Məhkəmə qərarları › İş №2(011)-4890/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-4890/2021

21.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-4890/2021 21.06.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Mehrəliyev Sərdar Bəşərəddin oğlunun sədrliyi, Xəlilzadə Cəfər Həmid oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili X1, Cavabdeh iştirakı ilə. İddiaçı Cavabdeh qarşı “pul tələbinə dair” mülki işə məhkəmənin hazırlıq iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul tələbinə dair” iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək cavabdehdən 9200 manat borcun və 30 manat dövlət rüsumunun alınıb özünə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, Cavabdeh ilə özünə məxsus “Məktəbli” mağazasında tanış olmuşdur. Belə ki, Cavabdeh onun mağazasından müəyyən malları əldə edərək onların satışı ilə məşğul olurdu. Cavabdeh ona bildirmişdir ki, yeni il mallarını daha ucuza gətirə bilər. Bununla razılaşdığından ilk dəfə 23.08.2020-ci il tarixində cavabdehə 6800 manat məbləğində, daha sonra 28.08.2020-ci il tarixində 2500 manat məbləğində pulu vermiş, o isə, 3 günə malı gətirəcəyini bildirmişdir. Lakin o söz verdiyi vaxtda malları gətirməmişdir. Malı, malı verə bilməyəcəyi təqdirdə isə ona verdiyi pulu sentyabr ayının 27-sinə qədər tələb etmişdir. Sentyabr ayının 27-si müharibə başladıqdan sonra Sumqayıt şəhər Hərbi Komissarlığından müharibəyə çağırılmışdır. Müharibədə olduğu zaman əlaqə saxladığında o malların gömrükdə tutulub saxlanıldığını bildirmişdir. Mübaribə bitdikdən sonra, dəfələrlə Mahmudla görüşüb ona verdiyi pulu tələb etsə də, hər dəfə müxtəlif -bəhanələr gətirərək, pulu dekabr ayında verəcəyini, daha sonra yenidən tələb etdikdə, apreldə verəcəyini bildirmişdir. Lakin o bu müddət ötdükdən sonra belə pulu ödəməmişdir. Bu səbəbdən iddia ərizəsi ilə məhkəməyə müraciət edir. Məhkəmə iclasında İddiaçı və onun nümayəndəsi və vəkili X2 iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdilər. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qismən qəbul edərək izahatında göstərdi ki, həqiqətən də iddiaçıdan cəmi 9200 manat pul götürmüş, həmin puldan 300 manatını onun qardaşı Elvinə vermişdir. Elman hərbi xidmətdən qayıtdıqdan sonra ona 20 Yanvar-Şamaxinka kəsişməsində 2500 manat vermiş, o isə, həmin pulun faiz olduğunu bildirmişdir. Ona faiz ödəməyə imkanı olmadığını bildirmişdir. Hazırda icarə avtomobil götürmüş və taksi fəaliyyəti ilə məşğul olur. Qeyd olunanların nəzərə alınmasını xahiş etdi Məhkəmə iclasında şahid X3 ifadəsində göstərmişdir ki, o, İddiaçı dostudur. Elman yeni il malları almaq üçün Mahmuda Sumqayıt şəhərində 6800 manat pulu onun gözünün qarşısında vermişdir. Eşitdiyinə gürə, daha sonra Elman Mahmuda eyni məqsədlə yenidən 2500 manat pul vermişdir. Lakin, Mahmud Elmanın pulunu hələ də, qaytarmamışdır. Məhkəmə tərəflərin izahatlarını, şahid ifadəsini dinləyib iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Azərbaycan Respublikası 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsində qeyd edilmişdir ki, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.2-ci maddəsinə görə borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Məhkəmə hesab edir ki, işin məhkəmədə araşdırılmış halları ilə Cavabdeh İddiaçı 9200 manat məbləğində borc alması və həmin borcundan 300 manatını qaytarması, 8900 manat borcunun qalması təsdiq edildiyindən iddia tələbi qismən təmin edilərək, həmin borc məbləği cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2., 77.1., 78.1.,80., 81-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilməli, işin gedişində təqdim olunmuş ancaq o sübutlar qəbul edilməli və nəzərə alınmalıdır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar olsun. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Azərbaycan Respublikasının MPM-nin 217.4.-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən Azərbaycan Respublikası MPM-nin 119, 216-220, 227, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh 8900 (səkkiz min doqquz yüz) manat məbləğində pul və 30 (otuz) manat dövlət rüsumu tutularaq İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Sərdar Mehrəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar