Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-4870/2021 12.07.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliy Səfərzadə Kənan Muxtar oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh qarşı cavabdehdən 1368 manat pul vəsaitinin, əldən çıxmış faydaya görə 500 manat məbləğində pul vəsaitinin və iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 30 manat məbləğində pul vəsaitinin iddiaçının xeyrinə tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı müxtəlif cehiz əşyalarının İran İslam Respublikasından gətirib üzərinə cüzi miqdarda pul qoyub nisyə şəkildə tanıdığı adamlara verib daha sonra pulunu alırdı və bununla da dolanışığını təmin edirdi. İddiaçı cehiz əşyalarını satmaq üçün cavabdehə nisyə vermişdir. Daha sonra cavabdeh iddiaçıdan 1760 manat məbləğində müxtəlif cehiz əşyaları götürərək bildirdi ki, hər ay iddiaçıya 300- 400 manat pul ödəyəcək. İddiaçı da cavabdehin təklifi ilə razılaşmış, ona 1760 manat dəyərində əşyaları satmaq üçün nisyə vermişdir. Bu hadisədən 2 ay sonra, yəni 2019-cu ilin oktyabr ayında cavabdeh həmin malların pulundan 300 manat ödədi, bir müddət sonra əlavə 200 manat ödədi. Hal-hazırda cavabdehin iddiaçıya 1368 manat məbləğində borcu var. İddiaçı məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianı müdafiə etdi və məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. O, məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, hal-hazırda cavabdehin qaytamadığı məbləğ 1268 manat təşkil edir. Cavabdeh məhkəmə iclasında iddianı qismən qəbul edərək məhkəmədən iddianın qismən təmin edilməsini xahiş etdi. Belə ki, o, iddianın 500 manat məbləğində əldən çıxmış faydanın iddiaçının xeyrinə tutulması hissəsində qəbul etmir. O, məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, iddiaçıdan 1768 manat dəyərində malları almışdır. Malların dəyərindən 500 manat məbləğində pul ödəyib, malların çox hissəsini isə qızına verib. Hal-hazırda onda hər hansı bir mal yoxdur. Məhkəmə tərəflərin izahatlarını və mülki iş materiallarında olan sübutları araşdıraraq belə qənaətə gəlir ki, iddia qismən əsaslıdır və qismən təmin edilməlidir. Belə ki, mülki işin məhkəmə araşdırması zamanı, mübahisəsiz qaydada müəyyən edilmişdir ki, İddiaçı cavabdeh X1 məqsədi ilə 1768 manat dəyərində cehiz malları vermişdir. Cavabdeh həmin malların satışından əldə edilmiş pulları iddiaçıya qaytarmalı olduğu halda, iddiaçıya cəmi 500 manat məbləğində pul vəsaitini qaytarmışdır. Cavabdeh malların əksər hissəsini Maxaçkala şəhərində yaşayan qızına vermişdir. Qeyd edilən hallar tərəflərin izahatları əsasında müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. (MM-in 386.1-ci maddəsi). Həmin Məcəllənin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Göründüyü kimi, əsassız varlanma nəticəsində öhdəlik o halda yaranır ki, şəxs əmlak əldə etsin, həmin əldə etmə başqa şəxsin hesabına olsun və əldə etmənin hər hansı bir qanuni və ya müqavilə əsası olmasın. Hazırkı mülki işin məhkəmə araşdırması zamanı yuxarıda göstərilən hər üç şərtin mövcud olduğu müəyyən edilmişdir. Belə ki, cavabdeh 1768 manat dəyərində malları iddiaçıdan satmaq üçün nisyə almışdır. O, mallar satıldıqca əldə edilmiş vəsaiti iddiaçıya geri ödəməli olduğu halda, iddiaçıya cəmi 500 manat məbləğində pul qaytarmışdır. Belə olan halda, cavabdeh hər hansı bir hüquqi əsas olmadan iddiaçıdan (məhrum olanın) 1268 manat dəyərində mal əldə edərək, həmin məbləğdə əsassız olaraq varlanmışdırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1092-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır (MM 1092.1-ci maddəsi). Əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir (MM 1092.1-ci maddəsi). Varlanmış şəxs qaytarmanın tələb olunduğu anda daha özünün varlı olmadığını sübut edərsə, bu Məcəllənin 1092.1 və 1092.2-ci maddələrinə uyğun iddiaların irəli sürülməsi istisna edilir. Varlanmadan əvvəl və ya bilavasitə varlanma zamanı bunun üçün hüquqi əsasın olmadığını bilən varlanmış şəxsə bu qayda şamil edilmir (MM 1092.3-cü maddəsi). Yuxarıda istinad edilən qanunvericilik aktı normasının tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, Cavabdeh 1268 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilməlidir. Məhkəmə iddianın 500 manat məbləğində əldə çıxmış faydanın əvəzinin cavabdehdən iddiaçının xeyrinə tutulması hissəsində qiymət verərək belə qənaət gəlir ki, iddiaçı tərəfindən iddia bu hissədə sübuta yetirilmədiyindən təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 443.2-ci maddəsinə əsasən zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. Məhkəmə hesab edir ki, iddiaçı cavabdehin təqsirli hərəkətləri nəticəsində 500 manata yaxın gəlirdən mərhum olduğunu iddia etsə də, əldə edəcəyi gəlirlə bağlı hər hansı bir sübut təqdim etmədiyindən, formal olaraq mülahizələrə əsaslanan bu iddia tələbi əsassız hesab edilərək təmin edilməməlidir. Məhkəmə həmçinin iddianın 30 manat məbləğində dövlət rüsumunun cavabdehdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi də əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Digər tərəfdən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, məhkəmə xərcinə daxil olan dövlət rüsumu cavabdehə aid edilməli və buna görə də iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia qismən təmin edilsin. 1268 (min iki yüz altmış səkkiz) manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçı ödənilsin. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçı ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Əminə Abbasova
Məhkəmə qərarları › İş №2(011)-4870/2021
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-4870/2021
12.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver