Məhkəmə qərarları › İş №2(011)-4922/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-4922/2025

14.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr - Digər icarə müqavilələri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-4922/2025 14.08.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Eyvazova Samirə Əli qızının sədrliyi Hüseynova Nuranə Rafiq qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı icarə müqaviləsi üzrə pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: İşin iddia ərizəsində qeyd edilən halları:

1. Cavabdehin ona 620 manat məbləğində borcu vardır. Belə ki,mülkiyyətində olan **-CE- *** "Toyota Korolla" minik markalı şəxsi avtomobilini 24 iyul 2024-cü il tarixdə 15 gündən bir 250 manat ödəmək şərti ilə cavabdehə icarəyə vermişdir. Bununla əlaqədar ona həmin tarixli şəxsi minik avtomobilni cavabdehə idarə etmək üçün verməyi barədə etibarnamə də vermişdir. Cavabdeh tərəfindən 3 ay yarımın icarə pulu ödənmisdir. Son 15 günün pulu ödənilməmişdir, üstəlik onun xahişi ilə 370 manat cərimə pulunu da o ödəmişdir. Beləliklə, cavabdehin ona 620 manat borcu vardır. Lakin həmin borcunu indiyə kimi ödəməmişdir. Cavabdehdən ona borclu olduğu həmin məbləğin ödənilməsini dəfələrlə tələb etsə də, heç bir nəticəsi olmamışdır. Onu da bildirmək istəyir ki, cavabdeh ona qeyd olunan məbləğdə borcu olduğunu etiraf edir, lakin imkanı olmadığı üçün ödəməyəcəyini bildirir. Həmin məsələnin məhkəmədən kənar pretenziya qaydasında həll olunması üçün cavabdehə rəsmi qaydada müraciət edərək, ona olan borcunu 10 gün müddətində ödəməsini tələb etmiş və əks halda bu barədə məhkəməyə müraciət edəcəyimi bildirmişdir. Lakin həmin müddətdən də artıq vaxt keçməsinə baxmayaraq,cavabdeh ona olan borcunu ödəməmişdir. Ona görə də hesab edir ki, həmin məsələ məhkəmə qaydasında həll olunmalıdır,cavabdehin ona borclu olduğu 620 manat və iddia ərizəsi vermək üçün ödədiyi 30 manat olmaqla cəmi 650 manat pulun cavab ona ödənilməsi barədə qətnamə qəbul edilməlidir. Cavabdeh ona qeyd olunan məbləğdə borcu olmasını etiraf edir, eyni zamanda zərurət olarsa, iddia tələbinin əsaslı olması barədə cavabdehin etirafedici telefon danışıqlarını və digər sübutları məhkəməyə təqdim edə bilər.

İddiaçının tələbi:

2. Cavabdeh ona borclu olduğu 620 manat iddia ərizəsi vermək ücün ödədiyi 30 manat olmaqla cəmi 650 manat pulun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehin etirazı:

3. Cavabdeh tərəfindən iddia tələbinə qarşı heç bir yazılı etiraz təqdim edilməmişdir.

Tərəflərin izahatı:

4. xx.xx.2025-ci il tarixli məhkəmə iclasında iştirak edən İddiaçı öz izahatında iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir.

5. xx.xx.2025-ci il tarixli məhkəmə iclasında iştirak edən Cavabdeh öz izahatında avtomobili götürdüyünü, müqavilələrinin olmadığını, lakin pul ödədiyini, COP-a görə yolların bağlandığını, bu səbəbdən işləyə bilmədiyini, həmçinin 5 gün xəstə olduğunu bu səbəbdən işləyə bilmədiyini, yemək daşıdığını, taksi fəaliyyəti ilə məşğul olmadığını, avtomobilin köhnə olduğunu, işləmədiyi üçün pulu ödəyə bilmədyini, 370 manat cərimənin mövcud olduğunu, avtomobili qaytarsa da pulu ödəyə bilməyəcəyini bildirdiyini, aliment ödənişlərinin olduğunu, borc üçün vaxt istədiyini, amma iddiaçının razılaşmadığını, avtomobili qaytarmağı tələb etdiyini, cəriməni iddiaçının ödədiyini, texniki baxışın vaxtına müddət qaldığını, iddiaçının onun iş yerinə gəldiyini, iddiaçının dediklərinin doğru olduğunu bildirmişdir. Lakin aralarında hər hansı müqavilə olmadığı üçün iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir.

İş materiallarına əlavə edilmiş sənədlər:

6. xx.xx.2024-cü il tarixli “X1 Edilməsinə Dair” Etibarnamə.

7. xx.xx.2025-ci il tarixli preteziya məktubu.

8. Disk.

9. Digər sənədlər.

Tətbiq edilən hüquq:

10. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 427.1. Əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər. 427.2. Əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur.

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1. Əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; 700.1. İcarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. 700.2. İcarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. 700.3. Əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

11. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 14.3. Məhkəmə tərəflərə, məhkəmə baxışını barışıq sazişi ilə tamamlamağı təklif etməyə borcludur və tərəflər qanunda nəzərdə tutulan hallar istisna edilməklə, iddianı etiraf edə və yaxud ondan imtina edə bilərlər. 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 89.1. Yazılı sübutlar—iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. 106.3. Tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 191.3. cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

12.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair 18 mart 2019-cu il Qərarı: “Mülki Prosessual Məcəllədə məhkəmənin həqiqətə nail olmaq vəzifəsi yalnız tərəflər üçün lazımi şəraitin yaradılması, prosessual hüquq və vəzifələrin onlara izah edilməsi ilə məhdudlaşır...Qanunvericilikdə “formal həqiqətin müəyyən edilməsi” ayrıca prinsip kimi nəzərdə tutulmasa da, məhkəmənin yalnız işdə olan sübutlar əsasında həqiqəti müəyyən etmək vəzifəsi aydın ifadə edilmişdir...Proses məhkəmənin publik iradəsindən deyil, tərəflərin iradəsi və fəallığından asılı olaraq həyata keçirilir...” Məhkəmənin mövqeyi:

13. Məhkəmə mülki iş üzrə iddia ərizəsini, tərəflərin izahlarını, əlavə edilmiş sənədləri, nəzərdən keçirib, təqdim edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir.

14. İlk növbədə qeyd olunmalıdır ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır.

15. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, tərəflər arasındakı şifahi razılaşmaya əsasən iddiaçı nəqliyyat vasitəsini cavabdehin istifadəsinə verməyi öhdəsinə götürmüş, bunun müqabilində isə cavabdeh razılaşdırılmış pul vəsaitini ödəməyi öhdəsinə götürmüşdür, lakin iddiaçı öz öhdəliyini icra etməsinə baxmayaraq cavabdeh vəzifəsini yerinə yetirməmişdir. Məhkəmə araşdırması zamanı cavabdeh tərəf iddiaçıya məxsus avtomobili icarəyə götürdüyünü, daha sonra şəhərdə keçirilən tədbirlə bağlı avtomobili istifadə edə bilmədiyini, lakin avtomobilin onun faktiki sahibliyində olduğunu qeyd etmişdir. Buna görə də iddiaçı göstərilən müqavilənin şərtlərinin icra edilməməsi ilə əlaqədar 250 manat pulunu tələb etməkdə haqlıdır.

16. Eyni zamanda, cavabdeh tərəf iddiaçıya məxsus avtomobili idarə edərkən İnzibati Xətalar Məcəlləsinin tələblərini pozması səbəbindən 370 manat cərimə inzibati təbeh tədbiri tətbiq edilmiş, cavabdeh bunu etiraf etmiş, iddiaçı tərəf bu məbləği ödəməyi tələb etmiş, qarşı tərəf ödəməməsi səbəbindən özü ödəmək məcbuuriyyətində qaldığını qeyd etmişdir. Qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, iddiaçı cavabdehin təqsirli hərəkətləri nəticəsində ona dəymiş zərəri geri tələb etməkdə də haqlıdır.

17. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 620 manat pul vəsaiti tutularaq İddiaçı ödənilməlidir.

Məhkəmə xərcləri:

18. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi təmin edildiyindən və iddiaçı iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun cavabdehdən tutulmasını xahiş etdiyinidən 30 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

19. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

1. İddia təmin edilsin.

2. Cavabdeh 620 (altı yüz iyirmi) manat pul məbləği tutularaq İddiaçı ödənilsin.

3. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı ödənilsin.

4. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Samirə Eyvazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar