Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-4798/2025 01.08.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Eyvazova Samirə Əli qızının sədrliyi, Hüseynova Nuranə Rafiq qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı işə bərpa və əmək haqqı tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İşin iddia ərizəsində qeyd edilən halları:
1. İddiaçı 2014-cü il tarixindən Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Bakı şəhəri, Mədəniyyət Baş İdarəsi, S.Əsgərov adına 1 nömrəli Uşaq İncəsənət Məkbəbində işləyir. İşlədiyi müddətdə işinə can yandırmış və işini layiqincə görmüşdür. Kollektivdə həmişə öndə gedən olmuşdur. Himayəsində azyaşlı övladı var, həyat yoldaşı da işləmir. O ailənin yeganə evə qazanc gətirənidir. Onun işdən çıxarılmağı ailənin vəziyyətinin ağırlaşmasına səbəb olacaqdır. Attestasiya keçirilən zaman kənar suallardan daha çox istifadə olunmuşdur. Mədəniyyət Nazirliyindən bildirilmişdir ki, heç kim işdən çıxarılmayacaq, vaxt veriləcək, yenidən imtahan keçiriləcəkdir. Lakin işlədiyi müəssisə gözləmədən dərhal əmr verərək onu işdən çıxarmışdır.
İddiaçının tələbi:
2. İddia tələbinin təmin edilməsini, cavabdeh Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Bakı şəhəri, Mədəniyyət Baş İdarəsi S.Əsgərov adına 1 nömrəli Uşaq İncəsənət Məktəbinin xx.xx.2025-ci il tarixli №10 nömrəli əmrinin ləğv edilməsini, işə bərpa olunmağına və ödənilməmiş əmək haqqının cavabdeh təşkilatdan tutularaq ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
Cavabdehin etirazı:
3. Cavabdeh iddiaya qarşı heç bir yazılı etiraz təqdim etməmişdir.
İşdə iştirak edən şəxslərin izahatları:
4. xx.xx.2025-ci il tarixli məhkəmə iclasında iştirak edən İddiaçı öz izahatında attestasiya zamanı içəri daxil olduqda hər şeyin qaydasında olduğunu, daha sonra həyəcanlandığını, ilk dəfə suala cavab verə bilməsə də daha sonra suallara cavab verdiyini, özünə aid suallar verildiyi zaman karıxdığını, bir çox nəfərin attestasiya komissiyasından keçdiyini, sualları verən zaman ona çox sual verdiklərini, oradakı şəxslərdən birinin çox sual verdikləri üçün müdaxilə etdiyini, özünə aid işlə bağlı suallar verdiklərini, müəllimə olduğuna inanmadıqlarını yəqin etdiyini, çünki heç bir şəxsə o sualları vermədiklərini, ixtisasına uyğun suallar verdiklərini, sualları bildiyini, lakin orada həyəcanlandığını, komissiya üzvlərindən birinin sualları daha qarışıq formada verdiyini, digər kommissiya üzvünün sualları sadələşdirərək verdiyi zaman cavab verdiyini, 2014-cü il tarixdən çalışdığını, bu zamanadək attestasiyadan keçirilmədiyini, bəzi şəxslərin suallara cavab vermədiyi təqdirdə attestasiyadan keçdiyini eşitdiyini, ona qarşı qərəz ola biləcəyini güman etdiyini, 4 işarəli qamma çaldığı halda onu keçirtmədiklərinə baxmayaraq heç bir işarəsi olmayan qamma çalan şəxsi keçirdiklərini, bununla bağlı tələbin mövcud olmadığını,qammanı özlərinin seçə bildiyini, qammanın işarəli və işarəsiz olub-olmamasını özlərinin seçdiyini, çox həyəcanlı olduğunu, bu səbəbdən texiki səhvlərinin olduğunu, qammanı özünün seçdiyini, başqa qamma çalmaqla bağlı ona təklif gəlmədiyini, kömək məqsədi ilə çox sual vermədiklərini düşündüyünü, eyni sualı ikinci dəfə verən zaman cavablandırdığını, cavablarının bəzilərinin doğru olduğunu, bəzilərinin isə həyəcanlı olduğu üçün səhv olduğunu bildirmiş, işinə bərpa edilməsini xahiş etmişdir.
5. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 öz izahatında bildirmişdir ki, iddiaçının özünün iclasda kənar suallar verilmədiyini etiraf etdiyini, Mədəniyyət Nazirliyi tərəfindən dərhal işdən çıxarılma olmayacağını, vaxt veriləcəyini qeyd etməyinə münasibətdə attestasiyanın xx.xx.2025-ci il tarixdə baş tutduğunu, xx.xx.2025-ci il tarixdə isə işdən çıxarıldıqlarını bildirmiş, iddia tələbinin rədd edilməsini xahiş etmişdir.
İş materiallarına əlavə edilmiş sənədlər və onlara əsasən təsdiq edilən faktlar:
6. Süleyman Əsgərov adına 1 nömrəli Uşaq İncəsənət Məktəbinin işçilərinin attestasiyası üzrə attestasiya komissiyasının iclasına dair xx.xx.2025-ci il tarixli, №01 saylı protokolu.
7. Süleyman Əsgərov adına 1 nömrəli Uşaq İncəsənət Məktəbinin xx.xx.2025-ci il tarixli №10 saylı əmrdən çıxarışına əsasən Bakı şəhər Cavabdeh fortepiano müəllimi İddiaçı 26 mart 2025-ci il tarixindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "c" bəndinə əsasən tutduğu vəzifədən azad edilmiş və onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir.
8. Bakı 5 saylı Mediasiya Təşkilatı tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, MŞB/3/2025-00195 nömrəli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışa əsasən, İddiaçı mediasiya sessiyasında iştirak etmiş, Süleyman Əsgərov adına 1 nömrəli Uşaq İncəsənət Məktəbi mediasiya sessiyasında iştirak etməmişdir. (İddiaçı 50 manat mediasaiya sessiyası xərcini və əlavə olaraq 10 manat kargüzarlıq xərcunu ödəmişdir.)
9. Attestasiya Vərəqəsi.
10. Süleyman Əsgərov adına 1 nömrəli Uşaq İncəsənət Məktəbinin Attestasiya Komissiyasının xx.xx.2025-ci il tarixli № 02 saylı qərarı.
11. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin xx.xx.2025-ci il tarixli məktubu.
12. Disk.
13. Mülki iş materiallarına əlavə edilmiş digər sənədlər.
Tətbiq edilən hüquq:
14. Azərbaycan Respublikasının Konstitusiyası: 35.İ. Əmək fərdi və ictimai rifahın əsasıdır. 35.İV. Əmək müqavilələri sərbəst bağlanılır. Heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. 36.İİİ. Fərdi və kollektiv əmək mübahisələri qanunla müəyyənləşdirilmiş qaydada həll edilir.
15. 1996-cı il 3 may tarixli Dəyişdirilmiş Avropa Sosial Xartiyası:
24. İşçilərin əmək münasibətlərinə xitam verilməsi hallarında müdafiə hüququnun səmərəli həyata keçirilməsini təmin etmək məqsədilə Tərəflər aşağıdakıları tanımaq öhdəliyini götürürlər: a) bütün işçilərin, onların vəzifəsi və ya davranışı, yaxud müəssisənin, idarənin və ya xidmətin istehsal tələbləri əsasında əmək münasibətlərinə xitam verilməsi üçün qanuni səbəblər olmadan əmək münasibətlərinə xitam verilməməsi hüququ; b) qanuni səbəblər olmadan əmək münasibətlərinə xitam verilmiş işçilərin adekvat kompensasiya və ya digər müvafiq müavinətlər almaq hüququ. Bu məqsədlə Tərəflər əmək münasibətlərinə əsassız xitam verildiyini hesab edən işçinin qərəzsiz orqana şikayət etmək hüququnu təmin etmək öhdəliyini götürürlər.
16. Azərbaycan Respublikasının Əmək Məcəlləsi (AR ƏM): 2.2. Azərbaycan Respublikasının Əmək Məcəlləsi fiziki şəxslərin əmək hüquqlarının və bu hüquqların həyata keçirilməsini təmin edən qaydaların minimum normalarını müəyyən edir. 2.3. Azərbaycan Respublikasının Əmək Məcəlləsi əmək münasibətlərində tərəflərin: hüquq bərabərliyinin təmin edilməsi; mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması prinsiplərinə əsaslanır. 3.3. İşəgötürən — tam fəaliyyət qabiliyyətli olub işçilərlə əmək müqaviləsi (kontrakt) bağlamaq, ona xitam vermək, yaxud onun şərtlərini dəyişdirmək hüququna malik mülkiyyətçi və ya onun təyin (müvəkkil) etdiyi müəssisənin rəhbəri, səlahiyyətli orqanı, habelə fiziki şəxs. 3.5. Əmək müqaviləsi (kontraktı) (bundan sonra – əmək müqaviləsi) – işəgötürənlə işçi arasında fərdi qaydada bu Məcəllə ilə müəyyən edilmiş formada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilə.
9. Əmək müqaviləsi üzrə işçinin aşağıdakı əsas hüquqları vardır: a) sərbəst surətdə ixtisasına, sənətinə, peşəsinə uyğun əmək fəaliyyəti növü və iş yeri seçərək əmək müqaviləsi bağlamaq; b) əmək müqaviləsinin şərtlərini dəyişdirmək və ya onu ləğv etmək üçün işəgötürənə müraciət etmək;
11. Əmək münasibətləri sahəsində işəgötürənin aşağıdakı əsas hüquqları vardır: a) bu Məcəllə ilə müəyyən edilmiş qaydada işçilərlə əmək müqavilələri bağlamaq, onların şərtlərini dəyişdirmək; b) bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək; c) işçilərdən əmək müqaviləsi ilə müəyyən edilmiş şərtlərin, öhdəliklərin vaxtında və keyfiyyətlə yerinə yetirilməsini tələb etmək;
12. Əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifələri bunlardır: a) əmək müqaviləsinin şərtlərinə və onlarda nəzərdə tutulan öhdəliklərə əməl etmək; b) bu Məcəllənin və əmək qanunvericiliyinə dair digər normativ hüquqi aktların tələblərini yerinə yetirmək; c) əmək müqavilələrini bu Məcəllədə nəzərdə tutulmuş əsaslarla və qaydada pozmaq; ç) kollektiv müqavilələrin, sazişlərin şərtlərinə, onlarda nəzərdə tutulmuş öhdəliklərə əməl etmək; d) fərdi, kollektiv əmək mübahisələri üzrə məhkəmə qərarlarını (qətnamələrini) yerinə yetirmək.
14. Əmək münasibətlərinin tənzimlənməsi sahəsində qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanları öz səlahiyyətləri çərçivəsində qanunvericiliyin tələblərinə əmək münasibətlərinin subyektləri tərəfindən hər yerdə eyni qaydada və dürüst əməl olunmasını; işçilərin və işəgötürənlərin pozulmuş hüquqlarının bərpa olunmasını; əmək münasibətləri sahəsində Azərbaycan Respublikasının Konstitusiyası ilə müəyyən edilmiş insan hüquqları və azadlıqları prinsipləri əsasında dövlət siyasətinin həyata keçirilməsini təmin etməlidirlər. 45.1. Əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır. 45.2. Əmək müqaviləsində onun hansı müddətə bağlanması göstərilməmişdirsə, həmin müqavilə müddətsiz bağlanmış hesab edilir. 45.3. Müddəti müəyyən edilmədən bağlanmış əmək müqaviləsi hər iki tərəfin razılığı olmadan birtərəfli qaydada müddətli əmək müqaviləsi ilə əvəz edilə bilməz.
44. 4. Əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır. 45.5. Müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir.
46. 1. Əmək müqaviləsi bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş əmək şəraitinin şərtləri, habelə tərəflərin razılaşdıqları əlavə şərtləri, işçinin əmək funksiyası və tərəflərin öhdəlikləri göstərilməklə fərdi qaydada bağlanılır.
47. Aşağıdakı hallarda əmək müqaviləsi müəyyən müddətə bağlanıla bilər: a) işçinin əmək qabiliyyətini müvəqqəti itirməsi, ezamiyyətdə, məzuniyyətdə olması, habelə iş yeri və vəzifəsi saxlanılmaqla qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda müəyyən səbəbdən müvəqqəti olaraq işə çıxmaması ilə əlaqədar onun əmək funksiyasının başqa işçi tərəfindən icrasının zəruriyyəti olduqda; b) təbii və iqlim şəraitinə və ya işin xüsusiyyətinə görə il boyu görülə bilməyən mövsümü işlərin yerinə yetirilməsi zamanı; c) işin həcminin və davamiyyətinin qısamüddətli olduğu təmir-tikinti, quraşdırma, yeni texnologiyanın tətbiqi və mənimsənilməsi, təcrübə-sınaq işlərinin aparılması və bu qəbildən olan digər işlərin görüldüyü hallarda; ç) müvafiq vəzifə (peşə) üzrə əmək funksiyasının mürəkkəbliyi, məsuliyyətliliyi baxımından işçinin əmək və peşə vərdişlərinin mənimsənilməsi, yüksək peşəkarlıq səviyyəsinin əldə edilməsi tələb olunan (stajkeçmə, rezidentura dövrləri) hallarda; d) işçinin şəxsi, ailə-məişət vəziyyəti ilə bağlı olan, o cümlədən işləməklə yanaşı təhsil aldığı, müəyyən səbəbdən müvafiq yaşayış məntəqəsində müvəqqəti yaşadığı, pensiya yaşına çatdıqda işləmək istəyi olduğu hallarda; e) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) göndərişi ilə haqqı ödənilən ictimai işlər görülərkən; ə) bu Məcəllənin 6-cı maddəsinin «c» bəndində göstərilən orqanlar istisna olmaqla seçkili orqanlarda (təşkilatlarda, birliklərdə) seçkili vəzifələrə seçilərkən; f) tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə; ğ) qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda. 65.1. İşçilərin peşəkarlıq səviyyəsinin yoxlanılması, ixtisasına, sənətinə müvafiq olaraq onların tutduğu vəzifəyə (peşəyə) uyğun olduğunu aşkara çıxarmaq məqsədi ilə bu Məcəllənin 66-cı maddəsində göstərilən işçilər istisna olunmaqla qalan bütün işçilərin attestasiyası keçirilə bilər. 65.2. Yalnız müvafiq iş yerində azı bir il çalışan işçilər attestasiyadan keçirilə bilər. Hər bir işçi üç ildə, elmi işçilər isə beş ildə bir dəfədən çox olmayaraq attestasiyadan keçirilə bilər. 65.3. İşəgötürənin əmri (sərəncamı) ilə işçilərin attestasiyasının keçirilməsi üçün təcrübəli, yüksək peşəkarlıq qabiliyyətinə malik, obyektivliyi və qərəzsizliyi ilə seçilən nüfuzlu şəxslərdən, habelə həmkarlar ittifaqları təşkilatının nümayəndəsindən ibarət attestasiya komissiyası yaradılır. İşəgötürən, işçinin müvafiq iş yeri üzrə rəhbəri attestasiya komissiyasının üzvü ola bilməz. 65.4. Attestasiya komissiyası azı beş nəfərdən ibarət olmaqla bütün hallarda onun say tərkibi təkrəqəmli olmalıdır. Attestasiya komissiyasının səlahiyyət müddəti onun yaradılması haqqında müvafiq əmrlə (sərəncamla) müəyyən edilir. 65.5. Attestasiya komissiyasının üzvləri tərəfindən işçiyə yalnız tutduğu vəzifəyə (peşəyə), əmək funksiyasına, ixtisasına (peşəsinə) dair, yerinə yetirdiyi işlər və onların nəticələri barədə, habelə tutduğu vəzifəyə (peşəyə) uyğunluğunu müəyyən etmək üçün zəruri olan əmək müqaviləsi ilə müəyyən edilmiş hüquqları, vəzifələri dairəsinə aid olan məsələlərlə əlaqədar suallar verilə bilər. Attestasiya olunan işçinin siyasi baxışlarına, mənəvi, əxlaqi kamilliyinə, şəxsiyyətinə, etiqadına və digər sırf şəxsi dəyərlərinə görə, o cümlədən onun intizamlılıq dərəcəsinə görə peşəkarlıq səviyyəsinin qiymətləndirilməsi yolverilməzdir. İşçinin tutduğu vəzifəyə uyğunluğu müəyyən edilərkən onun son 5 (beş) il ərzində peşə hazırlığı səviyyəsinin yüksəldilməsinin, yeni ixtisasa yiyələnməsinin və ixtisasının artırılmasının nəticələri nəzərə alınır. 65.5-1. Korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat vermiş işçi attestasiyadan keçirildikdə, idarə, müəssisə və ya təşkilatın korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumatların verilməsi üçün müəyyən edilən müvafiq vəzifəli şəxsi və ya struktur bölməsinin nümayəndəsi attestasiya komissiyasının iclasında iştirak etməlidir. 65.6. Attestasiya komissiyasının işi aşkarlıq şəraitində, obyektiv, qərəzsiz və qanunvericiliyin tələblərinə əməl edilməklə aparılmalıdır. Attestasiya komissiyası qərarını gizli və ya açıq səsvermə yolu ilə səs çoxluğu ilə qəbul edir. Müvafiq iş yeri üzrə əmək kollektivi nümayəndələrinin attestasiya komissiyasının iclasında müşahidəçi kimi iştirak etmək istəyi təmin olunmalıdır. 65.7. Attestasiya komissiyası işçinin tutduğu vəzifəyə (peşəyə) uyğun olduğu və ya uyğun olmadığı haqqında iki qərardan yalnız birini qəbul edir. Bununla yanaşı attestasiya komissiyası bu qərarlarında işçinin başqa vəzifədə (peşədə) istifadə edilməsinin məqsədə müvafiqliyi barədə işəgötürənə tövsiyyə edə bilər. 65.8. Bu maddə ilə müəyyən edilmiş işçilərin attestasiyası keçirilməsinin digər qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən normativ hüquqi aktla tənzimlənir.
66. Aşağıdakı işçilərin attestasiyası keçirilmir: vətənin müdafiəsi, azadlığı və ərazi bütövlüyü uğrunda hərbi əməliyyatlarda xəsarət (yaralanma, travma, kontuziya) almış və əlilliyi müəyyən edilmiş işçilər; Azərbaycanın müstəqilliyinin və ərazi bütövlüyünün müdafiəsi zamanı göstərdiyi şücaətlərə görə dövlət təltiflərinə və fəxri adlarına layiq görülmüş işçilər; bir vəzifədə (peşədə) beş ildən az müddətdə çalışan məcburi köçkün və qaçqın statusu olan işçilər; hamilə qadınlar; uşağının üç yaşınadək sosial məzuniyyətdə olan və həmin məzuniyyət bitdikdən sonra bir ildən az müddətdə müvafiq vəzifədə (peşədə) çalışan qadınlar (uşağını təkbaşına böyüdən kişilər); yaşı 18-dən az olan işçilər; bir vəzifədə (peşədə) faktik olaraq bir ildən az müddətdə çalışan işçilər; eyni vəzifədə (peşədə) azı üç dəfə attestasiya olunaraq tutduğu vəzifəyə uyğun olduğu müəyyən edilmiş işçilər; kollektiv müqavilələrdə (sazişlərdə) nəzərdə tutulan hallarda attestasiya olunmayan işçilər; Azərbaycan Respublikasında praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan işçilər; “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən sertifikatlaşdırmaya cəlb edilən təhsilverənlər.
70. Əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: a) müəssisə ləğv edildikdə; b) işçilərin sayı və ya ştatları ixtisar edildikdə; c) peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə; 83.1. Əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara uyğun olaraq xitam verilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. 83.2. Elektron sənəd formasında bağlanılmış əmək müqavilələrinə xitam verilən zaman bu barədə işəgötürənin əmri (sərəncamı, qərarı) elektron informasiya sistemində gücləndirilmiş elektron imza ilə imzalanaraq işçinin informasiya sistemində yaradılan elektron kabinetində yerləşdirilir. 296.1. Bu Məcəllənin 294-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş fərdi əmək mübahisələrinə baxan orqana, işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 3 təqvim ayı ərzində müraciət edə bilər.
296. 2. Bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. 300.1. Əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər.
17. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsi (AR MPM): 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir;
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 119.2. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
18. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunu: 9.1.1. Əməyin ödənilməsi və əmək fəaliyyəti ilə bağlı digər tələblər üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azaddırlar.
19. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239-cu maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 2011-ci il 15 iyul tarixli Qərarı.
Məhkəmənin mövqeyi:
20. Məhkəmə mülki iş üzrə iddia ərizəsini, məhkəmə iştirakçılarının izahını, əlavə edilmiş sənədləri, nəzərdən keçirib, təqdim edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi əsassızdır və təmin edilməməlidir.
21. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa iddia haqlı sayılır, uzlaşmırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə təmin olunmalı deyilsə) iddia rədd edilir.
22. İşin mübahisəsiz hallarından görünür ki, Süleyman Əsgərov adına 1 nömrəli Uşaq İncəsənət Məktəbinin Attestasiya Komissiyasının xx.xx.2025-ci il tarixli № 02 saylı qərarından görünür ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 65-ci maddəsinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 23 may tarixli 97 nömrəli Qərarı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasında işçilərin attestasiyasının keçirilməsi Qaydalarının tələblərinə uyğun olaraq, Bakı şəhəri Cavabdeh (bundan sonra məktəb) xx.xx.2024-cü il tarixli 39 nömrəli əmrinə əsasən həmin məktəbdə attestasiyanın keçirilməsi qərara alınmış, bu məqsədlə attestasiyanın keçirilməsi müddəti və qaydaları cari ilin başlanmasına qədər Bakı şəhər Cavabdeh xx.xx.2024-cü il tarixli 39 nömrəli əmri ilə təsdiq edilərək, attestasiyanın başlanmasına 1 aydan çox qalmış attestasiyadan keçiriləcək işçilərin diqqətinə çatdırılmış, habelə məktəbin xx.xx.2024-cü il tarixli 39 nömrəli əmri əsasında attestasiyanın keçirilməsi üçün attestasiya komissiyası yaradılmışdır. Qeyd olunanlara əsasən məktəbin fortepiano müəllimi İddiaçı xx.xx.2025-ci il tarixində attestasiyaya dəvət edilmişdir. İddiaçı tutduğu vəzifəyə, əmək funksiyasına, ixtisasına dair, yerinə yetirdiyi işlər və onların nəticələri barədə, habelə tutduğu vəzifəyə uyğunluğunu müəyyən etmək üçün zəruri olan əmək müqaviləsi ilə müəyyən edilmiş hüquqları, vəzifələri dairəsinə aid olan məsələlərlə əlaqədar 16 ədəd sual verilmişdir. İddiaçı həmin suallardan 12 ədədinə cavab verə bilməmiş, 2 ədədinə qismən cavab vermiş, yalnız 2 ədədinə tam cavab verə bilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 65-ci maddəsinin 7-ci hissəsini və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 23 may tarixli 97 nömrəli Qərarı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasında İşçilərin attestasiyasının keçirilməsi Qaydalarının 2.6-cı bəndini rəhbər tutaraq Bakı şəhər Cavabdeh Attestasiya Komissiyası tərəfindən Bakı şəhər Cavabdeh fortepiano müəllimi İddiaçı tutduğu vəzifəyə uyğun hesab edilməməsi qərar alınmışdır.
23. Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin İ hissəsinə əsasən, əmək fərdi və ictimai rifahın əsasıdır. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239-cu maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 2011-ci il 15 iyul tarixli Qərarında bu hüquqla bağlı formalaşdırdığı hüquqi mövqeyə görə, əməyin iqtisadi və sosial ölçüləri vardır. Bu baxımdan əmək hüququ fərdin və onun ailəsinin rifahına və inkişafına, habelə cəmiyyətdə özünü dərk etməsinə təsir edir. Əmək hüququnun bu təyinatları hər kəsin sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçməsi ilə xarakterizə olunur. Ədalətli sosial quruluşun təmin edilməsi prinsipi ədalətli, iqtisadi və sosial qaydalara uyğun olaraq hamının layiqli həyat səviyyəsinin təmin edilməsini bəyan edən Konstitusiyanın preambulasından irəli gəlir. Məhz dövlətin effektli sosial siyasəti cəmiyyətdə rifahın və firavanlığın bərqərar edilməsini təmin edir. Əmək Məcəlləsinin 2-ci maddəsinin 3-cü hissəsinə müvafiq olaraq, bu Məcəllə əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi, mənafelərinin haqqədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması, maddi, mənəvi, sosial, iqtisadi və digər həyati tələbatlarını ödəmək məqsədi ilə əqli, fiziki və maliyyə imkanlarından sərbəst istifadə etməsinin təmin edilməsi, əmək münasibətlərinin mülki hüquqi müqavilələrlə rəsmiləşdirilməsinin yolverilməzliyi, əsasən əmək müqaviləsi (kontrakt) üzrə öhdəliklərinin icrasına hüquqi təminat yaradılması prinsiplərinə əsaslanır. Bu prinsiplərdən irəli gələrək qanunverici tərəfindən əmək hüquq münasibətlərinin iştirakçıları arasındakı münasibətlərin tənzimlənməsi müvafiq hüquq münasibətlərinin bütün iştirakçılarının hüquq və maraqlarının ədalətli və ağlabatan tarazlığı əsasında həyata keçirilməlidir. Bu məqsədə çatmaq üçün Əmək Məcəlləsi həm işçinin, həm də işəgötürənin hüquqlarını müdafiə edir. Qanunverici şəxsin sərbəst iradə ifadəsi əsasında əməyə olan qabiliyyətinin realizəsi üzrə artıq yaratmış olduğu konkret münasibətlərdə məhz işçinin əmək qanunvericiliyi ilə nəzərdə tutulmuş hüquqlarının təmin edilməsi, qanuni mənafelərinin qorunması məqsədilə həmin münasibətlərin əmək münasibətləri olaraq qəbul edilməsinin və əmək müqaviləsinin yazılı formada bağlanmasının məcburiliyini təsbit etmişdir. (§19)
24. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 11-ci maddəsinin “c” bəndinə əsasən əmək münasibətləri sahəsində işəgötürənin işçilərdən əmək müqaviləsi ilə müəyyən edilmiş şərtlərin, öhdəliklərin vaxtında və keyfiyyətlə yerinə yetirilməsini tələb etmək hüquqları vardır. Məhkəmə qeyd edir ki, işçinin əmək funksiyası dedikdə əmək müqaviləsində nəzərdə tutulan, yerinə yetirilməli olduğu müvafiq işin və ya görməli olduğu xidmətin dairəsi anlaşılır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 12-ci maddəsinin “a” bəndinə əsasən əmək münasibətləri sahəsində işəgötürənin əmək müqaviləsinin şərtlərinə və onlarda nəzərdə tutulan öhdəliklərə əməl etmək əsas vəzifələrindən biridir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 65-ci maddəsinə əsasən: 1. İşçilərin peşəkarlıq səviyyəsinin yoxlanılması, ixtisasına, sənətinə müvafiq olaraq onların tutduğu vəzifəyə (peşəyə) uyğun olduğunu aşkara çıxarmaq məqsədi ilə bu Məcəllənin 66-cı maddəsində göstərilən işçilər istisna olunmaqla qalan bütün işçilərin attestasiyası keçirilə bilər. 2. Yalnız müvafiq iş yerində azı bir il çalışan işçilər attestasiyadan keçirilə bilər. Hər bir işçi üç ildə, elmi işçilər isə beş ildə bir dəfədən çox olmayaraq attestasiyadan keçirilə bilər. 3. İşəgötürənin əmri (sərəncamı) ilə işçilərin attestasiyasının keçirilməsi üçün təcrübəli, yüksək peşəkarlıq qabiliyyətinə malik, obyektivliyi və qərəzsizliyi ilə seçilən nüfuzlu şəxslərdən, habelə həmkarlar ittifaqları təşkilatının nümayəndəsindən ibarət attestasiya komissiyası yaradılır. İşəgötürən, işçinin müvafiq iş yeri üzrə rəhbəri attestasiya komissiyasının üzvü ola bilməz. 4. Attestasiya komissiyası azı beş nəfərdən ibarət olmaqla bütün hallarda onun say tərkibi təkrəqəmli olmalıdır. Attestasiya komissiyasının səlahiyyət müddəti onun yaradılması haqqında müvafiq əmrlə (sərəncamla) müəyyən edilir. 5. Attestasiya komissiyasının üzvləri tərəfindən işçiyə yalnız tutduğu vəzifəyə (peşəyə), əmək funksiyasına, ixtisasına (peşəsinə) dair, yerinə yetirdiyi işlər və onların nəticələri barədə, habelə tutduğu vəzifəyə (peşəyə) uyğunluğunu müəyyən etmək üçün zəruri olan əmək müqaviləsi ilə müəyyən edilmiş hüquqları, vəzifələri dairəsinə aid olan məsələlərlə əlaqədar suallar verilə bilər. Attestasiya olunan işçinin siyasi baxışlarına, mənəvi, əxlaqi kamilliyinə, şəxsiyyətinə, etiqadına və digər sırf şəxsi dəyərlərinə görə, o cümlədən onun intizamlılıq dərəcəsinə görə peşəkarlıq səviyyəsinin qiymətləndirilməsi yolverilməzdir. İşçinin tutduğu vəzifəyə uyğunluğu müəyyən edilərkən onun son 5 (beş) il ərzində peşə hazırlığı səviyyəsinin yüksəldilməsinin, yeni ixtisasa yiyələnməsinin və ixtisasının artırılmasının nəticələri nəzərə alınır. 6. Attestasiya komissiyasının işi aşkarlıq şəraitində, obyektiv, qərəzsiz və qanunvericiliyin tələblərinə əməl edilməklə aparılmalıdır. Attestasiya komissiyası qərarını gizli və ya açıq səsvermə yolu ilə səs çoxluğu ilə qəbul edir. Müvafiq iş yeri üzrə əmək kollektivi nümayəndələrinin attestasiya komissiyasının iclasında müşahidəçi kimi iştirak etmək istəyi təmin olunmalıdır. 7. Attestasiya komissiyası işçinin tutduğu vəzifəyə (peşəyə) uyğun olduğu və ya uyğun olmadığı haqqında iki qərardan yalnız birini qəbul edir. Bununla yanaşı attestasiya komissiyası bu qərarlarında işçinin başqa vəzifədə (peşədə) istifadə edilməsinin məqsədə müvafiqliyi barədə işəgötürənə tövsiyyə edə bilər. Məhkəmə qeyd edir ki, qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əsasən attestasiya işçinin əmək müqaviləsi əsasında üzərinə düşən işinin peşəkarlıq səviyyəsinin yoxlanılması, ixtisasına, sənətinə müvafiq olaraq tutduğu vəzifəyə, peşəyə uyğun olub-olmadığını müəyyən etmək məqsədilə keçirilir. Məhkəməyə təqdim edilmiş attestasiya vərəqəsindən görünür ki, iddiaçıya tutduğu vəzifəyə uyğun olaraq suallar verilmiş, lakin iddiaçı tərəfindən suallara verilən cavablar komissiya üzvlərini qane etməmiş, bu səbəbdən attestasiya komissiyasının üzvlərinin səsverməsi nəticəsində iddiaçının tutduğu vəzifəyə uyğun olmaması müəyyən edilmişdir. İddiaçı ona verilən suallara düzgün cavab versə də, attestasiya vərəqəsində həmin suallara düzgün cavab verməmə kimi qeydlərin aparılmasını bildirsə də, CD-diskə baxış zamanı iddiaçının bu dəlilləri təsdiqini tapmamış, əksinə attestasiya vərəqəsində iddiaçının verilən suallara cavab verə bilməməsi təsdiq edilmişdir.
25. Məhkəmə hesab edir ki, iddiaçının tutduğu vəzifəyə uyğunluğunun yoxlanılması ilə bağlı yaradılmış attestasiya komissiyası və həyata keçirilmiş attestasiya Azərbaycan Respublikası Əmək Məcəlləsinin 65-ci maddəsinin tələblərinə uyğun olduğundan və attestasiya keçirilərkən qanunu göstərilən tələblərinin pozulması halları aşkar olunmadığından, cavabdeh attestasiya komissiyasının qiymətləndirilməsi barədə tövsiyyəsini nəzərə alaraq iddiaçı ilə bağlanılmış əmək müqaviləsinə xitam verilməsində tam səlahiyyətli olmuşdur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 67-ci maddəsinin 1-ci bəndinə əsasən attestasiya komissiyası tərəfindən barəsində tutduğu vəzifəyə uyğun olmadığı haqqında qərar çıxarılmış işçinin əmək müqaviləsi bu Məcəllənin 70-ci maddəsinin «c» bəndinə müvafiq olaraq, 71-ci maddəsində nəzərdə tutulan qaydalara əməl edilməklə işəgötürən tərəfindən ləğv edilə bilər. Həmin Məcəllənin 70-ci maddəsinini «c» bəndinə əsasən, peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə əmək müqaviləsi işəgötürən tərəfindən həmin əsasla ləğv edilə bilər.
26. Beləliklə, məhkəmə qeyd edir ki, qanunvericiliyin tələbinə əsasən attestasiya komissiyasının qərarı əmək müqaviləsinin işəgötürənin təşəbbüsü ilə ləğv edilməsi əsaslardan biri olduğundan, cavabdehin iddiaçının işdən azad olunması barədə xx.xx.2025-ci il tarixli əmri tam qanuni olmuşdur.
27. Beləliklə məhkəmə hesab edir ki, iddiaçının işdən azad olunması barədə əmr Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələblərinə uyğun olduğundan, işəgötürən tərəfindən əmək müqaviləsinə xitam verilərkən əmək qanunvericiliyinin tələblərinin pozulması halı müəyyən edilmədiyindən, xx.xx.2025-ci il tarixli əmrin ləğv edilməsi və işə bərpa edilməsi ilə bağlı irəli sürülmüş tələb tam əsassızdır və təmin edilməməlidir. Məhkəmə iddiaçının məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi barədə tələbinə hüquqi qiymət verərək qeyd edir ki, iddiaçının işə bərpa edilməsi və bağlanılmış əmək müqaviləsinə xitam verilməsi barədə əmrin ləğv edilməsi barədə iddiasının əsassız olması öz təsdiqini tapdığından, iddia tələbi bu hissədə də əsassızdır və təmin edilməməlidir.
Məhkəmə xərcləri:
28. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 115-ci maddəsində işə baxılması ilə əlaqədar məsrəflərin siyahısına həmçinin məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər aid edilmişdir.
29. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə,
QƏT ETDİ:
1. İddia rədd edilsin.
3. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim: Samirə Eyvazova