Məhkəmə qərarları › İş №2(011)-4574/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-4574/2023

19.07.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-4574/2023 19.07.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Cəfərzadə Fərid Zülfəli oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “əmək müqaviləsinə xitam verilmiş hesab edilməsi” barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi : Ərizənin dəlilləri: Ərizəçi 26 noyabr 2020-ci il tarixli əmək müqaviləsinə xitam verilmiş hesab edilməsi faktının tanınması barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçi 26 noyabr 2020-ci il tarixində "xxxx" MMCni təsis etmişdir. 26 noyabr 2020-ci il tarixli əmək müqaviləsi ilə də direktor vəzifəsində işləmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinin 10 may 2022-ci il tarixli **********711300 nörməli məktubundan və **********10 nörməli bildirişindən göründüyü kimi "xxxx" MMC 10 may 2022-ci il tarixində Azərbaycan Respublikası Kommersiya X3 Qeydiyyatından çıxarılmışdır. Ərizəçi hələ də sistemdə əmək müqaviləli işçi kimi göründüyü üçün heç bir yerdə işləyə bilmir. Həmin hüquqi şəxs ləğv edildiyi üçün əmək müqaviləsinə xitam verilmiş hesab edilməsi faktı tanınmalıdır. Tərəflərin izahatları: Ərizəçi məhkəmə iclasında ərizəni müdafiə edərək, tələbinin təmin edilməsini xahiş etdi və ərizənin məzmununa uyğun izahat verdi. Maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin onun nümayəndəsi məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə araşdırması zamanı maraqlı şəxsin nümayəndəsi X1 ərizənin təmin edilibedilməməsini məhkəmənin mülahizəsinə təqdim etdiyini bildirmişdir. İşin faktiki halları: İşin mübahisəsiz halları ondan ibarətdir ki, ərizəçi 26 noyabr 2020-ci il tarixdə təsis edilmiş "xxxx" MMC-nin təsisçisi olmuşdur və müəssisənin direktoru vəzifəsində çalışmışdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinin **********10 nömrəli bildirişdən görünür ki, 26 noyabr 2020-ci il tarixdə ********** nömrə ilə dövlət qeydiyyatına alınmış "xxxx" MMC (ləğv prosesindədir) 10 may 2022-ci il tarixində ləğv edilmiş və həmin qurum Azərbaycan Respublikası kommersiya hüquqi şəxslərin dövlət reyestrindən çıxarılmışdır. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyası: 35-ci maddəsinə əsasən, əmək fərdi və ictimai rifahın əsasıdır. Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. Heç kəs zorla işlədilə bilməz. Əmək müqavilələri sərbəst bağlanılır. Heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır. Azərbaycan Respublikasının Əmək Məcəlləsi: 49-cu maddəsinin tələblərinə əsasən, bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. 5-1-ci maddəsinə əsasən, əmək müqaviləsi bildirişi - bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılmasının, ona dəyişiklik edilməsinin və ya xitam verilməsinin müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sistemində (bundan sonra elektron informasiya sistemi) elektron qaydada qeydiyyata alınması məqsədi ilə işəgötürən tərəfindən həmin elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilən elektron sənəddir. 12-ci maddəsinin 1-ci hissəsinin “h” bəndinə əsasən əmək müqaviləsi bildirişini elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil etmək işəgötürənin əsas vəzifələrindən biridir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 06 iyun 2014-cü il tarixli, 183 saylı qərarı ilə təsdiq edilmiş “Əmək müqaviləsi bildirişinin forması və onun elektron informasiya sisteminə daxil edilməsi qaydaları, əmək müqaviləsi bildirişinin qeydiyyata alınması ilə bağlı işəgötürənə və Azərbaycan Respublikasının Vergilər Nazirliyinə göndərilən məlumatın forması, habelə qeydiyyata alınmış əmək müqaviləsi bildirişinin məlumatlarını real vaxt rejimində əldə etməklə bağlı Qaydalar”: 3.4-cü bəndinə əsasən əmək müqaviləsi bildirişinin elektron informasiya sisteminə daxil edilməsi “Elektron hökumət” portalının gücləndirilmiş elektron imza ilə daxil olmağa imkan verən autentifikasiya vasitələrindən istifadə edilməklə, bilavasitə işəgötürən tərəfindən və ya “Elektron hökumət” portalında yerləşdirilmiş “Səlahiyyətli şəxsin qeydiyyatdan keçirilməsi” xidməti vasitəsilə işəgötürənin səlahiyyət verdiyi şəxslər tərəfindən həyata keçirilir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi: 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu: 9.1.1-ci maddəsinə əsasən, əməyin ödənilməsi və əmək fəaliyyəti ilə bağlı digər tələblər üzrə -iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsi: 317.2-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. İşə baxan məhkəmənin mövqeyi: Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, ərizəçi özünün təsis etdiyi müəssisədə əmək müqaviləsi əsasında direktor vəzifəsində çalımışdır. Hazırda həmin müəssisə ləğv edilmiş, lakin ərizəçinin əmək müqaviləsinə xitam verilməmişdir. Müəssisə ləğv edildiyindən əmək müqaviləsinə tərəflərin birinin təşəbbüsü ilə xitam verilməsi mümkün deyildir. Bu səbəbdən ərizəçi hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizəçinin işləmədiyi halda ləğv edilmiş müəssisənin direktoru vəzifəsində çalışması barədə əmək və məşğulluq alt sistemində işçi olaraq qeyd edilməsi onun konstitusion hüquqlarını pozur. Belə ki, həmin əmək müqaviləsi ləğv edilmədən ərizəçi başqa müəssisədə işləyə bilmir. Göründüyü kimi ərizəçi ilə müəssisə arasında bağlanmış əmək müqaviləsinin başqa qaydada ləğvi mümkün deyil. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib belə nəticəyə gəlir ki, ərizə təmin edilməli, ərizəçi ilə "xxxx" MMC arasında 26 noyabr 2020-ci il tarixli əmək müqaviləsinə xitam verilmiş hesab edilməsi faktı tanınmalıdır. Əlavə olaraq məhkəmə qeyd edir ki, nəzərə alınsa ki, ərizəçinin əmək münasibətlərində olduğu şirkət ləğv edilib, məhkəmə tərəfindən əmək müqaviləsinə xitam verilmiş hesab edilməsi ilə bağlı qətnamənin icrası zamanı çətinliklər törənə bilər. Odur ki, qətnamənin icrasız qalmaması üçün məhkəmə qətnamənin icrası qaydasını müəyyən edərək müqaviləyə xitam verilməsi ilə bağlı sənədləşmənin aparılmasının Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinə həvalə edilməsini ağlabatan hesab edir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 317-321 və 216- 220-ci maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi : Ərizə təmin edilsin. Ərizəçi ilə "xxxx" MMC arasında 26 noyabr 2020-ci il tarixdə bağlanmış əmək müqaviləsinə xitam verilmiş hesab edilməsi faktı tanınsın. Qətnamənin icrası Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinə həvalə edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar