Məhkəmə qərarları › İş №2(011)-4864/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-4864/2021

22.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-4864/2021 22.07.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Mehrəliyev Sərdar Bəşərəddin oğlunun sədrliyi, Abbaslı Elman Semur oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qızına qarşı “pul tələbinə dair” mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən verdiyi 1500 manat, 1500 manat dəymiş zərər olmaqla, cəmi 3000 manat pulun və 30 manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Xırdalan şəhəri, 26-cı məhəllə, "Olimp" yaşayış kompleksi, giriş 5, mənzil 11 ünvanında ev almış və mətbəx və qarderob mebeli düzəltdirmək üçün Xırdalan şəhərində yerləşən "Zəhra" mebel salonunda işləyən Cavabdeh müraciət etmişdir. 26.08.2020-ci il tarixdə mənzildə ölçülər götürüləndən sonra 2950 manata razılaşmışlar və cavabdeh 10-12 gün müddətinə mebellərin hazır olacağına söz vermişdir. Əvvəlcə million vasitəsilə kartına (Kapital Bank 4169 7413 68 31 7119) 500 manat, 4-5 gün sonra isə göstərilən ünvanda 1000 manat, cəmi 1500 manat pul vermişdir. Danışdıqları gündən 9 aya yaxın vaxt keçsə də, cavabdeh nə mebel düzəltmiş, nə də ki, aldığı pulu geri qaytarmışdır. Mebellər vaxtında hazır olmadığından məcbur olub 5 ay kirayədə qalmış və hər ay 300 manat olmaqla, cəmi 1500 manat kirayə pulu vermişdir. Hansı ki, mebellər vaxtında hazır olsa idi, mən evimə köçərdim və bu ziyana düşməzdim. Odur ki, çəkdiyi xərclər ona qaytarılmalıdır. Bu barədə 06.10. 2020-ci il tarixdə 102 Xidməti vasitəsilə Abşeron rayon polis idarəsinə müraciət etmiş, aparılmış araşdırma zamanı Cavabdeh izahat vermişdir ki, həqiqətən ondan 1500 manat almışdır, lakin, onunla kobud danışdığından pulu qaytarmamışdır. Müstəntiq 26.10.2020-ci il tarixdə cinayət işi başlanmasının rədd edilməsi haqqında qərar çıxarmış və mülki qaydada məhkəməyə müraciət etməsini məsləhət görmüşdür. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh Cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, toplanmış materialları tam və hərtərəfli araşdıraraq, məhkəmədə tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan Abşeron RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi X1 cinayət işi başlanmasının rədd edilməsi haqqında 26.10.2020-ci il tarixli qərarının surətindən görünür ki, 06.10.2020-ci il tarixdə İddiaçı DİN-nin 102 xidmətinə zəng vuraraq mətbəx mebeli düzəltməsi üçün ustaya 1500 manat pul verdiyini lakin sonradan həmin ustanın vədinə əməl etmədiyini bildirmişdir. Aparılan araşdırma dövründə Cavabdeh izahat veərərk İddiaçı tanışı Coşqunun vasitəsi ilə tanıdığını, .həmin şəxsin evində mebel yığılması üçün ilkin ödəniş və material pulu olaraq 500 manat, kart hesabına 1000 manat isə əlbəəl olmaqla pul adlığını etiraf etmiş və sonradan İddiaçı onunla kobud danışdığı üçün onun sifarişini icra etməkdən imtina etdiyini bildirmiş, halhazırda İddiaçı aldığı 1500 manat pulu xərclədiyi üçün əlində pul olmadığını və ondan aldığı 1500 manat pulu yaxın vaxtlarda işləyib ona geri qaytarcağını bildirmişdir. Ərizədə göstərilən xüsusatların mülki xarakterli olduğu müəyyən olunmuş, toplanmış material üzrə cinayət işin başlanılması rədd edilmiş və X2 mülki icraat qaydasında məhkəmə müraciət etməli olduğu izah edilmişdir. Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.1-ci maddəsi ilə qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.1-ci maddəsinə görə fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Azərbaycan Respublikası MM-nin 1091.1-ci maddəsinə görə əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə görə varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsində qeyd edilmişdir ki, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Beləliklə, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, məhkəmə iclasında işin həqiqi halları ilə İddiaçı ilə Cavabdeh arasında iddiaçının sahibi olduğu Xırdalan şəhəri, 26-cı məhəllə, "Olimp" yaşayış kompleksi, giriş 5, 11 saylı mənzildə təmir işlərinin aparılması barədə şifahi razılığın olması, həmin razılığa görə işlərin cəmi dəyərinin 1500 manat məbləğində müəyyən olunması, iddiaçıu tərəfindən cavabdehə 1500 manatın ödənilməsi, sonradan cavabdeh tərəfindən razılaşmanın şərtlərinin pozulması,sifariş edilmiş işlərin görülməməsi və pulun qaytarılmaması müəyyən edilmişdir. Ona görə də, iddia tələbi qismən təmin edilərək cavabdehdən 1500 manat məbləğində pul vəsaiti alınaraq iddiaçıya ödənilməlidir. Bununla yanaşı iddia tələbi qalan hissədə təmin edilməməlidir. Belə ki, iddiaçı cavabdehin təqsiri üzündən 5 ay müddətində kirayədə yaşamasını və bu məqsədlə tərəfindən 1500 manat xərclənildiyini iddia etsə də, iddia tələbini əsaslandırmamış, ümumi mülahizələrlə kifayətlənmiş, iddia ərizəsinə heç bir mötəbər sübut əlavə etməmiş, məhkəmə iclasında isə məhkəməyə təqdim edə bilməmişdir. Halbuki, mülki prosessual qanunvericiliyin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğində münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edildiyinə görə ödənilmiş 30 manat dövlət rüsümunun 15 manatı cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.2-ci maddəsində isə göstərilir ki, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsində göstərilir ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci, 360-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh 1500 (bir min beş yüz) manat və ödənilmiş dövlət rüsumunun 15 (on beş) manat hissəsi tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Sərdar Mehrəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar