Məhkəmə qərarları › İş №2(011)-4849/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-4849/2025

14.07.2025 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-4849/2025 14.07.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qızının sədrliyi, Hüseynova Mehri Polad qızının katibliyi, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh 30 saylı Uşaq Musiqi Məktəbinə qarşı “işə bərpa, əmrin ləğv edilməsi və sair” tələblərinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdeh 30 saylı Uşaq Musiqi Məktəbinə qarşı “işə bərpa, əmrin ləğv edilməsi və sair” tələblərinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində göstərmişdir ki, o, xx.xx.2018-ci il tarixində X10 fortepiano peşəsi üzrə 30 nömrəli Uşaq Musiqi Məktəbində müəllim kimi fəaliyyətə başlamışdır. İşlədiyi müddətdə heç bir nöqsanı olmamışdır. xx.xx.2019-cu il tarixdə Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasını bitirərək "dirijorluq" ixtisası üzrə bakalavr diplomu, xx.xx.2021-ci ildə isə Azərbaycan Milli Konservatoriyasını bitirərək? "dirijorluq" ixtisası üzrə magistr diplomu almışdır. İddiaçı dəfələrlə məktəb rəhbərliyinə ixtisası üzrə dərs saatları üçün müraciət etmiş, lakin hər dəfə iddiaçıya söz versələr də, məktəbdə dirijorluq dərslərinin az olduğunu səbəb göstərərək təmin etməmişdilər. Halbuki həmin ərəfələrdə məktəbdə bəzi müəllimlər 18-20 saat dirijorluq dərsləri tədris edirdilər. İddiaçıya qarşı edilmiş bu haqsızlıqla yanaşı 30 nömrəli Uşaq Musiqi Məktəbinin direktor əvəzi Zakir Əsədov iddiaçını məcburi şəkildə xx.xx.2025ci il tarixində keçirilmiş Fortepiano müəllimlərinin attestasiya imtahanına göndərmiş və iddiaçıya narahat olmamasını, bu attestasiyadan keçməsə belə, iddiaçını ixtisasına uyğun dirijorluq dərs saatları ilə təmin edəcəyini bildirmişdir. Lakin attestasiya imtahanının nəticələri bəlli olmamışdan öncə direktor əvəzi Zakir Əsədov dəfələrlə iddiaçıya və digər müəllim yoldaşlarına könüllü ərizə yazaraq işdən çıxmaqlarını təklif etmiş, əks təqdirdə əmək müqavilələrinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "c" bəndinə əsasən işdən azad olunacaqlarını bildirmişdir. İddiaçı könüllü olaraq işdən çıxmaq barəsində ərizə yazmadığı üçün xx.xx.2025-ci il tarixdə Zakir Əsədov iddiaçıya 30 nömrəli Uşaq Musiqi Məktəbinin 42 nömrəli əmr ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "c" bəndinə əsasən iddiaçının əmək müqaviləsinə xitam verildiyini bildirmişdir. Əmək müqaviləsinə xitam verilərkən iddiaçıya bildirmişdilər ki, guya o, attestasiyadan yüksək nəticə əldə edə bilməmişdir. Halbuki attestasiyadan sonra müsbət nəticə əldə etdiyi barədə iddaçıya Zakir Əsədov tərəfindən şifahi bildirilmişdir. İddiaçıya təqdim olunmuş xitamla bağlı 42 nömrəli əmrdə (3-cü abzasda) onun Azərbaycan Respublikası Əmək Məcəlləsinin 79-cu maddəsinin "1-ci hissəsi ilə müəyyən olunmuş hallara malik olmadığı və imtina etdiyi yazılsa da, bu hal iddiaçı barəsində deyil, Kəmalə Allahveriyeva adlı şəxs barəsində qeyd olunmuşdur. Göründüyü kimi bir əmrdə iki ayrı-ayrı şəxsin adının qeyd edilməsi də, əmrin qanuna zidd olduğunu göstərir. Attestasiyadan əvvəl və sonrakı bütün bu yaşananlar bir-birinə ziddiyət təşkil edir və iddiaçı hesab edir ki, onun hüquqları pozulmuşdur. Həmçinin iddiaçının himayəsində iki azyaşlı övladı var və kiçik övladı 3 yaşındadır. xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinə əmək müqaviləsinə qanunsuz xitam verilməsi ilə bağlı müraciət etsə də, müraciətinə cavab verilməmişdir. Bundan başqa cavabdehlə aralarında Bakı şəhəri 13 saylı Mediasiya Təşkilatında "Barışıq Sazişi"nin imzalanmasına cəhd olunmuş, bu baş tutmadığından "ilkin mediasiya sessiyasından (İMS) sonra prosesin davam etdirilə bilməməsi" barədə xx.xx.2025-ci il tarixli arayış təqdim edilmişdir. Əmək müqaviləsinə xitam verilmək haqqında əmr əmək qanunvericiliyinə zidd verilmişdir və əsassızdır. Odur ki, xx.xx.2025-ci il tarixli, 42 nömrəli əmr ləğv edilməlidir. İddiaçının əmək müqaviləsinə xitam verilməsi attestasiya adı altında kütləvi şəkildə qərəzli təşkil edilmiş və həqiqətə uygun deyildir. İddiaçı göstərilənləri nəzərə alaraq, cavabdeh 30 nömrəli Uşaq Musiqi Məktəbinin xx.xx.2025-ci il tarixli 42 nömrəli əmrinin ləğv edilməsinə, İddiaçı müəllim vəzifəsinə işə bərpa edilməsinə və məcburi buraxılmış iş günlərinə görə əmək haqqının ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin baxış iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı həmçinin bildirmişdir ki, onun ixtisası xor dirijordur və magistratura təhsili də həmin ixtisasla bağlı olmuşdur. ƏMAS-dan qeydiyyatdan keçəndə də ixtisası fortepiano yazılmış və bu barədə Zakir Əsədova da məlumat vermişdir. Lakin iddiaçı pianistlərlə birlikdə attestasiya edilmiş və imtahanda suallara cavab versə belə, qərəzli şəkildə suallara cavab vermədiyi bildirilmişdir. Bu qərəz hər kəsə qarşı olmuşdur. İddiaçı 2018-ci ildə işləsə belə, 2020-ci ildə analıq məzuniyyətinə çıxmış, işə 2022-ci ildə qayıtmışdır. İmtahanda komissiyanın rəhbəri iddiaçıya dirijorluq ixtisası üzrə bu imtahana girməməli olduğunu, artıq imtahana gəldiyi üçün ifa etməsini bildirmişdir. Direktor vəzifəsini icra edən Zakir Əsədov iddiaçıya müvəqqəti işləməsini, ona gələn ilin sentyabr ayından öz ixtisası üzrə xor-dirijor dərsi verəcəyini, hazırda attestasiya imtahanında kəsilsə belə, onu öz ixtisası üzrə saxlayacağını bildirmişdir. İddiaçı qeyd etmişdir ki, onun fortepiano üzrə yalnız orta təhsili olmuş, ali təhsilini və ixtisaslaşmasını dirijorluq ixtisası üzrə almışdır. Məhkəmənin baxış iclasında iştirak edən cavabdehin nümayəndəsi X5 iddia tələbinə etiraz edərək, iddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Nümayəndə həmçinin bildirmişdir ki, sentyabr ayından direktor vəzifəsini icra edir. 6 ildir ki, məktəbdə xor dərsi olmamışdır. İddiaçı fortepiano dərsi tədris etmişdir. Məktəbdə 4 xor müəllimi var, həftəlik cəmi 30 dərs saatı var. Həmin dərsi 4 müəllim arasında böləndə, dərs saatı az olur. İddiaçının da 200 manata dərs keçməyəcəyini bilir. Ona görə də iddiaçıya fortepiano dərsi vermişdir. Attestasiyada verilən suallar ümumi suallar olmuşdur. Attestasiya komissiyası iddiaçının başqa vəzifəyə keçirilməsini tövsiyə etməmişdir. Eyni zamanda iddiaçının işə qəbul edilməsi ilə bağlı əmr yoxdur. Təqdim edilən əmrdə isə əvəzçi müəllim kimi vəzifəsini icra etmişdir. Nümayəndə həmçinin bildirmişdir ki, məktəbdə 78 müəllimdən attestasiyanın nəticələrinə uyğun olaraq 18 fortepiano müəllimi, 4 nəzəriyyə müəllimi işdən çıxarılmışdır. İşdən çıxarılan müəllimlərin vakansiyası mövcuddur. Məhkəmə tərəflərin izahatını dinləyərək, iş materiallarını araşdıraraq və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı ******* nömrəli əmək kitabçasından görünür ki, o, 15 mart 2018-ci il tarixdə26 nömrəli əmrlə 30 nömrəli Uşaq Musiqi məktəbinə müəllim vəzifəsinə təyin olunmuş, 02 aprel 2025-ci il tarixdə isə 42 nömrəli əmr ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci maddəsinin “c” bəndinə əsasən 07 aprel 2025-ci il tarixindən etibarən tutduğu vəzifədən azad edilmişdir. İş materiallarında olan İddiaçı ilə 30 nömrəli Uşaq Musiqi məktəbi arasında bağlanmış 15 mart 2018-ci il tarixli əmək müqaviləsinin surətindən görünür ki, İddiaçı fortepiano ixtisası üzrə müəllim vəzifəsinə işə qəbul edilmişdir. İş materiallarında olan Bak şəhər Mədəniyyət Baş İdarəsi 30 nömrəli Uşaq Musiqi Məktəbi tərəfindən verilmiş 02 aprel 2025-ci il tarixli 42 nömrəli əmrin surətindən görünür ki, Bakı şəhəri 30 nömrəli Uşaq Musiqi Məktəbinin Attestasiya Komissiyası 12 mart 2025ci il tarixli qərarını və Kəmalə Allahverdiyevanın Azərbaycan Respublikası Əmək Məcəlləsinin 79-cu maddəsinin 1-ci hissəsi ilə müəyyən edilmiş hallara malik olmadığı nəzərə alınaraq, Bakı şəhər 30 nömrəli Uşaq Musiqi Məktəbinin fortepiano müəllimi İddiaçı 07 aprel 2025-ci il tarixindən Azərbaycan Respublikası Əmək Məcələsinin 70-ci maddəsinin “c” bəndinə əsasən tutduğu vəzifədən azad edilmiş və onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Həmin əmrdə qeyd edilmişdir ki, Bakı şəhəri 30 nömrəli Uşaq Musiqi Məktəbinin Attestasiya Komissiyası 12 mart 2025-ci il tarixli qərarı ilə həmin məktəbin fortepiano müəllimi İddiaçı tutduğu vəzifəyə uyğun olmadığı qərara alınmışdır. Bununla əlaqədar Azərbaycan Respublikası Əmək Məcəlləsinin 79-cu maddəsinin 1-ci hissəsində göstərilmiş halların mövcud olub-olmadığına dair məlumatın təqdim edilməsi İddiaçı təklif edilmiş, lakin sonuncu Azərbaycan Respublikası Əmək Məcəlləsinin 79-cu maddəsinin 1ci hissəsi ilə müəyyən edilmiş hallara malik olmasına dair məlumat verməkdən imtina etmişdir. (akt tərtib olunmuşdur). İş materiallarında olan Bakı şəhəri 30 nömrəli Uşaq Musiqi Məktəbinin direktoru Zakir Əsədov və həmin məktəbin müəllimləri Gülnarə Həsənova, Səbinə İsazadə, Nigar Abbasova, Gülnar Rəcəbova tərəfindən tərtib edilmiş 01 aprel 2025-ci il tarixli aktın surətindən görünür ki, Bakı şəhəri 30 nömrəli Uşaq Musiqi Məktəbinin direktoru tərəfindən bu məktəbin müəllimi İddiaçı Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 79-cu maddəsinin tələbləri ilə tanış edilmiş, bu hallara malik olmaması haqqında müəssisənin məlumatı olsa da, o, bu haqda yazılı məlumat verməkdən imtina etmişdir. İş materiallarında olan Bakı şəhəri 30 nömrəli Uşaq Musiqi Məktəbinin işçilərin attestasiyası üzrə attestasiya komissiyasının iclasına dair 12 mart 2025-ci il tarixli 1 nömrəli protokolun surətindən görünür ki, Attestasiyada 15 nəfər əməkdaş - Bakı şəhəri 30 nömrəli Uşaq Musiqi Məktəbinin fortepiano şöbəsinin müdiri Nigar Abbasova, müəllimlər Lalə Qədirova, Nəzakət Quluzadə, Vəzifə Ramazanova, Ülviyyə Mikayılova, Mirvari Qasımova, İradə Qasımova, Svetlana Hasilova, Kəmalə Allahverdiyeva, Zəminə İbrahimzadə, Nənəxanım Bağırova, Gülçin Məmmədova, Günay Rizvanova, İddiaçı, Tamilla Əliyeva iştirak etmişdir. Həmin protokoldan müəyyən edilir ki, Bakı şəhəri 30 nömrəli Uşaq Musiqi Məktəbinin fortepiano şöbəsinin müdiri Nigar Abbasova, müəllimlər Lalə Qədirova, Vəzifə Ramazanova, Svetlana Hasilova, Zəminə İbrahimzadə, Tamilla Əliyeva tutduqları vəzifələrə uyğun hesab edilmiş, Bakı şəhəri 30 nömrəli Uşaq Musiqi Məktəbinin fortepiano şöbəsinin müəllimləri Nəzakət Quluzadə, Ülviyyə Mikayılova, Mirvari Qasımova, İradə Qasımova, Kəmalə Allahverdiyeva, Nənəxanım Bağırova, Gülçin Məmmədova, Günay Rizvanova, İddiaçı tutduqları vəzifələrə uyğun hesab edilməmişdirlər. İş materiallarında olan Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi Bakı şəhər Mədəniyyət və Turizm Baş İdarəsi tərəfindən 30 nömrəli Uşaq Musiqi Məktəbinin direktoru Y.Məmmədovaya ünvanlanmış 02 mart 2018-ci il tarixli, 15/138 nömrəli məktubun surətindən görünür ki, 30 nömrəli Uşaq Musiqi Məktəbinin 23 fevral 2018-ci il tarixli, 06 nömrəli məktuba əsasən orta ixtisas təhsilli vətəndaş X1 fortepiano ixtisası üzrə 2017-2018-ci tədris ilinin sonunadək əvəzçi müəllim vəzifəsinə təyin edilməsinə etiraz etməmişlər. İş materiallarında olan 30 nömrəli Uşaq Musiqi Məktəbinin 15 mart 2018-ci il tarixli 26 nömrəli əmrin surətindən görünür ki, X4 həmin tarixdən fortepiano şöbəsinə 2017-2018-ci tədris ilinin sonunadək müvəqqəti müəllim vəzifəsinə təyin edilmiş, orta ixtisas dərəcəsi 9cu dərəcə ilə hesablanmışdır. İş materiallarında olan Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası tərəfindən verilmiş C seriyalı, 039013 nömrəli Bakalavr diplomunun surətindən görünür ki, Dövlət Attestasiya Komissiyasının 07 iyun 2019-cu il tarixli qərarı ilə X3 dirijorluq ixtisası üzrə bakalavr ali peşə-ixtisas dərəcəsi verilmişdir. İş materiallarında olan Azərbaycan Milli Konservatoriyası tərəfindən verilmiş AM seriyalı, 037664 nömrəli Magistr diplomunun surətindən görünür ki, İxtisaslaşdırılmış Şuranın 27 yanvar 2021-ci il tarixli qərarı ilə İddiaçı dirijorluq ixtisası üzrə magistr elmi-ixtisas dərəcəsi verilmişdir. İş materiallarında olan “Elektron məhkəmə” informasiya sistemindən olan çıxarışdan görünür ki, İddiaçı 12 avqust 2020-ci il təvəllüdlü X6 və 08 noyabr 2021-ci il təvəllüdlü X7 adında azyaşlı övladları vardır. Azərbaycan Respublikası Konstitusiyasının: 35-ci maddənin İ hissəsinə əsasən əmək fərdi və ictimai rifahın əsasıdır. 35-ci maddənin İİ hissəsinə əsasən hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. 35-ci maddənin Vİ hissəsinə əsasən hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin vəzifələri və prinsipləri arasında (bundan sonra ismin müvafiq hallarında «Əmək Məcəlləsi») əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi prinsipi müəyyən edilmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin: 11-ci maddəyə əsasən işəgötürənin bu Məcəllə ilə müəyyən edilmiş qaydada işçilərlə əmək müqavilələri bağlamaq, onların şərtlərini dəyişdirmək, bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək, işçilərdən əmək müqaviləsi ilə müəyyən edilmiş şərtlərin, öhdəliklərin vaxtında və keyfiyyətlə yerinə yetirilməsini tələb etmək, işgüzar keyfiyyətinə, əməyinin nəticələrinə, peşəkarlıq səviyyəsinə uyğun olaraq işçini müvafiq vəzifələrə (peşələrə) irəli çəkmək, işçilər əmək müqaviləsinin şərtlərini, müəssisədaxili intizam qaydalarını pozduqda qanunvericiliklə müəyyən olunmuş qaydada onları intizam məsuliyyətinə cəlb etmək, işçilərin ona və ya mülkiyyətçiyə vurduğu maddi ziyanın ödənilməsi üçün qanunvericiliyə müvafiq tədbirlər görmək, bu Məcəllənin və digər normativ hüquqi aktların tələblərinə əməl etməklə əmək şəraitinin şərtlərini dəyişdirmək və ya işçilərin sayını ixtisar etmək, ştatları, struktur bölmələri ləğv etmək, əmək kollektivi ilə və ya həmkarlar ittifaqları təşkilatı ilə kollektiv müqavilə bağlamaq və bu müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsinə nəzarət etmək, əmək müqaviləsi bağlayarkən bu Məcəllə ilə müəyyən edilmiş qaydada və müddətə sınaq müddətini müəyyən etmək, işçilərin peşə hazırlığı səviyyəsinin yüksəldilməsi, yeni ixtisasa yiyələnməsi və ixtisasının artırılması məqsədilə əlavə təhsil müəssisələrində əlavə təhsilini təşkil etmək hüquqları vardır. 46.1-ci maddəyə əsasən əmək müqaviləsi bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş əmək şəraitinin şərtləri, habelə tərəflərin razılaşdıqları əlavə şərtləri, işçinin əmək funksiyası və tərəflərin öhdəlikləri göstərilməklə fərdi qaydada bağlanılır. 65.1-ci maddəyə əsasən işçilərin peşəkarlıq səviyyəsinin yoxlanılması, ixtisasına, sənətinə müvafiq olaraq onların tutduğu vəzifəyə (peşəyə) uyğun olduğunu aşkara çıxarmaq məqsədi ilə bu Məcəllənin 66-cı maddəsində göstərilən işçilər istisna olunmaqla qalan bütün işçilərin attestasiyası keçirilə bilər. 65.2-ci maddəyə əsasən yalnız müvafiq iş yerində azı bir il çalışan işçilər attestasiyadan keçirilə bilər. Hər bir işçi üç ildə, elmi işçilər isə beş ildə bir dəfədən çox olmayaraq attestasiyadan keçirilə bilər. 65.3-cü maddəyə əsasən işəgötürənin əmri (sərəncamı) ilə işçilərin attestasiyasının keçirilməsi üçün təcrübəli, yüksək peşəkarlıq qabiliyyətinə malik, obyektivliyi və qərəzsizliyi ilə seçilən nüfuzlu şəxslərdən, habelə həmkarlar ittifaqları təşkilatının nümayəndəsindən ibarət attestasiya komissiyası yaradılır. İşəgötürən, işçinin müvafiq iş yeri üzrə rəhbəri attestasiya komissiyasının üzvü ola bilməz. 65.4-cü maddəyə əsasən attestasiya komissiyası azı beş nəfərdən ibarət olmaqla bütün hallarda onun say tərkibi təkrəqəmli olmalıdır. Attestasiya komissiyasının səlahiyyət müddəti onun yaradılması haqqında müvafiq əmrlə (sərəncamla) müəyyən edilir. 65.5-ci maddəyə əsasən attestasiya komissiyasının üzvləri tərəfindən işçiyə yalnız tutduğu vəzifəyə (peşəyə), əmək funksiyasına, ixtisasına (peşəsinə) dair, yerinə yetirdiyi işlər və onların nəticələri barədə, habelə tutduğu vəzifəyə (peşəyə) uyğunluğunu müəyyən etmək üçün zəruri olan əmək müqaviləsi ilə müəyyən edilmiş hüquqları, vəzifələri dairəsinə aid olan məsələlərlə əlaqədar suallar verilə bilər. Attestasiya olunan işçinin siyasi baxışlarına, mənəvi, əxlaqi kamilliyinə, şəxsiyyətinə, etiqadına və digər sırf şəxsi dəyərlərinə görə, o cümlədən onun intizamlılıq dərəcəsinə görə peşəkarlıq səviyyəsinin qiymətləndirilməsi yolverilməzdir. İşçinin tutduğu vəzifəyə uyğunluğu müəyyən edilərkən onun son 5 (beş) il ərzində peşə hazırlığı səviyyəsinin yüksəldilməsinin, yeni ixtisasa yiyələnməsinin və ixtisasının artırılmasının nəticələri nəzərə alınır. 65.6-cı maddəyə əsasən attestasiya komissiyasının işi aşkarlıq şəraitində, obyektiv, qərəzsiz və qanunvericiliyin tələblərinə əməl edilməklə aparılmalıdır. Attestasiya komissiyası qərarını gizli və ya açıq səsvermə yolu ilə səs çoxluğu ilə qəbul edir. Müvafiq iş yeri üzrə əmək kollektivi nümayəndələrinin attestasiya komissiyasının iclasında müşahidəçi kimi iştirak etmək istəyi təmin olunmalıdır. 65.7-ci maddəyə əsasən attestasiya komissiyası işçinin tutduğu vəzifəyə (peşəyə) uyğun olduğu və ya uyğun olmadığı haqqında iki qərardan yalnız birini qəbul edir. Bununla yanaşı attestasiya komissiyası bu qərarlarında işçinin başqa vəzifədə (peşədə) istifadə edilməsinin məqsədə müvafiqliyi barədə işəgötürənə tövsiyyə edə bilər. 66-cı maddəyə əsasən uşağının üç yaşınadək sosial məzuniyyətdə olan və həmin məzuniyyət bitdikdən sonra bir ildən az müddətdə müvafiq vəzifədə (peşədə) çalışan qadınlar (uşağını təkbaşına böyüdən kişilər) attestasiyası keçirilmir. 67.1-ci maddəyə əsasən attestasiya komissiyası tərəfindən barəsində tutduğu vəzifəyə uyğun olmadığı haqqında qərar çıxarılmış işçinin əmək müqaviləsi bu Məcəllənin 70-ci maddəsinin «c» bəndinə müvafiq olaraq, 71-ci maddəsində nəzərdə tutulan qaydalara əməl edilməklə işəgötürən tərəfindən ləğv edilə bilər. 67.2-ci maddəyə əsasən işəgötürən attestasiya komissiyasının tövsiyyəsini nəzərə alaraq işçinin peşə hazırlığının yüksəldilməsi, yeni ixtisasa yiyələnməsi və ixtisasının artırılması üçün onu təlimlərə cəlb edə və yaxud işçinin razılığı ilə onu başqa müvafiq vəzifəyə (peşəyə) keçirə bilər. 67.3-cü maddəyə əsasən iş yerlərinin attestasiyasının keçirilməsi nəticəsində onların kütləvi şəkildə ixtisar edilməsi yolverilməzdir. 67.4-cü maddəyə əsasən iş yerinin attestasiyasının keçirilməsinin nəticələrinə əsaslanaraq işəgötürən tərəfindən işçilərin əmək müqavilələri ləğv edilə bilməz. 67.6-cı maddəyə əsasən attestasiya komissiyasının qərarı ilə tutduğu vəzifəyə (peşəyə) uyğun olmadığına görə işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilən və ya başqa vəzifəyə (peşəyə) keçirilən işçinin iddiası əsasında fərdi əmək mübahisəsinə bu Məcəllə ilə müəyyən edilmiş qaydada yalnız məhkəmələrdə baxılır. 70-ci maddənin “c” bəndinə əsasən peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. 2. İşəgötürən attestasiya komissiyasının tövsiyyəsini nəzərə alaraq işçinin peşə hazırlığının yüksəldilməsi, yeni ixtisasa yiyələnməsi və ixtisasının artırılması üçün onu təlimlərə cəlb edə və yaxud işçinin razılığı ilə onu başqa müvafiq vəzifəyə (peşəyə) keçirə bilər. 71.3-cü maddəyə əsasən işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. 74-cü maddəsinin ikinci bəndinə əsasən əgər qanunsuz və ya əsassız işdən çıxarılmış işçi işinə bərpa olunması üçün məhkəməyə iddia ərizəsi ilə müraciət edərsə və məhkəmə tərəfindən iddiası təmin olunaraq işinə (vəzifəsinə) bərpa edilməsi haqqında qətnamə (qərar) qəbul edilərsə, onda işəgötürən tərəfindən məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi (qərarı) dərhal icra edilərək o, əvvəlki vəzifəsinə və ya razılığı ilə başqa vəzifəyə (işə) bərpa olunmalıdır. Bu zaman işə bərpa edilən işçinin yerinə götürülmüş işçi ilə bağlanmış əmək müqaviləsinə bu Məcəllənin 71-ci maddəsinin 1-ci hissəsində nəzərdə tutulmuş müvafiq araşdırmalar aparılmaqla xitam verilə bilər. 83-cü maddənin 1-ci hissəsinə əsasən, əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara uyğun olaraq xitam verilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. 83-cü maddənin 2-ci hissəsinə əsasən, elektron sənəd formasında bağlanılmış əmək müqavilələrinə xitam verilən zaman bu barədə işəgötürənin əmri (sərəncamı, qərarı) elektron informasiya sistemində gücləndirilmiş elektron imza ilə imzalanaraq işçinin informasiya sistemində yaradılan elektron kabinetində yerləşdirilir. 83-cü maddənin 3-cü hissəsinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallarda müvafiq əmr (sərəncam, qərar) işəgötürən tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Əmrin surəti işçinin əmək kitabçası ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. 84-cü maddənin 1-ci hissəsinə əsasən əmək müqaviləsinə xitam verilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda aşağıdakı məlumatlar göstərilir: işəgötürən dövlət orqanı (qurumu), hüquqi şəxs və ya xarici hüquqi şəxsin filialı, nümayəndəliyi olduqda adı, işəgötürən funksiyasını həyata keçirən vəzifəli şəxsin vəzifəsi, soyadı və adı, faktiki fəaliyyət göstərdiyi ünvanı, işəgötürən fiziki şəxs olduqda soyadı və adı, faktiki fəaliyyət göstərdiyi ünvanı, əmrin (sərəncamın, qərarın) nömrəsi, tarixi; işçinin adı, atasının adı və soyadı; əmək müqaviləsi üzrə işçinin vəzifəsinin (peşəsinin) adı; əmək müqaviləsinə xitam verilməsinin əsası; həmin əsasla əmək müqaviləsinə xitam verilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi; əmək müqaviləsinə xitam verilən gün, ay və il; əmək müqaviləsinə xitam verilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər. 84-cü maddənin 2-ci hissəsinə əsasən bu maddənin birinci hissəsində nəzərdə tutulmuş məlumatlardan hər hansı biri və ya bir neçəsi göstərilməyən əmr (sərəncam, qərar) əmək mübahisəsini həll edən məhkəmə tərəfindən etibarsız hesab edilə bilər. 84-cü maddənin 3-cü hissəsinə əsasən Əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) yalnız bu maddənin 1-ci hissəsində göstərilən məlumatlar olan sadə formada, həmçinin normativ hüquqi aktlara uyğun formada — təsviri (giriş) hissəsindən və həmin məlumatlar göstərilən qərar hissəsindən ibarət formada tərtib edilə bilər. Həmin Məcəllənin fərdi əmək mübahisələrinin predmetini müəyyən edən 288-ci maddəsində əmək haqqının, habelə digər ödəmələrin müəyyən edilməsi və hesablanması, yaxud ödənilməsi fərdi əmək mübahisələrinin predmeti kimi müəyyən edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 23 may tarixli 97 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında işçilərin attestasiyasının keçirilməsi Qaydalarının: 2.1-ci maddəsinə attestasiyadan keçirilməzdən əvvəl zəruri hallarda attestasiyanın keçirilməsinin məqsəd, vəzifə və metodlarının izahının işçilərə çatdırılması üzrə tədbirləri özündə cəmləşdirən lazımi hazırlıq işləri görülməlidir. Bu işi müəssisənin struktur bölmələrinin rəhbərləri müvafiq həmkarlar təşkilatları ilə birlikdə, həmkarlar təşkilatı olmadıqda isə işəgötürən özü təşkil edir. 2.4-cü maddəsinə görə attestasiya komissiyasının üzvləri tərəfindən işçiyə yalnız tutduğu vəzifəyə (peşəyə) əmək funksiyasına, ixtisasına (peşəsinə) dair, yerinə yetirdiyi işlər və onların nəticələri barədə, habelə tutduğu vəzifəyə (peşəyə) uyğunluğunu müəyyən etmək üçün zəruri olan əmək müqaviləsi ilə müəyyən edilmiş hüquqları, vəzifələri dairəsinə aid olan məsələlərlə əlaqədar suallar verilir. Attestasiya olunan işçinin siyasi baxışlarına, mənəvi, əxlaqi kamilliyinə, şəxsiyyətinə, etiqadına və digər sırf şəxsi dəyərlərinə görə, o cümlədən onun intizamlılıq dərəcəsinə görə peşəkarlıq səviyyəsinin qiymətləndirilməsi yolverilməzdir. İşçinin tutduğu vəzifəyə uyğunluğu müəyyən edilərkən onun son 5 (beş) il ərzində peşə hazırlığı səviyyəsinin yüksəldilməsinin, yeni ixtisasa yiyələnməsinin və ixtisasının artırılmasının nəticələri nəzərə alınır. 2.6-cı maddəsinə görə attestasiya komissiyası işçinin tutduğu vəzifəyə (peşəyə) uyğun olduğu və ya uyğun olmadığı haqqında 2 qərardan yalnız birini qəbul edir: a) tutduğu vəzifəyə uyğundur; b) tutduğu vəzifəyə uyğun deyil. Bununla yanaşı, attestasiya komissiyası qəbul etdiyi qərarlarında həvəsləndirmək haqqında, ixtisas, əməyin ödənilmə dərəcəsini artırmaq, işçi ilə əmək müqaviləsində göstərilən vəzifə maaşını dəyişdirmək haqqında (qanunvericilikdə müəyyənləşdirilən səviyyədən aşağı olmamaq şərti ilə), əlavələr etmək, işçini peşə hazırlığının yüksəldilməsi, yeni ixtisasa yiyələnməsi və ixtisasının artırılması üçün təlimlərə cəlb etmək, vəzifədə irəli çəkilmək üçün ehtiyat kadrlar siyahısına daxil etmək, işçinin razılığı ilə başqa işə keçirmək, tutduğu vəzifəyə uyğun olmadıqda, işçini işdən azad etmək, əməyin ödənilmə dərəcəsini aşağı salmaq haqqında, həmçinin attestasiyadan keçmiş şəxslərin fəaliyyətinin yaxşılaşdırılmasına dair tövsiyələr verir. Attestasiya komissiyası attestasiyanın nəticələrinə görə ixtisas tələblərində qoyulmuş xüsusi hazırlığı və iş stajı olmayan, ancaq üzərinə qoyulan vəzifələri keyfiyyətlə yerinə yetirən və lazımi praktiki təcrübəsi olan işçini müstəsna hallarda xüsusi hazırlıq və iş stajı tələb edən vəzifəyə təyin edilməsinin mümkünlüyü barədə tövsiyə edə bilər. Bununla belə, attestasiya komissiyası müvafiq tövsiyələrinin səbəblərini göstərir. Bakı şəhəri Xətai rayon Məhkəməsinin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70 “ç”, 72 və 79-cu maddələrinin şərh edilməsi ilə bağlı müraciətinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Palatasının 17 fevral 2016-cı il tarixli Q ə r a r d a d ında məhkəmə vurğulamışdır ki, “Əmək müqaviləsinə xitam verilməsinin əsasları və qaydaları” Əmək Məcəlləsinin onuncu fəslində təsbit edilmişdir. Bu fəsil Əmək Məcəlləsinin 68-76-cı maddələrini əhatə edir və əmək müqaviləsinin ləğv edilməsini məhdudlaşdıran şərtləri müəyyən edən 76-cı maddə ilə tamamlanır. Bu fəsildə əvvəlcə ümumilikdə əmək müqaviləsinə xitam verilməsinin əsasları, sonra əmək müqaviləsinin işçi tərəfindən ləğv edilməsinin qaydası (69-cu maddə), işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsinin əsasları isə Əmək Məcəlləsinin 70-ci maddəsində verilmişdir. Əmək Məcəlləsinin 70-ci maddəsi 4 bənddən ibarətdir. Bu maddənin “ç” bəndində deyilir ki, işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Bu maddə ilə bağlı qeyd olunmalıdır ki, qanunun bu göstərişi imperativ xarakter daşımır. Belə ki, qanun müqavilənin ləğv edilməsini mütləq qoymur, onu işəgötürənin səlahiyyətinə buraxır. Həmin qərardadda Konstitusiya Məhkəməsinin Palatası həmçinin qeyd etmişdir ki, qanunverici bu güzəştli normanı müəyyən edərkən ana və uşağın sağlamlığının mühafizəsi, hüquqlarının müdafiəsi, onların maddi və sosial təminatlarının gücləndirilməsi, eləcə də bəzi kateqoriya işçilərin sağlamlığının qorunması və ailələrinin sosial müdafiəsinin möhkəmləndirilməsi mövqeyindən çıxış etmişdir. Qeyd olunanlarla bağlı Konstitusiya Məhkəməsinin Palatası belə nəticəyə gəlir ki, müraciətdə göstərilən məsələnin həll edilməsi zamanı Bakı şəhəri Xətai rayon məhkəməsi Konstitusiyada təsbit edilmiş və dövlət tərəfindən təmin edilən sosialyönümlü dəyərləri nəzərə almaqla və baxılan işdə tətbiq etməklə müəyyən nəticəyə gələ bilər. Mülki işdə olan sübutlarla təsdiq edilir ki, İddiaçı Bakı şəhəri 30 nömrəli Uşaq Musiqi Məktəbinin 15 mart 2018-ci il tarixli 26 nömrəli əmrinə əsasən həmin məktəbdə müəllim vəzifəsinə işə qəbul edilmişdir. Həmin əmrə əsasən iddiaçı 2017-2018-ci tədris ilinin sonunadək müvəqqəti fortepiano müəllimi vəzifəsini icra etmişdir. İddiaçıya dirijorluq ixtisası üzrə bakalavr ali peşə-ixtisas dərəcəsi Dövlət Attestasiya Komissiyasının 07 iyun 2019-cu il tarixli qərarı ilə, dirijorluq ixtisası üzrə magistr elmi-ixtisas dərəcəsi 27 yanvar 2021-ci il tarixli qərarı ilə verilmişdir. Buna baxmayaraq iddiaçı ixtisasına uyğun işlə təmin edilməmişdir. 12 mart 2025-ci il tarixdə 30 saylı Uşaq Musiqi Məktəbində işçilərin attestasiyası keçirilmiş və İddiaçı tutduğu vəzifəyə uyğun hesab edilməmişdir. 30 nömrəli Uşaq Musiqi Məktəbinin 02 aprel 2025-ci il tarixli 42 nömrəli əmrinə əsasən Bakı şəhər 30 nömrəli Uşaq Musiqi Məktəbinin fortepiano müəllimi İddiaçı 07 aprel 2025-ci il tarixindən Azərbaycan Respublikası Əmək Məcələsinin 70-ci maddəsinin “c” bəndinə əsasən tutduğu vəzifədən azad edilmiş və onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Həmçinin işdə olan sübutlarla təsdiq edilir ki, mübahisələndirilən əmr qəbul edilərkən iddaçının iki azyaşlı uşağı 3 və 4 yaşında olmuşdur. Beləliklə, İddiaçı dirijorluq ixtisası üzrə bakalavr və magistr təhsili almışdır. 15 mart 2018-ci il tarixdə iddiaçı 30 nömrəli Uşaq Musiqi Məktəbində 2017-2018-ci tədris ilinin sonunadək müvəqqəti fortepiano müəllimi vəzifəsini icra etmişdir. İddiaçının 12 avqust 2020-ci il tarixdə və 08 noyabr 2021-ci il tarixdə övladları olmuş və 2023-cü ilədək sosial məzuniyyətdə olmuşdur. İşə qayıtdıqdan sonra məktəbin direktoruna ona öz ixtisasına uyğun olaraq ona xor-dirijor dərslərini verilməsini xahiş etsə də, ona sentyabr ayından öz ixtisası üzrə dərs saatlarının veriləcəyi, hazırkı attestasiyada iştirak etməsi bildirmişdir. Cavabdehin nümayəndəsi məhkəmə iclasında verdiyi izahatda dərs saatlarının az olduğu üçün iddiaçıya dirijorluq dərslərinin verilməməsini təsdiq etmişdir. Beləliklə, iddiaçının fortepiano ixtisası üzrə müvəqqəti müəllim kimi işləməsi və öz ixtisasına uyğun olaraq attestasiya edilməməsi iş materialları ilə təsdiq edilmişdir. Digər tərəfdən işçilərin attestasiyanın nəticələrinə uyğun olaraq 30 nömrəli Uşaq Musiqi Məktəbində kütləvi şəkildə müəllimlərin işdən çıxarıldığı müəyyən edilmişdir. Məhkəmə işin faktiki hallarını qiymətləndirib yuxarıda qeyd edilmiş maddi hüquq normalarına əsaslanaraq belə qənaətə gəlir ki, iddiaçının attestasiyası “Azərbaycan Respublikasında işçilərin attestasiyasının keçirilməsi Qaydalarının pozulması ilə keçirildiyindən, iddiaçının attestasiyanın nəticələrinə görə işdən çıxarılması qanunsuz olmaqla yanaşı dövlətin ana və uşaqların hüquqlarının müdafiəsi, onların maddi və sosial təminatlarının gücləndirilməsi, eləcə də bəzi ailələrinin sosial müdafiəsinin möhkəmləndirilməsi siyasətinə zidd olmuşdur. Belə ki, ilk növbədə məhkəmə vurğulayır ki, Əmək Məcəlləsinin 70-ci maddənin “c” bəndində nəzərdə tutulmuşdur ki, peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Məhkəmə qeyd edir ki, qanunun bu göstərişi imperativ xarakter daşımır, qanun müqavilənin ləğv edilməsini mütləq qoymur, onu işəgötürənin səlahiyyətinə buraxır. Və bu halda həmin məcəllənin 67-ci maddəsinin ikinci bəndi müəyyən edir ki, İşəgötürən attestasiya komissiyasının tövsiyyəsini nəzərə alaraq işçinin peşə hazırlığının yüksəldilməsi, yeni ixtisasa yiyələnməsi və ixtisasının artırılması üçün onu təlimlərə cəlb edə və yaxud işçinin razılığı ilə onu başqa müvafiq vəzifəyə (peşəyə) keçirə bilər. Attestasiya vərəqəsindən görünür ki, iddiaçı forpepiano ixtisasını 2015-ci ildə, dirijorlug ixtisasını 2019 və 2021-ci ildə almış, ixtisasartırmada iştirak etməmiş, ona verilən bütün suallar fortepiano ixtisası üzrə olmuşdur. Beləliklə, Komissiya iddiaçının fortepiano ixtisası üzrə ali təhsilinin olmamasına diqqət yetirməyərək, iddiaçının ali təhsili dirijorlug ixtisası ilə bağlı olduğunu nəzərə almadan, həmçinin iddiaçının uzun müddət analıq məzuniyyətdə olduğunu, ixtisasartırma kursuna cəlb olunmadığını nəzərə almadan onunla bağlı heç bir tövsiyyə yaxud təklif vermədən onun tutduğu vəzifəyə uyğun olmadığı qənaətinə gəlmişdir. Bununla yanaşı işəgötürən iddiaçının öz ixtisasına uyğun olaraq attestasiyadan keçməməsini, himayəsində iki azyaşlı uşağı olduğu üçün iddiaçının bu işə ehtiyacı olduğunu nəzərə almadan, iddiaçının aldığı ali təhsili üzrə yiyələndiyi ixtisasına uyğun olaraq işlə təmin edilməsi imkanlarını nəzərdən keçirmədən onunla bağlanmış əmək müqaviləsinə xitam vermiş və bu zamanda əmrin tərtibində Əmək Məcəlləsinin 71-ci maddəsində müəyyən edilmiş tələbi pozmuşdur. Belə ki, həmin maddəyə görə İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. İşəgötürən 30 saylı Uşaq Musiqi Məktəbi 02 aprel 2025-ci il tarixli 42 nömrəli əmrində iddiaçı ilə bağlanmış əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmamışdır. Qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli, İddiaçı əmək müqaviləsinə xitam verilməsi barədə 30 saylı Uşaq Musiqi Məktəbinin 02 aprel 2025-ci il tarixli 42 nömrəli əmri ləğv edilməli, İddiaçı Azərbaycan 30 saylı Uşaq Musiqi Məktəbində müəllim vəzifəsinə bərpa edilməli və ona məcburi iş buraxmaya görə 02 aprel 2025-ci il tarixdən işə faktiki bərpa ediləcəyi tarixədək əmək haqqı ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: İddia təmin edilsin. İddiaçı əmək müqaviləsinə xitam verilməsi barədə 30 saylı Uşaq Musiqi Məktəbinin 02 aprel 2025-ci il tarixli 42 nömrəli əmri ləğv edilsin. İddiaçı Azərbaycan 30 saylı Uşaq Musiqi Məktəbində müəllim vəzifəsinə bərpa edilsin. İddiaçı məcburi iş buraxmaya görə 02 aprel 2025-ci il tarixdən işə faktiki bərpa ediləcəyi tarixədək əmək haqqı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlahə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar