Məhkəmə qərarları › İş №2(011)-4683/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №2(011)-4683/2024

20.06.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - İş stajı faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(011)-4683/2024 20.06.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Həsənova Elnarə Daşdəmir qızının katibliyi, Ərizəçi, Maraqlı şəxsin nümayəndəsi X2 iştirakı ilə, Ərizəçi Maraqlı şəxs qismində cəlb edilməklə hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi 1976-cı ilin iyul-1977-ci ilin dekabr, 1979-cu ilin dekabr-1984-cü ilin avqust aylarında Ermənistan Respublikasının Qafan şəhərində yerləşən avtobazada sürücü. 1984-cü ilin sentyabr ayından 1993-cü ilin avqust ayının 31-dək Qubadlı Rayon Maddi Texniki Təchyizat və Mexanikləşdirilmə birliyində sürücü vəzifəsində işləməyi barədə hüquqi faktın təsdiq edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə ərizəni və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, mülki iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir. Məhkəmə yuxarıda qeyd edilənləri nəzərə alaraq hesab edir ki, hazırkı iddia ərizəsinə ümumi məhkəmədə baxılmalı olmadığından, iş üzrə icraata xitam verilməlidir. Belə ki, ərizənin məzmunundan da göründüyü kimi, ərizəçi 1976-cı ilin iyul ayından 1977-ci ilin dekabr ayınadək, 1979-cu ilin dekabr ayından 1984-cü ilin avqust ayınadək və 1984-cü il sentyabr ayıbdan xx.xx.1993-cü il tarixədək işləməsi barədə hüquqi əhəmiyyətli faktın təsdiq olunmasını tələb edir. Lakin, maraqlı şəxsin nümayəndəsi tərəfindən məhkəmənin hazırlıq iclasında verilmiş ərizəçiyə məxsus MT-İ seriyalı ******* nömrəli əmək kitabçasının surətindən müəyyən edilir ki, ərizəçinin işlədiyi dövrlər aşağıdakı kimi qeyd edilmişdir: “xx.xx.1976-cı il tarixdə - Ermənistan SSR Qafan şəhər avtobazasında sürücü vəzifəsində işləyir”; “xx.xx.1977-ci il tarixdə - hərbi çağırışla əlaqədar olaraq tutduğu vəzifədən azad edilir”; “xx.xx.1980-ci il tarixdə - hərbi xidmətdən qayıtdığına görə avtobazada çilingər vəzifəsinə qəbul edilmişdir”; “xx.xx.1984-cü il tarixdə - ərizəsinə əsasən həmin tarixdən etibarən “QAZ-52” markalı avtomobilin sürücüsü işləyib”; “xx.xx.1989-cu il tarixdə - Azərbaycan SSR XACK xx.xx.1989-cu il tarixli 118 nömrəli əmrinə əsasən 52 nömrəli idarə ləğv edilir yeni adla qəbul edilsin” “xx.xx.1989-cü il tarixdə ” Qubadlı rayon MTT və Mexanikiləşdirmə birliyinə sürüyü təyin edilib”; “xx.xx.1993-cü il tarixdə - Qubadlı rayon X3 və X1 sürücü vəzifəsindən azad olunsun”; “xx.xx.1993-cü il tarixdə - 6 nömrəli Avtodəstəyə BCD kateqoriyası ilə 4-cü dərəcəli sürücü vəzifəsinə qəbul edilb”; “xx.xx.1999-cu il tarixdə AR ƏQM-nin 28-ci maddəsinin “a” bəndinə (müəssisənin ləğv edilməsinə) əsasən işdən azad edilib”. Yuxarıda qeyd edilənlərdən də göründüyü kimi, ərizəçinin məhkəmə tərəfindən təsdiq edilməsini xahiş etdiyi işlədiyi dövrlər ərizəçinin əmək kitabçasında öz əksini tapmışdır. Ərizəçinin təsdiq edilməsini xahiş etdiyi əmək stajı əmək kitabçasında mövcud olan qeydlər əsasında öz təsdiqini tapdığından həmin müddətlər ərzində ərizəçinin işləməsi faktı yenidən məhkəmə tərəfindən təsdiq edilə bilməz. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsi də tələb edir ki, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Ərizəçinin tələb etdiyi əmək stajının əmək kitabçasında tarixi ardıcıllıqla göstərilməsi onun tələb etdiyi hüquqi faktın təsdiqi ilə bağlı lazımi sübutu artıq əldə etməsi deməkdir. Ərizəçinin ərizəsində göstərdiyi iş satjının müddətinin rəsmi sənədlə (əmək kitabçası) sübuta yetirildiyindən, onun yenidən hüquqi fakt kimi təsdiq edilməsi isə MPM-nin 308-ci maddəsinin tələbinə ziddir. Məhkəmə qeyd edir ki, əriəçinin iş satjının müddəti rəsmi sənədlə təsdiq edildiyi mübahisə həmin müddətin inzibati orqan tərəfindən düzgün hesablanmaması, yaxud hər hansı müddətin nəzərə alınmaması ilə bağlı ola bilər ki, bu halda mübahisəyə ümumi məhkəmədə deyil, inzibati məhkəmədə baxılmalıdır. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli 3 nömrəli Qərarının 1.2 və 1.4-cü bəndlərində qeyd edilir ki, hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. Lazımi sənədin alınmasının mümkünsüzlüyü dedikdə qanunvericilikdə bu və ya digər faktın qeydiyyatı qaydasının nəzərdə tutulmaması (məsələn, şəxsin öhdədə olması faktı), yaxud da faktın qeydiyyatı qaydasına riayət edilməməsi və mövcud şəraitdə belə qaydadan istifadə olunmasının qeyri-mümkünlüyü (məsələn, atalığın etiraf olunması faktı, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktı) nəzərdə tutulur. İtən sənədlərin bərpasının mümkünsüzlüyü dedikdə belə sənədin itməsi və ya məhv olması nəticəsində müvafiq orqan tərəfindən həmin sənədin dublikatının verilməsinin mümkün olmaması başa düşülür. Həmin Qərarın 13.2-ci və 13.3-cü bəndlərində qeyd edilir ki, əmək stajını təsdiq edən sənədlər (əmək kitabçası, əmək stajını təsdiq edən arxiv arayışı, müəssisənin verdiyi arayış və s.) mövcuddursa, bu halda hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi üçün zəruri olan şərtlər istisna edildiyindən əmək stajının məhkəmə qaydasında müəyyən edilməsi yolverilməzdir. Əmək kitabçasında və iş stajını təsdiq edən digər sənədlərdə işçinin əmək fəaliyyətinin qeyd edilməsinə baxmayaraq, həmin dövrün müxtəlif səbəblərdən sosial sığorta stajı kimi nəzərə alınmaması barədə DSMF orqanlarının imtinası həmin dövrün iş stajının hüquqi əhəmiyyətli fakt kimi məhkəmə qaydasında müəyyən edilməsi üçün əsas deyildir. Bu halda, həmin dövrlərin sosial sığorta stajı kimi nəzərə alınmaqla, müvafiq pensiyanın təyin edilməsi üçün DSMF orqanlarına qarşı inzibati məhkəmə icraatı qaydasında iddia qaldırılmalı və həmin sənədlərin mötəbərliyinə həmin icraatda qiymət verilməlidir. Azərbaycan Respublikası İPM-nin 2.1-ci maddəsinə əsasən qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 nömrəli, 10 aprel 2015-ci il tarixli qərarının 15.4-cü bəndində isə göstərilir ki, eyni ilə, inzibati və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi MPM-də nəzərdə tutulmamışdır. Bu səbəblə nəzərə alınmalıdır ki, inzibati məhkəməyə aid iddia ərizəsi ümumi məhkəməyə verilmişdirsə, MPM-in 153.2, 153.2.1-ci maddələrinə əsasən, ərizəyə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina olunmalı, inzibati məhkəməyə aid iş səhvən ümumi məhkəmənin icraatına qəbul edilmişdirsə, MPM-nin 261.0, 261.0.1-ci maddələrinə əsasən, işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, hazırki iddia tələbinə ümumi məhkəmələrdə baxılmalı olmadığından iş üzrə icraata xitam verilməli və ərizəçiyə əmək stajının yenidən hesablanması ilə bağlı Dövlət Sosial Müdafiə Fonduna müraciət etməsi, sonuncunun imtinası ilə bağlı hərəkətlərindən inzibati məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. AR Mülki Prosessual Məcəlləsinin 261.0.1. iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Həmin Məcəllənin 262.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadından şikayət verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 191-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Ərizəçi Maraqlı şəxs qismində cəlb edilməklə hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Ərizəçiyə pensiya hüququnun təmin edilməsi üçün müvafiq inzibati orqana müraciət etmək hüququnun olması izah olunsun. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Xətai rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Pərviz Zamanlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar