Məhkəmə qərarları › İş №2(011)-4815/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-4815/2021

22.06.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-4815/2021 22.06.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Cəfərzadə Fərid Zülfəli oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə İddiaçı cavabdehlər Cavabdeh və X1 qarşı “mənzilə köçürülmə” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh və X1 qarşı qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, yetkinlik yaşına çatmayan övladları 24 avqust 2007-ci il təvəllüdlü X3 və 06 iyun 2011-ci il təvəllüdlü X2 ilə birlikdə cavabdeh ilə birgə nikah dövründə tikdikləri və əsaslı təmir etdikləri ünvan 1 ünvanında inşa olunan özbaşına tikilmiş 5 otaqlı fərdi yaşayış evinə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Cavabdeh ilə 17 noyabr 2006-cı il tarixdə rəsmi nikaha daxil olmaqla ailə qurmuşdur. Birgə nikahdan 24 avqust 2007-ci il təvəllüdlü X3 və 06 iyun 2011-ci il təvəllüdlü X2 anadan olmuşdur. İddiaçı cavabdehlə rəsmi nikaha daxil olaraq ailə qurduqdan sonra Bakı şəhəri, Xətai rayonu, M.Müşfiq küçəsində inşa olunmuş 4 Ç saylı 3 otaqlı fərdi yaşayış evində yaşamışlar. Onlar 2019-cu ildə yaşadıqları evi genişləndirmək qərarına gəlmişlər. Mart ayında evin əlavə 2 otağının tikintisinə başlamışlar, iyun ayınadək evin otaqlarının tikintisi bitmişdir. İddiaçı Cavabdehla 17 noyabr 2006-cı il tarixdən 2020-ci ilin noyabr ayına kimi ünvan 1 ünvanında inşa edilmiş özbaşına tikilmiş fərdi evdə yaşamışdır. Həmin evin yenidən qurulmasına və təmirinə tərəflərindən xeyli məbləğdə pul vəsaiti xərclənmiş, həmin ev hər ikisinin birgə nikah dövründə əldə etdikləri gəlir hesabına tikilmiş və əsaslı təmir edilmişdir, lakin evin sənədləşdirilməsi aparılmamışdır. Cavabdehla aralarında olan nikahın pozulması üçün məhkəməyə müraciət etdikdən sonra onlar uşaqlarla birlikdə bir müddət həmin evdə yaşamışlar, lakin sonra cavabdehlər iddiaçının orada yaşamasına maneələr törətmişlər, iddiaçı uşaqları ilə birlikdə həmin evdən müvəqqəti çıxmağa məcbur olmuşdur. Hazırda iddiaçının övladları ilə birgə qalmağa yeri yoxdur və cavabdehlər iddiaçını qeydiyyatda olduğu evə buraxmırlar. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verərərək onun təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul edərək onun təmin olunmasını xahiş etdi. O, izahatında iddiaçının və övladlarının fərdi yaşayış evinə köçürülmələrinə etiraz etmədiyini bildirdi. Digər cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə digər cavabdehin iştirakı olmadan baxılmasını mümkün etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işin faktiki hallarını araşdıraraq, toplanmış və məhkəmədə tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Belə ki, iş materiallarında olan sənədlərdən görünür ki, İddiaçı Cavabdeh ilə 17 noyabr 2006-cı il tarixdə rəsmi nikaha daxil olmaqla ailə qurmuş, tərəflər 2006-cı ildən etibarən Bakı şəhəri, ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evi özbaşına tikilidir. İddiaçı və Cavabdeh arasında münasibətlər pisləşdiyi üçün 2020-ci ilin noyabr ayında iddiaçı uşaqları ilə birlikdə həmin evdən çıxmaq məcburiyyətində qalmışdır. İddiaçının mübahisəli mənzildən başqa digər yaşayış sahəsi yoxdur. Azərbaycan Respublikasının MPM-nin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli münasibətin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikasının MPM-nin 13.4-cü maddəsinə əsasən, mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Məhkəmə hesab edir ki, mübahisəli ev özbaşına tikili olduğundan, qanunun analogiyasından istifadə olunmaqla, tərəflər arasında mübahisəli münasibət 01 oktyabr 2009-cu il tarixdən əvvəl yarandığından və bu münasibətləri mülki qanunvericiliklə birbaşa tənzimlənmədiyindən, hazıkı mübahisəyə həmin vaxt qüvvədə olan mənzil qanunvericiliyinin normaları tətbiq olunmalıdır. 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 53-cü maddəsinin 1-ci hissəsinə əsasən, icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsinin icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirirlər. Göstərilən normanın 3-ci hissəsinə əsasən isə icarədarın ailə üzvləri onun arvadı, (əri), uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 54-cü maddəsinə əsasən, kirayəçi özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə müəyyən edilmiş qaydada köçürmək ixtiyarına malikdir. Həddi-buluğa çatmamış uşaqların öz valideynlərinin yanına köçürülməsi üçün ailə üzvlərinin razılığı tələb edilmir. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinə əsasən, heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.1-ci maddəsinə əsasən, fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin bir neçə yaşayış yeri ola bilər. Həmin Məcəllənin 27.3-cü maddəsinə əsasən, əgər şəxs hər hansı səbəbdən öz yaşayış yerini müəyyən müddətə tərk edirsə, o, yaşayış yerini itirmir. İşdən görünür ki, tərəflər mübahisəli evdə birgə yaşamış, ümumi təsərrüfatı birgə idarə etmiş və sonradan iddiaçının cavabdehlə münasibətləri pisləşdiyi üçün evdən çıxmaq məcburiyyətində qalmışdır. Həmçinin məhkəmə hesab edir ki, 24 avqust 2007-ci il təvəllüdlü X3 və 06 iyun 2011-ci il təvəllüdlü X2 iddiaçı və cavabdehin yetkinlik yaşına çatmayan uşaqları olmaqla onların yaşayış yeri valideynlərinin yaşayış yeri sayılır. Mülki Məcəllənin 27.2-ci maddəsinə əsasən on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. Məhkəmə yuxarıda sadalananlara əsasən belə hesab edir ki, mübahisəli ev daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasa da, həmin ev faktiki olaraq mövcuddur və cavabdehlər tərəfindən yaşayış sahəsi kimi istifadə olunur. Cavabdehin, mübahisəli evdə normal şərtlər daxilində yaşaması nəzərə alınsa, bərabərlik prinsipinə uyğun olaraq iddiaçıların da həmin şərtlər daxilində bu evdə yaşamaq hüququ vardır. Bunun əksi yanaşma, yəni evin özbaşına tikili olması və tərəflərin sırf münaqişəli vəziyyətdə olması səbəblərindən dolayı iddiaçıların evə köçürülməsindən imtina edilməsi hamının qanun qarşısında bərabərliyi prinsipinin pozulması ilə nəticələnir. Həmçinin, cavabdehə münasibətdə faktiki olaraq qanunsuz güzəşt və imtiyazların tətbiq edilməsi, nəticədə hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edilərkən hər kəsin bərabər hüquqlarının təmin edilməməsinə səbəb ola bilər. Bununla bağlı məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, özbaşına tikinti və onun nəticələrini tənzimləyən Mülki Məcəllənin 180-ci maddəsində şəxslərin özbaşına tikintidə yaşamalarını və oradan istifadə etmələrini birbaşa qadağan edən norma yoxdur. Həmin maddədə yalnız özbaşına tikinti aparmış şəxsin ona mülkiyyət hüququnu əldə etməyəcəyi, onun tikintiyə dair sərəncam vermək, onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarının olmadığı təsbit olunmuşdur (180.2). Həmçinin məhkəmə qeyd edir ki, iş üzrə Cavabdeh iddia tələbini qəbul edərək onun təmin olunmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 191.3-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, İddiaçı Bakı şəhəri, Xətai rayonu, M.Müşfiq küçəsində inşa olunmuş 4 Ç saylı özbaşına tikiliyə cavabdehin razılığı ilə ailə üzvü kimi köçərək orada yaşadığından, cavabdehlə birgə təsərrüfat apardığından, iddiaçının özünəməxsus evi olmadığından, mübahisəli ev iddiaçının yeganə yaşayış yeri olduğundan, orada Cavabdeh ilə bərabər hüquqlar əldə etmişdir. Eyni zamanda cavabdeh iddia tələbini qəbul etmişdir. Ona görə də iddia tələbi əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə iş üzrə sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, İddiaçı yetkinlik yaşına çatmayan övladları 24 avqust 2007-ci il təvəllüdlü X3 və 06 iyun 2011-ci il təvəllüdlü X2 ilə birlikdə ünvan 1 ünvanında inşa olunan özbaşına tikilmiş 5 otaqlı fərdi yaşayış evinə köçürülməlidir. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-in 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. İş materiallarında olan ödəniş qəbzindən görünür ki, iddiaçı 10 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin olunduğundan cavabdehlərdən 10 manat dövlət rüsumu tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. İddiaçı yetkinlik yaşına çatmayan övladları 24 avqust 2007-ci il təvəllüdlü X3 və 06 iyun 2011-ci il təvəllüdlü X2 ilə birlikdə ünvan 1 ünvanında inşa olunan özbaşına tikilmiş 5 otaqlı fərdi yaşayış evinə köçürülsün. Cavabdehlərdən 10 (on) manat dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar