Məhkəmə qərarları › İş №2(011)-4639/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №2(011)-4639/2025

13.05.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(011)-4639/2025 13.05.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Abdullayeva Aynur Aydın qızı – Ərizəçi hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi barədə ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək müəyyənetdi: Ərizəçi xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, onun ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evində 1988-ci ildən daimi yaşaması faktının müəyyən edilməsi barədə qətnamənin çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək məhkəmə hesab edir ki, ərizənin icraata qəbulundan imtina edilməlidir və ərizə geri qaytarılmalıdır. Ərizədən və ona əlavə edilmiş sənədlərdən müəyyən olunur ki, ərizəçi Azərbaycan Respublikası MPM-nin 307.2.10-1-ci maddəsinin tələblərinə istinad edərək (şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktının müəyyən edilməsi) ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evində 1988-ci ildən daimi yaşaması faktının müəyyən edilməsini xahiş etmişdir. Halbuki, ərizəçinin istinad etdiyi maddə ərizəçiyə deyil, Azərbaycan Respublikasının vətəndaşı olmayan şəxslərə aid edilir. İşdən görünür ki, Ərizəçi Azərbaycan Respublikasının vətəndaşıdır. (şəxsiyyət vəsiqəsi AZE № ********) Bundan başqa, “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli Qərarının 1.2-ci bəndinə görə hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. Beləliklə, Ərizəçi ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evində 1988-ci ildən daimi yaşaması faktının məhkəmə tərəfindən müəyyən edilməsini o halda tələb edə bilər ki, belə fakt hüquqi nəticələr doğurmaqla yanaşı həmin həmin faktı təsdiq edən lazımi sənədləri başqa qaydada almaq mümkün olmasın. İş materiallarından görünür ki, ərizədə ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evində 1988ci ildən daimi yaşaması faktının ərizəçiyə hansı hüquqi nəticələrə nail olmaq üçün zəruri olması qeyd edilməməklə, həmin faktı təsdiq edən lazımi sənədlərin başqa qaydada alınmasının qeyri-mümkünlüyünü təsdiq edən sübutlar əlavə edilməmişdir. Göründüyü kimi, hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Hazırki ərizəyə əlavə edilmiş sənədlərdən isə görünür ki, ərizəçi onun təxminən 1988-ci idən ünvan 1 ünvanda özü tikdiyi fərdi yaşayış evində ailə üzvləri ilə birgə yaşamasını qeyd edən Bakı şəhəri Xətai rayonu İcra Hakimiyyəti Başçısının Əhmədli qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2018-ci il tarixli 893 saylı arayışını iş materiallarına əlavə etmişdir. Azərbaycan Respublikası MPM-nin 13.4-cü maddəsinə əsasən, barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Sadalanan qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, xüsusi icraat qaydasında baxılan ərizələrin geri qaytarılmasını müəyyən edən konkret norma olmadığından, iddia ərizələrinin geri qaytarılmasına dair münasibətləri nizama salan hüquq normaları tətbiq edilərək, ərizəçinin ərizəsi, iddia ərizəsinin geri qaytarılmasını müəyyən edən normaların tətbiq edilməklə geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 153.2.1-ci maddəsinə görə ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Qeyd edilən Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası MPM-nin 114.1.2-ci maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizənin icraata qəbulundan imtina edilirsə - ödənilmiş dövlət rüsumu qaytarılır. Beləliklə, məhkəmə şərh edilənlərə əsasən hesab edir ki, Ərizəçi ərizə ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət edilməsi üçün ödənilmiş 100 manat məbləğində dövlət rüsumu qaytarılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 152-ci maddəsini rəhbər tutaraq qəraraaldı: Ərizəçi - onun ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evində 1988-ci ildən daimi yaşaması faktının müəyyən edilməsinə dair hüquqi əhəmiyyəti faktın müəyyən edilməsi barədə ərizə geri qaytarılsın. Qərardad və ərizəyə əlavə olunmuş sənədlər ərizəçiyə rəsmi qaydada verilsin. Ərizəçi tərəfindən ərizə ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət edilməsi üçün "xxxx" ASC vasitəsi ilə xx.xx.2025-ci il tarixdə 21864 saylı qəbzə əsasən ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu qaytarılsın. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) şikayət verilə bilər. Hakim: Aynur Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar