Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-4888/2023 28.09.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Quliyeva Nərmin İsmayıl qızının katibliyi, Ərizəçi və onun vəkili Vəkil iştirakları ilə, Ərizəçi “ərizəçinin xarici ölkə vətəndaşı olmaması faktının müəyyən edilməsi” barədə ərizəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizənin dəlilləri: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, onun xarici ölkənin vətəndaşı olmamağı faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçi xx xxxxxxxx 1972-ci ildə Ermənistan Respublikasının Masis rayonunda anadan olmuşdur. 1988-ci ildə məlum hadisələr zamanı Azərbaycan Respublikasına valideynləri ilə birlikdə deportasiya olunmuşdur. 1988-ci ildən anasına məxsus Bakı şəhəri Xətai rayonu M.Hadi küçəsi, ev 71A, mənzil 39-da ailəsi ilə birlikdə yaşayır. Ərizəçi 02 oktyabr 1989-cu ildə Bakı şəhəri Binə qəsəbəsində yerləşən 101 nömrəli Texniki Peşə məktəbinə daxil olmuşdur və 26 iyun 1990-cı ildə həmin məktəbin Traktor və Avtomobillərin elektrik avadanlıqları üzrə təmirçi çilingər peşəsi üzrə tam kursu bitirmişdir. 25 iyun 1991-ci il tarixdə Bakı şəhəri Xətai rayonu Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə çağırılmışdır. Hərbi xidməti keçmiş SSRİ-nin Murmansk vilayətində keçmişdir. 10 iyun 1993-cü ildə hərbi xidməti başa vurub Bakı şəhərinə qayıtmışdır. O vaxtdan da bugünə qədər Azərbaycan Respublikasında fasiləsiz yaşayır. Ərizəçi Ermənistan Respublikasında doğulmuşdur və oradan məlum hadisələr zamanı deportasiya olunmuşdur. Ərizəçini Ermənistan Respublikası ilə bağlayan hər hansı əlaqə, səbəb yoxdur. Ərizəçi Azərbaycan Respublikasında 1988-ci ildən yaşamasına, burada oxuduğuna və buradan hərbi xidmətə çağırılmağına baxmayaraq ona şəxsiyyət vəsiqəsi verilməmişdir. Baxmayaraq ki, 16 yaşı olandan sonra ona Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsi verildikdən sonra hərbi xidmətə çağırılmalı idi. Lakin ona şəxsiyyət vəsiqəsi verilməmiş, xidməti barədə hərbi bilet verilmişdir. Bundan sonra ondan şəxsiyyət vəsiqəsi tələb olunan zaman ərizəçi Miqrasiya Xidmətinə müraciət etmişdir. Dövlət Miqrasiya Xidməti ona Azərbaycan Respublikası ərazisində yaşama haqqının məhkəmə qaydasında müəyyən olunması və bu barədə məhkəməyə müraciət etməli olduğu bildirilmişdi. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 10 yanvar 2022-ci il tarixli 2(011)- 201/2022 saylı qətnaməsi ilə ərizəsi təmin edilmiş və ərizəçinin 1988-ci ildən hazırkı dövrədək Azərbaycan Respublikası ərazisində daimi yaşama faktına dair qətnamə çıxarılmışdır. Bundan sonra ərizəçi yenə Miqrasiya Xidmətinə müraciət etmişdir. Bu dəfə isə ona xarici ölkənin vətəndaşı olmamasının müəyyən edilə bilməməsi ilə bağlı imtina verilmişdir. Hesab edir ki, imtina əsassızdır. Ərizəçi uşaq vaxtı valideynləri ilə birlikdə Ermənistan Respublikasından deportasiya olunmuşdur. O vaxtan da Azərbaycan Respublikasında yaşamış, burada məktəb oxumuş, hərbi xidmətə çağırılmışdır. Əgər ərizəçi başqa respublikanın vətəndaşı idisə Azərbaycan Respublikasından hərbi xidmətə necə çağırılırdı. Ərizəçinin valideynləri Azərbaycan vətəndaşlarıdır. Ərizəçi də onlarla bir yerdə yaşamış, heç vaxt xarici ölkələrdə olmamışamdır. SSRİ dağıldığı zaman Azərbaycanda olmuşamdur. Valideynləri azərbaycanlıdır, Azərbaycan Respublikasının vətəndaşıdırlar və qeyd edilən ünvanda daimi qeydiyyatdadırlar. Ərizəçi isə müxtəlif səbəblərdən qeydiyyata düşə bilməmişəmdir. SSRİ dağılana qədər SSRİ ərazisində yaşayan bütün vətəndaşların bir vətəndaşlığı var idi. Onların hamısı SSRİ vətəndaşları idilər. SSRİ dağılan anda SSRİ vətəndaşları faktiki olaraq hansı respublikada yaşayırdılarsa, həmin respublikanın vətəndaşları olmuşlar. 1988-ci ildən, yəni 35 ildən artıq bir müddətdə Azərbaycanda yaşadığını və SSRİ-nin isə 1991-ci ildə dağıldığını nəzərə alsaq, ərizəçinin faktiki Azərbaycan Respublikasının vətəndaşı olmağı aydın olur. Hazırki ərizəyə əlavə edilmiş SSRİ vətəndaşının pasportunun kserosurətindən də görünür ki, ərizəçi Ermənistan Respublikasında doğulmuşam və həmin respublikanın vətəndaşı olmuşdur. Ərizəçinin yaşadığı evə verilmiş orderin kserosurətindən görünür ki, həmin yaşayış sahəsi onun valideynlərinə verilən zaman ərizəçi də nəzərə alınmış və onun da həmin orderdə adı var. Hərbi biletin kserosurətindən görünür ki, ərizəçi Azərbaycan Respublikasının vətəndaşı kimi hərbi xidmət keçmişdir. Diplomun kserosurətindən görünür ki, ərizəçi orta təhsilini Bakı şəhərində almışdır. Göründüyü kimi, ərizəçi 1988-ci ildən Bakı şəhərində yaşayır. Ərizəçi heç bir dövlətin vətəndaşı olmadığı üçün şəxsiyyəti təsdiq edən sənədi yoxdur, yəni vətəndaşlığı yoxdur. Bu da onu bütün konstitusion hüquqlarından məhrum edir. Ərizəçini sənədi olmadığı üçün heç yerdə işə götürmürlər. Ancaq anasının aldığı pensiya ilə çox çətin vəziyyətdə yaşayır. Ona şəxsiyyət vəsiqəsi verilməsi üçün xarici ölkə vətəndaşı olmamağı faktının müəyyən olunması tələb olunur. Tərəflərin izahatları: Məhkəmə iclasında ərizəçi və onun vəkili ərizəni müdafiə edərək, məhkəmədən ərizənin təmin edilməsini xahiş etdilər. Maraqlı şəxs Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinin nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini xahiş edərək bildirmişdir ki, nə qədər ki, iş üzrə icraat materiallarından şəxsin ölkə ərazisindən giriş çıxışı qeydə alınmadığı görünür, bununla yanaşı Ermənistan Respublikasından müvafiq sənədin alınması qeyri-mümkündür, belə olan halda ərizənin təmin edilməsinə etiraz etməmişdir. İşin faktiki halları: İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-201/2022 saylı qətnaməsindən görünür ki, ərizəçinin ərizəsi təmin edilmiş, onun 1988-ci ildən hazırkı dövrədək Azərbaycan Respublikasının ərazisində daimi yaşaması faktı müəyyən edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarəti tərəfindən verilmiş məlumata əsasən, “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemində (İAMAS) şəxslərin dövlət sərhədindən hərəkətləri barədə məlumatlar 2001-ci il tarixdən etibarən yerləşdirilməsini nəzərə alaraq, Ərizəçi 1993-2001-ci illər ərzində dövlət sərhədindən hərəkəti barədə məlumatların təqdim edilməsi texniki cəhətdən imkan xaricindədir. xx xxxxxxxx 1972-ci il təvəllüdlü Ərizəçi 2002-ci il tarixdən 16 avqust 2023-cü il tarixədək dövlət sərhədindən hərəkəti barədə İAMAS bazasında məlumat qeydə alınmamışdır. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyası: 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsi: 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 307.2.10-1-ci maddəsinə görə, məhkəmə Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin dördüncü hissəsinə uyğun olaraq şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktının müəyyən edilməsi barədə işlərə baxır. 305.1.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli 3 saylı Qərarı: 12-ci bəndinə əsasən, məhkəmələr Azərbaycan Respublikası MPM-nin 307.2.10-1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin 4-cü hissəsinə uyğun olaraq şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktını müəyyən edərkən mütləq mövcud qanunvericiliyin tələblərini rəhbər tutmalıdırlar. Sözügedən Qanunun 14-cü maddənin 4-cü hissəsində göstərilir ki, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallarda, keçmiş SSRİ vətəndaşının pasportu və ya digər sənəd əsasında 2006-cı il yanvarın 1-dək Azərbaycan Respublikasına gələrək burada daimi yaşayan, heç bir dövlətin vətəndaşlığına mənsub olmayan və şəxsiyyətini təsdiq edən etibarlı sənədləri olmayan şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktı məhkəmə tərəfindən müəyyən edilir. “Dövlət rüsumu haqqında” Qanun: 8.2-ci maddəsinə əsasən, qiymətləndirilməyən iddia ərizəsinin verilməsinə görə 100 manat məbləğində dövlət rüsumu tutulur. İşə baxan məhkəmənin mövqeyi: Məhkəmə tərəflərin izahatlarını dinləyərək, işin faktiki hallarını araşdıraraq, toplanmış və məhkəmədə tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir, ərizə təmin edilməlidir. Belə ki, iş üzrə tədqiq edilmiş sübutlar əsasında və tərəflərin verdiyi izahatlar əsasında məhkəmə iclasında müəyyən edildi ki, ərizəçinin 1988-ci ildən hazırkı dövrədək Azərbaycan Respublikasının ərazisində daimi yaşaması faktının tanınmasına dair məhkəmə qətnaməsi mövcuddur. Onun heç bir xarici dövlətin vətəndaşı olmaması, ümumiyyətlə ölkə hüdudlarını tərk etməməsi iş materialları və sorğuya verilmiş cavabla öz təsdiqini tapır. Ərizəçi heç bir dövlətin vətəndaşlığına mənsub olmaması faktını təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmir. Beləliklə, tərəflərin izahatı və işin digər materialları ilə Ərizəçi heç bir dövlətin vətəndaşlığına mənsub olmaması faktı tam sübuta yetirilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, həmin faktın müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, ərizəçi isə göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, Azərbaycan Respublikası MPM-in 308-ci maddəsinə əsasən, mövcud ərizə tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Odur ki, göstərilən hüquqi əhəmiyyətli fakt müəyyən edilməlidir. Məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməli, ərizəçi xx xxxxxxxx 1972-ci il təvəllüdlü Ərizəçi heç bir dövlətin vətəndaşlığına mənsub olmaması faktı müəyyən edilməlidir. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. İş materiallarında olan qəbzdən görünür ki, ərizəçi 100 manat dövlət rüsumu ödəmişdir. Odur ki, məhkəmə dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, ərizəçinin ödədiyi 100 manat dövlət rüsumu onun özünə aid edilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. Ərizəçi xx xxxxxxxx 1972-ci il təvəllüdlü Ərizəçi heç bir dövlətin vətəndaşlığına mənsub olmaması faktı müəyyən edilsin. Ərizəçi ödədiyi 100 (bir yüz) manat dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova
Məhkəmə qərarları › İş №2(011)-4888/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-4888/2023
28.09.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması,habelə Azərbaycan Respublikasında daimi yaşaması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver