Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-4872/2021 05.08.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Mehrəliyev Sərdar Bəşərəddin oğlunun sədrliyi, Xəlilzadə Cəfər Həmid oğlunun katibliyi, İddiaçı və onun vəkili X3, Cavabdeh1 və onun vəkili X1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “yaşayış sahəsinə köçürülmə tələbinə dair” mülki işə məhkəmənin hazırlıq iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “yaşayış sahəsinə köçürülmə tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, azyaşlı uşaqları- 22.02.2008-ci il təvəllüdlü X7 və 17.06.2009-cu il təvəllüdlü X4 yaşadıqları Bakı şəhəri, Xətai rayonu, M.Rüstəmov küçəsində yerləşən 2 saylı yaşayış evinin 3 otaqlı, 51 saylı mənzilinə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh1 ilə 2007-ci ildə rəsmi qaydada ailə quraraq onun yaşadığı mənzilə gəlin köçmüşdür. Birgə nikahdan 22.02.2008-ci il təvəllüdlü X7 və 17.06.2009-cu il təvəllüdlü X10 anadan olmuşdur. Mübahisəli mənzil qayınatası Həsənov Səyyadın şəxsi mülkiyyətində olmuşdur, hazırda o, rəhmətə getmişdir. Baxmayaraq ki, mübahisəli mənzildə həyat yoldaşının bacısı Zülfiyyə və onun yetkinlik yaşına çatmış oğlu Teyyub qeydiyyatdadırlar, faktiki onların hər ikisi başqa ünvanda yaşayırlar. Mübahisəli mənzildə o, həyat yoldaşı, iki uşağı yaşayırdı. Azyaşlı övladları mübahisəli mənzildə qeydiyyatdadırlar. X6 da demək olar ki, mütəmadi onlarl yaşayırdı, hər dəfə yoldaşı ilə münasibətlərinə müdaxilə edirdi, və olub ki, dəfələrlə onu evdən qovub. Sonuncu dəfə bir neçə ay bundan əvvəl yenə də qayınanası evdə söz-söhbət yaratdı və uşaqları evdə saxlayaraq onu qovdu. Məcbur olub qardaşının evinə getdi. Hazırda yoldaşı və qayınanası onu evə buraxmırlar. Cavabdeh1 iddia ərizəsinə etiraz edərək göstərmişdir ki, iddia tələbi qanunsuz və əsassız olduğundan təmin olunmamalıdır. Belə ki, İddiaçı ilə 2007-ci ildə ailə qurmuş, birgə nikahdan 22.02.2008-ci il təvəllüdlü X7 və 17.06.2009-cu il təvəllüdlü X10 anadan olmuşdur. Əvvəllər cavabdehlə münasibəti yaxşı olsa da, son illər cavabdeh tərəfindən mənfi tərəfə dəyişdi. O, istədiyi vaxt uşaqları atıb özbaşına evdən çıxıb gedir və istədiyi vaxt evə qayıdırdı. Uşaqların xətrinə və ailənin qoruyub saxlanması naminə onu qəbul edirdi. iddiaçı axırıncı dəfə 2020-cı ilin aprel ayının axırı evdə kımınləsə danışdı və qıçını qıçının üstünə aşırıb ona dedi ki, “sən kişi deyilsən mən səninlə yaşamaq istəmirəm. Mən sərbəst yaşamaq istəyirəm. O sən o da sənin uşaqların, canın çıxsın saxla. Bir daha bu evə qayıtmayacağam.” Uşaqların üzünə belə baxmadan əvvəlcədən hazırladığı çantasını götürüb evdən çıxdı. Evin balkonundan həyətə baxanda gördü ki, həyətdə gözləyən kişilərlə bir avtomobilə minib getdi. İddiaçı bir ildən sonra yəni 29.05.2021-ci ildə sahə inspektoru ilə evə gəlib məcburi köçkün vəsiqəsini, diplomunu və metirkasını götürüb getdi. İddiaçı ona xəyanət etdiyinə, onu və azyaşlı uşaqları atıb başqa kişilərlə qoşulub çıxıb getdiyindən onun ailə ilə hər hansı bir bağlılığı qalmamışdır. Keçən bu bır ıl ərzində uşaqlarla bır dəfə də olsun maraqlanmamış, gəlib onları görməmişdir. Cavabdehin ona xəyanət edərək evdən öz xoşu ilə çıxıb getməsi, onun başqa yerdə yaşaması, aralarındakı münasibətlərin nikahın pozulmasına gətirib çıxarması artıq onunla bərabər yaşadığı mənzildə yaşayış hüququnu itirməsi deməkdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.2-ci maddəsində qeyd edilir ki, yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirlir. Aralarında belə bir müqavilə olmamışdır. Göstərilənlərə əsasən, məhkəmədən iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı və onun vəkili X8 iddia ərizəsinin məzmununa uyğun izahat verib təmin olunmasına dair qətnamə çıxarılmasını xahiş etdilər. Məhkəmə iclasında Cavabdeh1 və onun vəkili X2 iddianı qəbul etməyərərək, iddia ərizəsinə etirazın məzmununa uyğun izahat verdilər və iddia tələbinin təmin olunmamasını xahiş etdilər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış cavabdehlər Cavabdeh2 və Cavabdeh3 məhkəmə iclasına gəlməmişdirlər. Azərbaycan Respublikası MPMnin 185.5-ci maddəsinə əsasən məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş materaillarını tədqiq edərək və işdə olan sübutları araşdıraraq, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmədə tədqiq edilmiş: AZ-T seriyalı, 023785 saylı nikah haqqında şəhadətnamədən və doğum haqqında şəhadətnamələrdən görünür ki, Cavabdeh1 ilə İddiaçı arasında nikah 30.11.2007-ci il tarixdə Xətai rayon qeydiyyat şöbəsində bağlanmış və 1781 nömrə ilə qeyd edilmişdir. Tərəflərin birgə nikahından 22.02.2008-ci il təvəllüdlü X7 və 17.06.2009-cu il təvəllüdlü X10 anadan olmuşdur. 09.03.2007-ci il tarixli müqavilənin surətindən görünür ki, X9 mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, M.Rüstəmov küçəsi, 2 saylı evin 51 saylı mənzilini oğlu- Cavabdeh1 bağışlamışdır. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş 26.07.2021-ci il tarixli, **********20 saylı arayışdan görünür ki, Bakı şəhəri, Xətai rayonu, M.Rüstəmov küçəsi, 2 saylı evin 51 saylı mənzili Cavabdeh1 mülkiyyətindədir. İş materiallarında olan 93 saylı MKİS-nin 19.05.2021-ci il tarixli arayışından görünür ki, 22.02.2008-ci il təvəllüdlü X7 və 17.06.2009-cu il təvəllüdlü X10 Bakı şəhəri, Xətai rayonu, M.Rüstəmov küçəsi, 2 saylı evin 51 saylı mənzilində qeydiyyadadırlar. Azərbaycan Respublikasının Konstitusiyasının 43-cü maddəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 158.1.2-ci maddəsində göstərilir ki, mülkiyyətçi olmayan şəxsin hüququ da mülkiyyət hüququ ilə yanaşı əmlak hüquqları sayılır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 158.4-cü maddəsində göstərilir ki, mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” 27.07.2001-ci il tarixli Qərarında göstərilmişdir ki, 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu Məcəllənin qüvvəyə mindiyi gündən yaranır. “N.S.Cəbrayılovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 2 fevral 2010-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 dekabr 2010-cu il tarixli Qərarında göstərilmişdir ki, “nəzərə alınmalıdır ki, «mülkiyyətçinin razılığı» müddəasına verilmiş şərh MM-in 228.5-ci maddəsinə bütövlükdə deyil, həmin maddənin yalnız “digər ailə üzvlərinin (ərinin, arvadının) köçürülməsinə mülkiyyətçinin razılığı ilə yol verilirmüddəasına aiddir və mülkiyyətçinin özünün ailə üzvlərinə şamil olunmur. Bu mənada nəzərə alınmalıdır ki, yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri ilə bağlı MM-in 228.5-ci maddəsinə nisbətdə həmin Məcəllənin 228.1-ci maddəsi daha geniş xarakter daşıyır. Belə ki, MM-in 228.1-ci maddəsində mülkiyyətçinin ailə üzvlərindən bəhs edildiyi təqdirdə, həmin Məcəllənin 228.5-ci maddəsi yalnız mülkiyyətçi ilə birgə yaşayan ailə üzvlərinə aiddir. Göründüyü kimi, mülkiyyətçi ilə birgə yaşamayan onun ailə üzvləri MM-in 228.5-ci maddəsinin təsir dairəsinə düşmür...Mülkiyyətçinin ailə üzvlərinin vəziyyəti ilə bağlı MM-in 228.5-ci maddəsində əks olunmuş qayda Konstitusiyanın 17-ci maddəsinin İİ hissəsindən, 34-cü maddəsinin İV və V hissələrindən, habelə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 1.3-cü və MM-in 27.2-ci maddələrindən irəli gəlir...Göstərilən normaların müddəalarında ər və arvadın hüquqlarının bərabər olmasının, uşaqlara qayğı göstərilməsinin, onların tərbiyə edilməsinin valideynlərin həm hüququ, həm də borcunun olması, eləcə də ailə üzvlərinin ailə qarşısında qarşılıqlı yardım və məsuliyyəti, onların hüquqlarının maneəsiz həyata keçirilməsinin təmin olunması və bu hüquqların məhkəmədə müdafiəsi, on dörd yaşına çatmamış şəxslərin yaşayış yerinin valideynlərinin yaşayış yerinin olması təsbit olunmuşdur. Beləliklə, mülkiyyətçi ilə birgə yaşayan ailə üzvlərinin yaşayış binasının tərkib hissəsindən onunla bərabər istifadə hüququ mülkiyyətçi ilə bağlanan müqavilə ilə deyil, yalnız onunla etibarlı ailə əlaqələri əsasında yaranır”. 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinə görə yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Beləliklə, məhkəmə baxışı zamanı araşdırılmış sübutlarla İddiaçı ilə Cavabdeh1 arasında 30.11.2007-ci il tarixdən 2020-ci ilin aprel ayına kimi etibarlı ailə əlaqələrinin olması, tərəflərin ailəliklə mübahisəli mənzildən istifadə etmələri təsdiq edilmişdir. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, M.Rüstəmov küçəsi, 2 saylı evin 51 saylı mənzilinə köçürülsün. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində ondan Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Sərdar Mehrəliyev
Məhkəmə qərarları › İş №2(011)-4872/2021
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-4872/2021
05.08.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver