Məhkəmə qərarları › İş №2(011)-4556/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №2(011)-4556/2023

07.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(011)-4556/2023 07.09.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qızının sədrliyi, Osmanova Əfsanə Fəxrəddin qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı MMC əmr icraatı qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1668.03 manat pulun və 20 manat dövlət rüsumunun tutularaq İddiaçı MMC-yə ödənilməsini xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-12289/2017 saylı 20 noyabr 2017-ci il tarixli məhkəmə əmrinə əsasən, xx.xx.1994-cü il tarixdə ünvan 1 ünvanında qeyiyyatda olan borclu Cavabdeh xx.xx.2016-cı il tarixli müqaviləyə əsasən İddiaçı MMC-nin xeyrinə 1668.03 manat məbləğində əsas borc və dövlət rüsumu olaraq ödənilmiş 20 manat məbləğində vəsaitin tutulması müəyyən edilmişdir. Borclu Cavabdeh məhkəməyə yazılı etiraz təqdim etmiş və məhkəmə əmrinin ləğv edilməsini xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-12289/2017 saylı 01 iyun 2023-cü il tarixli qərardadı ilə qeyd edilən məhkəmə əmri ləğv edilmiş, məhkəmə əmrinin verilməsinə dair ərizə üzrə materiallar iddia icraatına keçirilmişdir. Məhkəmə baxış iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkilbarışıq sazişi təqdim edərək barışıq sazişinin təsdiq edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə baxış iclasında cavabdehin nümayəndəsi X2 iddiaçı tərəfindən təqdim edilmiş barışıq sazişinin təsdiq edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin nümayəndələrinin izahatlarını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, tərəflərin arasında bağlanmış barışıq sazişi təsdiq edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 191.1-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. Azərbaycan Respublikası MPM-nin 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Azərbaycan Respublikası MPM-nin 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verir. Azərbaycan Repsublikası MPM-nin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Məhkəmə hesab edir ki, tərəflərin barışıq sazişi qanuna uyğun olduğundan və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından təsdiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 191.2, 261.0.5, 262-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: İddiaçı MMC ilə Cavabdeh arasında 07 sentyabr 2023-cü il tarixdə bağlanmış barışıq sazişi aşağıdakı şərtlərlə təsdiq edilsin: Sazişin şərtləri:

1. İddiaçı öz üzərinə götürür ki, hazırkı barışıq sazişi imzalandığı andan iddiadan imtina edir.

2. Cavabdehin iddiaçıya 1668.03 (bir min altı yüz altmış səkkiz manat üç qəpik) manat icarə haqqının və 20 (iyirmi) manat ödənilmiş dövlət rüsumu, cəmi 1688.03 (bir min altı yüz səksən səkkiz manat üç qəpik) pul vəsaitinin 288.03 (iki yüz səksən səkkiz manat üç qəpik) manatını hazırkı barışıq sazişi imzalanan gün, yerdə qalan 1400 (bir min dörd yüz) manatı, hər ayın 5-i, 200 (iki yüz) manat olmaqla, 7 (yeddi) ay müddətinə ödəməyi öhdəsinə götürür.

3. Bu saziş tərəflər üçün məcburi şərtləri özündə əks etdirməklə Azərbaycan dilində 3 (üç) nüsxədə tərtib edilir. Nüsxələr eyni hüquqi qüvvəyə malikdir və biri iddiaçıda, digəri cavabdehdə, üçüncü nüsxəsi isə Xətai Rayon Məhkəməsində saxlanılır.

4. Bu saziş məhkəmə tərəfindən təsdiq edildiyi andan qüvvəyə minir.

Azərbaycan Respublikası Mülki Məcəlləsinin 881.1-ci maddəsinə əsasən, barışıq razılaşması haqqında müqaviləyə görə tərəflər öz aralarında hüquqlar və ya iddialar barəsində mübahisəni və ya qeyri-müəyyənliyi qarşılıqlı güzəştlər yolu ilə həll edirlər. Tərəflərdən hər hansı biri bu saziş ilə üzərilərinə götürdükləri öhdəlikləri icra etmədikdə, öhdəliyin icra edilməsi ilə bağlı məhkəməyə müraciət edə bilər. İddiaçı MMC-nin Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Tərəflərə izah edilsin ki, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan 10 gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər.

Hakim: İlahə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar