Məhkəmə qərarları › İş №2(011)-4572/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-4572/2025

10.06.2025 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-4572/2025 10.06.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sahibə Cavid qızının sədrliyi Şükürzadə Aysel Qədir qızının katibliyi İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “fərdi əmək münasibətlərindən irəli gələn mübahisə” barədə iddia ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddia tələbi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, əmək müqaviləsinin ləğv edilməsinə, ləğv edilməsi barədə məlumatın müvafiq elektron informasiya sisteminə daxil edilməsinə və Cavabdeh Bəhrəm oğlu tərəfindən ona vurulmuş 12000 manat məbləğində maddi ziyanın ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin dəlilləri: İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı, xx.xx.2016-cı il tarixdən 2018-ci ilədək Cavabdeh (VÖEN: **********) sahib olduğu və Nizami rayonu ərazisində yerləşən geyim mağazasında əmək müqaviləsi əsasında “satıcı” vəzifəsində çalışmışdır. 2018-ci ildə şəxsi təşəbbüsü ilə əmək münasibətlərinə xitam vermək niyyətini cavabdehə bildirmiş və əmək müqaviləsinin ləğv olunmasını xahiş etmişdir. Lakin işdən faktiki ayrılmağına və oradan əməkhaqqı almamağına baxmayaraq, bugünə qədər əmək müqaviləsinə qanunvericiliyin tələblərinə uyğun olaraq xitam verilməmiş və əmək müqaviləsinin ləğv edilməsi barədə məlumatı “Əmək və məşğulluq” altsisteminə daxil edilməmişdir. Əmək müqaviləsinin mövcudluğu barədə məlumat isə ona başqa işəgötürənlə əmək müqaviləsi bağlamaq istədiyi zaman məlum olmuşdur. Hüquqlarının pozulduğunu aşkar etdikdən dərhal sonra və dəfələrlə mağazaya gedərək cavabdehə qeyd edilən sistemdə əmək müqaviləsinin ləğvi barədə məlumatı daxil etmədiyini bildirdi, lakin hər dəfə cavabdeh iddiaçının sözlərinə və xahişlərinə məhəl qoymayaraq, məsələni həll edəcəyi barədə yalan vədlər verərək onu yola saldı. Daha sonra əlaqə saxlamağa cəhd göstərsə həmçinin həmin mağazada işləyən cavabdehin qardaşı vasitəsilə cavabdehdən əmək müqaviləsinin ləğv edilməsini xahiş etsə də, heç bir nəticə əldə edə bilməmişdir. Beləliklə, digər işəgötürənlə əmək münasibətləri qurmaqda çətinliklə üzləşmişdir və faktiki olaraq işləmədiyi halda sistemdə rəsmi iş yeri kimi həmin mağaza görünməkdədir. Bu hal ona maddi və mənəvi zərər yetirmiş, həyat şəraitinə əhəmiyyətli dərəcədə təsir etmiş, həmçinin əmək fəaliyyətini davam etdirmək imkanını məhdudlaşdırmışdır. Əmək müqaviləsinə xitam verilmədiyinə və bu səbəbdən 2018-2025-ci illər ərzində əmək fəaliyyəti ilə məşğul ola bilmədiyinə görə, aylıq əməkhaqqının 150 manat olduğunu nəzərə almaqla, ümumillikdə 12000 manat məbləğində maddi ziyanın cavabdehdən tutulmasını xahiş etmişdir. Qeyd edilən məsələnin araşdırılması və həlli üçün tərəfindən xx.xx.2023-cü il tarixdə X1 müraciət edilmişdir. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Qanuna əsasən Azərbaycan Respublikası ərazisində sahibkarlıq sahəsində aparılan yoxlamaların 2025-ci il yanvarın 1-dək dayandırıldığını, bu səbəbdən də ona heç bir köməklik edə bilmədiklərini bildirdilər. Daha sonra Azərbaycan Respublikasının “Mediasiya haqqında” Qanununa əsasən əmək mübahisəsinin həll olunması üçün xx.xx.2024-cü il tarixdə 8 saylı Mediasiya təşkilatına müraciət etmişdir. Lakin cavabdehlə əlaqə saxlamaq mümkün olmamış və ,o iştirak etməmişdir. Tərəflərin izahatı: İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək, məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında izaatında bildirmişdir ki, obyekti 7-8 il əvvəl işlətmişdir, hazırda VÖEN-i də yoxdur. Əmək müqaviləsinə xitam verilməsini istəsə belə, mümkün deyil. İş yeri bağlanıb, öz evi satılmışdır. Üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Üçüncü şəxsin nümayəndəsinin məhkəmə iclasına gəlməməsinin səbəbləri barəsində məlumat olmadığından, məhkəmə işə üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş: CMS “Azemis” Elektron Məhkəmə İnformasiya Sistemindən əldə olunmuş çıxarışdan görünür ki, İddiaçı Cavabdeh tərəfindən əmək müqaviləsi əsasında aylıq əmək haqqı 150 manat təşkil etməklə satıcı vəzifəsində işləyir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti tərəfindən verilən xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, əmək müqaviləsinə xitam verilməs ilə bağlı əmək müqaviləsi bildirişinin “Əmək və məşğulluq” altsisteminə daxil edilməsinin işəgötürən tərəfindən icra edilməsi mümkün deyildirsə, bu barədə əsaslandırılmış qaydada rayon (şəhər) məhkəmələrinə müraciət edilməlidir. Bakı 8 saylı Mediasiya təşkilatı tərəfindən verilən xx.xx.2024-cü il tarixli, MŞB/8/2024- 00127 saylı “İlkin mediasiya sessiyasından iştirak edilməməsi barədə” arayışdan görünür ki, iddiaçı ilkin mediasiya sessiyasında iştirak etmiş və tərəfindən 50 manat mediasiya xərci ödəmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyasının 35-ci maddəsinə əsasən, əmək fərdi və ictimai rifahın əsasıdır. Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. Heç kəs zorla işlədilə bilməz. Əmək müqavilələri sərbəst bağlanılır. Heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 49-cu maddəsinin tələblərinə əsasən, bu məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Həmin Məcəllənin 5-1-ci maddəsinə əsasən, əmək müqaviləsi bildirişi - bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılmasının, ona dəyişiklik edilməsinin və ya xitam verilməsinin müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sistemində (bundan sonra - elektron informasiya sistemi) elektron qaydada qeydiyyata alınması məqsədi ilə işəgötürən tərəfindən həmin elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilən elektron sənəddir. Həmin Məcəllənin 12-ci maddəsinin 1-ci hissəsinin “h” bəndinə əsasən əmək müqaviləsi bildirişini elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil etmək işəgötürənin əsas vəzifələrindən biridir. Həmin Məcəllənin 42-ci maddəsinin 1-ci hissəsinə əsasən, əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Həmin Məcəllənin 49-cu maddəsinin 1-ci hissəsinə əsasən, bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Qeyd edilən Məcəllənin 68-ci maddəsinin birinci hissəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Yenə həmin Məcəllənin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən tərəflərdən birinin təşəbbüsü əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biridir. Göstərilən Məcəllənin 69.1 və 69.2-ci maddəsinə əsasən, işçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər. Ərizə verildiyi gündən bir təqvim ayı bitdikdən sonra işçi işə çıxmamaq və son haqqhesabının aparılmasını tələb etmək hüququna malikdir. Bu halda işəgötürən işçinin tələblərini yerinə yetirməyə borcludur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 06 iyun 2014-cü il tarixli, 183 saylı qərarı ilə təsdiq edilmiş “Əmək müqaviləsi bildirişinin forması və onun elektron informasiya sisteminə daxil edilməsi qaydaları, əmək müqaviləsi bildirişinin qeydiyyata alınması ilə bağlı işəgötürənə və Azərbaycan Respublikasının Vergilər Nazirliyinə göndərilən məlumatın forması, habelə qeydiyyata alınmış əmək müqaviləsi bildirişinin məlumatlarını real vaxt rejimində əldə etməklə bağlı Qaydalar” – ın 3.4-cü bəndinə əsasən əmək müqaviləsi bildirişinin elektron informasiya sisteminə daxil edilməsi “Elektron hökumət” portalının gücləndirilmiş elektron imza ilə daxil olmağa imkan verən autentifikasiya vasitələrindən istifadə edilməklə, bilavasitə işəgötürən tərəfindən və ya “Elektron hökumət” portalında yerləşdirilmiş “Səlahiyyətli şəxsin qeydiyyatdan keçirilməsi” xidməti vasitəsilə işəgötürənin səlahiyyət verdiyi şəxslər tərəfindən həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair 18 mart 2019-cu il Qərarına əsasən, “Mülki Prosessual Məcəllədə məhkəmənin həqiqətə nail olmaq vəzifəsi yalnız tərəflər üçün lazımi şəraitin yaradılması, prosessual hüquq və vəzifələrin onlara izah edilməsi ilə məhdudlaşır. Qanunvericilikdə “formal həqiqətin müəyyən edilməsi” ayrıca prinsip kimi nəzərdə tutulmasa da, məhkəmənin yalnız işdə olan sübutlar əsasında həqiqəti müəyyən etmək vəzifəsi aydın ifadə edilmişdir. Proses məhkəmənin publik iradəsindən deyil, tərəflərin iradəsi və fəallığından asılı olaraq həyata keçirilir...” Qərardan görünür ki, hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Odur ki, hazırkı məhkəmə ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, yalnız tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirmişdir, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri sübutlarla əsaslandırmışdır və yalnız həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməli olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında isə Avropa İnsan Hüquqları Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq ”əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Avropa İnsan Hüquqları Məhkəməsi “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007ci il tarixli qərarında qeyd edir ki, sübutlar qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. Məhkəmənin mövqeyi: Məhkəmə iş üzrə iddiaçının izahatını dinləyərək, təqdim edilmiş sübutları araşdıraraq hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı Cavabdeh Bəhrəm oğlu tərəfindən ona aid bağlanmış əmək müqaviləsi əsasında satıcı vəzifəsinə işə qəbul edilmişdir. İddiaçı mübahisənin məhkəmədən kənar həlli ilə bağlı mediasiya təklifi göndərmiş, lakin cavabdehin hərəkətsizliyi ucbatından o, əmək müqaviləsinin ləğv edilməsi ilə bağlı məhkəməyə müraciət etməli olmuşdur. Buna görə də əmək müqaviləsinə tərəflərin birinin təşəbbüsü ilə xitam verilməsi mümkün deyildir. Bu səbəbdən iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. İddiaçının əmək müqaviləsinə xitam verilməsinə israrlı olmasına baxmayaraq, cavabdehlərin hərəkətsizliyi üzündən əmək və məşğulluq alt sistemində işçi olaraq qeyd edilməsi onun konstitusion hüquqlarını pozur. Belə ki, həmin əmək müqaviləsi ləğv edilmədən iddiaçı başqa müəssisədə işləyə bilmir. Göründüyü kimi iddiaçı ilə müəssisə arasında bağlanmış əmək müqaviləsinin başqa qaydada ləğvi mümkün deyil. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib belə nəticəyə gəlir ki, iddia bu hissədə təmin edilməli, iddiaçı ilə Cavabdeh Bəhrəm oğlu arasında olan əmək müqaviləsinə xitam verilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, iddia tələbinin birinci hissəsi əsaslıdır və təmin edilməlidir. Belə ki, məhkəmə tərəfindən əmək müqaviləsinə xitam verilməsi ilə bağlı qətnamənin icrası zamanı çətinliklər törədəcəyindən qətnamənin icrasız qalmaması üçün əmək müqaviləsinə xitam verilməsi ilə əlaqədar əmək müqaviləsi bildirişinin “Əmək və Məşğulluq” altsisteminə daxil edilməsi vəzifəsi X3 Xidmətinə həvalə edilməlidir. İddianın maddi ziyanın ödənilməsinə dair hissəsini araşdıraraq, məhkəmə hesab edir ki, iddia qeyd edilən hissədə əsassızdır. Məhkəmə iddia tələbinin maddi ziyanın ödənilməsi hissəsinə münasibətdə qeyd edir ki, iddiaçı ona maddi ziyan yetirilməsini iddia etsə də, məhkəməyə cavabdehin hərəkətinin maddi ziyan yaratdığını, ona hansı formada ziyan vurmasını təsdiq edən hər hansı sübut təqdim etməmişdir. Buna görə də iddia həmin hissədə təmin edilə bilməz. Sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi, həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər şəkildə aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olubolmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia qismən təmin edilsin. İddiaçı ilə Cavabdeh Bəhrəm oğlu arasında olan əmək müqaviləsi (əmək münasibətləri) xitam verilmiş hesab edilsin. Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin müvafiq elektron informasiya sistemində yerləşdirmək vəzifəsi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinə həvalə edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Sahibə Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar