Məhkəmə qərarları › İş №2(011)-4845/2020

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-4845/2020

21.09.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-4845/2020 21.09.2020 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Cəfərzadə Fərid Zülfəli oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “yaşayış sahəsinə istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus ünvan 1 ünvanında yerləşən mənzildə qeydiyyatda olan Cavabdeh1, Cavabdeh2 və X1 istifadə hüququnun itirilmiş hesab edilməsi və cavabdehlərin daimi qeydiyyatdan çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx xxxxx 2019-cu il tarixdə Bakı şəhəri, Xətai rayonu, Çingizxan Kərimov küçəsi, ev 8, 102 saylı mənzili Bakı şəhəri 2 saylı Bakı “ASAN Xidmət” mərkəzində notariat kontorunda bağlanmış alğı-satqı müqaviləsi əsasında satın almışdır. Aralarında bağlanmış alğı-satqı müqaviləsinin müvafiq bəndinə əsasən müqavilə notariat qaydasında təsdiq olunduğu tarixdən 3 ay müddətinə mənzil üzrə qeydiyyatda olan şəxslər qeydiyyatdan çıxmalı olmuşlar. Mübahisəli mənzildə cavabdeh qismində adı çəkilən şəxslər qeydiyyatdadır. Bakı şəhəri, Xətai rayonu, Çingizxan Kərimov küçəsi, ev 8, 102 saylı mənzil xx xxxxx 2019-cu il tarixdən iddiaçının adına Çıxarışla təmin edilmişdir. İddiaçı ona məxsus mənzildən qeydiyyatdan çıxması üçün cavabdehlə dəfələrlə əlaqə saxlamış, hər dəfə iradını bildirsə də cavabdeh məsələyə biganəlik göstərmişdir. Cavabdehin məsuliyyətsizliyi səbəbindən iddiaçı mənzil üzərindəki hüquqlarını həyata keçirə bilmir. O, mənzil və kommunal xidmətlər haqqını artıq məbləğdə ödəməli olur. Daha sonra iddiaçı Azərbaycan Respublikasının MPM-nin 53-cü maddəsinə əsasən, ərizə ilə məhkəməyə müraciət edərək, ona məxsus ünvan 1 ünvanında yerləşən mənzildə qeydiyyatda olan Cavabdeh1, Cavabdeh2 və X1 istifadə hüququnun itirilmiş hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı iddia tələbini müdafiə edərək onun təmin olunmasını xahiş etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında cavabdehlərin faktiki olduğu yer məlum olmadığından, onlar məlum olan axırıncı yaşayış yeri üzrə xəbərdar edilmiş, lakin cavabdehlərin həmin ünvanda yaşamamasına dair qeyd yazılmış bildiriş məhkəməyə qaytarılmışdır. Belə olan halda məhkəmə Azərbaycan Respublikası MPM-in 147-ci maddəsinə əsasən, işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının izahatlarını dinləyib, işin faktiki hallarını araşdıraraq, toplanmış və məhkəmədə tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, iş materiallarında olanalğı-satqıya dair notariat işinin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx xxxxx 2019-cu il tarixdə Cavabdeh1 ilə arasında bağlanmış alğı-satqı müqaviləsinə əsasən, Bakı şəhəri, Xətai rayonu, Çingizxan Kərimov küçəsi, ev 8, 102 mənzili cavabdehdən almışdır. Alğı-satqı müqaviləsinə əsasən Cavabdeh1 xx xxxx 2019-cu il tarixinədək mənzildnə qeydiyyatdan çıxmağı öhdəsinə götürsə də, o bu günə kimi həmin mənzildə formal qeydiyyatda qalmışdır. Cavabdeh2 Bakı şəhəri, Xətai rayonu, Çingizxan Kərimov küçəsi, ev 8, 102 saylı mənzilin satılmasına dair yazılı razılıq vermişdir. Lakin cavabdehlərmübahisəli mənzildə formal olaraq qeydiyyatdadırlar. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 2-ci bəndinə görə mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət qanunla qorunur. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi” haqqında Konvensiyanın 1 nömrəli protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şəxslər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.4-cü maddəsinə əsasən yaşayış evinə və ya mənzilə mülkiyyət hüququnun keçməsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün əsas deyildir, amma yaşayış otağından istifadə hüququ olan şəxsin mülkiyyət hüququndan imtina barəsində həmin hüquq keçənədək notariat qaydasında təsdiqlənmiş öhdəlik verdiyi hal istisna təşkil edir. Məhkəmə iclasında müəyyən olundu ki, Cavabdeh1 ilə aralarında bağlanmış alğı-satqı müqaviləsinə əsasən, İddiaçı Bakı şəhəri, Xətai rayonu, Çingizxan Kərimov küçəsi, ev 8, 102 saylı mənzili tam olaraq mülkiyyətinə qəbul etmişdir. Cavabdehlər mənzilin keçmiş sakinləri olmaqla, mənzilin alğı-satqısından sonra köçərək başqa yaşayış sahəsinə getmişlər və hazırda həmin mənzildə yaşamırlar, iddiaçının ailə üzvləri deyildirlər. Həmçinin məhkəmə hesab edir ki, xx xxxx 2003-cü il təvəllüdlü X2 cavabdehin yetkinlik yaşına çatmayan uşağı olmaqla məhz valideyni mübahisəli mənzildə qeydiyyatda olduğu üçün həmin ünvana qeydiyyata alınmışdır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 5-ci maddəsinə əsasən, 15 yaşı tamam olmamış vətəndaşın yaşayış yeri üzrə qeydiyyata alınması onun qanuni nümayəndəsinin bu barədə müraciəti olduqda həyata keçirilir. Mülki Məcəllənin 27.2-ci maddəsinə əsasən on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. Bunlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, iddiaçının qanunla müəyyən olunmuş qaydada əldə etdiyi mənzilə cavabdehlərin istifadə hüquqlarına xitam verilməlidir. Əlavə olaraq məhkəmə qeyd edir ki,hazırkı qətnamə qanuni qüvvəyə mindikdən sonra qətnamə “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin 1-ci hissəsinin 5-ci bəndinə əsasən cavabdehin mənzildən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün əsas sayılacaqdır. Məhkəmənin qeyd etdiyi bu qayda müvafiq dövlət orqanının üzərinə vəzifə qoyulması deyil, qanunun göstərişinin iddiaçıya və müvafiq dövlət orqanına izah edilməsidir. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. İş materiallarında olan qəbzdən görünür ki, iddiaçı 10 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, məhkəmə dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 10 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X1 iddiaçının mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, Çingizxan Kərimov küçəsi, ev 8, 102 saylı mənzildən istifadə hüquqları itirilsin. Ödənilmiş 10 (on) manat dövlət rüsumu İddiaçı özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar