Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-4822/2020 10.11.2020 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Cəfərzadə Fərid Zülfəli oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı “xxxxxxxxx” MMC-nin cavabdehlər Cavabdeh1 və X2 qarşı “pul tələbi” barədə iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı “xxxxxxxxx” MMC cavabdehlər Cavabdeh1 və X2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə 20.268,55 manat borc, gecikdirilmiş vaxt üçün illik beş faizlə hesablanmış 3.040,28 manat faiz borcu, vurulmuş mənəvi zərərə görə 500 manat təzminat, cəmi 23.830,34 manat pulun və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı “xxxxxxxx” MMC bir çox məişət üçün əhəmiyyətli olan malların satışı ilə məşğul olan cəmiyyətdir. Cəmiyyətdə çalışan bir çox ekspeditorların vəzifələri malların onlar üçün müəyyən edilmiş müxtəlif ərazilərdə yerləşən mağazalara paylamaq və satışdan əldə edilmiş məbləği cəmiyyətin kassasına ödəməkdən ibarət olmuşdur. Ekspeditorlardan əlavə bir çox fərdi sahibkarlar da birbaşa Cəmiyyətə müraciət edərək, müəyyən məbləğdə malları nisyə yolla almaq şərti ilə satışını təşkil etmiş və hissə-hissə borcu Cəmiyyətə ödəmişlər. Cəmiyyətə müraciət edənlərdən biri də Cavabdeh1 və X3 olmuşdur. Cavabdehlər cəmiyyətlə razılıq əldə edərək cəmiyyətdən bir sıra mallar almışdırlar. Onlara nisyə yolu ilə mal verilən zaman onlara etibar edilmiş, bu barədə müvafiq sənədlərdə qeydlər aparılmışdır. Cəmiyyətlə əldə edilmiş razılaşmaya əsasən cavabdehlər müştərək qaydada xx xxxx 2017-ci il tarixdən xx xxxxx 2017-ci il tarixə kimi ümumilikdə Cəmiyyətdən 20.268,55 manat məbləğində malları nisyə almışlar, həmin malların dəyəri isə bu günə kimi ödənilməmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək onun təmin olunmasını xahiş etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmuş cavabdehlər məhkəməyə gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində çıxış edən X6 öz izahatında bildirdi ki, o, xxxxxxxxx” MMC-də satış təmsilçisi vəzifəsində işləmişdir. Cavabdeh1 ilə Sədərəkdə malları ona göstərəndə tanış olmuşdur. Sonra aralarında alğı-satqı baş tutmuşdur. Azər malları götürmüş, borcunu ödəməmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatlarını və şahid ifadələrini dinləyib, işin faktiki hallarını araşdıraraq, toplanmış və məhkəmədə tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-in 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Belə ki, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Ona görə də, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələlərini araşdırılmalıdır. İddia irəli sürməyə imkan verən subyektiv mülki hüququn mövcudluğu məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassız olardı. Qeyd olunan məsələ ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2008- ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqelərə görə, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçı “xxxxxxxxx” MMC müvafiq subyektiv hüquqa, yəni pul tələb etmək hüququna malik şəxs kimi qəbul edilə bilməz. Mülki hüquq münasibətlərində subyektiv hüququn sahibi cavabdeh kimi qoyduğu hüquqi mükəlləfiyyətlidən müəyyən davranışı o halda tələb edə bilər ki, belə davranış onların arasında olan müqavilə və ya tərəflərin münasibətlərinin yaranması anında mövcud olan qanunun birbaşa göstərişinin qüvvəsinə görə labüd olsun. İddianın qanuni əsasının mövcud olmadığı halda tələbin təmin edilməsi isə müvafiq subyektiv hüquqa malik olmayan şəxs barəsində əsassız olaraq hüquqların (daha sonra qanunla qorunan) yaradılması nəticəsini doğurur. Odur ki, məhkəmə yuxarıda sadalananlara əsaslanaraq belə qənaətə gəlir ki, iddiaçı “xxxxxxxxxx” MMC heç bir subyektiv hüququ olmadan cavabdehlərdən müştərək qaydada 23.830,34 manat pul tələbi ilə məhkəməyə müraciət etmişdir. İddiaçının belə subyektiv hüquqa malik olması və onun hüququnun cavabdeh tərəfindən pozulması faktı məhkəmə tərəfindən aşkar olunmamışdır. Belə ki, iddiaçı ilə cavabdehlərin arasında cəmiyyətdən bir sıra malların alınması ilə bağlı hər hansı müqavilə və yaxud razılaşma olmamış, sözügedən mallar hazırkı iş üzrə cavabdehlərə iddiaçı cəmiyyətin işçiləri tərəfindən satılmışdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sadalanan mülki prosessual hüquq normalarının mənasına görə iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını, mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Eyni zamanda, məhkəmə iş materiallarını araşdıraraq belə hesab edir ki, hazırkı iş üzrə iddiaçının iddia tələbini irəli sürməyə dair subyektiv hüququ olsaydı belə iddia tələbi yenə də rədd olunardı. Belə ki, iddiaçı mövcud iddia tələbi üzrə iddia müddətini ötürmüşdür. İddiaçının nümayəndəsinin məhkəmə iclasında verdiyi izahatlara görə, cəmiyyətlə cavabdehlər arasında olan hüquq münasibəti 2016-cı ildə yaranmış, cavabdehlərə mallar 2016-cı ilin aprel ayından verilməyə başlanmışdır. Belə olan halda, iddiaçı üçün iddia müddətinin axımı həmin vaxtdan başlamışdır. İşin materiallarından görünür ki, iddiaçının mövcud iddia ərizəsi xx xxxxxx 2020-ci il tarixdə məhkəmənin icraatına daxil olmuşdur. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinə əsasən, müqavilə tələbləri üzrə iddia müddəti üç il təşkil edir. Beləliklə, məhkəmə yuxarıda sadalananlara əsasən belə hesab edir ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarında olan qəbzdən görünür ki, iddiaçıtərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir. Odur ki, məhkəmə dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddiaçı “xxxxxxxxx” MMC-nin cavabdehlər Cavabdeh1 və X2 qarşı “pul tələbi” barədə iddia tələbi rədd edilsin. İddiaçı “xxxxxxxxx” MMC-nin ödədiyi 30 (otuz) manat dövlət rüsumu onun özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai rayon məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova
Məhkəmə qərarları › İş №2(011)-4822/2020
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-4822/2020
10.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver