Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(011)-4815/2024 07.05.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Abdullayeva Aynur Aydın qızı – İddiaçı iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək müəyyənetdi: İddiaçı Cavabdeh qarşı –Bakı şəhəri, 8-ci kilometr, ünvan 1 ünvanında yerləşən (yeni qaydalarla: Bakı şəhəri, Xətai rayonu, ünvan 2 yaşayış sahəsinin cavabdehin razılığı olmadan məcburi qaydada özəlləşdirilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsinin yolverilməzliyinə görə qəbulundan imtina olunmalıdır. İddiadan görünür ki, mübahisə predmeti olan mənzil order əsasında iddiaçıya dövlət tərəfindən verilmiş və o, ailə üzvləri ilə həmin mənzildə yaşamış və qeydiyyata alınmışlar. İddiaçı mübahisəli mənzili öz adına özəlləşdirmək niyyətindədir. Lakin cavabdehin razılığını ala bilmədiyi üçün mənzilin məhkəmə tərəfindən məcburi özəlləşdirilməsi ilə bağlı məhkəməyə müraciət etmişdir. Məhkəmə hesab edir ki, iddiaçının mənzilin məcburi özəlləşdirilməsi barədə tələbi düzgün cavabdehə qarşı yönəlməmişdir. Belə ki, mövcud tələbə cavab verməli olan şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri və Kadastrı publik hüquqi şəxsi olmalıdır. Belə olduğu təqdirdə isə sonuncuya qarşı yönələ biləcək iddia tələblərinə ümumi (rayon) məhkəmə(sin)də deyil, inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmədə baxılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən, inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 2.0.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs inzibati orqan hesab edilir. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 nömrəli, 10 aprel 2015-ci il tarixli qərarının 5.1-ci bəndində göstərilir ki, inzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir. Bu səbəbdən inzibati orqanların xaricə yönələn və maraqlı şəxsin publik hüquq sahəsindən irəli gələn bu və ya digər hüququn əldə edilməsi, hüququnun tanınması və ya hüquqlarının həyata keçirilməsi ilə bağlı inzibati orqana müraciətinin nəticəsi olaraq, yaxud inzibati orqanın öz təşəbbüsü ilə qəbul etdiyi aktlarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə (mübahisələndirmə haqqında), yaxud həmin aktların etibarsızlığının (qanunsuz) tanınması barədə (müəyyən etmə və tanınma haqqında) iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Qeyd edilən qərarın 15.4-cü bəndində isə göstərilir ki, eyni ilə, inzibati və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi MPM-də nəzərdə tutulmamışdır. Bu səbəblə nəzərə alınmalıdır ki, inzibati məhkəməyə aid iddia ərizəsi ümumi məhkəməyə verilmişdirsə, MPM-in 153.2, 153.2.1-ci maddələrinə əsasən, ərizəyə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina olunmalı, inzibati məhkəməyə aid iş səhvən ümumi məhkəmənin icraatına qəbul edilmişdirsə, MPM-nin 261.0, 261.0.1-ci maddələrinə əsasən, işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Göstərilən xüsusata əsasən məhkəmə hesab edir ki, mövcud iddia ərizəsi inzibati orqan tərəfindən müvafiq qeydiyyatın aparılması ilə bağlı olduğundan, iddia ərizəsinə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı deyildir. Buna görə də ərizənin yolverilməzliyinə görə qəbul edilməsindən imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 153.2.1-ci maddəsinə əsasən, ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbul edilməsindən imtina edilir. Sadalanan qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, mövcud ərizəyə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmadığından, yolverilməzliyə görə ərizənin qəbul edilməsindən imtina edilməli və ərizəçiyə düzgün cavabdehə qarşı aidiyyəti üzrə inzibati məhkəməyə müraciət etmək hüququnun olması izah olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 153.5-ci maddəsinə əsasən, ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 153, 263-264, 267-ci maddələrini rəhbər tutaraq qəraraaldı: İddiaçı Cavabdeh qarşı Bakı şəhəri, 8-ci kilometr, ünvan 1 (yeni qaydalarla: Bakı şəhəri, Xətai rayonu, ünvan 2 ünvanında yerləşən yaşayış sahəsinin cavabdehin razılığı olmadan məcburi qaydada özəlləşdirilməsi barədə iddia ərizəsinin, ərizənin yolverilməzliyinə görə qəbul edilməsindən imtina edilsin. Qərardad və iddia ərizəsinə əlavə olunmuş sənədlər İddiaçı rəsmi qaydada verilsin. İddiaçıya aidiyyəti üzrə inzibati orqana müraciət etmək hüququnun olması izah olunsun. İddiaçıya izah olunsun ki, ərizəni qəbul etməkdə imtina edilməsi həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. İddiaçı tərəfindən "xxxx" ASC vasitəsilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hesabına xx.xx.2024-cü il tarixdə 12983 nömrəli qəbzlə ödənilmiş 50 (əlli) manat məbləğində dövlət rüsumu iddiaçıya geri qaytarılsın. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) şikayət verilə bilər. Hakim: Aynur Abdullayeva
Məhkəmə qərarları › İş №2(011)-4815/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №2(011)-4815/2024
07.05.2024 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver