Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-495/2021 09.02.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Cəfərzadə Fərid Zülfəli oğlunun katibliyi, İddiaçı, onun etibarnamə üzrə nümayəndəsi X1, Cavabdehin nümayəndələri X2 və X3 iştirakları ilə İddiaçı cavabdeh Cəmşid Naxçıvanski adına Hərbi Liseyə qarşı “cavabdehin iddiaçının ixtisar edilməsi ilə bağlı hərəkətlərinin qanunsuz hesab edilməsi, əmrin ləğv edilməsi, iddiaçının ixtisar edilməmişdən öncəki tutduğu vəzifəyə bərpa edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Cəmşid Naxçıvanski adına Hərbi Liseyə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin xx xxxxxx 2020-ci il tarixli 189 saylı əmrinin ləğv edilməsi, iddiaçı ilə bağlanmış xx xxxxxx 2019-cu il tarixli əmək müqaviləsinin əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 1967-ci il tarixdə Cəbrayıl rayonu, Soltanlı kəndində anadan olmuşdur. O, Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinin azərbaycan dili və ədəbiyyat ixtisası üzrə ali təhsil almışdır. Universiteti bitirdikdən sonra 1987-ci il tarixdə əmək fəaliyyətinə Cəbrayıl rayonunda yerləşən internat məktəbində müəllimə kimi başlamışdır. xx xxxx 1989-cu il tarixdən iddiaçı Cəmşid Naxçıvanski adına Hərbi Liseydə 31 il azərbaycan dili və ədəbiyyat fənni üzrə müəllimə işləmişdir və Tarifləşmə cədvəlinə əsasən 14-cü dərəcəyə qədər yüksəlmişdir. Heç bir əsas və səbəb olmadan liseyin rəhbərliyi 14 avqust tarixində iddiaçı ilə bağlanmış olan əmək müqaviləsinə xitam vermişdir. İddiaçı diaqnostik qiymətləndirilmədən keçmişdir, lakin onunla 0,5 ştat vahidi ilə xx xxxxxx 2018-ci il tarixdən xx xxxx 2019-cu il tarixədək əsas işçinin sosial məzuniyyətdən qayıtdığı müddətədək əmək müqaviləsi bağlanmışdır. Daha sonra həmin müqavilə xx xxxxxx 2019-cu ildən xx xxxx 2020-ci ilədək uzadılmışdır. xx xxxxxx 2020-ci il tarixdə iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin e bəndinə əsasən xitam verilmişdir. İddiaçı ilə bağlanmış sonuncu əmək müqaviləsinin müddəti xx xxxx 2020-ci il tarixdə bitməli olmuş, lakin işəgötürən xx xxxxxx 2020-ci il tarixdə, bir ay yarımdan sonra əmək müqaviləsinə birtərəfli şəkildə xitam vermişdir. İddiaçı Azərbaycan Respublikasının MPM-nin 53-cü maddəsinə əsasən, ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh Cəmşid Naxçıvanski adına Hərbi Liseyinin İddiaçı ixtisar edilməsi ilə bağlı hərəkətlərinin qanunsuz hesab edilməsi, xx xxxx 2020-ci il tarixli əmrin ləğv edilməsi, iddiaçının ixtisar edilməmişdən öncəki tutduğu vəzifəyə bərpa edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı, onun etibarnamə üzrə nümayəndəsi X4 iddia tələbini müdafiə edərək onun təmin olunmasını xahiş etdilər və iddia ərizəsinin məzmununa uyğun izahat verdilər. Məhkəmə iclasında cavabdehin nümayəndələri X5 və X6 iddia tələbinə etiraz edərək onun təmin olunmamasını xahiş etdilər. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, işin faktiki hallarını araşdıraraq, toplanmış və məhkəmədə tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi rədd olunmalıdır. Məhkəmə iş üzrə təqdim edilmiş sənədləri araşdıraraq belə qənaətə gəlir ki, tərəflər arasında yaranmış mübahisə əmək münasibətlərindən irəli gəldiyindən hazırkı işə baxılarkən məhz əmək qanunvericiliyinin normalarına riayət edilib-edilməməsi yoxlanılmalıdır. İş materiallarında olan iddiaçıya məxsus əmək kitabçasından görünür ki, iddiaçı xx xxxx 1989-cu il tarixdən Cəmşid Naxçıvanski adına Hərbi Liseyin tədris hissəsinin laborantı vəzifəsinə qəbul edilmişdir. xx xxxxxxxx 1995-ci il tarixdən iddiaçı Cəmşid Naxçıvanski adına Hərbi liseydə azərbaycan dili və ədəbiyyat müəlimi vəzifəsinə keçirilmişdir. Məhkəmə tərəfindən cavabdehdən tələb olunan iddiaçının şəxsi iş materiallarından görünür ki, iddiaçı ilə xx xxxx 2015-ci il tarixdən xx xxxx 2016-cı il tarixədək, xx xxxx 2016cı il tarixdən xx xxxx 2017-ci il tarixədək, xx xxxx 2017-ci il tarixdən xx xxxx 2018-ci il tarixədək tədris şöbəsində ana dili və ədəbiyyat müəlllimi vəzifəsinə təyin olunması ilə bağlı əmək müqavilələri bağlanmışdır. İş materiallarına əlavə edilmiş xx xxxx 2018-ci il tarixli əmək müqaviləsindən görünür ki, iddiaçı ilə cavabdeh təşkilat arasında əsas işçinin sosial məzuniyyətdən qayıtdığı müddətədək ana dili və ədəbiyyat müəllimi vəzifəsi ilə bağlı müqavilə bağlanmışdır. Müqavilənin bitmə tarixi xx xxxx 2019-cu il qeyd edilmişdir. xx xxxx 2019-cu il tarixdə yenidən iddiaçı ilə müqavilə bağlanmış, iddiaçı əsas işçinin sosial məzuniyyətdən qayıtdığı müddətədək ana dili və ədəbiyyat müəllimi vəzifəsinə təyin olunmuşdur. Müqavilənin müddəti bir il müəyyən olunmuşdur. İş materiallarına əlavə edilmiş xx xxxxxxxx 2018-ci il tarixli ərizədən görünür ki, iddiaçı cavabdeh təşkilata öz vəzifəsinin ixtisara düşməsi ilə bağlı əsas işçinin sosial məzuniyyətinin bitməsinədək ana dili və ədəbiyyat müəllimi vəzifəsinə keçirilməsi ilə bağlı müraciət etmişdir. Məhkəmə iclasında iddiaçı cavabdeh təşkilatın ona vəzifəsinin ixtisara düşməsi ilə bağlı məlumat verməsindən sonra bu ərizəni məcburiyyət qarşısında yazdığını qeyd etmişdir. İxtisarla bağlı ona hər hansı bir əmrin təqdim edilmədiyini, bu səbəbdən özünün tam oklad işlədiyi müəlim vəzifəsindən digər işçinin sosial məzuniyyətdə olduğu müddətdə digər işə keçirilməsi ilə bağlı hərəkətlərin qanunsuz olmasını qeyd etmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx xxxx 2018-ci il tarixli qərarına əsasən, Cəmşid Naxçıvanski adına Hərbi liseydə təhsil müddəti 3 ildən 2 ilə qədər azadılmışdır. Həmin qərarın əsasında Azərbaycan Respublikası Müdafiə Nazirinin xx xxxx 2018-ci il tarixli əmri qəbul edilmişdir. Müdafiə Nazirinin 1-ci müavini Silahlı Qüvvələrin Baş Qərargah Rəisinin xx xxxxxx 2018-ci il tarixli əmrinə əsasən, Cəmşid Naxçıvanski adına Hərbi liseyin quruluşunda təşkilati ştat tədbirlərinin görülməsi nəzərdə tutulmuşdur. Qeyd olunan əmrə əsasən xx xxxxxx 2018-ci il tarixli əmrə əlavə ilə Cəmşid Naxçıvanski adına Hərbi liseydə dəyişikliklər siyahısı tərtib edilmişdir. Məhkəmə iddiaçının ondan ərizənin 20 sentyabr tarixində alınması, lakin onunla əmək müqaviləsinin 01 iyul tarixdə bağlanması ilə bağlı dəlilinə qiymət verərək belə hesab edir ki, iddiaçı ilə cavabdeh arasında 2017-2018-ci ili əhatə edən bir illik əmək müqaviləsi bağlanmışdır. Bu müqavilənin bitməsindən sonra yəni xx xxxx 2018-ci il tarixdə iddiaçı ilə yeni müqavilə bağlanmış və iddiaçı tutduğu tam oklad müəllimi vəzifəsindən sosial məzuniyyətdə olan digər işçinin yerinə keçirilmişdir. İddiaçı özünün otuz bir ilin müəlliməsi olmasını və digər işə keçirilməsi ilə bağlı cabadehin hərəkətlərinin qanunsuz olmasına istinad etmişdir. Məhkəmə Əmək Məcəlləsinin 59-cu maddəsinə əsaslanaraq qeyd edir ki, işçiyə əmək müqaviləsində nəzərdə tutulmayan başqa peşə, ixtisas və vəzifə üzrə əmək funksiyasının yerinə yetirilməsini həvalə etmək başqa işə keçirilmə sayılır, buna yalnız işçinin razılığı ilə, həmçinin əmək müqaviləsinə əlavə və dəyişikliklər edilməklə və ya yeni əmək müqaviləsi bağlanılmaqla yol verilir. İş materiallarından da göründüyü kimi iddiaçı xx xxxx 2018-ci il tarixli müqaviləni imzalamaqla ona təklif edilən işlə razı olduğunu təsdiq etmiş və iki il ərzində bu halı hər hansı qaydada mübahisələndirməmişdir. xx xxxx 2018-ci ildə ilk dəfə, xx xxxx 2019-cu ildə isə ikinci dəfə eyni qaydada sosial məzuniyyətdə olan işçinin yerinə işləməyə razılaşmış və müqaviləyə imza atmışdır. İş materiallarından görünür ki, xx xxxxxx 2020-ci il tarixdə iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin e bəndinə əsasən xitam verilmişdir. Məhkəmə eyni zamanda qeyd edir ki, iddiaçı ilə cavabdeh arasında müddətli əmək müqaviləsi bağlanmışdır. Əmək Məcəlləsinə əsasən müddətli əmək müqaviləsinin müddəti qurtardıqda müqaviləyə xitam verilir. İddiaçı ilə cavabdeh arasında bağlanmış 2017-2018ci illəri əhatə edən müqavilənin müddəti bitdikdən sonra tərəflər arasında yeni müqavilə bağlanmış və yeni müqavilə üzrə iddiaçı digər vəzifəyə təyin edilmişdir. İş materiallarında və iddiaçı tərəfin izahatlarında onun ixtisar nəticəsində hüquqlarının pozulmasına istinad edilsə də məhkəmə bu halı iş materiallarında aşkar etməmişdir. Belə ki, Əmək Məcəlləsinə əsasən işçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilir. İşəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilməzdən əvvəl işçi işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajı on ildən artıq olduqda azı doqquz təqvim həftəsi ərzində rəsmi xəbərdar edilməlidir. İxtisara düşmüş işçilərə özlərinə yeni iş yeri axtarılması ilə bağlı işəgötürən tərəfindən şərait yaradılmalıdır. Məhkəmə araşdırması zamanı cavabdeh tərəfin nümayəndələrinin verdiyi izahatlardan müəyyən edilmişdir ki, iddiaçı uzun illər liseydə müəllimlik etdiyinə görə ona bir növ güzəşt edilmiş və sosial məzuniyyətdə olan işçinin yeri ona təklif olunmuşdur. İddiaçı isə könüllü olaraq buna razılıq vermişdir. Cavabdeh tərəfin nümayəndələri bu gün də iddiaçıya güzəşt edərək onu laborant vəzifəsinə təyin etməyi təklif etmişlər. Lakin iddiaçı bu təklifdən imtina etmişdir. Eyni zamanda, cavabdehin nümayəndələri müəssisənin 30 faiz müəllim heyətinin yenidən ixtisara salınmasının nəzərdə tutulmasını qeyd etmiş və bununla bağlı məhkəməyə sənədlər təqdim etmişlər. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. “Dövlət rüsumu haqqında” Qanunun 9.1.1-ci maddəsinə əsasən, əməyin ödənilməsi və əmək fəaliyyəti ilə bağlı digər tələblər üzrə -iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Məhkəmə dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, hazırkı iş üzrə iddiaçı qanunvericiliklə müəyyən edilmiş qaydada rüsum ödəməkdən azad edilmişdir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddiaçınun cavabdeh Cəmşid Naxçıvanski adına Hərbi Lisey-yə qarşı-cavabdehin işdən azad edilməsi ilə bağlı xx xxxx 2020-ci il tarixli 101/2020 saylı əmrinin ləğv edilməsi və işə bərpa edilməsi, qanunsuz işdən çıxarılması müddətindən başlayaraq işə bərpa olunduğu günə qədər olan dövr üçün ona orta aylıq əmək haqqının ödənilməsi barədə iddia tələbi rədd edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova
Məhkəmə qərarları › İş №2(011)-495/2021
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-495/2021
09.02.2021 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver