Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-4735/2025 27.08.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi-vəkili Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “mənzilə köçürülmə və s.” barədə iddia tələbi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun mənzilə köçməyi, mənzildən istifadə etmə hüquqlarının müəyyən və bərpa edilməsi üçün qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, atası X1 15 fevral 2017-ci ildə vəfat etdikdən sonra Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1134-cü maddəsinin tələblərinə uyğun olaraq ondan miras qalan, ünvan 1 ünvanda yerləşən sahəsi 71,13 kv.m olan 3 otaqlı mənzilə ½ hissədə vərəsəlik payını qəbul etmiş və 14 oktyabr 2022-ci ildə həmin mənzilə reyestrdən çıxarış almışdır. Lakin digər vərəsə bacısı Cavabdeh onun mənzilə daxil olmağına və mənzildən istifadə etməyinə mane olur. Bu da onun mülkiyyət hüquqlarının pozulmasına gətirib çıxardır. Sonda İddiaçı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi-vəkili Vəkil iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, evdə hazırda cavabdeh yaşayır, tərəflər arasında münaqişə vardır, birgə yaşamaqları mümkün deyil, ona görə də, köçürülmə tələbinə etiraz edirlər, iddiaçı özü də münaqişə olduğunu digər işdə bildirmişdir. Sonda Vəkil iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə, tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş Çıxarışdan görünür ki, ünvan 2 ünvanda yerləşən ümumi sahəsi 71,13 kv.m olan mənzil ½ hissədə xx.xx.2022-ci il tarixdə İddiaçı adına, ½ hissədə xx.xx.2023-cü il tarixdə Cavabdeh adına xüsusi mülkiyyət kimi qeydiyyata alınmışdır. İş materiallarında olan Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-1149/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı “mülkiyyətdə olan mənzilin hərrac yolu ilə satılması və digər” barədə iddia tələbi təmin edilməmişdir. Həmin qətnamə ilə işin faktiki hallarından görünür ki, ünvan 2 ünvanında yerləşən mənzil (bundan sonra – Mənzil) tərəflərin ataları Faiq Hacıyevə məxsus olmuş, onun ölümündən sonra Mənzilə dair qanun üzrə vərəsəlik qaydasında ½ hissədə iddiaçının payı müəyyən edilmiş, qalan ½ hissədə isə açıq qalmışdır. İddiaçının paylı mülkiyyət hüququ xx.xx.2022-ci il tarixdə (qeydiyyat nömrəsi: **********) dövlət qeydiyyatına alınmışdır. Faiq Hacıyevin qanun üzrə vərəsələri iddiaçı və cavabdehdir. Mənzildə hazırda cavabdeh yaşayır. İş materiallarında olan Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-3705/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsindən görünür ki, İddiaçı Cavabdeh qarşı “ünvan 2 ünvanında yerləşən 71,13 kv.m, 3 otaqlı mənzilinin ona məxsus ½ hissəli payının natura şəklində ayrılması” barədə iddia tələbi rədd edilmişdir. İş materiallarında olan Qəbzdən görünür ki, İddiaçı tərəfindən cəmi 100 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, ünvan 2 ünvanında yerləşən 71,13 kv.m, 3 otaqlı mənzil ½ hissədə xx.xx.2022-ci il tarixdə İddiaçı adına, ½ hissədə xx.xx.2023-cü il tarixdə Cavabdeh adına xüsusi mülkiyyət kimi qeydiyyata alınmışdır, hazırda həmin evdə cavabdeh yaşayır, iddiaçı həmin mənzilə köçürülməsi barədə məhkəməyə müraciət etmişdir. Bununla belə, İddiaçı mülkiyyətindən istifadə etməsinə, yaxud qanunla müəyyən edilmiş qaydada ondan yararlanmaq hüququnun məhdudlaşdırılmasına əsas ola biləcək hallar məhkəmə tərəfindən müəyyən edilmədi. Məhkəmə qeyd edir ki, qanun paylı mülkiyyətin hər bir mülkiyyətçisinin hüquq və vəzifələrini bərabər tanımaqla, digər mülkiyyətçilərin hüquqları ilə bir sığan (uzlaşan) dərəcədə onların öz əmlaklarından istifadə etmək, həmin əmlaka sahiblik etmək və barəsində sərəncam vermək hüquqlarını imperativ olaraq müəyyən etmişdir. Hazırkı iş üzrə, iddiaçı köçürülməyini tələb etdiyi mənzilin paylı mülkiyyətçisi olmaqla, öz mülkiyyətindən istifadə və sahiblik hüququna malikdir, onun bu hüquqları hər hansı əsasla məhdudlaşdırıla bilməz. Belə olan halda, məhkəmə hesab edir ki, iddiaçının mənzil köçürülmə barədə tələbi əsaslıdır və təmin edilməlidir. Məhkəmə, iddia tələbinin mənzilə istifadə hüququnun tanınması hissəsi ilə bağlı qeyd edir ki, hər kəs öz mülkiyyətində olan əmlakdan istifadə və sahiblik hüquqlarına malik olduğundan mənzildən istifadə hüquqlarının əlavə olaraq tanınmasına da zərurət yoxdur. Məhkəmə, cavabdehin dəlillərinə münasibətdə qeyd edir ki, insanı yaşadığı mənzildən qanunsuz məhrum etməyə yönələn hər hansı hərəkətin edilməsini bütün şəxslərə qadağan edir. Normanın mənası ondan ibarətdir ki, hüquqi dövlətdə bütün məhrumetmələrin əsasında qanun dayanmalıdır. Odur ki, mənzilə və digər bu kimi yerlərə köçürülmə barədə iddialar həll edilərkən ilk növbədə 3 hal aydınlaşdırılmalıdır: 1) şəxs köçmək istədiyi yerdə yaşayıbmı; 2) şəxs yaşadığı yerdən məhrum edilibmi; 3) məhrum edilmə qanunidirmi. Hazırkı işlə bağlı iddiaçının mənzilə hüquqlarının olduğu, lakin onun həmin mənzildə yaşamaq hüquqlarının məhdudlaşdırıldığı, mənzildən məhrum edildikləri məlumdur. Məhrumetmə o halda qanuni ola bilər ki, məhrum edilmə ilə nəticələnən hərəkətlərə (güc tətbiq etməklə mənzildən çıxarma, güc tətbiq etməklə mənzilə buraxmama və s.) yol verən şəxsin mənzil və digər kimi yerlər üzərində mülkiyyət hüququ, istifadə hüququ, icarə hüququ və ya digər hüququ olsun, eyni zamanda məhrumetmə tətbiq olunan şəxslərin hüququ olmasın. Hazırkı halda cavabdehlərin iddiaçıya qarşı törətdiyi məhrumetmə (mənzilə buraxmama) qanunsuzdur Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinə əsasən, heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəlləsinin 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin Məcəlləsinin 215.1-ci maddəsinə əsasən, paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir Həmin Məcəlləsinin 215.4-cü maddəsinə əsasən, hər bir mülkiyyətçi qalan mülkiyyətçilərin hüquqları ilə bir araya sığan dərəcədə əşyaya sahiblik, ondan istifadə və ona dair sərəncam vermək ixtiyarına malikdi Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 29.1-ci maddəsinə əsasən, yaşayış sahəsinin mülkiyyətçisi ona mülkiyyət hüququ əsasında məxsus olan yaşayış sahəsi barəsində onun təyinatına uyğun olaraq və bu Məcəllə, həmçinin digər qanunlarla müəyyən edilmiş hüdudlarda sahiblik, istifadə və sərəncam vermək hüquqlarını həyata keçirir Həmin Məcəllənin 30.1-ci maddəsinə əsasən, yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 30.2-ci maddəsinə əsasən, əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi təmin edilməli, İddiaçı Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, ev 113, 66 saylı mənzilə köçürülməlidir. Məhkəmə, məhkəmə xərclərinin ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli olmasını nəzərə alaraq hesab edir ki, iddia tələbi təmin edildiyindən, cavabdehin dövlət rüsumunu ödəməkdən azad olunması halları məhkəmə tərəfindən müəyyən olunmadığından dövlət rüsumu kimi ödənilmiş 100 manat məbləğində pul Cavabdeh alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. İddiaçı Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, ev 113, 66 saylı mənzilə köçürülsün. Dövlət rüsumunun əvəzi qismində 100 (yüz) manat Cavabdeh alınaraq İddiaçı verilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir ay) müddətində, Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev
Məhkəmə qərarları › İş №2(011)-4735/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-4735/2025
27.08.2025 · Mənzil mübahisələri - Mənzilə köçürmə - Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver