Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-4795/2025 17.07.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qızının sədrliyi, Hüseynova Mehri Polad qızının katibliyi ilə, İddiaçı cavabdeh 30 saylı Uşaq Musiqi Məktəbinə qarşı “işə bərpa, əmrin ləğv edilməsi və sair” tələblərinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdeh 30 saylı Uşaq Musiqi Məktəbinə qarşı “işə bərpa, əmrin ləğv edilməsi və sair” tələblərinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində göstərmişdir ki, o, 2005-2009-cu il tarixlərdə Azərbaycan Milli Konservatoriyası tərkibində Musiqi kollecini fortepiano ixtisası üzrə və 2011-2015-ci il tarixlərdə Azərbaycan Pedaqoji Universiteti musiqi müəllimliyi ixtisası üzrə təhsil almış və artıq 15 ildir ki, 30 saylı Uşaq Musiqi məktəbində fortepiano şöbəsinin müəllimi vəzifəsində çalışır. İddiaçı xx.xx.2025-ci il tarixdə Bakı Xoreoqrafiya Akademiyasında keçirilən musiqi müəllimlərin attestasiyası imtahanında iştirak etdiyi zaman imtahan müddəti 11:45-də olmasına baxmayaraq onu və imtahana gələn digər şəxsləri orada olan otaqların birində 3 saat saxlayaraq (hətta imtahana gələn müəllimlərin birinin vəziyyəti ağırlaşdığı üçün təcili tibbi yardım da gəlmişdir) saat 14:45-də komissiya olan otağa çağırılaraq imtahan başlanılmışdır. Həmçinin imtahan verilən zaman iddiaçının ixtisası fortepiano müəllimi olmasına baxmayaraq komissiya heyəti tərəfindən öncədən imtahana hazırlaşmaq üçün verilən proqramdan kənar suallar verilmişdir. Komissiya heyəti tərəfindən iddiaçıya qarşı haqsızlıq və qərəzli mövqe tutularaq, verilən düzgün cavabları səhv cavab kimi qəbul edərək, onun müəllim kimi nüfuzuna xələl gətirmişlər. Belə ki, bəstəkar Arif Məlikovun fortepiano yaradıcılığında “Düşüncə” və “Skertso” əsərlərinin adını çəkdiyi halda imtahan vərəqində həmin adları qeyd edilib sonuncuya məxsus olmadığı və iddiaçının verdiyi cavab səhv kimi qeyd olunmuşdur. Həmçinin hansı Azərbaycan bəstəkarları ballada janrına müraciət ediblər sualına o, cavab olaraq bəstəkar Arif Məlikovun adını çəkdiyi halda verdiyi cavab səhv olaraq qeyd olunmuşdur, həqiqətdə isə bəstəkar Arif Məlikov 1995-ci ildə Azərbaycan adlı ballada bəstələmişdir. Bundan başqa komissiya tərəfindən iddiaçıya verilən “Prelüd janrına hansı bəstəkarlar müraciət ediblər” sualına cavab olaraq Şopen, Şostakoviç, Vasif Adıgözəlov və Qara Qarayev bildirilsə də, imtahan vərəqində yalnız “Şopen” cavabı verildiyi kimi qeyd edilmişdir. Bir çox suallara düzgün cavab verildiyi halda səhv cavab kimi qeyd edilmişdir. Əlavə olaraq imtahan vaxtı orada olan fortepiano musiqi aləti çox bərbad kökləndiyindən həmin alətdə ifa etmək çətin olmasına baxmayaraq, iddiaçı fortepianoda bir müəllim kimi səlist və sərbəst ifa etmiş və ifası sona qədər dinlənilmiş, hətta komissiya heyətinin üzvlərindən biri ifanı çox bəyəndiyini bildirmişdir. Lakin buna baxmayaraq, imtahan vərəqində “ifası qane etmədi” kimi göstərilmişdir. Bundan başqa imtahan sədri X8 tərəfindən imtahandan keçməyi, işdən azad olunmamaq, həmçinin işdən azad olunmadan təkminləşmə kurslarına göndərilməsi barədə yazılı və şifahi qaydada bildirilsə də, (3 əleyhinə 2 lehinə səs verilməklə) hazırda attestasiya olunan tutduğu vəzifəyə uyğun olmadığı qeyd edilmişdir. İddiaçı bildirir ki, onun qeyd etdiklərinin doğru olduğu imtahan zamanı quraşdırılmış kameraların videogörüntülərində əks olunmuşdur. Həmçinin 15 yanvar 2025-ci il tarixdə Azərbaycan Respublikasının Mədəniyyət Nazirinin müşaviri Cəsarət Valehov tərəfindən keçirilən iclasda attestasiya imtahanından sonra heç bir müəllimin işdən azad olunmayacağı barədə bildirilsə də, hazırda işlədiyi 30 saylı Uşaq Musiqi Məktəbində iddiaçı keçirilən attestasiya imtahanının nəticələrindən narazı olduğu üçün Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinə şikayət etməsinə baxmayaraq, xx.xx.2025-ci il tarixdə 30 saylı Uşaq Musiqi Məktəbinin direktoru Zakir Əhmədovun 37 nömrəli əmri ilə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən tutduğu vəzifədən azad edilmişdir. Mübahisələndirilən əmr birbaşa olaraq iddiaçıya qarşı qərəz altında imzalanmışdır. Buna görə də 12 mart 2025-ci il tarixli attestasiya komissiyasının qərarı ləğv edilməli, 30 saylı Uşaq Musiqi Məktəbinin direktoru Zakir Əhmədovun 02 aprel 2025-ci il tarixli 37 nömrəli əmri qanunsuz və əsassız olduğundan ləğv edilməli, iddiaçının işə bərpa edilməsinə, məcburi iş buraxılmasına görə əmək haqqının ödənilməsinə dair qətnamə qəbul edilməlidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 65-ci maddəsinin 3-cü bəndinə əsasən işəgötürənin əmri (sərəncamı ilə) işçilərin attestasiyasının keçirilməsi üçün təcrübəli peşəkarlıq qabiliyyətinə malik, obyektivliyi və qərəzsizliyi ilə seçilən nüfuzlu şəxslərdən, həmkarlar ittifaqları təşkilatının nümayəndəsindən ibarət attestasiya komissiyası yaradılır. Lakin xx.xx.2025-ci il tarixdə keçirilən attestasiya imtahanında komissiya heyyətinin üzvlərindən olan X8 2021-ci il tarixdə yol nəqliyyat hadisəsi törətməsi səbəbindən anasının vəfat etməsinə səbəb olmuşdur. Ona görə də, o, nüfuzlu şəxs deyildir. X1 üzvü salınmaqla Azərbaycan Respublikası Əmək Məcəlləsinin 65-ci maddəsinin 3-cü bəndi pozulmuşdur. Bundan başqa həmin Məcəllənin 67-ci maddəsinin 3-cü bəndinə əsasən iş yerlərinin attestasiyasının keçirilməsi nəticəsində onların kütləvi şəkildə ixtisar yolverilməzliyi göstərilməsinə baxmayaraq Xətai rayonu 30 saylı uşaq musiqi məktəbindən 26 nəfər müəllim attestasiya nəticələrinə görə işdən azad olunmuşdur. 26 nəfər müəllim attestasiya nəticələrinə görə çıxarıldığına görə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 65-ci maddəsinin 3-cü bəndi pozulmuşdur. İddiaçı göstərilənləri nəzərə alaraq, 12 mart 2025-ci il tarixli attestasiya komissiyasının qərarının ləğv edilməsi, 30 saylı Uşaq Musiqi Məktəbinin direktoru Zakir Əhədovun 02 aprel 2025-ci il tarixli, 37 №-li əmrin qanunsuz və əsassız olduğundan ləğv edilməsi işə bərpa edilməsi, məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin baxış iclasında iştirak edən İddiaçı və onun nümayəndəsi və vəkili X6 hər biri ayrı-ayrılıqda iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı əlavə olaraq bildirmişdir ki, artıq 16 ildir 30 saylı Musiqi məktəbində müəllim işləyir, 2009-cu ildə işə qəbul olmuşdur. Asəf Zeynallı adına musiqi kollecini bitirmiş, 2 ildən sonra Pedaqoji universitetə qəbul olmuş, 4 il oxuduğu müddətdə də fortepiano müəllimi kimi çalışmışdır. İddiaçının ixtisası da fortepiano üzrə olmuşdur. Attestasiya keçirilən zaman komissiyanın sədri prosesin sonunda iddiaçıya işdən azad olunmayacığını bildirmişdir. Məktəbin direktoru Nümayəndə isə iddiaçıya Nazirliyin göstərişinə görə iddiaçını işdən çıxardığını bildirmişdir. 26 müəllim işdən çıxarılmışdır. İddiaçı attestasiyada verilən suallara düzgün cavab versə də, səhv kimi qeyd edilmişdir. Sualların birində Arif Məlikovun fortepiano əsərlərini qeyd etsə də, Komissiyanın sədri X5 xanım elə bir əsərin olmadığını bildirmişdir. Həmin əsərlərlə bağlı akademiyanın rəsmi internet səhifəsində də məlumatlar mövcuddur. Attestasiya vərəqəsində komissiya təkmilləşmə tövsiyə etmişdir, iddiaçı həmin təkmilləşmə kursunda 2 ay iştirak etmişdir. Həmin kurs may ayının 1 də başlamış, həftədə 2 dəfə saat 10:00-dan 16:00-dək olmuş, kurs 6 nömrəli Uşaq musiqi məktəbində təşkil olunmuşdur. Lakin buna baxmayaraq kursu bitirdikdən sonra o, işdən çıxarılmışdır. Həmçinin iddiaçı bildirmişdir ki, iki azyaşlı uşağı var. İddiaçının nümayəndəsi və vəkili X6 qeyd etmişdir ki, iddiaçının izahatından və işdə olan sübutlardan görünür ki, attestasiya komissiyası iddiaçıya münasibətdə qərəzli olmuş, iddiaçıya məktəb müəllimi səviyyəsində suallar verməmiş, iddiaçı suallara düzgün cavab versə də, cavabların səhv olduğu qeyd edilmişdir. Məhkəmənin baxış iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə iddia tələbinə etiraz edərək, iddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Nümayəndə bildirmişdir ki, rəhbər orqanın əmri ilə atesstasiya təşkil olunmuş, məktəbdə işləyən 78 müəllimdən attestasiyanın nəticələrinə görə 22 nəfər, 4 nəfər nəzəriyyəçi, 18 pianoçu müəllim kəsilmişdir. 20 nəfər işdən azad edilmiş, 2 nəfərə Əmək Məcəlləsinin 79cu maddəsinin təsirinə düşdüyünə görə güzəşt edilmiş, işdən çıxarılmamışdır. Attestasiya zamanı iddiaçının fortepiano ifası məktəbli səviyyəsində olmuş, peşəkar olmamış, qamma zəif, üzdən oxuma isə bərbad vəziyyətdə olmuşdur. İddiaçı verilən suallara dəqiq cavab verməmiş, sualı öz bildiyi istiqamətə yönəltmiş, suallardan yayınmışdır. Məhkəmənin suallarına cavab olaraq cavabdeh bildirmişdir ki, iddiaçı işlədiyi müddətdə ondan heç bir şikayət daxil olmamışdır, təkmilləşmə kursundan sonra iddiaçını işdə saxlamaq ona görə mümkün olmamışdır ki, digər məktəblərdə də attestasiyanın nəticələrindən asılı olaraq çoxsaylı müəllimlər işdən çıxarılmışdır və işçilərdən hansısa birini işdə saxlamaq imkanı olsa belə, digərlərinin buna etiraz edəcəyindən heç kimə qarşı güzəşt edilməmişdir. Məhkəmə tərəflərin izahatını dinləyərək, iş materiallarını araşdıraraq və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı Rafael qızına məxsus 020844 nömrəli əmək kitabçasının surətindən görünür ki, İddiaçı Rafael qızı 30 saylı Uşaq Musiqi məktəbinin 15 sentyabr 2009-cu il tarixli, 22 nömrəli əmrinə əsasən 30 saylı Uşaq Musiqi məktəbinə fortepiano müəllimi kimi işə qəbul edilmişdir. İş materiallarında olan Bakı şəhər Mədəniyyət Baş İdarəsi 30 nömrəli Uşaq Musiqi Məktəbi tərəfindən verilmiş 02 aprel 2025-ci il tarixli 37 nömrəli əmrin surətindən görünür ki, Bakı şəhəri 30 nömrəli Uşaq Musiqi Məktəbinin Attestasiya Komissiyası 12 mart 2025ci il tarixli qərarını və İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 79-cu maddəsinin 1-ci hissəsi ilə müəyyən edilmiş hallara malik olmadığı nəzərə alınaraq, Bakı şəhər 30 nömrəli Uşaq Musiqi Məktəbinin fortepiano müəllimi X3 07 aprel 2025-ci il tarixindən Azərbaycan Respublikası Əmək Məcələsinin 70-ci maddəsinin “c” bəndinə əsasən tutduğu vəzifədən azad edilmiş və onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Həmin əmrdə qeyd edilmişdir ki, Bakı şəhəri 30 nömrəli Uşaq Musiqi Məktəbinin Attestasiya Komissiyası 12 mart 2025-ci il tarixli qərarı ilə həmin məktəbin fortepiano müəllimi X2 tutduğu vəzifəyə uyğun olmadığı qərara alınmışdır. Bununla əlaqədar Azərbaycan Respublikası Əmək Məcəlləsinin 79-cu maddəsinin 1-ci hissəsində göstərilmiş halların mövcud olub-olmadığına dair məlumatın təqdim edilməsi İddiaçı təklif edilmiş, lakin sonuncu Azərbaycan Respublikası Əmək Məcəlləsinin 79-cu maddəsinin 1ci hissəsi ilə müəyyən edilmiş hallara malik olmasına dair məlumat verməkdən imtina etmişdir. (akt tərtib olunmuşdur). İş materiallarında olan Bakı şəhəri 30 nömrəli Uşaq Musiqi Məktəbinin direktoru Nümayəndə və həmin məktəbin müəllimləri Gülnarə Həsənova, Səbinə İsazadə, Nigar Abbasova, Gülnar Rəcəbova tərəfindən tərtib edilmiş 01 aprel 2025-ci il tarixli aktın surətindən görünür ki, Bakı şəhəri 30 nömrəli Uşaq Musiqi Məktəbinin direktoru tərəfindən bu məktəbin müəllimi İddiaçı Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 79-cu maddəsinin tələbləri ilə tanış edilmiş, bu hallara malik olmaması haqqında müəssisənin məlumatı olsa da, o, bu haqda yazılı məlumat verməkdən imtina etmişdir. İş materiallarında olan Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı xxxxxxx004X0 nömrəli əmək müqaviləsi bildirişindən görünür ki, işçi İddiaçı ilə işəgötürən Bakı şəhər Baş Mədəniyyət İdarəsi arasında bağlanmış 23 aprel 2018-ci il tarixli əmək müqaviləsinə 02 aprel 2025-ci il tarixli əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmrə əsasən xitam verilmişdir. İş materiallarında olan Azərbaycan Milli Konservatoriyası tərkibində Musiqi Kolleci tərəfindən verilmiş BB-İİ seriyalı, 087993 nömrəli diplomun surətindən görünür ki, Dövlət İddiaçı Rafael qızı 20 iyun 2009-cu il tarixdə fortepiona ixtisası üzrə tam kursu bitirmişdir. İş materiallarında olan Azərbaycan Dövlət Pedaqoji Universisteti tərəfindən verilmiş A seriyalı, 072087 nömrəli bakalavr diplomunun surətindən görünür ki, Dövlət Attestasiya Komissiyasının 05 iyun 2015-ci il tarixli qərarı ilə İddiaçı Rafael qızına musiqi müəllimliyi ixtisası üzrə bakalavr ali peşə-ixtisas dərəcəsi verilmişdir. İş materiallarında olan Bakı şəhəri 30 nömrəli Uşaq Musiqi Məktəbinin işçilərin attestasiyası üzrə attestasiya vərəqəsindən görünür ki, İddiaçı Rafael qızının atestasiyası üzrə cavablarını komissiya – “orta”, “zəif”, “tam dolğun cavab vermədi”, “cavab verə bilmədi”, “müqayisə edə bilmədi”, “səhv cavabdır” kimi qeyd etmişdir. Eyni zamanda komissiya A.Məlikovun fortepiano yaradıcılığı haqqında məlumat sualına İddiaçı Rafael qızının “Skertso, Düşücələr pyesi” cavabını səhv cavab kimi qeyd etmişdir. Həmin vərəqədə Attestasiya Komissiyası İddiaçı Rafael qızının nəzəri biliklərinin zəif olmasını qeyd etmiş, təkmilləşmə tövsiyə etmişdir. İş materiallarında olan Bakı Musiqi Akademiyasının saytından çıxarışdan görünür ki, Arif Məlikovun “Skertso” əsəri mövcuddur. İş materiallarında olan elektron məhkəmə informasiya portalından çıxarışdan görünür ki, İddiaçı Rafael qızının himayəsində iki azyaşlı uşağı var – xx.xx.2014-cü il təvəllüdlü X4 və xx.xx.2020-ci il təvəllüdlü X7. Azərbaycan Respublikası Konstitusiyasının: 35-ci maddənin İ hissəsinə əsasən əmək fərdi və ictimai rifahın əsasıdır. 35-ci maddənin İİ hissəsinə əsasən hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. 35-ci maddənin Vİ hissəsinə əsasən hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin vəzifələri və prinsipləri arasında (bundan sonra ismin müvafiq hallarında «Əmək Məcəlləsi») əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi prinsipi müəyyən edilmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin: 11-ci maddəyə əsasən işəgötürənin bu Məcəllə ilə müəyyən edilmiş qaydada işçilərlə əmək müqavilələri bağlamaq, onların şərtlərini dəyişdirmək, bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək, işçilərdən əmək müqaviləsi ilə müəyyən edilmiş şərtlərin, öhdəliklərin vaxtında və keyfiyyətlə yerinə yetirilməsini tələb etmək, işgüzar keyfiyyətinə, əməyinin nəticələrinə, peşəkarlıq səviyyəsinə uyğun olaraq işçini müvafiq vəzifələrə (peşələrə) irəli çəkmək, işçilər əmək müqaviləsinin şərtlərini, müəssisədaxili intizam qaydalarını pozduqda qanunvericiliklə müəyyən olunmuş qaydada onları intizam məsuliyyətinə cəlb etmək, işçilərin ona və ya mülkiyyətçiyə vurduğu maddi ziyanın ödənilməsi üçün qanunvericiliyə müvafiq tədbirlər görmək, bu Məcəllənin və digər normativ hüquqi aktların tələblərinə əməl etməklə əmək şəraitinin şərtlərini dəyişdirmək və ya işçilərin sayını ixtisar etmək, ştatları, struktur bölmələri ləğv etmək, əmək kollektivi ilə və ya həmkarlar ittifaqları təşkilatı ilə kollektiv müqavilə bağlamaq və bu müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsinə nəzarət etmək, əmək müqaviləsi bağlayarkən bu Məcəllə ilə müəyyən edilmiş qaydada və müddətə sınaq müddətini müəyyən etmək, işçilərin peşə hazırlığı səviyyəsinin yüksəldilməsi, yeni ixtisasa yiyələnməsi və ixtisasının artırılması məqsədilə əlavə təhsil müəssisələrində əlavə təhsilini təşkil etmək hüquqları vardır. 46.1-ci maddəyə əsasən əmək müqaviləsi bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş əmək şəraitinin şərtləri, habelə tərəflərin razılaşdıqları əlavə şərtləri, işçinin əmək funksiyası və tərəflərin öhdəlikləri göstərilməklə fərdi qaydada bağlanılır. 65.1-ci maddəyə əsasən işçilərin peşəkarlıq səviyyəsinin yoxlanılması, ixtisasına, sənətinə müvafiq olaraq onların tutduğu vəzifəyə (peşəyə) uyğun olduğunu aşkara çıxarmaq məqsədi ilə bu Məcəllənin 66-cı maddəsində göstərilən işçilər istisna olunmaqla qalan bütün işçilərin attestasiyası keçirilə bilər. 65.2-ci maddəyə əsasən yalnız müvafiq iş yerində azı bir il çalışan işçilər attestasiyadan keçirilə bilər. Hər bir işçi üç ildə, elmi işçilər isə beş ildə bir dəfədən çox olmayaraq attestasiyadan keçirilə bilər. 65.3-cü maddəyə əsasən işəgötürənin əmri (sərəncamı) ilə işçilərin attestasiyasının keçirilməsi üçün təcrübəli, yüksək peşəkarlıq qabiliyyətinə malik, obyektivliyi və qərəzsizliyi ilə seçilən nüfuzlu şəxslərdən, habelə həmkarlar ittifaqları təşkilatının nümayəndəsindən ibarət attestasiya komissiyası yaradılır. İşəgötürən, işçinin müvafiq iş yeri üzrə rəhbəri attestasiya komissiyasının üzvü ola bilməz. 65.4-cü maddəyə əsasən attestasiya komissiyası azı beş nəfərdən ibarət olmaqla bütün hallarda onun say tərkibi təkrəqəmli olmalıdır. Attestasiya komissiyasının səlahiyyət müddəti onun yaradılması haqqında müvafiq əmrlə (sərəncamla) müəyyən edilir. 65.5-ci maddəyə əsasən attestasiya komissiyasının üzvləri tərəfindən işçiyə yalnız tutduğu vəzifəyə (peşəyə), əmək funksiyasına, ixtisasına (peşəsinə) dair, yerinə yetirdiyi işlər və onların nəticələri barədə, habelə tutduğu vəzifəyə (peşəyə) uyğunluğunu müəyyən etmək üçün zəruri olan əmək müqaviləsi ilə müəyyən edilmiş hüquqları, vəzifələri dairəsinə aid olan məsələlərlə əlaqədar suallar verilə bilər. Attestasiya olunan işçinin siyasi baxışlarına, mənəvi, əxlaqi kamilliyinə, şəxsiyyətinə, etiqadına və digər sırf şəxsi dəyərlərinə görə, o cümlədən onun intizamlılıq dərəcəsinə görə peşəkarlıq səviyyəsinin qiymətləndirilməsi yolverilməzdir. İşçinin tutduğu vəzifəyə uyğunluğu müəyyən edilərkən onun son 5 (beş) il ərzində peşə hazırlığı səviyyəsinin yüksəldilməsinin, yeni ixtisasa yiyələnməsinin və ixtisasının artırılmasının nəticələri nəzərə alınır. 65.6-cı maddəyə əsasən attestasiya komissiyasının işi aşkarlıq şəraitində, obyektiv, qərəzsiz və qanunvericiliyin tələblərinə əməl edilməklə aparılmalıdır. Attestasiya komissiyası qərarını gizli və ya açıq səsvermə yolu ilə səs çoxluğu ilə qəbul edir. Müvafiq iş yeri üzrə əmək kollektivi nümayəndələrinin attestasiya komissiyasının iclasında müşahidəçi kimi iştirak etmək istəyi təmin olunmalıdır. 65.7-ci maddəyə əsasən attestasiya komissiyası işçinin tutduğu vəzifəyə (peşəyə) uyğun olduğu və ya uyğun olmadığı haqqında iki qərardan yalnız birini qəbul edir. Bununla yanaşı attestasiya komissiyası bu qərarlarında işçinin başqa vəzifədə (peşədə) istifadə edilməsinin məqsədə müvafiqliyi barədə işəgötürənə tövsiyyə edə bilər. 66-cı maddəyə əsasən uşağının üç yaşınadək sosial məzuniyyətdə olan və həmin məzuniyyət bitdikdən sonra bir ildən az müddətdə müvafiq vəzifədə (peşədə) çalışan qadınlar (uşağını təkbaşına böyüdən kişilər) attestasiyası keçirilmir. 67.1-ci maddəyə əsasən attestasiya komissiyası tərəfindən barəsində tutduğu vəzifəyə uyğun olmadığı haqqında qərar çıxarılmış işçinin əmək müqaviləsi bu Məcəllənin 70-ci maddəsinin «c» bəndinə müvafiq olaraq, 71-ci maddəsində nəzərdə tutulan qaydalara əməl edilməklə işəgötürən tərəfindən ləğv edilə bilər. 67.2-ci maddəyə əsasən işəgötürən attestasiya komissiyasının tövsiyyəsini nəzərə alaraq işçinin peşə hazırlığının yüksəldilməsi, yeni ixtisasa yiyələnməsi və ixtisasının artırılması üçün onu təlimlərə cəlb edə və yaxud işçinin razılığı ilə onu başqa müvafiq vəzifəyə (peşəyə) keçirə bilər. 67.3-cü maddəyə əsasən iş yerlərinin attestasiyasının keçirilməsi nəticəsində onların kütləvi şəkildə ixtisar edilməsi yolverilməzdir. 67.4-cü maddəyə əsasən iş yerinin attestasiyasının keçirilməsinin nəticələrinə əsaslanaraq işəgötürən tərəfindən işçilərin əmək müqavilələri ləğv edilə bilməz. 67.6-cı maddəyə əsasən attestasiya komissiyasının qərarı ilə tutduğu vəzifəyə (peşəyə) uyğun olmadığına görə işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilən və ya başqa vəzifəyə (peşəyə) keçirilən işçinin iddiası əsasında fərdi əmək mübahisəsinə bu Məcəllə ilə müəyyən edilmiş qaydada yalnız məhkəmələrdə baxılır. 70-ci maddənin “c” bəndinə əsasən peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. 2. İşəgötürən attestasiya komissiyasının tövsiyyəsini nəzərə alaraq işçinin peşə hazırlığının yüksəldilməsi, yeni ixtisasa yiyələnməsi və ixtisasının artırılması üçün onu təlimlərə cəlb edə və yaxud işçinin razılığı ilə onu başqa müvafiq vəzifəyə (peşəyə) keçirə bilər. 71.3-cü maddəyə əsasən işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. 74-cü maddəsinin ikinci bəndinə əsasən əgər qanunsuz və ya əsassız işdən çıxarılmış işçi işinə bərpa olunması üçün məhkəməyə iddia ərizəsi ilə müraciət edərsə və məhkəmə tərəfindən iddiası təmin olunaraq işinə (vəzifəsinə) bərpa edilməsi haqqında qətnamə (qərar) qəbul edilərsə, onda işəgötürən tərəfindən məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi (qərarı) dərhal icra edilərək o, əvvəlki vəzifəsinə və ya razılığı ilə başqa vəzifəyə (işə) bərpa olunmalıdır. Bu zaman işə bərpa edilən işçinin yerinə götürülmüş işçi ilə bağlanmış əmək müqaviləsinə bu Məcəllənin 71-ci maddəsinin 1-ci hissəsində nəzərdə tutulmuş müvafiq araşdırmalar aparılmaqla xitam verilə bilər. 83-cü maddənin 1-ci hissəsinə əsasən, əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara uyğun olaraq xitam verilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. 83-cü maddənin 2-ci hissəsinə əsasən, elektron sənəd formasında bağlanılmış əmək müqavilələrinə xitam verilən zaman bu barədə işəgötürənin əmri (sərəncamı, qərarı) elektron informasiya sistemində gücləndirilmiş elektron imza ilə imzalanaraq işçinin informasiya sistemində yaradılan elektron kabinetində yerləşdirilir. 83-cü maddənin 3-cü hissəsinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallarda müvafiq əmr (sərəncam, qərar) işəgötürən tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Əmrin surəti işçinin əmək kitabçası ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. 84-cü maddənin 1-ci hissəsinə əsasən əmək müqaviləsinə xitam verilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda aşağıdakı məlumatlar göstərilir: işəgötürən dövlət orqanı (qurumu), hüquqi şəxs və ya xarici hüquqi şəxsin filialı, nümayəndəliyi olduqda adı, işəgötürən funksiyasını həyata keçirən vəzifəli şəxsin vəzifəsi, soyadı və adı, faktiki fəaliyyət göstərdiyi ünvanı, işəgötürən fiziki şəxs olduqda soyadı və adı, faktiki fəaliyyət göstərdiyi ünvanı, əmrin (sərəncamın, qərarın) nömrəsi, tarixi; işçinin adı, atasının adı və soyadı; əmək müqaviləsi üzrə işçinin vəzifəsinin (peşəsinin) adı; əmək müqaviləsinə xitam verilməsinin əsası; həmin əsasla əmək müqaviləsinə xitam verilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi; əmək müqaviləsinə xitam verilən gün, ay və il; əmək müqaviləsinə xitam verilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər. 84-cü maddənin 2-ci hissəsinə əsasən bu maddənin birinci hissəsində nəzərdə tutulmuş məlumatlardan hər hansı biri və ya bir neçəsi göstərilməyən əmr (sərəncam, qərar) əmək mübahisəsini həll edən məhkəmə tərəfindən etibarsız hesab edilə bilər. 84-cü maddənin 3-cü hissəsinə əsasən Əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) yalnız bu maddənin 1-ci hissəsində göstərilən məlumatlar olan sadə formada, həmçinin normativ hüquqi aktlara uyğun formada — təsviri (giriş) hissəsindən və həmin məlumatlar göstərilən qərar hissəsindən ibarət formada tərtib edilə bilər. Həmin Məcəllənin fərdi əmək mübahisələrinin predmetini müəyyən edən 288-ci maddəsində əmək haqqının, habelə digər ödəmələrin müəyyən edilməsi və hesablanması, yaxud ödənilməsi fərdi əmək mübahisələrinin predmeti kimi müəyyən edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 23 may tarixli 97 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında işçilərin attestasiyasının keçirilməsi Qaydalarının: 2.1-ci maddəsinə attestasiyadan keçirilməzdən əvvəl zəruri hallarda attestasiyanın keçirilməsinin məqsəd, vəzifə və metodlarının izahının işçilərə çatdırılması üzrə tədbirləri özündə cəmləşdirən lazımi hazırlıq işləri görülməlidir. Bu işi müəssisənin struktur bölmələrinin rəhbərləri müvafiq həmkarlar təşkilatları ilə birlikdə, həmkarlar təşkilatı olmadıqda isə işəgötürən özü təşkil edir. 2.4-cü maddəsinə görə attestasiya komissiyasının üzvləri tərəfindən işçiyə yalnız tutduğu vəzifəyə (peşəyə) əmək funksiyasına, ixtisasına (peşəsinə) dair, yerinə yetirdiyi işlər və onların nəticələri barədə, habelə tutduğu vəzifəyə (peşəyə) uyğunluğunu müəyyən etmək üçün zəruri olan əmək müqaviləsi ilə müəyyən edilmiş hüquqları, vəzifələri dairəsinə aid olan məsələlərlə əlaqədar suallar verilir. Attestasiya olunan işçinin siyasi baxışlarına, mənəvi, əxlaqi kamilliyinə, şəxsiyyətinə, etiqadına və digər sırf şəxsi dəyərlərinə görə, o cümlədən onun intizamlılıq dərəcəsinə görə peşəkarlıq səviyyəsinin qiymətləndirilməsi yolverilməzdir. İşçinin tutduğu vəzifəyə uyğunluğu müəyyən edilərkən onun son 5 (beş) il ərzində peşə hazırlığı səviyyəsinin yüksəldilməsinin, yeni ixtisasa yiyələnməsinin və ixtisasının artırılmasının nəticələri nəzərə alınır. 2.6-cı maddəsinə görə attestasiya komissiyası işçinin tutduğu vəzifəyə (peşəyə) uyğun olduğu və ya uyğun olmadığı haqqında 2 qərardan yalnız birini qəbul edir: a) tutduğu vəzifəyə uyğundur; b) tutduğu vəzifəyə uyğun deyil. Bununla yanaşı, attestasiya komissiyası qəbul etdiyi qərarlarında həvəsləndirmək haqqında, ixtisas, əməyin ödənilmə dərəcəsini artırmaq, işçi ilə əmək müqaviləsində göstərilən vəzifə maaşını dəyişdirmək haqqında (qanunvericilikdə müəyyənləşdirilən səviyyədən aşağı olmamaq şərti ilə), əlavələr etmək, işçini peşə hazırlığının yüksəldilməsi, yeni ixtisasa yiyələnməsi və ixtisasının artırılması üçün təlimlərə cəlb etmək, vəzifədə irəli çəkilmək üçün ehtiyat kadrlar siyahısına daxil etmək, işçinin razılığı ilə başqa işə keçirmək, tutduğu vəzifəyə uyğun olmadıqda, işçini işdən azad etmək, əməyin ödənilmə dərəcəsini aşağı salmaq haqqında, həmçinin attestasiyadan keçmiş şəxslərin fəaliyyətinin yaxşılaşdırılmasına dair tövsiyələr verir. Attestasiya komissiyası attestasiyanın nəticələrinə görə ixtisas tələblərində qoyulmuş xüsusi hazırlığı və iş stajı olmayan, ancaq üzərinə qoyulan vəzifələri keyfiyyətlə yerinə yetirən və lazımi praktiki təcrübəsi olan işçini müstəsna hallarda xüsusi hazırlıq və iş stajı tələb edən vəzifəyə təyin edilməsinin mümkünlüyü barədə tövsiyə edə bilər. Bununla belə, attestasiya komissiyası müvafiq tövsiyələrinin səbəblərini göstərir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70 “ç”, 72 və 79-cu maddələrinin şərh edilməsi ilə bağlı müraciətinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Palatasının 17 fevral 2016-cı il tarixli Q ə r a r d a d ında məhkəmə vurğulamışdır ki, “Əmək müqaviləsinə xitam verilməsinin əsasları və qaydaları” Əmək Məcəlləsinin onuncu fəslində təsbit edilmişdir. Bu fəsil Əmək Məcəlləsinin 68-76-cı maddələrini əhatə edir və əmək müqaviləsinin ləğv edilməsini məhdudlaşdıran şərtləri müəyyən edən 76-cı maddə ilə tamamlanır. Bu fəsildə əvvəlcə ümumilikdə əmək müqaviləsinə xitam verilməsinin əsasları, sonra əmək müqaviləsinin işçi tərəfindən ləğv edilməsinin qaydası (69-cu maddə), işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsinin əsasları isə Əmək Məcəlləsinin 70-ci maddəsində verilmişdir. Əmək Məcəlləsinin 70-ci maddəsi 4 bənddən ibarətdir. Bu maddənin “ç” bəndində deyilir ki, işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Bu maddə ilə bağlı qeyd olunmalıdır ki, qanunun bu göstərişi imperativ xarakter daşımır. Belə ki, qanun müqavilənin ləğv edilməsini mütləq qoymur, onu işəgötürənin səlahiyyətinə buraxır. Həmin qərardadda Konstitusiya Məhkəməsinin Palatası həmçinin qeyd etmişdir ki, qanunverici bu güzəştli normanı müəyyən edərkən ana və uşağın sağlamlığının mühafizəsi, hüquqlarının müdafiəsi, onların maddi və sosial təminatlarının gücləndirilməsi, eləcə də bəzi kateqoriya işçilərin sağlamlığının qorunması və ailələrinin sosial müdafiəsinin möhkəmləndirilməsi mövqeyindən çıxış etmişdir. Qeyd olunanlarla bağlı Konstitusiya Məhkəməsinin Palatası belə nəticəyə gəlir ki, müraciətdə göstərilən məsələnin həll edilməsi zamanı Bakı şəhəri Xətai rayon məhkəməsi Konstitusiyada təsbit edilmiş və dövlət tərəfindən təmin edilən sosialyönümlü dəyərləri nəzərə almaqla və baxılan işdə tətbiq etməklə müəyyən nəticəyə gələ bilər. Mülki işdə olan sübutlarla təsdiq edilir ki, İddiaçı Bakı şəhəri 30 nömrəli Uşaq Musiqi Məktəbinin 23 aprel 2018-ci il tarixli əmrinə əsasən həmin məktəbdə müəllim vəzifəsinə işə qəbul edilmişdir. 12 mart 2025-ci il tarixdə 30 saylı Uşaq Musiqi Məktəbində işçilərin attestasiyası keçirilmiş və İddiaçı tutduğu vəzifəyə uyğun hesab edilməmiş, ona təkmilləşdirmə tövsiyyə edilmişdir. 30 nömrəli Uşaq Musiqi Məktəbinin 02 aprel 2025-ci il tarixli 42 nömrəli əmrinə əsasən Bakı şəhər 37 nömrəli Uşaq Musiqi Məktəbinin fortepiano müəllimi İddiaçı 07 aprel 2025-ci il tarixindən Azərbaycan Respublikası Əmək Məcələsinin 70-ci maddəsinin “c” bəndinə əsasən tutduğu vəzifədən azad edilmiş və onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Məhkəmə işin faktiki hallarını qiymətləndirib yuxarıda qeyd edilmiş maddi hüquq normalarına əsaslanaraq belə qənaətə gəlir ki, iddiaçının attestasiyası “Azərbaycan Respublikasında işçilərin attestasiyasının keçirilməsi Qaydalarının pozulması ilə keçirildiyindən, iddiaçının attestasiyanın nəticələrinə görə işdən çıxarılması qanunsuz olmaqla yanaşı dövlətin ana və uşaqların hüquqlarının müdafiəsi, onların maddi və sosial təminatlarının gücləndirilməsi, eləcə də bəzi ailələrinin sosial müdafiəsinin möhkəmləndirilməsi siyasətinə zidd olmuşdur. Belə ki, ilk növbədə məhkəmə vurğulayır ki, Əmək Məcəlləsinin 70-ci maddənin “c” bəndində nəzərdə tutulmuşdur ki, peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Məhkəmə qeyd edir ki, qanunun bu göstərişi imperativ xarakter daşımır, qanun müqavilənin ləğv edilməsini mütləq qoymur, onu işəgötürənin səlahiyyətinə buraxır. Bu halda həmin məcəllənin 67-ci maddəsinin ikinci bəndi müəyyən edir ki, işəgötürən attestasiya komissiyasının tövsiyyəsini nəzərə alaraq işçinin peşə hazırlığının yüksəldilməsi, yeni ixtisasa yiyələnməsi və ixtisasının artırılması üçün onu təlimlərə cəlb edə və yaxud işçinin razılığı ilə onu başqa müvafiq vəzifəyə (peşəyə) keçirə bilər. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, attestasiya zamanı iddiaçıya qarşı qərəzli mövqe olmuş, iddiaçı tərəfindən suallara verilən cavablar düzgün qiymətləndirilməmişdir. Belə ki, komissiyanın A.Məlikovun fortepioano yaradıcılığı haqqında məlumat verilməsi sualına cavab olaraq iddiaçı “Skertso, Düşücələr pyesi” ni qeyd etmiş, komissiya həmin cavabı səhv cavab kimi qeyd etmişdir. Halbuki, Azərbaycan Milli Kitabxanası saytından Arif Məlikovun yaradıcılığı ilə bağlı 525-ci qəzetin 13 sentyabr 2018-ci il tarixli buraxılışından olan məqalədən müəyyən edilir ki, 1980-ci illərdə bəstəkarın solo skripka üçün sonata, iki fortepiano üçün skertso əsərləri meydana gəlir. Bəstəkarın simfonik yaradıcılığını təşkil edən 8 simfoniya, simfonik poemalar (o cümlədən, "Nağıl", "Füzulinin xatirəsinə", "Metamorfozlar"), süitalar (o cümlədən, "Məhəbbət əfsanəsi" baletindən süitalar), konsertino (fleyta ilə simli orkestr üçün), müxtəlif orkestr pyesləri (o cümlədən, "Simfonik rəqslər", "8 pyes", "12 pyes"), müxtəlif dövlərdə ona təkrar-təkrar dünya şöhrəti qazandıran baletlər ("Məhəbbət əfsanəsi", "İki nəfər", "İki qəlbin dastanı", "Əlibaba və qırx quldur"), operetta ("Dalğalar"), instrumental musiqi növlərindən prelüdiya (fortepiano üçün), sonata (solo skripka üçün) süita və skertso (skripka və fortepiano üçün) kimi janrlara müraciət etmiş, fortepiano üçün miniatürlər (o cümlədən, "Ötəri anlar") yazının əvvəlində bəhs etdiyimiz Arif Məlikov zirvəsinə yaradan möhtəşəm sənət əsərləridir. Göründüyü kimi komissiyanın iddiaçının verdiyi cavabları qiymətləndirilməsi düzgün olmamışdır. Eyni zamanda komissiya İddiaçı Rafael qızının nəzəri biliklərinin zəif olmasını qeyd etmiş, təkmilləşmə tövsiyə etmişdir. İddiaçı Rafael qızı may ayının 1-dən etibarən 2 ay müddətində 6 nömrəli Uşaq musiqi məktəbində keçirilən həmin kursda iştirak etmişdir. Lakin işlədiyi 30 nömrəli Musiqi məktəbinin rəhbəri həmin halları nəzərə almamış və iddiaçını Azərbaycan Respublikası Əmək Məcələsinin 70-ci maddəsinin “c” bəndinə əsasən tutduğu vəzifədən azad edilməsi və onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə əmr vermişdir. Eyni zamanda işçilərin attestasiyanın nəticələrinə uyğun olaraq 30 nömrəli Uşaq Musiqi Məktəbində kütləvi şəkildə müəllimlərin işdən çıxarıldığı müəyyən edilmişdir. Cavabdehin nümayəndəsi isə məhkəmə iclasında verdiyi izahatda işçilərin kütləvi şəkildə işdən çıxarıldığını təsdiq etmiş, əgər işçilərdən hansısa birini işdə saxlamaq imkanı olsa belə, digərlərinin buna etiraz edəcəyini bildirmişdir. Beləliklə, attestasiya komissiyası iddiaçının cavablarını düzgün qiymətləndirməyərək, iddiaçıya qarşı attestasiyada qərəzli mövqeni nümayiş etdirərək, Əmək Məcəlləsinin 65.3cü maddəsində müəyyən edilmiş obyektivlik və qərəzsizlik prinsiplərinin pozulmasına yol vermişdir. Bununla yanaşı işəgötürən komissiyanın təkmilləşmə ilə bağlı tövsiyəsini, təkmilləşdirmə kursundan keçdiyini, iddiaçının uzun müddət fortepiano müəllimi üzrə qüsursuz fəaliyyətini, iddiaçının himayəsində 2 azyaşlı uşağın olmasını nəzərə almadan onunla bağlanmış əmək müqaviləsinə xitam vermiş və bu zaman əmrin tərtibində Əmək Məcəlləsinin 71-ci maddəsində müəyyən edilmiş tələbi pozmuşdur. Belə ki, həmin maddəyə görə İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. İşəgötürən 30 saylı Uşaq Musiqi Məktəbi 02 aprel 2025-ci il tarixli 37 nömrəli əmrində iddiaçı ilə bağlanmış əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmamışdır. Qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli, İddiaçı əmək müqaviləsinə xitam verilməsi barədə 30 saylı Uşaq Musiqi Məktəbinin 02 aprel 2025-ci il tarixli, 37 nömrəli əmri ləğv edilməli, İddiaçı 30 saylı Uşaq Musiqi Məktəbində müəllim vəzifəsinə bərpa edilməli və ona məcburi iş buraxmaya görə 02 aprel 2025-ci il tarixdən işə faktiki bərpa ediləcəyi tarixədək əmək haqqı ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: İddia təmin edilsin. İddiaçı əmək müqaviləsinə xitam verilməsi barədə 30 saylı Uşaq Musiqi Məktəbinin 02 aprel 2025-ci il tarixli, 37 nömrəli əmri ləğv edilsin. İddiaçı 30 saylı Uşaq Musiqi Məktəbində müəllim vəzifəsinə bərpa edilsin. İddiaçı məcburi iş buraxmaya görə 02 aprel 2025-ci il tarixdən işə faktiki bərpa ediləcəyi vaxtadək əmək haqqı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlahə Abbasova
Məhkəmə qərarları › İş №2(011)-4795/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-4795/2025
17.07.2025 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver