Məhkəmə qərarları › İş №2(103)-3594/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3594/2021

01.06.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə - Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3594/2021 01.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Məmmədova Şərafət Asif qızından və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, Cəfərova Şəfəq Natiq qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil2, Cavabdeh, onun nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “yaşayış sahəsinə köçürülmə və əmlak tələbinə dair” 2(001)- 5120/2020 saylı mülki iş üzrə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 25.11.2021-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 09.03.2015-ci il təvəllüdlü X7 və 25.09.2019-cu il təvəllüdlü X9 ilə birlikdə Bakı şəhəri Binəqədi rayonu Xocasən qəsəbəsi Ramiz Allahverdiyev küçəsində yerləşən fərdi yaşayış evinə köçürülməsi, iddiaçıya hədiyyə kimi verilən, iddiaçıya və övladlarına məxsus cəmi dəyəri 15980 manat olan aşağıda sadalanan qızıl əşyalarının - 750 əyarlı 28 qram qızıldan hazırlanan brilyant qaşlı kolye boyunbağından, bilərzikdən, sırğadan, üzükdən ibarət 3000 manat dəyərində Damla qızıl dəsti, 750 əyarlı 7 qram qızıldan hazırlanan sırğa və 750 əyarlı 6 qram qızıldan hazırlanan üzükdən ibarət dəyəri 1300 manat olan romb formalı dəst, dəyəri 2700 manat olan 916 əyarlı 8 qram qızıldan hazırlanan boyunbağı və 916 əyarlı 8 qram qızıldan hazırlanan klon, 583 əyarlı 11 qaram qızıldan hazırlanan dəyəri 880 manat olan paxlava formalı boyunbağı, 585 əyarlı 2 qram qızıldan hazırlanan Ramiz adı yazılan dəyəri 150 manat olan bilərzik, 585 əyarlı 2 qram qızıldan hazırlanan Şura adı yazılan dəyəri 150 manat olan bilərzik, 750 əyarlı 8 qram qızıldan hazırlanan Şura adı yazılan dəyəri 700 manat olan boyunbağı, 750 əyarlı 10 qram qızıldan hazırlanan Aysel, Ramiz, Qara adları yazılan dəyəri 900 manat olan boyunbağı, 750 əyarlı 11 qram qızıldan hazırlanan ürək formalı dəyəri 1200 manat olan bilərzik, 750 əyarlı 10 qram qızıldan hazırlanan zəncir formalı dəyəri 1050 manat olan bilərzik, 750 əyarlı 10 qram qızıldan hazırlanan zəncir formalı dəyəri 1050 manat olan boyunbağı, 750 əyarlı 8 qram qızıldan hazırlanan dəyəri 1200 manat olan nişan üzüyü, 750 əyarlı 9 qram qızıldan hazırlanan dəyəri 950 manat olan bir cüt brilyant qaşlı sırğa, 585 əyarlı 2 qram qızıldan hazırlanan dəyəri 150 manat olan bir cüt uşaq üçün sırğa, 600 manat dəyərində Çeyrek altun (Atatürk şəkilli) 2 ədəd sarı qızılın, 4 qram, (qəpik formasında) türk qızılının, bundan başqa iddiaçıya məxsus Samsunq A8 markalı telefonun və pul kartının cavabdehdən alınıb iddiaçıya verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdehlə 18.03.2014-cü il tarixdə Bakı şəhəri Nərimanov rayon qeydiyyat şöbəsində nikaha daxil olmuş, birgə nikahlarından 09.03.2015-ci il təvəllüdlü X8, 25.09.2019-cu il təvəllüdlü X9 anadan olmuşdur. Cavabdehlə ailə qurduqdan sonra iddiaçı cavabdeh və onun valideynləri ilə birlikdə Bakı şəhəri Binəqədi rayonu Xocasən qəsəbəsi Ramiz Allahverdiyev küçəsində yerləşən (Bal marketin yanı) nömrəsiz fərdi həyət evində 2014-cü ilin mart ayının 25-dən 2020-ci ilin may ayının 24-dək bir yerdə yaşamaqla ümumi təsərrüfatı birgə idarə etmişlər. İddiaçının qeydiyyatı cavabdehin valideynlərinə məxsus Bakı şəhəri Nərimanov rayonu Ş.İ.Xətai prospekti 31 saylı evin 11 saylı mənzilidir. Həmin ev MTK tərəfindən sökülmüş, yerində təzə bina tikilmiş və bu binadan da onlara yeni mənzilin verilməsi nəzərdə tutulmuşdur. İddiaçı 24.05.2020-ci il tarixdə cavabdeh və cavabdehin valideyinləri ilə birlikdə yaşadıqları evdən ailə münaqişəsi zəminində çıxıb valideyinlərinin yaşadığı evə qayıtmış, hal-hazırda orada yaşayır. Ailə qurduqdan qısa müddət sonra cavabdehin iddiaçıya qarşı münasibətinin soyuq olmasını, telefonda başqa qadınlarla yazışmasını, danışmasını gördükdən sonra aralarında tez-tez mübahisələr yaranmağa başlamışdır. İlk vaxtlar iddiaçı cavabdehin bu hərəkətlərindən əl çəkəcəyini düşünmüş, lakin cavabdeh bu hərəkətlərindən əl çəkməmişdir. Buna görə birinci dəfə 2017-ci ilin may ayının 24-də iddiaçı ilə cavabdeh arasında münaqişə olmuş, cavabdeh iddiaçını möhkəm döymüş, lakin iddiaçı polisə müraciət etməmiş və uşağını da götürüb valideynlərinin yanına qayıtmışdır. Valideynlərinin təkidi ilə cavabdehin bir daha belə hərəkətlərə yol verməyəcəyinə inanıb 3 aydan sonra onlar yenidən barışmış və iddiaçı uşağını da götürüb cavabdehlə birgə yaşadıqları evə qayıtmışdır. 2019-cu ildə onların ikinci övladı anadan olmuş, lakin cavabdeh özünün köhnə əməllərindən yenə də əl çəkməmiş, iddiaçını döyməyə, təhqir etməyə, başqa qadınlarla xəyanət etməyə davam etmiş, iddiaçı artıq onların bir ailə kimi yaşamalarının qeyri-mümkün olduğunu görüb qəti olaraq boşanmaq qərarına gəlmişdir. Belə ki, iddiaçının cavabdehə qarşı nikahın pozulmasına, uşaqların himayəyə verilməsinə və aliment tutulması tələbinə dair iddiasının təmin olunması barədə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 24.11.2020-ci il tarixli, 2(005)-2534/2020 saylı qətnaməsi qəbul edilmişdir. İddiaçı gəlin köçərkən valideynləri tərəfindən ona verilmiş cehiz əşyaları, hədiyyə kimi verilmiş qızılları, telefonu, pul kartı cavabdehin yaşadığı evdə qalmışdır. Belə ki, iddiaçı evdən çıxarkən qızıllarını, telefonunu, pul kartını özü ilə götürmək istəsə də cavabdeh təkrar onu döymüş, özünə məxsus həmin əşyaları əlindən alıb verməmişdir. İddiaçının ayrıca yaşayış sahəsi yoxdur, iddiaçının və uşaqlarının yeganə yaşayış sahəsi cavabdeh və cavabdehin valideynləri ilə birlikdə yaşadıqları Bakı şəhəri Binəqədi rayonu Xocasən qəsəbəsi Ramiz Allahverdiyev küçəsində yerləşən (Bal marketin yanı) sənədsiz, 3 mərtəbəli nömrəsiz fərdi həyət evi olmuşdur. İddiaçının iddia ərizəsində qeyd olunan cehiz əşyalarıda bu evdə yerləşir. Bildirmişdir ki, baş vermiş mübahisə nəticəsində o, 24.05.2020-ci il tarixdə yaşadığı evi tərk etmişdir. Evdən çıxarkən cavabdehin anası ondan pul kartını və qızıllarını tələb etmiş, o, pul kartının və qızıllarının cavabdehdə olmasını bildirmişdir. Belə ki, evdən çıxarkən Cavabdeh ona məxsus iddia ərizəsində tələb etdiyi qızılları, pul kartını və telefonu ondan almışdır. O, ilk dəfə də mənzili tərk edərkən özünə məxsus qızıllarını götürməmişdir. Ona görə də iddia ərizəsinin təmin edilməsini xahiş edir. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 25.11.2021-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, İddiaçı 09.03.2015-ci il təvəllüdlü X7 və 25.09.2019-cu il təvəllüdlü X9 ilə birlikdə Bakı şəhəri Binəqədi rayonu Xocasən qəsəbəsi Ramiz Allahverdiyev küçəsində (Bal marketin yanı) yerləşən fərdi yaşayış evinə köçürülməsi, Cavabdeh 750 əyarlı 28 qram qızıldan hazırlanan brilyant qaşlı kolye, boyunbağından, bilərzikdən, sırğadan, üzükdən ibarət Damla qızıl dəsti, 750 əyarlı 7 qram qızıldan hazırlanan sırğa və 750 əyarlı 6 qram qızıldan hazırlanan üzükdən ibarət romb formalı dəst, 916 əyarlı 8 qram qızıldan hazırlanan boyunbağı, 916 əyarlı 8 qram qızıldan hazırlanan klon, 583 əyarlı 11 qram qızıldan hazırlanan paxlava formalı boyunbağı, 585 əyarlı 2 qram qızıldan hazırlanan Ramiz adı yazılan bilərzik, 585 əyarlı 2 qram qızıldan hazırlanan Şura adı yazılan bilərzik, 750 əyarlı 8 qram qızıldan hazırlanan Şura adı yazılan boyunbağı, 750 əyarlı 10 qram qızıldan hazırlanan Aysel, Ramiz, Qara adları yazılan boyunbağı, 750 əyarlı 11 qram qızıldan hazırlanan ürək formalı bilərzik, 750 əyarlı 10 qram qızıldan hazırlanan zəncir formalı bilərzik, 750 əyarlı 10 qram qızıldan hazırlanan zəncir formalı boyunbağı, 750 əyarlı 8 qram qızıldan hazırlanan nişan üzüyü, 750 əyarlı 9 qram qızıldan hazırlanan bir cüt brilyant qaşlı sırğa, 585 əyarlı 2 qram qızıldan hazırlanan bir cüt uşaq üçün sırğa, Çeyrek altun (Atatürk şəkilli) 2 ədəd sarı qızıl, 4 qram qəpik formasında türk qızılı olmaqla zinət əşyalarının alınaraq İddiaçı verilməsi qət edilmiş, iddia qalan hissədə təmin edilməmişdir. Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Binəqədi rayonu Xocasən Bələdiyyəsinin 12.02.2008-ci il tarixli qərarına əsasən, Binəqədi rayonu Xocasən Bələdiyyəsinin ərazisində təqdim edilmiş cizgidə göstərilən ölçü və ünvana uyğun olaraq fərdi yaşayış evinin tikintisi üçün 600 kv.m torpaq sahəsinin alqı-satqı yolu ilə vətəndaş X1 mülkiyyətinə verilməsi qərara alınmışdır. Təqdim edilmiş Bakı şəhəri Binəqədi rayonu Xocasən Bələdiyyəsinin 12.02.2008-ci il tarixli qərarının qətnamədə qeyd edilməsinə baxmayaraq, məhkəmə fərdi yaşayış evinin cavabdehin atası X2 məxsus olmasını sübut edə bilmədiyini qeyd edir. Bundan başqa, məhkəmə araşdırması səthi aparılmışdır. Belə ki, 09.03.2015-ci il təvəllüdlü X7 atası Cavabdeh ilə birlikdə yaşadığı halda, onun iddiaçı ilə birlikdə mübahisəli evə köçürülməsi qət edilmişdir. 09.03.2015-ci il təvəllüdlü X7 atası Cavabdeh ilə birlikdə yaşaması Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 24 noyabr 2020-ci il tarixli, 2(005)-2534/2020 saylı qətnaməsi ilə sübut olunmuşdur. Buna baxmayaraq, məhkəmə nəzərə almamışdır. Məhkəmə qızıl-zinət əşyalarının cavabdehdə olmasına dair iddianı təmin edən zaman iddiaçının sübut etməli halları qətnamədə cavabdehin sübut etməli olduğunu qeyd edir. Məhkəmə araşdırması zamanı hər bir tərəf istinad etdiyi halları sübut etməlidir. Məhkəmənin isə mövqeyi tam fərqli olmuşdur. Belə ki, iddiaçı mübahisə predmeti olan qızıl-zinət əşyalarını evdən gedərkən götürməməsinə dair heç bir sübut təqdim etməmişdir. Əvvəl iddiaçı sübut etməli idi ki, qızıl-zinət əşyaları evdə qalıb, o zaman artıq cavabdeh əksini sübut etməli idi. Sadalanan hüquq normalarının mənasına görə baxılan iş üzrə iddia tələbinin tam təmin olunması üçün iddiaçının tələb etdiyi əmlakların mövcudluğu, nikaha daxil olanadək ona mənsub olduğu və ya hədiyyə edildiyi, həmçinin tələb olunan əşyaların iddia ərizəsində göstərilən dəyərdə olduğu və halhazırda cavabdehin qanunsuz sahibliyində olduğu sübuta yetirilməlidir. Nəzərə alınmalıdır ki, iddiaçının təqdim etdiyi fotoşəkillər özü-özlüyündə tələb edilən əşyaların cavabdehdə olduğunu və göstərilən dəyərdə olduğunu təsdiq edən birmənalı sübut kimi qəbul oluna bilməz. Cavabdehin yaşadığı mənzildə hansı əşyaların qaldığını sübut etmək yükü iddiaçı tərəfinin üzərindədir. Tələb olunan qızıl-zinət əşyalarının cavabdehin yaşadığı evdə qalıbqalmadığının müəyyən edilməsi baxımından iddiaçının evdən getdiyi şərait xüsusi əhəmiyyətə malikdir. Apellyasiya baxışı zamanı cavabdeh və vəkili şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdi. İddiaçı və vəkili apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını xahiş etdi. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməlidir. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Hazırkı iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi iddianın təmin olunmuş hissəsində yoxlanılır. İşin tədqiq edilmiş halları əsasında müəyyən edilmişdir ki, Cavabdeh ilə X6 18.03.2014-cü il tarixdə nikaha daxil olmuşlar. Tərəflərin birgə nikahından X7 09.03.2015ci il tarixdə və X10 25.09.2019-cu il tarixdə anadan olmuşdur. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 24.11.2020-ci il tarixli, 2(005)- 2534/2020 saylı qətnaməsi ilə Cavabdeh ilə İddiaçı arasında 18.03.2014-cü il tarixdə Bakı şəhəri Nərimanov rayon qeydiyyat şöbəsində 130 nömrəli akt qeydi ilə bağlanmış nikahın pozulması, 09.03.2015-ci il təvəllüdlü X3 və 25.09.2019-cu il təvəllüdlü X5 İddiaçı yanında saxlanılması, Cavabdeh 09.03.2015-ci il təvəllüdlü X3 və 25.09.2019-cu il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay hər uşaq üçün 170 manat olmaqla cəmi 340 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı verilməsi, Cavabdeh 25.09.2019-cu il təvəllüdlü X5 üç yaşınadək, yəni 25.09.2022-ci il tarixə kimi hər ay 50 manatın tutulub İddiaçı verilməsi qət edilmişdir. Bakı şəhəri Binəqədi rayonu Xocasən Bələdiyyəsinin 12.02.2008-ci il tarixli qərarının surətindən müəyyən olunur ki, Binəqədi rayonu Xocasən Bələdiyyəsinin ərazisində təqdim edilmiş cizgidə göstərilən ölçü və ünvana uyğun olaraq fərdi yaşayış evinin tikintisi üçün 600 m2 torpaq sahəsinin alqı-satqı yolu ilə vətəndaş X1 mülkiyyətinə verilməsi qərara alınmışdır. Torpaqların alqı-satqısına dair 12.02.2008-ci il tarixli aktın surətindən müəyyən olunur ki, Bakı şəhəri Binəqədi rayonu Xocasən Bələdiyyəsinin ərazisində 600 m2 torpaq sahəsi X4 1344 manata satılmışdır. Binəqədi rayonu Xocasən Bələdiyyəsinin 23.10.2020-ci il tarixli məktubundan müəyyən olunur ki, bələdiyyədə mövcud olan eletron bazada Xocasən bələdiyyəsi tərəfindən Cavabdeh və İddiaçı mülkiyyətinə, icarəsinə və istifadəsinə torpaq sahəsi ayrılmasına dair sərəncam, qərar, müqavilə haqqında heç bir məlumat aşkar edilməmiş, həmin vətəndaşlar vergi ödəyicisi kimi qeydiyyata alınmamışlar. Binəqədi Rayon İcra Hakimiyyəti Başçısının Xocasən qəsəbə İƏD üzrə nümayəndəliyinin 27.10.2020-ci il tarixli məktubundan müəyyən olunur ki, İddiaçı və onun əri Cavabdeh yaşadıqları yaşayış sahəsinin (Xocasən qəsəbəsi Bal marketin yanı) heç bir hüquqmüəyyənedici sənədi Xocasən qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyində aşkarlanmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edildiyindən və məhkəmənin qətnamədə göstərdiyi nəticələr işin hallarına uyğun gəlmədiyindən qətnamə qismən ləğv edilməlidir. Belə ki, iddiaçının köçmək istədiyi mübahisəli fərdi yaşayış evi Mülki Məcəllənin 180.1-ci maddəsinin tələblərinə görə özbaşına tikinti hesab edilir. Çünki həmin ev daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamış və onun tikintisi üçün lazımi icazələr mövcud deyildir. İddiaçı həmin evə köçürülməsi barədə tələb irəli sürmüşdür. Kollegiya izah edir ki, bu tələbin əsaslı hesab edilməsi üçün iddiaçının əmlak hüquqlarının mövcud olması tələb olunur. Yəni onun mübahisəli evə istifadə hüququ mövcud olmalıdır ki, evə köçürülmə üçün əsas olsun. Mülki Məcəllənin 180-ci maddəsinin mənasına görə özbaşına tikinti hesab edilən yaşayış evinə hər hansı əmlak hüquqlarının, o cümlədən istifadə hüququnun əldə edilməsi mümkün deyildir. Bununla yanaşı Mülki Məcəllənin 180-ci maddəsi özbaşına tikinti hesab edilən yaşayış sahəsindən istifadə etməsini qadağan etmir, yəni həmin maddədə bunu qadağan edən müddəalar göstərilməmişdir. Eyni zamanda Mülki Məcəllənin 27.1-ci maddəsində göstərilmişdir ki, fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Göründüyü kimi özbaşına tikinti olan yaşayış sahəsi də şəxsin yaşayış yeri kimi qəbul edilə bilər. Bu baxımdan kollegiya hesab edir ki, iddianın əsaslı hesab edilməsi üçün mübahisəli evin iddiaçının da vəsaiti hesabına əldə edilməsi və ya onun vəsaiti hesabına həmin evdə təmir-tikinti işlərinin aparılması müəyyən olunmalıdır. Yalnız bu hallar təsdiq olunduqda mübahisəli tikili onun yaşayış yeri kimi qəbul edilə bilər və Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin İ hissəsinə əsasən onun iddiası əsaslı hesab edilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “V.Q.Teryoxinin şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə kollegiyasının 02 iyun 2009-cu il tarxili qərarının Azərbaycan Respublikasının Konstitusiyaına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 15 yanvar 2010-cu il tarixli qərarında qeyd etmişdir ki, daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması barədə zəruri şərt həmin əşyaya mülkiyyət hüququnun tam həcmdə əldə edilməsi, xüsusilə də şəxsin onun barəsində sərəncam vermək hüququnun yaranması baxımından mühüm əhəmiyyət kəsb edir. Lakin daşınmaz əmlak kimi torpaq sahəsinə mülkiyyət hüququnun yaranmasının və dövlət tərəfindən müdafiə olunmasının dövlət qeydiyyatı ilə əlaqələndirilməsi belə əmlakı qanunvericiliyə müvafiq olaraq əldə etmiş şəxslərin mülkiyyət hüququnun tərkib hissəsi olan sahiblik və istifadə hüquqlarına malik olmasını istisna etmir. İşin tədqiq edilmiş halları ilə müəyyən edilmişdir ki, Cavabdeh ilə X6 18.03.2014-cü il tarixdə nikaha daxil olmuşlar. İddiaçı hazırkı iddia ərizəsində qeyd edir ki, ailə qurduqdan sonra cavabdehin və onun valideynlərinin yaşadığı mübahisəli fərdi yaşayış evinə köçərək onlarla birlikdə 25 mart 2014-cü ildən 24 may 2020-ci il tarixə kimi həmin evdə yaşamışdır. Həmin fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi Bakı şəhəri Binəqədi rayonu Xocasən Bələdiyyəsinin 12.02.2008-ci il tarixli qərarı ilə alqı-satqı yolu ilə X4 verilmişdir. Bakı şəhəri Binəqədi rayonu Xocasən qəsəbəsi Ramiz Allahverdiyev küçəsində yerləşən həmin fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır, özbaşına tikilidir. Belə olan halda, iddiaçının özbaşına tikiliyə və (ya) onun yerləşdiyi torpaq sahəsinə hər hansı hüququ mötəbər sübutlarla təsdiq edilmədiyindən “evə köçürülmə” tələbinə dair iddianın təmin olunmuş hissəsində birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və həmin hissədə iddia təmin edilməməlidir. Bununla yanaşı, birinci instansiya məhkəməsi qızıl zinət əşyalarının cavabdehdən alınaraq iddiaçıya verilməsi hissəsində iddianı təmin etməklə düzgün qənaətə gəlsə də, həmin əşyaların tutulmalı olan dəyəri barədə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmaq mümkün deyildir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, nikaha daxil olanadək onlara məxsus əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir. Həmin Məcəllənin 34.2-ci maddəsinə əsasən zinət əşyaları istisna olmaqla, fərdi istifadə şeyləri (geyim, ayaqqabı və s.) nikah zamanı ər-arvadın ümumi vəsaiti hesabına əldə edilsə də, ər-arvaddan kimin istifadəsində olubsa, ona məxsusdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.1-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Həmin Məcəllənin 225.2-ci maddəsinə əsasən, nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Həmin Məcəllənin 225.3-cü maddəsinə əsasən, daş-qaş və digər zinət şeyləri istisna olmaqla, fərdi istifadədə olan əmlak (paltar, ayaqqabı və i.a.) nikah dövründə ərlə arvadın ümumi vəsaiti hesabına əldə edilmiş olsa da, ondan istifadə etmiş arvadın (ərin) mülkiyyəti sayılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 222.1-ci maddəsinə əsasən, məhkəmə əmlakın natura şəklində alınmasını qət etdikdə onun adını, alınmalı əmlak qətnamə icra olunan vaxt mövcud olmasa, cavabdehdən alınmalı əmlakın dəyərini, habelə alınmalı əmlakın yerləşdiyi yeri və ya əmlaka görə iddiaçıya verilməsi qət olunmuş məbləğin cavabdehin bankdakı hansı hesabından silinməli olmasını qətnamənin nəticə hissəsində göstərir. İlk növbədə nəzərə alınmalıdır ki, iddiaçının tələb etdiyi zinət əşyaları mübahisə predmetidir. Həmin əşyaların qiyməti iddia ərizəsində göstərilsə də, bu halı təsdiqləyən sübutlar məhkəməyə təqdim edilməmişdir. Həmin əşyaların qiymətinin müəyyən edilməsi xüsusi bilik tələb etdiyi halda birinci instansiya məhkəməsi işin tam, hərtərəfli və obyektiv araşdırılmasını təmin etmək məqsədi ilə iş üzrə ekspertiza təyin etməmişdir. Halbuki qanunvericilik tərəflərin bu barədə vəsatəti olmasa belə, məhkəməyə öz təşəbbüsü ilə ekspertiza keçirilməsini təyin etmək hüquqi imkanını nəzərdə tutmuşdur. Apellyasiya baxışı zamanı “xxxx” MMC tərəfindən verilmiş ƏEM/M 47-506/21 saylı, 20.05.2021-ci il tarixli ekspert rəyinə əsasən, 750 əyarlı 28 qram brilyant, ağ qızıldan hazırlanan brilyant qaşlı kolye, boyunbağından, bilərzikdən, sırğadan, üzükdən ibarət Damla qızıl dəstinin dəyəri 3000 manat; 750 əyarlı 6 qram 1 cüt sırğa və 750 əyarlı 6 qram qızıldan hazırlanan üzükdən ibarət romb formasında, sarı qızıl dəstin dəyəri 1300 manat; 916 əyarlı 8 qram boyunbağı və 916 əyarlı 8 qram sarı, ərəb qızılından hazırlanan klondan ibarət ibarət dəstin qiyməti 2700 manat; 583 əyarlı 11 qram sarı, rus qızılından hazırlanan paxlava formalı boyunbağının qiyməti 880 manat; 585 əyarlı 2 qram sarı, türk qızılından hazırlanan Ramiz adı yazılan bilərziyin qiyməti 150 manat; 585 əyarlı 2 qram sarı, türk qızılından hazırlanan Şura adı yazılan bilərziyin qiyməti 150 manat; 750 əyarlı 8 qram sarı, italyan qızılından hazırlanan Şura adı yazılan boyunbağının qiyməti 700 manat; 750 əyarlı 10 qram sarı, türk qızılından hazırlanan Aysel, Ramiz, Qara adları yazılan boyunbağının qiyməti 875 manat; 750 əyarlı 11 qram sarı, türkün italyan qızılından hazırlanan ürək formalı bilərziyin qiyməti 1155 manat; 750 əyarlı 10 qram sarı, türk qızılından hazırlanan hazırlanan zəncir formalı bilərziyin qiyməti 1050 manat; 750 əyarlı 10 qram sarı, türk qızılından hazırlanan zəncir formalı oğlan bilərziyin qiyməti 1050 manat; 750 əyarlı 8 qram ağ, türk qızılından hazırlanan tək qaş briliant nişan üzüyünün qiyməti 1200 manat; 750 əyarlı 9 qram sarı, italyan qızılından hazırlanan bir cüt brilyant qaşlı sırğanın qiyməti 950 manat 585 əyarlı 2 qram sarı, türk qızılından hazırlanan hazırlanan bir cüt uşaq üçün sırğanın qiyməti 150 manat; 2 ədəd sarı, türk qızılından hazırlanan qızıl, hər biri 4 qram, qəpik formasında Atatürk şəkilli Çeyrek altunun qiyməti 600 manat olmaqla, qızıl zinət əşyalarının cəmi dəyəri 15910 manat müəyyən edilmişdir. Bununla yanaşı, Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də apellyasiya şikayəti qismən təmin olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi qismən – yaşayış sahəsinə köçürülmə hissəsində ləğv edilməli, iddia həmin hissədə rədd edilməli, qızıl zinyət əşyalarının cavabdehdən alınaraq iddiaçıya verilməsi hissəsində dəyişdirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: Cavabdeh apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 25.11.2021-ci il tarixli, 2(001)-5120/2020 saylı qətnaməsi qismən – yaşayış sahəsinə köçürülmə tələbinə dair iddianın təmin olunmuş hissəsində ləğv edilsin. İddia həmin hissədə təmin edilməsin. Cavabdeh dəyəri 3000 manat olan 750 əyarlı, 28 qram brilyant, ağ qızıldan hazırlanan brilyant qaşlı kolye, boyunbağından, bilərzikdən, sırğadan, üzükdən ibarət Damla qızıl dəsti; dəyəri 1300 manat olan 750 əyarlı, 6 qram 1 cüt sırğa və 750 əyarlı 6 qram qızıldan hazırlanan üzükdən ibarət romb formasında, sarı qızıl dəsti; qiyməti 2700 manat olan 916 əyarlı, 8 qram boyunbağı və 916 əyarlı 8 qram sarı ərəb qızılından hazırlanan klondan ibarət ibarət dəst; qiyməti 880 manat olan 583 əyarlı, 11 qram sarı rus qızılından hazırlanan paxlava formalı boyunbağı; qiyməti 150 manat olan 585 əyarlı, 2 qram sarı türk qızılından hazırlanan Ramiz adı yazılan bilərzik; qiyməti 150 manat olan 585 əyarlı, 2 qram sarı türk qızılından hazırlanan Şura adı yazılan bilərzik; qiyməti 700 manat olan 750 əyarlı, 8 qram sarı italyan qızılından hazırlanan Şura adı yazılan boyunbağı; qiyməti 875 manat olan 750 əyarlı, 10 qram sarı türk qızılından hazırlanan Aysel, Ramiz, Qara adları yazılan boyunbağı; qiyməti 1155 manat olan 750 əyarlı, 11 qram sarı türkün italyan qızılından hazırlanan ürək formalı bilərzik; qiyməti 1050 manat olan 750 əyarlı, 10 qram sarı türk qızılından hazırlanan zəncir formalı bilərzik; qiyməti 1050 manat olan 750 əyarlı, 10 qram sarı türk qızılından hazırlanan zəncir formalı oğlan bilərziyi; qiyməti 1200 manat olan 750 əyarlı, 8 qram ağ türk qızılından hazırlanan tək qaş briliant nişan üzüyü; qiyməti 950 manat olan 750 əyarlı, 9 qram sarı italyan qızılından hazırlanan bir cüt brilyant qaşlı sırğa; qiyməti 150 manat olan 585 əyarlı, 2 qram sarı türk qızılından hazırlanan bir cüt uşaq üçün sırğa; qiyməti 600 manat olan 2 ədəd sarı türk qızılından hazırlanan qızıl, hər biri 4 qram, qəpik formasında Atatürk şəkilli Çeyrek altunun olmaqla qızıl zinət əşyaları, bu mümkün olmadıqda qızıl zinət əşyalarının qeyd edilən dəyəri alınıb İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Ekspertiza xərcinin 50 (əlli) manatı İddiaçı, 50 (əlli) manatı Cavabdeh tutularaq “xxxx” MMCyə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar