Məhkəmə qərarları › İş №2(011)-4736/2020

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-4736/2020

22.09.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Nikahın etibarsız sayılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-4736/2020 22.09.2020 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Cəfərzadə Fərid Zülfəli oğlunun katibliyi, İddiaçı, onun etibarnamə üzrə nümayəndəsi və vəkili X2, Cavabdeh iştirakları ilə , İddiaçı Cavabdeh qarşı “nikahın etibarsız hesab edilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla cavabdeh arasındakı xx xxxx 2020-ci ildə Bakı şəhəri Xətai rayon Qeydiyyat şöbəsində 40 nömrə ilə akt qeydləri kitabında qeyd olunmuş rəsmi nikahın etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdeh ilə ailəsi vasitəsilə tanış olmuşdur, onlar arasında nişan olmuş, toy gününün tarixi 2020-ci ilin mart ayına təyin edilsə də, məlum səbəblərdən toy təxirə salınmışdır. Cavabdehin və ailəsinin israrı ilə onlar münasibətlərini rəsmiləşdirmişlər. Onlar xx xxxx 2020-ci il tarixdə Bakı şəhəri Xətai rayon Qeydiyyat şöbəsində 40 saylı qeydlə nikahlarını rəsmiləşdirmişlər. Lakin mövcud vəziyyətlə əlaqədar olaraq toy etməmişlər. Elə həmin vaxtdan başlayaraq onların münasibətləri pisləşmişdir. Onlar xasiyyətlərinin uyğun olmadığını, gələcəkdə bir ailə kimi formalaşa bilməyəcəklərini anlamışlar. Onlar rəsmi nikah bağlandıqdan sonra ər-arvad kimi bir evdə yaşamamışlar, birgə təsərrüfat aparmamışlar. Hazırda tərəflərin arasındakı nişan pozulmuşdur, gələcəkdə barışmaları və bir ailə kimi münasibətlərinin davam etməsi qeyri-mümkündür. Məhkəmə iclasında İddiaçı, onun etibarnamə üzrə nümayəndəsi və vəkili X5 iddia tələbini müdafiə edərək onun təmin olunmasını məhkəmədən xahiş etdilər və iddia ərizəsinin məzmununa uyğun izahat verdilər. İddiaçı öz izahatında bildirdi ki, valideynlərinin məsləhəti ilə münasibətə razılıq vermişdir. Nikahdan sonra isə xasiyyətlərində fərqlilik ortaya çıxmışdır. Məhkəmə iclasında Cavabdeh iddia tələbinə etiraz etməyərək onun təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında şahid qismində çıxış edən iddiaçının atası X1 və anası X3 öz izahatlarında bildirdilər ki, cavabdeh Arzu Gərayevanın qardaşının oğlunun sinif yoldaşı olmuşdur. Onların yaxşı ailə olduğu qənaətinə gələrək iddiaçını məcbur etmiş və cavabdeh ilə ailə qurmağa razı salmışdırlar. Məhkəmə iclasında şahid qismində çıxış edən X6 öz izahatnda bildirdi ki, iddiaçı onun bibisinin nəvəsidir. Cavabdeh isə onun kürəkəninin sinif yoldaşıdır. Tərəfləri valideynlər tanış etmişlər. Ailə qurmağı təklif etmişlər. Lakin onların xasiyyətləri uyğun gəlmədiyi üçün iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Məhkəmə tərəflərin və şahidlərin izahatlarını dinləyib, işin faktiki hallarını araşdıraraq, toplanmış və məhkəmədə tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia rədd olunmalıdır. Belə ki, iş materiallarında olan sənədlərdən görünür ki, iddiaçı və cavabdeh xx xxxx 2020-ci il tarixdə nikahlarını bağlamışlar. Bakı şəhəri Xətai rayon Qeydiyyat şöbəsi tərəfindən xx xxxx 2020-ci il tarixli AZ-İİ 385076 seriya nömrəli nikah haqqında şəhadətnamə verilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İİ bəndinə əsasən, nikah könüllü razılıq əsasında bağlanılır. Heç kəs zorla evləndirilə (ərə verilə) bilməz. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 25-ci maddəsinə əsasən, nikah məhkəmə qaydasında etibarsız sayılır və etibarsız hesab edilmiş nikah onun bağlandığı gündən etibarsız sayılır. Həmin Məcəllənin 26.1.3-cü maddəsinə əsasən, nikah tərəflərdən birinin könüllü razılığı olmadan, yəni məcburiyyət, aldatma, yanılma nəticəsində və ya nikaha daxil olan şəxs nikahın bağlanmasının dövlət qeydiyyatı anında öz hərəkətlərinin mahiyyətini anlamaq və onları idarə etmək iqtidarında olmadıqda bağlanarsa nikah bağlanarkən hüquqları pozulmuş ər (arvad) nikahın etibarsız sayılmasını tələb etmək hüququna malikdir. Məhkəmə iş materiallarını araşdıraraq və tərəflərin izahatlarını dinləyərək belə hesab edir ki, hazırkı iş üzrə iddiaçı nikahın bağlanmasına könüllü razılığının olmadığını, valideynləri tərəfindən məcbur edildiyini məhkəmə araşdırması zamanı sübuta yetirə bilməmiş, bu hallarla bağlı hər hansı mötəbər sübutu təqdim etməmişdir. Belə ki, tərəflər aralarında bağlanmış nikahın qanunla müəyyən edilmiş qaydada qeydə alınmasına baxmayaraq onlar ər-arvad kimi bir evdə yaşamamaları və birgə təsərrüfat idarə etməmələrini əsas gətirmişlər. Lakin, məhkəmə araşdırması zamanı tərəflərin izahatları və şahid ifadələrindən müəyyən olunur ki, işin faktiki tərəfi tərəflərin xasiyyətlərinin uyğun gəlməməsidir və bu səbəbdən tərəflər nikah münasibətlərinə xitam vermək istəyirlər. Bu hal isə özlüyündə nikahın etibarsız sayılması üçün əsas deyildir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sadalanan mülki prosessual hüquq normalarının mənasına görə iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını, mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Beləliklə, məhkəmə belə hesab edir ki, iddia tələbi rədd edilməlidir. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. İş materiallarında olan ödəniş qəbzindən görünür ki, iddiaçı 10 manat dövlət rüsumu ödəmişdir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.4.9-cu maddəsinə əsasən nikahın və təkrar nikahın ləğv olunması haqqında iddia ərizələrindən 10 manat məbləğində dövlət rüsumu tutulur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, məhkəmə dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, iddia tələbi rədd olunduğundan ödənilmiş 10 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı onunla cavabdeh arasındakı xx xxxx 2020-ci ildə Bakı şəhəri Xətai rayon Qeydiyyat şöbəsində 40 nömrə ilə akt qeydləri kitabında qeyd olunmuş rəsmi nikahın etibarsız hesab edilməsi barədə iddia tələbi rədd edilsin. Ödənilmiş 10 (on) manat dövlət rüsumu İddiaçı özünə aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar