Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-4860/2025 01.07.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sahibə Cavid qızının sədrliyi, Behbudov Orxan Elşən oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı "xxxx" MTK-nın Cavabdeh qarşı “pul” tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddia tələbi: İddiaçı "xxxx" MTK Cavabdeh qarşı iddia ərizəsi ilə müraciət edərək, CY1 4503 nömrəli mənzil üzrə cavabdeh Alekperova Aiseldən 1289,59 manat (bir min iki yüz səksən doqquz manat, 59 qəpik) borcun və iddia ərizəsinin verilməsinə görə MTK tərəfindən ödənilmiş 32,9 manat dövlət rüsumunun tutularaq İddiaçı MTK-nın hesabına köçürülməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin dəlilləri: İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Knightsbridge Ağ Şəhər MTK cavabdeh Alekperova Aisel arasında Bakı şəh., Xətai rayonu, Babək pr., Y.Əliyev küç., 8 Noyabr pr. və X.Rüstəmov küçəsinin əhatə etdiyi məhəllələrdə və Nobel pr. ilə Xəzər dənizi arasında yerləşən ərazidə ünvan 1 ünvanındakı “K Residence Baku” yaşayış kompleksində yerləşən Kortyard 1 saylı binanın 5-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 47 kv.m. olan 4503 saylı mənzilin alqı- satqısına dair xx.xx.2021-ci il tarixli, CY1-087/21 saylı müqaviləni imzalamışdır. Eyni zamanda cavabdeh ilə iddiaçı arasında yuxarıda adıçəkilən mənzilə dair çoxmənzilli binanın idarə edilməsi və xidmətlərin göstərilməsi haqqında xx.xx.2021-ci il tarixli CY1-087/21 saylı müqavilə imzalanmışdır. İddiaçı qeyd olunan mənzili cavabdehə təhvil vermiş, bununla bağlı cavabdeh ilə iddiaçı arasırda xx.xx.2021-ci il tarixində 4503 saylı təhvil-təslim aktı imzalanmışdır. Qeyd etmişdir ki, həmin alqı-satqı müqaviləsinin 2.3-cü bəndinə əsasən, əsaslı tamamlanma tarixi xx.xx.2021-ci il nəzərdə tutulsa da, mənzil cavabdehə xx.xx.2021-ci il tarixində təhvil verildiyindən, xidmət haqqının hesablanmasına da həmin tarixdən başlanılmışdır. Hazırda cavabdehin 2023-cü ilin mart ayından başlayaraq, 2025-ci ilin may ayı da daxil olmaqla 15 aylıq dövr üçün ödənilməmiş borcu yaranmışdır. Məhkəmənin nəzərinə çatdırmaq istəmişdir ki, cavabdeh xidmət haqqını bir müddət ödəsə də, 2024-cü ilin mart ayı və sonrakı dövrlərin ödənişlərini etməmişdir. İddia ərizəsinə əlavə edilmiş cədvəldə göstərildiyi kimi 2025-ci ilin may ayı da daxil olmaqla cavabdehin 4503 saylı mənzil üzrə əsas borcu 1057,5 manat gecikməyə görə hesablanmış ümumi dəbbə pulu 232,09 manat olmaqla, cəmi borc 1289,59 manat təşkil edir. Borcla bağlı borc cədvəlini iddia ərizəsinə əlavələrdə təqdim etmişdir. Cavabdehə borclar haqqında dəfələrlə bildiriş verilmişdir. Belə ki, cavabdehə xx.xx.2024- cü il tarixli 2167 saylı və xx.xx.2024-cü il tarixli 3075 saylı bildiriş məktubları göndərilmiş, bundan əlavə, xx.xx.2024-cü il tarixində “Whatsapp” tətbiqi vasitəsi ilə elektron şəkildə də bildiriş göndərilmişdir. Göründüyü kimi iddiaçı üzərinə götürdüyü bütün öhdəlikləri icra etmiş və icra etməkdə davam edir, lakin cavabdeh müqavilələr üzrə xidmət haqqının ödənişindən yayınmaqdadır. Müqavilə üzrə əsaslar: xx.xx.2021-ci il tarixli, CY1-087/21 saylı alqı-satqı müqaviləsinin 5.2.8-ci yarımbəndinə əsasən, Müştəri (yəni cavabdeh) əsaslı tamamlanma tarixindən başlayaraq Şirkət (yəni iddiaçı) tərəfindən göstərilən texniki, xidmət, idarəetmə, təhlükəsizlik, inzibati və digər xidmətlərlə (“Xidmətlər”) bağlı xidmət haqqlarının bu sənədə qoşulmuş Əlavə №4-də nəzərdə tutulduğu kimi aylıq əsasda Şirkətə ödənilməsinə görə məsuliyyət daşıyır. Həmin alqı-satqı müqaviləsinin 5.2.12-ci yarımbəndinə əsasən, Müştəri Əlavə 4-də qeyd olunan xidmətlərə görə xidmət haqqını vaxtında və tam ödəməlidir. Həmin alqı-satqı müqaviləsinə Əlavə № 4-ün 1-ci bəndində iddiaçı tərəfindən cavabdehə göstərilən xidmətlər göstərilir. Həmin Əlavə № 4-ün 3-cü bəndinə görə, Müştəri göstərilən xidmətlərin müqabilində şirkətə əmlakın ümumi tikinti sahəsinin hər kvadrat metri üçün hər ay 1,5 manat məbləğində xidmət haqqını əsaslı tamamlanma tarixindən etibarən ödəməyi öhdəsinə götürür. Tərəflər arasında imzalanmış çoxmənzilli binanın idarə edilməsi və xidmətlərin göstərilməsi haqqında xx.xx.2021-ci il tarixli CY1-087/21 saylı müqavilənin 2.3.1-cü yarımbəndinə əsasən, Sifarişçi (yəni cavabdeh) müqavilə şərtlərinə uyğun olaraq göstərilmiş xidmətləri idarə edəndən (yəni iddiaçı) təhvil almaq və xidmət haqqını bu müqavilə və onun müvafiq əlavələri ilə müəyyən olunmuş şərtlərlə vaxtlı-vaxtında ödəmək öhdəliyi daşıyır. Həmin müqavilənin 3.2-ci bəndinə görə, ödəniş Azərbaycan manatı ilə İdarə edən tərəfindən hazırlanmış hesab-faktura üzrə Sifarişçi tərəfindən İdarə edənə nağd və ya bank hesabına köçürmə yolu ilə həyata keçirilir. Həmin müqavilənin 5.3-cü bəndinə görə, ödəniş Sifarişçi tərəfindən gecikdirildikdə, idarə edən hər gecikmə günü üçün gecikdirilən məbləğin 0,1% həcmində cərimə tətbiq etmək hüququna malikdir. Həmin müqavilənin 5.4-cü bəndinə görə, Sifarişçi müqavilə üzrə müəyyən olunmuş müddətdə ödənişləri yerinə yetirmədikdə, İcraçıya (əslində İdarə edən nəzərdə tutulub) hər gecikmə günü üçün gecikdirilən məbləğin 0,1% həcmində dəbbə pulu ödəyəcək. Həmin müqavilənin 9-cu bəndinə görə, bu müqavilədən irəli gələn bütün mübahisələr danışıqlar vasitəsilə həll edilir. Tərəflər arasında yaranmış mübahisələr bu qaydada həll edilmədikdə, mübahisələr Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinin normaları ilə tənzimlənəcək və mübahisələrə Azərbaycan Respublikasının müvafiq məhkəmələrində baxılacaq. xx.xx.2021-ci il tarixli CY1-087/21 saylı müqaviləyə Əlavə № 1-in 2-ci bəndində sifarişçiyə (cavabdehə) göstərilən xidmətlər ətraflı sadalanır. Həmin Əlavə № 1-in 3-cü bəndinə görə, sifarişçi (cavabdeh) binadakı ona məxsus mənzil və qeyri-yaşayış sahəsinin (“Obyekt”) hər kvadrat metri üçün İcraçıya ƏDV daxil 1,5 manat (Bir Azərbaycan manatı əlli qəpik) aylıq xidmət haqqı ödəməyi öhdəsinə götürür. Həmin Əlavə №l-in 6-cı bəndinə görə, xidmət haqqı hər cari ay üçün əvvəlcədən, müvafiq hesab-fakturanın təqdim olunduğu tarixdən 3 (üç) iş günündən gec olmayaraq Sifarişçi tərəfindən nağd və ya idarə edənin bank hesabına köçürmə yolu ilə ödənilir. Tərəflərin izahatları: İddiaçının nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddianı müdafiə edərək, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəməyə çağırılsa da, lakin məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş: xx.xx.2025-ci il tarixli, **********95 saylı qəbzdən qəbzdən görünür ki, iddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərkən 32,9 manat məbləğində dövlət rüsumu ödəmişdir. xx.xx.2025-ci il tarixli borc cədvəlindən görünür ki, 1057,5 manat xidmət haqqı borcu, 232,09 manat cərimə borcu olmaqla, cəmi 1289,59 manat borcu yaranmışdır. P RUS 65№ ******* saylı Rusiya Federasiyası Pasportun surətindən görünür ki, Cavabdeh Fazailovna Rusiya Federasiyası vətəndaşıdır, doğulduğu yer Xabarovskiy Kray/ Rusiya, doğum tarixi xx.xx.1997-ci ildir. xx.xx.2021-ci il tarixli, CY1-087/21 saylı müqavilədən görünür ki, Knightsbridge Ağ Şəhər MTK ilə Cavabdeh arasında Bakı şəh., Xətai rayonu, Babək pr., Y.Əliyev küç., 8 Noyabr pr. və X.Rüstəmov küçəsinin əhatə etdiyi məhəllələrdə və Nobel pr. ilə Xəzər dənizi arasında yerləşən ərazidə ünvan 1 ünvanındakı “K Residence Baku” yaşayış kompleksində yerləşən Kortyard 1 saylı binanın 5-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 47 kv.m. olan 4503 saylı mənzilin alqı- satqısına dair müqavilə imzalanmışdır. xx.xx.2021-ci il tarixli, CY1-087/21 saylı çoxmənzilli binaların idarə edilməsi və xidmətlərin göstərilməsi barədə müqavilədən görünür ki, sifarişçi müqavilə şərtlərinə uyğun olaraq göstərilmiş xidmətləri idarə edəndən təhvil almaq və xidmət haqqını bu müqavilə və onun müvafiq əlavələri ilə müəyyən olunmuş şərtlərlə vaxtlı-vaxtında ödəmək öhdəliyi daşıyır. xx.xx.2021-ci il tarixli, 4503 saylı təhvil-təslim aktından görünür ki, Cavabdeh “K” Residence yaşayış kompleksindən əldə etdiyi CY1 Binasının 4503 saylı mənzilini və ona əlavələri qəbul etmişdir. xx.xx.2024-cü il tarixli, 3075 saylı pretenziya məktubundan görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixə 564,25 manat borcu yaranmışdır və ona borcun ödənilməsi, əks təqdirdə məhkəmədə iddia qaldırılacağı barədə xəbərdarlıq olunmuşdur. xx.xx.2024-cü il tarixli, 2167 saylı pretenziya məktubundan görünür ki, Cavabdeh 01.04.024-cü il tarixə 141,19 manat borcu yaranmışdır və ona borcun ödənilməsi, əks təqdirdə məhkəmədə iddia qaldırılacağı barədə xəbərdarlıq olunmuşdur. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 443.1-ci maddəsinə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Həmin Məcəllənin 443.5-ci maddəsinə əsasən borclu icranı gecikdirdikdə kreditor ona öhdəliyin icrası üçün zəruri vaxt təyin edə bilər. Əgər borclu öhdəliyi bu müddətdə də icra etməzsə, kreditor öhdəliyin icrası əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə görə işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Məhkəmənin mövqeyi: Məhkəmə təqdim olunmuş sübutları tədqiq edib, iş üzrə əlavə araşdırma aparılmasına zərurətin olmaması qənaətinə gələrək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, xx.xx.2021-ci il tarixli CY1- 087/21 saylı müqavilənin 2.3.1-cü yarımbəndinə əsasən, Sifarişçi (yəni cavabdeh) müqavilə şərtlərinə uyğun olaraq göstərilmiş xidmətləri idarə edəndən (yəni iddiaçı) təhvil almaq və xidmət haqqını bu müqavilə və onun müvafiq əlavələri ilə müəyyən olunmuş şərtlərlə vaxtlı-vaxtında ödəmək öhdəliyi daşıyır. Həmin müqavilənin 5.3-cü bəndinə görə, ödəniş Sifarişçi tərəfindən gecikdirildikdə, idarə edən hər gecikmə günü üçün gecikdirilən məbləğin 0,1% həcmində cərimə tətbiq etmək hüququna malikdir. Həmin müqavilənin 5.4cü bəndinə görə, Sifarişçi müqavilə üzrə müəyyən olunmuş müddətdə ödənişləri yerinə yetirmədikdə, İcraçıya (əslində İdarə edən nəzərdə tutulub) hər gecikmə günü üçün gecikdirilən məbləğin 0,1% həcmində dəbbə pulu ödəmək öhdəliyi daşıyır. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, iddiaçı tərəfindən verilən xx.xx.2024-cü il tarixli pretenziya cavabdehə “whatsapp” tətbiqi çıxarışına əsasən çatdırılmışdır. Odur ki, İddiaçı MTK hazırkı iddianı qaldırmaqda haqlı olmuşdur. Cavabdeh tərəflər arasında bağlanmış çoxmənzilli binaların idarə edilməsi və xidmətlərin göstərilməsi müqaviləsi əsasında göstərilmiş xidmətləri idarə edəndən təhvil almaq hüququna malik olduğu kimi, eyni zamanda həmin xidmət haqqını ödəməli olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Cavabdeh isə göstərilən müqavilə əsasında ödəniş etmək vəzifəsini yerinə yetirməmişdir. Buna görə də iddiaçı göstərilən müqaviləyə əsasən əsas borcun və ona hesablanmış cərimənin ödənilməsini tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması – öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə MM-in 425-ci maddəsində təsbit edilmiş “vicdanlılıq” anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə öhdəliyin vaxtında icra edilməməsi, işin və xidməti qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir Göründüyü kimi tərəflər arasında qanunla müəyyən edilmiş qaydada müqavilə bağlanılmış, həmin müqaviləyə əsasən tərəflər arasında öhdəliklər yaranmış, iddiaçı tərəfindən öhdəliklər yerinə yetirilmiş, cavabdeh isə üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmişdir. Məhkəmə həmçinin iddianın cərimə pulunun ödənilməsi barəsində hissəsini də araşdıraraq hesab edir ki, iddianın həmin hissəsi qismən əsaslıdır. Məhkəmə iddia tələbinin cərimə pulu hissəsinə münasibətdə qeyd edir ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən isə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Hər bir konkret iş üzrə dəbbə pulunun azaldılması meyarları kimi dəbbə pulunun qeyri-mütənasib olması, öhdəliyin pozulması nəticəsində yarana biləcək mümkün zərərin həcmindən əhəmiyyətli dərəcədə artıq olması, öhdəliklərin yerinə yetirilməsindən yayınma müddətləri və s. çıxış edə bilər. Məhkəmə nəzərə alır ki, dəbbə pulunun göstərilən həcmdə tutulması cavabdehin əmlak mənafelərinə xələl gətirə bilər. Dəbbə pulunun məbləğinin azaldılması kreditorun əmlak mənafelərinə əsaslı təsir etmir. Belə ki, dəbbə pulunu əldə edəcəyi gözlənilən qazanc kimi deyil, öhdəliyin icrasının təminatı üsulu kimi nəzərdə tutmuşdur. Qeyd edilənləri rəhbər tutmaqla məhkəmə belə qənaətə gəlir ki, 232,09 manat cərimə pulunun tutulması əsaslı hesab edilə bilməz və yüksək olduğundan azaldılmalıdır. Odur ki, məhkəmə hesab edir ki, cavabdehdən iddiaçının xeyrinə 50 manat cərimə tutulmalıdır. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 1057,5 manat xidmət haqqı borcu, 50 manat cərimə olmaqla, cəmi 1107,5 manat tutularaq iddiaçı "xxxx" MTK-ya ödənilməlidir. Məhkəmə xərcləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, iddianın təmin edilmiş hissəsi 1107,5 manat olduğundan cavabdehdən 31,07 manat məbləğində rüsum tutularaq iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci və 284-6-cı maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh 1057,5 (min əlli yeddi manat əlli qəpik) manat xidmət haqqı borcu, 50 (əlli) manat cərimə olmaqla, cəmi 1107,5 (min yüz yeddi manat əlli qəpik) manat məbləğində borc və 31,07 (otuz bir manat sıfır yeddi qəpik) manat dövlət rüsumunun əvəzi tutularaq iddiaçı "xxxx" MTK-ya verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. . Hakim: Sahibə Hacıyeva
Məhkəmə qərarları › İş №2(011)-4860/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-4860/2025
01.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver