişdir. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs Bakı şəhəri Cavabdeh2nə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq onun nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə müstəqil tələb irəli sürməyən üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işin faktiki hallarını araşdıraraq, toplanmış və məhkəmədə tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, iş materiallarında olan sənədlərdən görünür ki, iddiaçı mərhum X3 ilə 18 oktyabr 1991-ci il tarixdə rəsmi nikaha daxil olmuşdur. Bu nikahdan iki övladları 17 avqust 1991-ci il təvəllüdlü X4 və 21 yanvar 1994-cü il təvəllüdlü X5 dünyaya gəlmişdir. X3 23 iyun 1994-cü il tarixdə Cavabdeh1 ilə Bakı şəhəri Xətai rayonu VVAQ şöbəsində rəsmi nikaha daxil olmuşdur. X3 06 yanvar 2020-ci il tarixdə ölmüşdür. İş materiallarında olan Bakı şəhəri Cavabdeh2 16 mart 2021-ci il tarixli məktubuna əsasən, ərizəçi İddiaçı aidiyyəti üzrə məhkəməyə müraciət edilməsi tövsiyyə olunmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İ və İİ bəndinə əsasən hər kəsin qanunla nəzərdə tutulmuş yaşa çatdıqda ailə qurmaq hüququ vardır. Nikah könüllü razılıq əsasında bağlanılır. Nikah və ailə dövlətin himayəsindədir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 25.1-ci maddəsinə əsasən, bu məcəllənin 10-12-ci maddələrində və 13.3-cü maddəsində nəzərdə tutulmuş şərtlər pozulduqda, eləcə də tərəflərdən birinin və ya hər ikisinin ailə qurmaq niyyəti olmadıqda bağlanan nikah (saxta nikah) etibarsız sayılır. Həmin Məcəllənin 12.0.3-cü maddəsinə əsasən, ikisindən biri və ya hər ikisi başqası ilə nikahda olan şəxslər arasında nikahın bağlanmasına yol verilmir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 25.2-ci maddəsinə əsasən, nikah məhkəmə qaydasında etibarsız sayılır. Həmin Məcəllənin 25.4-cü maddəsinə əsasən, etibarsız hesab edilmiş nikah onun bağlandığı gündən etibarsız sayılır. Həmin Məcəlləsinin 26.1.5-ci maddəsinə əsasən pozulmamış əvvəlki nikah üzrə ər (arvad) nikahın etibarsız sayılmasını tələb etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “L.Axundovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 31 iyul 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 18 fevral 2014-cü il tarixli Qərarında qeyd olunmuşdur ki, ailə qanunvericiliyinin normalarından göründüyü kimi, dövlət təknikahlılıq prinsipindən çıxış edərək tərəflərdən birinin başqa şəxslə dövlət qeydiyyatına alınmış nikahda olduğu halda başqa bir nikahın bağlanmasını qadağan edir, hətta belə nikah bağlanmış olsa belə onun məhkəmə qaydasında etibarsız sayılmasını nəzərdə tutur. Belə ki, təknikahlılıq prinsipinə görə şəxs eyni zamanda dövlət qeydiyyatına alınmış bir nikahda ola bilər. Ailə Məcəlləsinin 23.4 və 171-ci maddələri məhz nikahın təknikahlılıq prinsipinə xidmət edir və belə halların qarşısının alınması məqsədi daşıyır. Məcəllənin qeyd olunan normalarına əsasən ər (arvad) nikahın pozulması haqqında şəhadətnaməni alana qədər yenidən nikaha daxil ola bilməz. Nikaha daxil olmağı arzu edənlər nikaha daxil olanlardan və ya onların valideynlərindən birinin seçdiyi hər hansı bir müvafiq icra hakimiyyəti orqanına bu barədə şəxsən yazılı ərizə verirlər. Ərizədə nikaha daxil olmaq üçün bu Məcəllənin 12-ci maddəsində nəzərdə tutulmuş maneələrin olmadığı təsdiq edilməli, habelə hərənin neçənci nikaha daxil olduğu və neçə uşağı olduğu göstərilməlidir. Bununla yanaşı, nikahın bağlanmasına mane olan hallar (ikisindən biri və ya hər ikisi başqası ilə nikahda olan şəxslər Ailə Məcəlləsinin 12.0.3-cü maddəsi) mövcud olduqda nikah bağlanarsa bu barədə məlumatı olmayan ər (arvad) nikahın etibarsız sayılması tələbi ilə məhkəməyə müraciət edə bilər. Eyni zamanda, ər (arvad) dövlət qeydiyyatını pozmadan yenidən (ikinci dəfə) nikaha daxil olarsa, əvvəlki nikah üzrə ərin (arvadın) nikahın etibarsız sayılması üçün məhkəməyə müracət etmək hüququ qanunverici tərəfindən müəyyən olunmuşdur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçının mərhum əri X3 iddiaçı ilə rəsmi nikahda olduğu dövrdə iddiaçının məlumatı olmadan yenidən ikinci dəfə Cavabdeh1 ilə rəsmi nikaha daxil olmuşdur. Yuxarıda sadalananlara əsasən məhkəmə belə hesab edir ki, iddia tələbi təmin edilərək Cavabdeh1 ilə mərhum X1 arasında 23 iyun 1994-cü il tarixdə Bakı şəhəri Cavabdeh2ndə 466 saylı akt qeydi ilə bağlanmış nikah etibarsız hesab edilməlidir. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. İş materiallarında olan ödəniş qəbzindən görünür ki, iddiaçı 20 manat dövlət rüsumu ödəmişdir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.4.9-cu maddəsinə əsasən nikahın və təkrar nikahın ləğv olunması haqqında iddia ərizələrindən 20 manat məbləğində dövlət rüsumu tutulur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, məhkəmə dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 20 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh1 ilə mərhum X3 arasında 23 iyun 1994-cü il tarixdə Bakı şəhəri Cavabdeh2ndə 466 nömrə ilə qeydə alınmış nikah etibarsız hesab edilsin. İddiaçı ödədiyi 20 (iyirmi) manat dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova
Məhkəmə qərarları › İş №2(011)-4498/2021
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-4498/2021
08.06.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Nikahın etibarsız sayılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver