Məhkəmə qərarları › İş №2(011)-4697/2020

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-4697/2020

19.11.2020 · Mənzil mübahisələri - Mənzilə köçürmə - Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-4697/2020 19.11.2020 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Cəfərzadə Fərid Zülfəli oğlunun katibliyi, İddiaçının etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “mənzilə istifadə hüququnun tanınması və mənzilə köçürülmə” tələbinə dair iddia tələbi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçının, övladları Nilay, Gülay və Raulun Bakı şəhəri, Xətai rayonu, S.Əhmədov küçəsində yerləşən 28 saylı evin 10 saylı mənzilinə istifadə hüquqlarının tanınması və həmin mənzilə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx xxxxx 2013-cü ildə Bakı şəhəri Xətai rayon Qeydiyyat şöbəsində 513 saylı aktla Cavabdeh ilə rəsmi nikaha daxil olmuşdur. Nikaha daxil olandan sonra iddiaçı cavabdehin anası X2 məxsus Xətai rayonu, S.Əhmədov küçəsində yerləşən 28 saylı evin 10 saylı mənzilinə gəlin köçmüşdür. Həmin mənzil dörd otaqdan ibarətdir. Mənzilin bir otağı, dəhlizi və mətbəxi onların, qalan üç otağı isə iddiaçının baldızı Reyhanın istifadəsindədir. Tərəflərin birgə nikahından xx xxxxxxxx 2014-cü il təvəllüdlü Nilay, xx xxxxxxx 2015-ci il təvəllüdlü Gülay və xx xxxxxx 2018-ci il təvəllüdlü Raul adlı üç övladları doğulmuşdur. İddiaçı gəlin köçdüyü mənzildə daimi olaraq əri və uşaqları ilə birgə yaşamışdır. Həmin evdə hal-hazırda iddiaçının keçmiş əri, onun bacısı X3, onların qohumu X5, tərəflərin övladları Nilay, Gülay və Raul qeydiyyatdadırlar. Hal-hazırda iddiaçı və cavabdehin xx xxxxxx 2020-ci il tarixdən nikahları pozulmuşdur. Məhkəmənin qərarı ilə üç azyaşlı uşaqları iddiaçının himayəsinə verilmişdir. Həmin mənzil üzərində heç bir mülkiyyət hüququ qeydiyyata alınmamışdır. Tərəflərin nikahı pozulduqdan sonra cavabdehin tələbi ilə iddiaçı uşaqlarını da götürüb, həmin mənzildən çıxıb ata evinə sığınmışdır. Qayınanası 2014-cü ildə vəfat etmişdir, sözügedən mənzilin faktiki sahibi cavabdehdir. İddiaçı həmin mənzilə gəlin köçdükdən nikahları pozulana qədər mənzilin kommunal xərclərini iddiaçının valideynləri ödəmişlər. Məhkəmə iclasında iddiaçının etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək onun təmin olunmasını xahiş etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmuş cavabdeh məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının etibarnamə üzrə nümayəndəsi və vəkilinin izahatlarını dinləyib, işin faktiki hallarını araşdıraraq, toplanmış və məhkəmədə tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, işin müəyyən olunmuş və mübahisələndirilməyən hallarına əsasən, iddiaçı cavabdeh ilə xx xxxxx 2013-cü il tarixdə rəsmi nikaha daxil olaraq sonuncunun anasına məxsus olan Bakı şəhəri, Xətai rayonu, S.Əhmədov küçəsi, 28 saylı evin 1 saylı mənzilinə gəlin köçmüş, birgə nikahlarından onların xx xxxxxxxx 2014-cü il tarixdə Nilay, xx xxxxxxx 2015-ci il tarixdə Gülay və xx xxxxxx 2018-ci il tarixdə Raul adını verdikləri uşaqları dünyaya gəlmiş, 2020-ci ilə qədər həmin evdə yaşayan iddiaçı bu tarixdən sonra münasibətləri pisləşdiyi üçün evdən getmiş (iddiasına görə qovulmuş), onunla cavabdehin arasındakı nikah Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə pozulmuşdur. İddiaçı mübahisəli mənzildə pasport qeydiyyatında deyildir. İş materiallarında olan Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş xx xxxxx 2020-ci il tarixli sorğuya cavab məktubundan görünür ki, Bakı şəhəri, Xətai rayonu, S.Əhmədov küçəsi, ev 28, 10 saylı mənzil xx xxxxxxx 1999-cu il tarixli alğı-satqı müqaviləsinə əsasən X1 adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. X4 xx xxxxxx 2014-cü ildə vəfat etmişdir. Məhkəmə iddiaçının istifadə hüququnun tanınmasını istədiyi evin hüquqi statusuna münasibət bildirərək qeyd edir ki, ev cavabdehin vəfat etmiş anasının mülkiyyətində olmuşdur. Cavabdehin anası 2014-cü ildə vəfat etmiş və iş materiallarına əlavə edilmiş sənədlərdən də göründüyü kimi cavabdeh tərəfindən mülkiyyətə qəbul edilməmişdir. Azərbaycan Respublikası MPM-in 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxxx 2013-cü il tarixli Qərarında deyilir ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 30.2-ci maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. İstinad edilən normadan göründüyü kimi, mənzildən istifadə hüququnun yaranması üçün köçürülən şəxslər mülkiyyətçinin ya ailə üzvləri (arvadı, uşaqları, valideynləri), ya mülkiyyətçinin digər qohumları, və yaxud da mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürülmüş onun himayəsində olan əmək qabiliyyəti olmayanlar olmalıdırlar. O da qeyd edilməlidir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2014-cü il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. Məhkəmə yuxarıda sadalananlara əsasən belə hesab edir ki, iddiaçı mübahisəli mənzilə mənzilin mülkiyyətçisi sağ olduğu dövrdə gəlin köçmüş və müəyyən müddət orda yaşamışdır. 2020-ci ilin əvvəllərinədək həmin mənzildə ailə üzvləri ilə birlikdə yaşamışdır. Daha sonra cavabdehlə münasibətləri pisləşdiyindən istinad etdiyinə görə cavabdeh onu evdən qovmuşdur. Bu günki günə cavabdehin mübahisəli evlə bağlı hər hansı hüququnun olması məhkəmə araşdırması zamanı aşkar edilməmişdir. Odur ki, məhkəmə belə qənaətə gəlir ki, iddiaçının mübahisəli mənzilə münasibətdə istifadə hüququ yaranmadığından, iddiaçının, övladları Nilay, Gülay və Raulun Bakı şəhəri, Xətai rayonu, S.Əhmədov küçəsində yerləşən 28 saylı evin 10 saylı mənzilinə istifadə hüquqlarının tanınması və həmin mənzilə köçürülməsi barədə iddia tələbi rədd edilməlidir. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. İş materiallarında olan qəbzdən görünür ki, iddiaçı 10 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, məhkəmə dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, iddia tələbi rədd edildiyindən iddiaçı tərəfindən ödənilmiş 10 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı iddiaçının, övladları Nilay, Gülay və Raulun Bakı şəhəri, Xətai rayonu, S.Əhmədov küçəsində yerləşən 28 saylı evin 10 saylı mənzilinə istifadə hüquqlarının tanınması və həmin mənzilə köçürülməsi barədə iddia tələbi rədd edilsin. İddiaçı tərəfindən ödənilmiş 10 (on) manat dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar