Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-4614/2023 04.08.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sahibə Cavid qızının sədrliyi, Şükürzadə Aysel Qədir qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsinə” dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddia tələbi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1969-cu il təvəllüdlü Ərizəçi 1986-cı ildən 2000-ci ilədək və 2021-ci il tarixdən hal-hazıradək Azərbaycan Respublikasının ərazisində yaşaması faktının müəyyən edilməsinə və ərizəçinin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi daha sonra ərizənin dəqiqləşdirməsi barədə məhkəməyə ərizə təqdim edərək, xx.xx.1969-cu il təvəllüdlü Ərizəçi heç bir dövlətin vətəndaşlığına mənsub olmaması faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatları: Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edərək ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İş üzrə maraqlı şəxs Dövlət Miqrasiya Xidməti məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılsa da, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və bu barədə məhkəməyə məlumat verməmişdir. Lakin maraqlı şəxsin nümayəndəsi Nümayəndə2 Məmmədxan oğlu iştirak etdiyi xx.xx.2023-cü il tarixli iclasda iddia ərizəsinin təmin edilməsinə etiraz etmədiklərini bildirmişdir. İş materiallarına əlavə edilmiş: İş materiallarında olan, AA0193866 nömrəli Azərbaycan Respublikasına Qayıdış şəhadətnaməsindən görünür ki, Ərizəçi xx.xx.1969-cu il tarixdə Azərbyacanda anadan olmuşdur. Qeyd olunan şəhadətnamə xx.xx.2021-ci il tarixə qədər etibarlıdır. İş materiallarında olan, xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, Ərizəçi X5 məxsus Bakı şəhər, Xətai rayonu, Məhəmməd Hadi küçəsi,ev 78 ünvanında yerləşən, 8 saylı binanın A girişində 13-cü mərtəbə, 69 saylı mənzil ünvanında qeydiyyatsız yaşayır. İş materiallarında olan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi xidmətə çağırış üzrə Dövlət Xidmətinin Mingəçevir şəhər şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışından görünür ki, xx.xx.1969-cu il təvəllüdlü Ərizəçi həqiqətən xx.xx.1987-ci ildən xx.xx.1989-cu il tarixə kimi keçmiş SSRİ Silahlı Qüvvələri sıralarında müddətli həqiqi hərbi xidmət keçmişdir. İş materiallarında olan, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli ******* nömrəli arayışdan görünür ki, xx xxxx 1969-cu il təvəllüdlü Ərizəçi müraciəti ilə bağlı bildirilmişdir ki, onun “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının xx.xx.1998-ci il tarixli Qanununa əsasən onun Azərbaycan Respublikasının vətəndaşı olmadığı müəyyən edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti Vətəndaşlıq Məsələləri Baş İdarəsi tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubdan görünür ki, onun Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə daxil olmuş xx.xx.2022-ci il tarixli, İ5904/6970/ə nömrəli müraciətinə aidiyyatı üzrə baxılmış, qeyd olunan məsələ ilə əlaqədar bildirilmişdir ki, xx.xx.2019-cu il tarixdə Dövlət Miqrasiya Xidmətinə daxil olmuş sorğu əsasında Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti araşdırılmış və onun “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının xx.xx.1998-ci il tarixli Qanununa əsasən Azərbaycan Respublikası vətəndaşı olmadığı müəyyən edilmişdir.Bu barədə Dövlət Miqrasiya Xidmətinin xx.xx.2019-cu il tarixli ******* nömrəli arayışı ilə aidiyyəti üzrə məlumat verilmişdir. Həmçinin Gürcüstanda anadan olduğu nəzərə alınaraq, şəxsiyyəti təsdiq edən etibarlı sənədlərlə təmin olunmaq məqsədilə Gürcüstanın Azərbaycan Respublikasındakı Səfirliyinə müraciət etməyi tövsiyə olunmuşdur. İş materiallarında olan Gürcüstan Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Gürcüstan Dövlət Xidmətinin X1 və Miqrasiya Xidmətinin məlumatına əsasən Ərizəçi (xx.xx.1969-cu il təvəllüdlü) Gürcüstan vətəndaşı hesab edilmir. İş materiallarında olan HT-İ seriyalı 563329 nömrəli diplomun surətindən görünür ki, Ərizəçi 1986-cı ildə X2 daxil olmuş və 1991-ci ildə təhsilini bitirmişdir. İş materiallarında olan Mingəçevir şəhər Polis Şöbəsinin xx.xx.2022-ci il tarixli məktubunda göstərilmişdir ki, Mingəçevir şəhər polis şöbəsinin arxivində Ərizəçi xx.xx.1989-cu il tarixdə ünvan 2 ünvanında qeydiyyata düşməsi müəyyən edilmişdir. İş materiallarında olan Rusiya Federasiyanını Azərbayan Respublikasındakı səfirliyindən Xətai Rayon Məhkəməsinə ünvanlanmış məktubunda qeyd edilmişdir ki, Ərizəçi Rusiya Federasiyanın vətəndaşı hesab edilmir. İş materiallarında olan, Azərbayan Respublikasının Dövlət Sərhəd Xidmət Sərhəd Nəzarətinin verdiyi xx.xx.2021-ci il tarixli məktubdan görünür ki, Ərizəçi barəsində sərhədkeçmə əlaqələri pozuntusu faktı üzrə araşdırma aparılmış və fakt üzrə cinayət hadisəsimüəyyən olunmadığından Azərbaycan Respublikasının CPM-nin 39.1.1-ci maddəsinə əsasən cinayət işi başlamasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. İş materiallarında olan, Bakı şəhər Xətai Rayon Məhkəməsinin 2(011)-639/2023 saylı xx.xx.2023-cü il tarixli qətnamə ilə Ərizəçi “hüquqi əhəmiyyətli faktın müəyyən olunmasına” dair ərizəsi qismən təmin edilərək, Ərizəçi 1986-cı ildən 2000-ci ilədək və 2021-ci ildən hal-hazıradək Azərbaycan Respublikasının ərazisində yaşaması faktı müəyyən edilməsi qət olunmuşdur. İş materillarında olan, Bakı şəhər Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, Bakı şəhər Xətai Rayon Məhkəməsinin 2(011)-639/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi xx.xx.2023-cü il tarixdə qanuni qüvvəsini almışdır. Tətbiq edilən hüquq: “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının qanununa əsasən, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallarda keçmiş SSRİ vətəndaşının pasportu və ya digər sənəd əsasında 2006-cı il yanvarın 1-dək Azərbaycan Respublikasına gələrək burada daimi yaşayan, heç bir dövlətin vətəndaşlığına mənsub olmayan və şəxsiyyətini təsdiq edən etibarlı sənədləri olmayan şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktı məhkəmə tərəfindən müəyyən edilir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa yolla ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” 12 aprel 2019-cu il tarixli Qərarının 12.1-ci bəndinə əsasən bu faktın müəyyən edilməsi haqqında ərizədə şəxsin Azərbaycan Respublikasına gəlməsi tarixi və səbəbləri göstərilməli, həmin ərizəyə müvafiq faktları təsdiq edən sənədlər (olduğu halda), həmçinin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmaması barədə müvafiq icra hakimiyyəti orqanının arayışı və doğulduğu (əvvəllər daimi yaşadığı) ölkənin vətəndaşı hesab edilməməsini təsdiq edən sənəd əlavə edilməlidir. Məhkəmənin mövqeyi: İş materiallarını araşdırıb, ərizəçinin izahatını dinləyib, toplanmış sübutlara hüquqi qiymət verərək məhkəmə hesab edir ki, ərizə əsaslı olduğundan təmin olunmalıdır. Məhkəmə hesab edir ki, ərizəçi Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən, mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Ərizəçinin izahatı və işin digər materialları ilə xx.xx.1969-cu il təvəllüdlü Ərizəçi heç bir dövlətin vətəndaşlığına mənsub olmaması faktı tam sübuta yetirildi. Məhkəmə xərcləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ərizənin verilməsinə görə ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutub məhkəmə, qət etdi: Ərizə təmin edilsin. xx.xx.1969-cu il təvəllüdlü Ərizəçi heç bir dövlətin vətəndaşlığına mənsub olmaması faktı müəyyən edilsin Ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Sahibə Hacıyeva
Məhkəmə qərarları › İş №2(011)-4614/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-4614/2023
04.08.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması,habelə Azərbaycan Respublikasında daimi yaşaması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver