Məhkəmə qərarları › İş №2(011)-4529/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-4529/2021

05.08.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-4529/2021 05.08.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Mehrəliyev Sərdar Bəşərəddin oğlunun sədrliyi Xəlilzadə Cəfər Həmid oğlunun katibliyi, İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehin nümayəndəsi və vəkili X3, İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “mənzildən istifadə hüququna xitam verilərək, çıxarılma tələbinə dair” ilkin və iddiaçı Cavabdeh İddiaçı qarşı “birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsi tələbinə dair” qarşılıqlı iddia ərizələri üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “mənzildən istifadə hüququna xitam verilərək, çıxarılma tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin xüsusi mülkiyyət hüququ əsasında ona məxsus olan ünvan 1 ünvanında yerləşən 19 saylı mənzildən istifadə hüququna xitam verilməsi, bu xitamın cavabdehin həmin ünvandan pasport qeydiyyatından çıxarılması üçün əsas hesab edilərək, mənzildən çıxarılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Türkiyə respublikasının vətəndaşıdır, 25 ildir ki, İsveçrə dövlətində yaşayır. Cavabdeh ilə 03.02.2018-ci ildə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuşdur. Birgə nikahdan övladları yoxdur. Lakin rəsmi nikaha daxil olmadan öncə cavabdeh, özünə aid bir evin olmadığını və kirayədə yaşamaq istəmədiyini bildirərək ayrı bir mənzilin alınmasını israrla tələb etmiş, mənzil alınmadığı təqdirdə ailəsinin bu nikaha icazə verməyəcəyini bildirmişdir. Beləliklə 29.01.2018-ci il tarixdə (rəsmi nikaha daxil olmadan 4 gün öncə), Bakı şəhərində ev almaq üçün İsveçrənin Glarus şəhərində yerləşən “Glarner Kantonalbank”dakı öz hesabından 23.600 Frank (kurs 1.16 Avro ilə 20.344 avro) pulu çıxararaq, özü ilə Bakı şəhərinə gətirmişdir (bankdan rəsmi çıxarış mövcuddur). Həmin zamana olan məzənnə ilə 20.344 avro Bakı şəhərində Azərbaycan manatı ilə 38.000 manat edirdi. 03.02.2018-ci ildə tərəflər rəsmi nikaha daxil olurlar. Bundan 2 gün sonra yəni 05.02.2018-ci il tarixdə 52 saylı DNK-nun 4Ə/124 reyestr nömrəsi ilə Bakı şəhəri, Xətai rayonu, mənzil 19 da yerləşən 43.8 kv.m ibarət olan, 2 otaqlı mənzilin alqı-salqısı baş tutur, (mənzil təqribi 38.600 manata alınmışdır). Mənzilin alqı-satqı prosesində özü iştirak edib və mənzilin dəyərini özü ödəyib. 19.02.2018-ci il tarixdə AR ƏMDK yanında DƏDRX mənzilin çıxarışı onun adına rəsmiləşdirilmişdir. Mənzil sovet layihəli, təmirsiz mənzil idi. Mənzilin təmirinə də xərclənən pul vəsaiti tərəfindən ödənilmişdir. O, İsveçrədə yerləşən “Glarner Kantonalbank” dakı öz hesabından 5.771 frank və 1500 avro, 2000 ABŞ dolları pul vəsaitini bankdan çıxararaq, ayrıayrı qısa müddət ərzində Cavabdeh göndəmişdir. Yəni mənzilin satın alınmasından əlavə, mənzilin təmirinə də xərclənən pul vəsaiti, onun şəxsi hesabından ödənilmişdir. Həmin mənzildə 3-4 dəfə olmaqla qalmışdır. Nikahları 21.05.2020-ci il tarixdə Bakı şəhəri Xətai Rayonu Məhkəməsinin 2(011)-673/2020 saylı qətnaməsi ilə pozulmuşdur. Hal-hazırda cavabdeh ona məxsus Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, ev 20, mənzil 19 da qeydiyyatdadır, və orada yaşayır. Cavabdehlə rəsmi boşanmış, bununla da həm rəsmi, həm faktiki bütün qohumluq münasibətləri bitmişdir. Lakin özünə məxsus əmlakdan istifadə edə bimir və sərəncam verə bilmir. Belə olan halda mülkiyyət hüquqları məhdudlaşır, məhz buna görə də məhkəməyə müraciət etmək qərarına gəlmişdir. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 21.12.2012-ci il tarixli Qərarında qeyd olunur ki, Ailə Məcəlləsinin 32-ci maddəsinin tələblərinə əsasən ər-arvadın birgə mülkiyyəti sayılması üçün iki şərtin eyni zamanda mövcud olması vacibdir. -əmlakın ər-arvadın nikah müddətində əldə olunması; əmlakın ər-arvadın ümumi gəlirləri hesabına əldə olunması. İkinci şərt müvafiq əmlakın ərarvadın birgə mülkiyyəti kimi tanınması üçün onun əvəzli, yəni nikah müddətində ər-arvadm əvəzli əqdlər əsasında əldə etmələrini tələb edir. Qanunvericiliyin və Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqedən görünür ki, əmlakın ümumi mülkiyyət olması onun nikah dövründə alınması və ər-arvadın ümumi gəlirləri hesabına alınması şərtinin hər ikisi mövcud olmalıdır. Mövcud olan iddiada mübahisəli mənzil birgə nikah müddətində rəsmiləşdirilsə də, həmin əmlakın ümumi əmlak hesab edilməsi üçün bu hal kifayət deyildir, belə ki, həmin əmlak həm də ər-arvadın, yəni mövcud halda Cavabdeh və onun nikahı dövründə onların ümumi gəliri hesabına əldə edilməyibdi. Cavabdeh iddia ərizəsinə etiraz edərək göstərmişdir ki, iddia əsassızdır. Belə ki, qarşı tərəfin iddia ərizəsində iddiaçının Bakı şəhərində ev almaq üçün İsveçrənin Glarus şəhərində yerləşən “Glarner Kantonalbank”dakı hesabından 23.600 frank pulu çıxararaq özü ilə Bakı şəhərinə gətirməsi (bankdan rəsmi çıxarışın mövcud olması qeyd olunaraq) qeyd olunsa da iddia ərizəsinə həmin çıxarış əlavə edilməmişdir. İddia ərizəsində qeyd olunduğu kimi 23.600 frank pulun, yəni 10.000 ABŞ dolları ekvivalentindən yuxarı məbləğdə ölkəyə gətirilməsi üçün «Sərnişin gömrük bəyannaməsi» və «Gömrük vəsiqəsi» ilə rəsmiləşdirilməsi barədə sənəd təqdim edilməlidir, Qanunun həmin tələblərinin yerinə yetirilməməsi, yəni qeyd olunan məbləğin bəyannamədə göstərilmədən ölkə ərazisinə gətirilməsi isə cinayət məsuliyyəti yaradır. Lakin, iddiaçı tərəfindən iddia ərizəsində qeyd olunan məbləğ ölkəyə gətirilərkən bəyan edilməsi barədə sənəd məhkəməyə təqdim edilməmişdir. Bundan başqa, iddia ərizəsində mənzilin təmirinə xərclənən pul vəsaitinin İsveçrədə yerləşən “Glamer Kantonalbank”dakı hesabından 5.771 frank və 1500 avro, 2000 ABŞ dolları pul vəsaitini ayrıayrılıqda qısa müddət ərzində ona göndərilməsi qeyd olunsa da, mənzil alındığı 05.02.2018ci il tarixdən sonra Hacı tərəfindən ona qeyd olunan məbləğlər göndərilməmiş, həmin hal onun bank kartına mədaxil olmuş məbləğlərlə bağlı çıxarışla da təsdiq olunur. Yuxarıda göstərilənlərə əsasən məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Prosesin gedişində iddiaçı Cavabdeh İddiaçı qarşı “birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsi tələbinə dair” qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlə birgə nikah dövründə əldə edilmiş Bakı şəhəri, Gəncə prospekti ev 20A, 19 nömrəli mənzilin 2/3 hissəsinə mülkiyyət hüququnun tanınaraq, həmin əmlakın 2/3 pay nisbətində bölünməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh qarşılıqlı iddia tələblərini onunla əsaslandırmışdır ki, cavabdeh İddiaçı Bilal oğlu ilə 03.02.2018-ci il tarixdə Bakı şəhəri Xətai rayonu Qeydiyyat Şöbəsində rəsmi nikaha daxil olaraq ailə qurmuşdur. Cavebdehlə rəsmi nikaha 03.02.2018-ci il tarixdə girsə də, fakitiki olaraq 20.09.2017-ci il tarixdə toyları olmuş və faktiki olaraq həmin tarixdən də ər-arvad münasibətində olmuşlar. Rəsmi nikaha toydan 4 ay sonra girmələrinin səbəbi, keçmiş həyat yoldaşının Türkiyə Cümhuriyyətinin vətəndaşı olduğundan sənədləşmə işlərinin yubanması ilə bağlı olmuşdur. İddiaçı Bilal oğlu ilə 03.02.2018-ci il tarixdə rəsmi nikaha girdikdən sonra 05.02.2018-ci il tarixdə Bakı şəhəri, Gəncə prospekti ev 20A, 19 nömrəli mənzili almışlar. Belə ki, ailə qurmamışdan öncə valideyinləri rəhmətə getmiş, valideyinlərindən qalan mənzil qardaşı X2 və onun mülkiyyətinə keçmişdir. Ailə qurduğuna görə keçmiş həyat yoldaşının evi olmadığından ev almaq məqsədilə valideynlərindən qalan Bakı şəhəri, Xətai rayonu G.Şıxlinski küçəsi 8-ci döngə, ev 20 a mənzilin özünə aid hissəsini 35.000 manata 10.11.2017-ci il tarixdə, yəni faktiki nikahdan 1 ay sonra satmışdır. Bundan başqa, ailə qurduğuna görə keçmiş həyat yoldaşı ilə planlaşdırdıqları kimi onun yaşadığı ölkəyə gedəcəklərindən işdən çıxdığına görə 31.01.2018-ci il tarixdə 1545 manat da işdənçıxma müavinəti almışdır. Həmçinin, toylarından da 2000 manatadək pul yığılmışdır. Faktiki nikahdan, yəni 20.09.2017-ci il tarixdən 1 ay sonra 10.11.2017-ci il tarixdə özünə məxsus evi satması, həmçinin rəsmi nikahdan öncə işdən çıxma müavinəti alması, mübahisəli mənzili isə rəsmi nikahdan 3 gün sonra alması iddia ərizəsinə əlavə etdiyi sənədlərlə, həmçinin məhkəməyə gələcək şahid ifadələri ilə sübut olunur. Beləliklə, mənzilin alınması üçün mənzilin ümumi dəyərinin 21.000 manatı onun tərəfindən, qalan hissəsi isə Hacı tərəfindən ödənilmişdir. Mənzilin dəyərinin çox hissəsinin onun tərəfindən ödənilməsinə baxmayaraq, Hacının adına almaqda məqsədləri onun gələcəkdə Azərbaycan Respublikası vətəndaşlığını qəbul olunması istəyi olmuşdur. Bundan başqa, mənzil tam təmirsiz olduğundan mənzil təmir olunanadək 2-3 ay müddət qardaşının evində yaşamışlar. Evin təmiri də özünün vəsaiti ilə həyata keçirilmiş, hətta evin əşyalarının alınması üçün özünə məxsus zinət əşyalarından da satmış və özünə məxsus evin satış pulu, işdənçıxma müavinəti və toydan yığılan pullar hesabına evi alıb və təmir etdirmişdirlər. Məhkəmə iclasında ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehin nümayəndəsi və vəkili X6 ilkin iddia tələbini müdafiə edib iddia ərizəsində göstərilənlərə uyğun izahat verib təmin edilməsi barədə, qarşılıqlı iddia ərizəsinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia tələbini müdafiə edib iddia ərizəsində göstərilənlərə uyğun izahat verib təmin edilməsi barədə, ilk iddia ərizəsinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iddia ərizələrini və işin faktiki hallarını araşdıraraq, tərəflərin izahatlarını dinləyərək, eləcə də işdə olan sənədləri tədqiq etməklə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, ilkin iddia rədd edilməli və qarşılıqlı iddia isə qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əsasən müəyyən olunur ki, İddiaçı ilə Cavabdeh arasında nikah 03.02.2018-ci il tarixdə Bakı şəhəri Xətai rayon Qeydiyyat şöbəsində bağlanmış və 11 nömrəli akt qeydi ilə rəsmiləşdirilmişdir. İş materiallarında olan 05.02.2018-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, X5 mülkiyyətində olan Bakı şəhəri, Gəncə prospekti ev 20A, 19 nömrəli mənzili 37600 manata İddiaçı satmışdır. İş materiallarında olan hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* saylı çıxarışının surətindən görünür ki, Bakı şəhəri, Gəncə prospekti ev 20A, 19 nömrəli mənzil xüsusi mülkiyyət hüququ ilə daşınmaz əmlakın dövlət reyestrində 2382 nömrəli reyestr kitabının 221789 nömrəli vərəqində İddiaçı adına 19.02.2018-ci il tarixdə qeydiyyata alınmışdır. İş materiallarında olan Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 21.05.2020-ci il tarixli, 2(011)- 673/2020 saylı qətnaməsinin surətindən görünür ki, İddiaçı Cavabdeh qızına qarşı “nikahın pozulması tələbinə dair” iddiası təmin edilərək tərəflər arasında 03.02.2018-ci il tarixdə bağlanmış nikahın pozulması qət edilmişdir. İş materiallarına əlavə olunmuş 10.11.2017-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, Cavabdeh Bakı şəhəri, Xətai rayonu, G.Şıxlinski küçəsi, 8-ci döngə, 20 a saylı fərdi yaşayış evinin özünə aid hissəsini 35.000 manata X1. Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2001-ci il tarixli qərarına əsasən 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. 01.10.2009-cu il tarixdək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 123-cü maddəsinə əsasən yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Həmin Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddi-büluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinə görə yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” 16.12.2014-cü il tarixli Qərarında göstərilir ki, Mülki Məcəllənin 228-ci maddəsində yaşayış binasının tərkib hissəsindən istifadə imkanını təmin edən əmlak hüququ yalnız notariat qaydasında təsdiq olunan müqavilə əsasında daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaqla yarandığına və istənilən şəxsdən bu hüququn pozulmasının aradan qaldırılmasını tələb etmək səlahiyyətini təmin etdiyinə görə, bu hüquq mahiyyətcə məhdud əşya hüququdur. Bundan fərqli olaraq, yaşayış sahəsi mülkiyyətçisinin hüquqlarının məhdudlaşdırılmasının digər əsaslarından biri kimi Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrində göstərilən ailə münasibətləri əşya hüquqlarına aid edilə bilməz. Belə ki, Mənzil Məcəlləsinin 30-cu maddəsində göstərilən şəxslərin yaşayış sahəsindən istifadə edə bilmələrinə hüquqi əsas yaşayış sahəsinin mülkiyyətçisi ilə bağlanan müqavilələr və onlara əsasən həyata keçirilən mülki hüquqi əməliyyatlar sayəsində əldə edilən hüquqlar deyil, məhz yaşayış sahəsinin mülkiyyətçisi ilə olan ailə münasibətləri sayəsində yaranan hüququn həyata keçirilməsidir. Mənzil Məcəlləsinin 30.2-ci maddəsində yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvünün “yaşayış sahəsindən istifadə etmək hüququ” ifadəsi ilə yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətləri əsasında yaranmış, yəni ailə hüququ sahəsinə aid olan hüququn (haqqın) həyata keçirilməsi şəkli (forması) nəzərdə tutulmuşdur. Bu hüquq, ailə qanunvericiliyinin ailənin möhkəmləndirilməsi və etibarlı ailə münasibətlərinin təmin edilməsi ilə bağlı ümumi məqsədindən irəli gələn hüquq olmaqla, yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinin hüquqlarının sosial təminatı kimi çıxış edir. Bu hüququn yaranması ailə münasibətlərinin mövcudluğu ilə şərtləndiyindən, xüsusi hüquq sahəsinə aid edildiyinə baxmayaraq, onun cəmiyyətin normal mövcudluğu üçün vacib olan ailə, valideyn və uşaq institutlarını qoruyan publik hüquq komponentləri də mövcuddur. Beləliklə, Mənzil Məcəlləsinin 30-cu maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvünün istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimlənir. Buna görə də həmin hüququn yaranması və həyata keçirilməsi üçün notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması zərurəti yoxdur. Ailə qanunvericiliyində hansı hallarda valideynlərin öz övladlarını və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları və hansı hallarda övladların öz valideynlərini və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları müəyyən edilmişdir (Azərbaycan Respublikası Ailə Məcəlləsinin 13 və 15-ci Fəsillərinin müvafiq müddəaları). Buna uyğun olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ varsa və mülkiyyətçi ilə birlikdə yaşayırsa, həmin şəxs Mənzil Məcəlləsinin 30.1-ci maddəsində nəzərdə tutulan “ailə üzvləri” anlayışının əhatə dairəsinə daxildir. Bunun davamı olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ yoxdursa, onda həmin şəxsin Mənzil Məcəlləsinin 30.2-ci maddəsi əsasında yaşayış sahəsi mülkiyyətçisinin yaşayış sahəsindən istifadə etmək səlahiyyəti də olmaz. “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.2-ci maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvlərinin istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimləndiyindən, bu hüququn yaranması və həyata keçirilməsi üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci maddələrinə əsasən notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması tələb olunmur.” Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu Məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair” 27 oktyabr 2008-ci il tarixli Qərarında göstərilmişdir ki, “Mülkiyyətçinin ailə üzvlərinin vəziyyəti ilə bağlı MM-in 228.5-ci maddəsindəki qaydanın əks olunması Konstisiyanın 17-ci maddəsinin İİ hissəsindən və 34-cü maddəsinin İV və V hissələrindən, eləcə də Azərbaycan Respublikası Ailə Məcəlləsinin 1.3cü maddəsindən və MM-in 27.2-ci maddəsindən irəli gəlir. Göstərilən normaların müddəaları ilə digər məsələrlə yanaşı ər ilə arvadın hüquqlarının bərabər olması, uşaqlara qayğının göstərilməsinin, onların tərbiyə edilməsinin valideynlərin həm hüququ, həm də borcunun olması, valideynlərə hörmət edilməsinin, onların qayğısına qalmasının isə uşaqların borcunun olması, eləcə də ailə üzvlərinin ailə qarşısında qarşılıqlı yardım və məsuliyyəti, onların hüquqlarının maneəsiz həyata keçirilməsinin təmin olunması və bu hüquqların məhkəmədə müdafiəsi, on dörd yaşına çatmamış şəxslərin yaşayış yerinin valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yerinin olması təsbit olunmuşdur. Beləliklə, mülkiyyətçi ilə birgə yaşayan ailə üzvlərinin yaşayış binasının tərkib hissəsindən onunla bərabər istifadə hüququ mülkiyyətçi ilə bağlanan müqavilədən deyil, yalnız onunla etibarlı ailə əlaqələri əsasında yaranır.” Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 32.1-ci maddəsinə əsasən nikah müddətində əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Həmin Məcəllənin 32.2.2-ci maddələrinin tələbinə görə, ər-arvadın ümumi birgə mülkiyyətinə ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. Həmin Məcəllənin 36.1-cı maddəsinə əsasən ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə kreditor ödəməni ər-arvadın əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə həyata keçirilir. Həmin Məcəllənin 36.2-ci maddəsinə əsasən ər-arvadın ümumi əmlakı onların sazışı əsasında bölünə bilər.Belə saziş ər-arvadın arzusu ilə notariat qaydasında təsdiq edilə bilər. Həmin Məcəllənin 36.3-cü maddəsinə əsasən mübahisə olduqda ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlaka ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir. Həmin Məcəllənin 37.1-ci maddəsinə əsasən ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Həmin Məcəllənin 37.2-ci maddəsinə görə isə ayrı-ayrı hallarda məhkəmə yetkinlik yaşına çatmayan uşaqların mənafeyini və (və ya) ərin (arvadın) diqqətəlayiq mənafeyini, o cümlədən ər-arvaddan biri üzürsüz səbəbdən gəlir əldə etmədiyi və ya birgə mülkiyyəti ailənin mənafeyinə zidd olaraq sərf etdiyi hallarda nəzərə alıb onların birgə mülkiyyətinin bölünməsi zamanı payları bərabər bölməyə bilər. Mülki Prosessual Məcəllənin 76.1 və 76.2-ci maddələrinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və videoyazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Eyni zamanda, mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, mülki prosessual qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Beləliklə, məhkəmə işin faktiki hallarını və qanunvericiliyin göstərilən müddəalarının tələblərini nəzərə alaraq qeyd edir ki, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla Bakı şəhəri, Gəncə prospekti ev 20A, 19 nömrəli mənzilin tərəflərin birgə nikahı dövründə əldə olunması faktı müəyyən edilmişdir. İlkin iddia üzrə İddiaçı mübahisəli mənzilin yalnız onun vəsaiti hesabına əldə olunması və təmir olunmasını iddia etsə də, bu barədə mötəbər sübutları məhkəməyə təqdim edə bilməmişdir. Eyni zamanda, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qeyd olunan mənzilin onun hesabına təmir olunmasını göstərərək, mənzilin üzərində payların qeyri-bərabər müəyyən olunmasını xahiş etsə də, tələbini əsaslandıra bilməmişdir. Bu baxımdan məhkəmə hesab edir ki, ilkin iddia tələbi rədd edilməli, qarşılqlı iddia tələbi isə qismən təmin edilərək, həmin əmlakın qarşılıqlı iddia ərizəsində qeyd edildiyi kimi, tərəflər arasında qeyri-bərabər bölünməsi üçün Azərbaycan Respublikası Ailə Məcəlləsinin 37.2-ci maddəsində nəzərdə tutulmuş şərtlərin mövcud olmamasını nəzərə alınmaqla, Bakı şəhəri, Gəncə prospekti ev 20A, 19 nömrəli mənzilin üzərində 1/2 hissədə iddiaçı Cavabdeh, 1/2 hissədə cavabdeh İddiaçı payları müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğində münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-nin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddiaçı Cavabdeh qarşı cavabdehin xüsusi mülkiyyət hüququ əsasında ona məxsus olan ünvan 1 ünvanında yerləşən 19 saylı mənzildən istifadə hüququna xitam verilməsi, bu xitamın cavabdehin həmin ünvandan pasport qeydiyyatından çıxarılması üçün əsas hesab edilərək, mənzildən çıxarılması barədə ilkin iddiası təmin edilməsin. İlkin iddia təmin edilmədiyindən ödənilmiş 10 (on) manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qarşılıqlı iddia tələbi qismən təmin edilsin. Birgə nikahları dövründə əldə edilmiş Bakı şəhəri, Gəncə prospekti ev 20A, 19 nömrəli mənzilin üzərində 1/2 (ikidə bir) hissədə iddiaçı Cavabdeh, 1/2 (ikidə bir) hissədə cavabdeh İddiaçı payları müəyyən edilməklə, mülkiyyət hüquqları tanınsın. Ödənilmiş 10 (on) manat dövlət rüsumu cavabdeh İddiaçı alınıb iddiaçı Cavabdeh verilsin. Qarşılıqlı iddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildikdə sonra 1 ay müddətində Bakı Şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Sərdar Mehrəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar