Məhkəmə qərarları › İş №2(011)-4731/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-4731/2021

05.07.2021 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-4731/2021 05.07.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədliyi, Məhkəmə iclas katibi Səfərzadə Kənan Muxtar oğlunun katibliyi İddiaçı, Cavabdeh1 iştirakı ilə, İddiaçı Cavabdeh1 və digərlərinə qarşı mənzildən çıxarılma və pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı cavabdehlərin iddiaçı məxsus Bakı şəhəri, Xətai rayonu, General Şixlinski küçəsində yerləşən 39a nömrəli evin 20 nömrəli mənzilindən çıxarılması, kirayə haqqında görə 750 manat məbləğində borcun Cavabdeh1 tutularaq iddiaçıya ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Xətai rayonu, General Şixlinski küçəsində yerləşən 39a nömrəli evin 20 nömrəli mənzil iddiaçının xüsusi mülkiyyətindədir. Həmin mənzildə uzun müddətdir ki, Cavabdeh1 ailəsi ilə birlikdə kirayə yaşayır. İddiaçı qonşuların etdikləri şikayətlərə görə cavabdehlərin mənzili boşaldaraq ona təhvil verilməsini xahiş etmiş, lakin cavabdehlər iddiaçının müraciətinə məhəl qoymayaraq, 3 aydan uzun müddətdir ki, mənzildən çıxmırlar. Cavabdeh1 3 aya görə 750 manat məbləğində kirayə haqqını da ödəmək istəmir. İddiaçı hesab edir ki, cavabdehlərin iddiaçının evində yaşamaqları iddiaçının qeyd edilən mənzilə dair sərəncam vermək hüququnu həyata keçirilməsini imkansız edir, bu isə iddiaçının mülkiyyət hüququnu məhdudlaşdırır. İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh1 məhkəmə iclasında iddiaya etiraz edərək məhkəmədən iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə iclasında verdiyi izahatında o, göstərdi ki, iddiaçı ilə arasında olan şifahi razılaşmaya əsasən, o, nisyə alqı-satqı müqaviləsi ilə öz adına 4000 manat dəyərində məişət texnikasını almış və onları kirayə haqqı əvəzi olaraq iddiaçıya vermişdir. Bunun müqabilində cavabdeh ailəsi ilə birlikdə yuxarıda qeyd edilən mənzildə fevral ayından sonra 6 ayadək qalacaqdırlar. Lakin iddiaçı hal-hazırda aralarında olan razılaşmanı pozur. Belə olan halda cavabdehin öhdəsində iddiaçıda olan məişət texnikasının dəyərini ödəmək vəzifəsi qalmaqla yanaşı, o, mənzili tərk edib, başqa mənzilə görə əlavə kirayə haqqı ödəmək məcburiyyətində qalacaqdır. Digər cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını və mülki iş üzrə təqdim edilmiş sübutları araşdıraraq belə qənaətə gəlir ki, iddia əsaslı hesab edilərək təmin edilməlidir. Belə ki, iş materiallarında olan RX seriyalı, ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, General Şixlinski küçəsində yerləşən 39a nömrəli evin 20 saylı mənzil İddiaçı məxsusdur. İş materiallarında olan İddiaçı ilə Cavabdeh1 arasında bağlanılmış 10.09.2015-ci il tarixli Daşınmaz əmlakın icarəyə verilməsi haqqında müqavilənin surətindən görünür ki, icarədar İddiaçı Bakı şəhəri, General Şixlinski küçəsi, 39a nömrəli evin 20 nömrəli mənzilini ayda 300 manat məbləğində 6 -12 ay müddətinə icarəyə verir, icarəçisi isə 300 manat məbləğində icarə haqqını hər ayın 15-i icarədara ödəyir. Beləliklə mülki işin məhkəmə araşdırması zamanı, tərəflərin izahatları və iş üzrə təqdim edilmiş sübutlara əsasən mübahisəsiz qaydada müəyyən edilmişdir ki, Bakı şəhəri, Xətai rayonu, General Şixlinski küçəsində yerləşən 39a nömrəli evin 20 nömrəli mənzil İddiaçı məxsusdur. O, həmin mənzili 10.09.2015-ci il tarixində həmin mənzili Cavabdeh1 6-12 ay müddətinə icarəyə vermiş, icarə haqqı 300 manat məbləğində müəyyən edilmişdir. Daha sonra tərəflər kirayə müqaviləsinin müddətinin uzadılması və kirayə haqqının 250 manat məbləğində müəyyən edilməsi barədə şifahi qaydada razılaşmışdırlar. Cavabdeh1 tərəfindən 2020-ci ilin fevral ayından ödəniş edilməmişdir. Cavabdeh1 məhkəmə iclasında qeyd edilən 3 ay və sonrakı aylara görə ödənişi, əvvəlcədən, öz adına aldığı məişət texnikasını iddiaçıya təhvil verərək ödədiyini bildirsə də, istinad edilən halları təsdiq edəcək sübutları məhkəməyə təqdim edilməmişdir. Odur ki, məhkəmə bu halı mövcud olmayan kimi rədd edir. Mülki mübahisənin hüquqi əsasını təşkil edən Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ bəndində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Yenə Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ—subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Mülki Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 30 mart 2006-cı il tarixli Qərarının 23- 6 cü bəndində göstərilir ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1ci hissəsində təsdiq edilmişdir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət toxunulmazlığı təkcə başqalarının şəxsin subyektiv hüquqlarına qəsd etməməsini tələb etmək hüququnu deyil, həm də dövlətin mülkiyyəti qeyri-qanuni qəsdlərdən mühafizə etmək vəzifəsini nəzərdə tutur. Yuxarıda göstərilənlərdən aydın olur ki, hər bir vətəndaşın mülkiyyət hüququ dövlət tərəfindən tanınan və qorunan müstəsna hüquqdur. Şəxsin mülkiyyət hüququ toxunulmazdır və kənar müdaxilələrdən mühafizə edilməlidir. Beləliklə də, cavabdehlərin iddiaçının mülkiyyətçisi olduğu mübahisəli mənzildə icarə müqaviləsi üzrə icarə haqqını ödəməsinə dair öhdəliklərini yerinə yetirməyərək mülkiyyətçinin iradəsinə zidd olaraq hər hansı bir əsas olmadan çıxmamaları iddiaçının mülkiyyət hüququnun pozuntusu kimi qiymətləndirilməlidir. Odur ki, iddia cavabdehlərin iddiaçıya məxsus Bakı şəhəri, Xətai rayonu, General Şixlinski küçəsində yerləşən 39a nömrəli evin 20 nömrəli mənzildən çıxarılması hissəsində təmin edilərək, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 yuxarıda qeyd edilən mübahisəli mənzildən məcburi qaydada çıxarılmalıdırlar. Məhkəmə qeyd edir ki ki, iddiaçının cavabdehdən tələb etdiyi 750 manat kirayə haqqı barəsində iddia tələbinin əsasını əldən çıxmış fayda təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 dekabr 2014-cü il tarixli Qərarında qeyd etmişdir ki: “Kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər.” Yuxarıda göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, iddia tələbi 750 manat məbləğində icarə haqqının Cavabdeh1 iddiaçının xeyrinə tutulması hissəsində əsaslıdır. Odur ki, əldən çıxmış fayda kimi 750 manat məbləğində pul vəsaiti Cavabdeh1 iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək və məhkəmə prosesi zamanı müəyyən edilmiş mülki işin həqiqi hallarına əsaslanaraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddiq təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh3 və Cavabdeh2 İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, General Şixslinski küçəsində yerləşən 39a saylı evin 20 saylı mənzilindən məcburi qaydada çıxarılsınlar. Cavandeh Cavabdeh1 750 (yeddi yüz əlli) manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Əminə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar