Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-4660/2021 25.06.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, Səfərzadə Kənan Muxtar oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı mənzilə istifadə hüququnun itirilməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh qarşı – ünvan 1 ünvanında yerləşən mənzilindən istifadə hüququnun itirilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən mənzil uzun illərdir ki, iddiaçının mülkiyyətindədir. Bu hüquqlarının həyata keçirilməsi üçün Bakı şəhər İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş MH seriyalı 114478 nömrəli, 20.11.1997-ci il tarixli Qeydiyyat Vəsiqəsinə əsasən iddiaçının xüsusi mülkiyyəti hesab edilir. Cavabdeh oğlu X1 qızıdır. Yəni iddiaçının nəvəsi hesab edilir. Cavabdeh 2011-ci il tarixdə ailə quraraq iddiaçının mənzilindən gəlin köçmüşdür. 10 ildən artıq müddətdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsində ər evində yaşayır. Cavabdehin iddiaçının mənzilində qeydiyyatda olması iddiaçının mülkiyyətçi kimi hüquqlarını məhdudlaşdırır, əlavə kommunal xərclər yaradır. Mülkiyyəti ilə bağlı hər hansı əqdi könüllü olaraq bağlaya bilmir. İddiaçı məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. İş materiallarından müəyyən olunmuşdur ki, Bakı şəhəri, Xətai rayonu, Sarayev küçəsində yerləşən 14 saylı evin 37 saylı mənzili İddiaçı adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmişdir və bu barədə reyestr kitabında 1997-ci il tarixdə qeydiyyat aparılmışdır (AR Bakı şəhəri icra hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinin MH seriyalı 114478 nömrəli Qeydiyyat Vəsiqəsi). Cavabdeh Bakı şəhəri, Xətai rayonu, Sarayev küçəsində yerləşən 14 saylı evin 37 saylı mənzildə yaşayış yeri üzrə qeydiyyatdadır (Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli 27.04.2021-ci il tarixli arayış). Mülki iş üzrə şahid qismində dindirilmiş X2 məhkəmə iclasında ifadə verərək bildirdi ki, 38 ildir ki, iddiaçı ilə qonşudur, cavabdeh iddiaçının nəvəsidir. Təxminən 7-8 ildir ki, ailə həyatı quraraq ərinin evinə köçmüşdür və Bakı şəhəri, ünvan 2 ünvanda hal-hazırda iddiaçı, onun oğlu, gəlini və nəvələri yaşayır. Mülki mübahisənin hüququ əsasını təşkil edən “Azərbaycan SSR Mənzil məcəlləsinin təsdiq edilməsi haqqında” 8 iyul 1982-ci il tarixli Azərbaycan Sovet Sosialist Respubliksının Qanunu ilə təsdiq edilmiş Mənzil Məcəlləsinin 53-cü maddəsinə əsasən icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həddi-büluğa çatmış ailə üzvləri göstərilən müqavilədən irəli gələn öhdəliklər üzrə icarədar ilə müştərək əmlak məsuliyyəti daşıyırlar. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar. Həmin Məcəllənin 123-cü maddəsinə əsasən yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ; ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddibuluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinə uyğun olaraq, şəxsin, müəyyən edildiyindən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnu itirmiş hesab edilməsi, kirayədarın və ya həmin sahədə yaşamağa qalmış digər daimi istifadəçilərin iddiası üzrə məhkəmə qaydasında həyata keçirilir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsinə görə, icarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə yaşayış sahəsini icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. «Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 12 mart 1999-cu il tarixli Qərarının 2-ci bəndinə müvafiq olaraq, Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 60-cı maddəsinin İ hissəsi məhkəmələr tərəfindən tətbiq edilərkən nəzərə alınmalıdır ki, Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 87-ci maddəsində və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında göstərilən əsaslar müəyyən edilmədikdə icarədarın və ya onun ailə üzvlərinin müvəqqəti, o cümlədən altı aylığa və daha uzun müddətə başqa yerə getməsi bu şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir. Göründüyü kimi şəxsin yaşayış sahəsindən istifadə hüququnun itirmiş hesab edilməsi həmin şəxsin daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdiyi və ya həmin yaşayış məntəqəsində başqa yaşayış sahəsinə köçdüyü müəyyən edildiyi halda mümkündür. Məhkəmə prosesi zamanı cavabdehlərin daimi yaşamaq üçün mübahisəli mənzildən 8 ildir ki köçdüyü sübut edilmişdir. Sadalananları əsas gətirərək, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir iddia əsaslı hesab edilərək təmin edilməli, Cavabdeh Bakı şəhəri, Xətai rayonu, Sarayev küçəsi, ev 14, 37 nömrəli mənzildən istifadə hüququ itirilmiş hesab edilməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcələsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh Bakı şəhəri, Xətai rayonu, Sarayev küçəsi, ev 14, 37 nömrəli mənzildən istifadə hüququ itirilmiş hesab edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Əminə Abbasova
Məhkəmə qərarları › İş №2(011)-4660/2021
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-4660/2021
25.06.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver