Məhkəmə qərarları › İş №2(011)-497/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-497/2022

08.02.2022 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-497/2022 08.02.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, Nəsirova Samirə Şəmsəddin qızının katibliyi, İddiaçılar İddiaçı1 və İddiaçı2 nümayəndəsi və vəkili X13 , Cavabdeh iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı yaşayış sahəsindən istifadəyə maneəçilik törətməmək vəzifəsinin həvalə edilməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı Bakı şəhəri, Xətai rayonu, Kazımağa Kərimov küçəsindəki 34/128 saylı fərdi yaşayış evindən onların istifadəsinə maneəçilik törətməmək vəzifəsinin Cavabdeh həvalə edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı1 X9 ilə 1998-ci ildə nikaha daxil olmaqla ailə qurmuş, aralarında Bakı şəhəri Xətai rayonunun VVAQ şöbəsində 1998-ci il 26 avqust tarixində nikah bağlanmış və 613 № ilə qeydə alınmışdır. Ailə qurduqdan sonra Bakı şəhəri, Xətai rayonu, Kazımağa Kərimov küçəsindəki 34/128 saylı evə köçmüş və ailə üzvü kimi orada yaşamağa başlamışdır. Birgə nikahdan övladları olmamışdır. Adı çəkilən ev bir-birindən təcrid olunmaqla iki hissədən və 5 otaqdan ibarət olmuş, ailə üzvlərinin razılığına əsasən, sahələri 20 m2 və 15 m2 olan ki otaqdan və sahəsi 9 m2 olan mətbəxdən ər-arvad onlar, digər hissədəki sahələri 15 m2, 12 m2 və 9 m2 olan üç otaqdan və sahəsi 9 m2 olan mətbəxdən isə Cavabdeh, arvadı X5 və iki uşağı ilə birlikdə istifadə etmişlər. Həyətlərə giriş-çıxış qapıları ayrıcadır və kommunal xidmətlərindən ayrıca istifadə olunmuşdur. Öz aralarında onların istifadə etdiyi hissəni 34/128, cavabdeh tərəfdə qalan hissəni isə 34/128 “a” kimi adlandırmışlar. X1 iddiasına əsasən, Xətai Rayon Məhkəməsinin 12 aprel 1999-cu il tarixli, 2-263 №li qətnaməsi ilə adı çəkilən evdə istifadə qaydaları müəyyən olunduqdan sonra digər həyətdəki sahələri 15 m2 və 9 m2 olan iki otaq iki uşaqla birlikdə X4 istifadəsinə verilmiş, sahəsi 12 m2 olan bir otaq isə Cavabdeh faktiki istifadəsində qalmış, sahələri 20 m2 və 15 m2 olan ki otaqdan isə ər-arvad onlar istifadə etmişlər. Yaşayış otaqları və həyətyanı torpaq sahələri qeyd olunan qaydada bir-birindən təcrid olunmuş vəziyyətdə, giriş-çıxış qapıları ayrı və yaşayış otaqlarından qeyd olunan qaydada ayrılıqda istifadə indiki dövrə qədər davam edir. Cavabdeh onların hissəsindən heç vaxt istifadə etməmiş, əmlakları özlərinə aid hissədə olmuşdur. Tikililər də daxil, həyətyanı torpaq sahələrinə giriş-çıxış qapıları qeyd olunduğu kimi ayrıdır. Onların sahələri ayrı olduğundan su, işıq, qaz və digər kommunal xidmətlərdən ayrıca istifadə edir və ödənişlər aparırlar. Sonradan özlərinə aid hissədə əlavə olaraq iki yaşayış otağı və yardımçı sahələr tikmişdirlər. İddiaçı1 əri X9 12 dekabr 2019-cu il tarixdə vəfat etmişdir. Cavabdeh özünə yeni ailə qurmuşdur və başqa ünvanda yaşayır. Lakin mütəmadi olaraq onların yaşadığı ünvana gəlir, onları evdən qovacağı və burada yaşamağa qoymayacağı ilə hədələyir, bəzən də spirtli içkili vəziyyətdə gələrək, onların köməksiz vəziyyətdə olmalarından sui-istifadə edərək onlara meydan oxuyur. Ögey oğlu olduğundan onun qanunsuz hərəkətlərindən hüquq-mühafizə orqanlarına rəsmi şikayət etmək istəməmişdir. Lakin onunla profilaktik söhbətlər aparılması üçün sahə müvəkkilinə şifahi məlumatlar verməsinə baxmayaraq, müsbət nəticə olmamışdır. Ona görə də onun bu qanunsuz hərəkətlərinə son qoyulmasından ötrü məhkəməyə müraciət etməyə məcbur olmuşdurlar. Qeyd etmişdirlər ki, Cavabdeh hərəkətləri qanunsuzdur. İddiaçıların nümayəndəsi və vəkili X20 məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək, Bakı şəhəri, Xətai rayonu, Kazımağa Kərimov küçəsindəki 34/128 saylı fərdi yaşayış evindən iddiaçılar İddiaçı1 və İddiaçı2 istifadəsinə maneəçilik törətməmək vəzifəsinin Cavabdeh həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında bildirmişdir ki, atası X9 30.01.1966-cı il tarixdə anası X7 ilə rəsmi nikah qurmuşdur. Bu nikahlarından Cavabdeh və bacısı X2 anadan olmuşdur. Anası X7, bacısı ilə 1997-ci ildən bəri atasından ayrı Rusiyanın Moskva şəhərində yaşasa da, onların arasında olan nikah rəsmi surətdə pozulmamışdır. Yəni, İddiaçı1 iddia ərizəsində atası X9 ilə 26.08.1998-ci il tarixdə rəsmi nikaha daxil olaraq evlənməsi məlumatı yalandır. İddiaçı1 atasıyla rəsmi nikahı olmadığından, atası öldükdən sonra ev onun qanuni vərəsəsi kimi anası X3 çatmalıdır. Həmin evdə onun da, bacısının da payları vardır. İddiaçı1 və İddiaçı2 Bakı şəhəri, Xətai rayonu, Kazımağa Kərimov küçəsindəki 34/128 saylı fərdi yaşayış evindən istifadə etmələrinə maneəçilik törətməmək vəzifəsinin ona həvalə edilməsinə dair iddiaları rədd edilməlidir. Məhkəmə işdə iştirak edən tərəflərin izahatlarını və şahid ifadələrini dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir. Belə ki, şahid X14 məhkəmə iclasında verdiyi ifadəsində göstərmişdir ki, o, 2003-cü ildən bəri İddiaçı1 ilə qalır. 2014-cü ildən bəri cavabdeh Həsənov X6 yaşayır. Bakıya 2021ci ildə geri qayıtmışdır. Bir müddət əvvəl Cavabdeh evin hasarından düşərək İddiaçı1 təhqir etmiş, buna görə də onun barəsində iddiaçı tərəfindən polisə şikayət olunmuşdur. Bu hadisədən sonra ora gəlməmişdir. İş materiallarında olan Bakı şəhəri Xətai rayonu VVAQ şöbəsi tərəfindən verilmiş Vİ - ЖГ № 497427 saylı, 26.08.1998-ci il tarixli nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X9 ilə X10 arasında nikah bağlanmış və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 613 № ilə qeyd aparılmışdır. Nikahdan sonra arvada “Həsənova” soyadı verilmişdir. İş materiallarında olan Bakı şəhəri Xətai rayon İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Birliyinin 66 saylı MKİS-i tərəfindən verilmiş 2732 saylı, 22.10.2021-ci il tarixli arayışdan görünür ki, iddiaçılar İddiaçı1, onun qızı olan İddiaçı2 və 3 nəvəsi həqiqətən Bakı şəhəri, Xətai rayonu, Kazımağa Kərimov küçəsi, ev 34/128 ünvanında qeydiyyatdadırlar. İddia ərizəsinə əlavə edilmiş ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 101 manat məbləğində dövlət rüsumu ödənilmişdir. İş materiallarında olan 2 saylı Bakı “Asan Xidmət” Mərkəzi tərəfindən verilmiş AZ-İİ № 061017 saylı, 17.12.2019-cu il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X9 12.12.2019-cu il tarixində dəqiqləşdirilməmiş beyin infaktı səbəbindən vəfat etmişdir. İş materiallarında olan 2-463 1999 saylı, 12.04.1999-cu il tarixli Bakı şəhəri Xətai Rayon Məhkəməsinin qətnaməsinin surətindən görünür ki, həmin qətnamə ilə cavabdehin keçmiş həyat yoldaşı X8 və onun azyaşlı uşaqlarına Bakı şəhəri, Əhmədli yolu küçəsindəki 34/128 saylı evin sahələri 15 m2 və 9 m2 olan yaşayış otaqlarından və sahəsi 9 m2 olan mətbəxindən istifadə qaydası müəyyən edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı1 Bakı şəhəri, Xətai rayonu, Kazımağa Kərimov küçəsi, ev 34/128 ünvanında yerləşən fərdi yaşayış evində daimi yaşayır. Digər İddiaçı2 müvəqqəti olaraq anası İddiaçı1 yanında qalır. Yəni, iddiaçılar Bakı şəhəri, Xətai rayonu, Kazımağa Kərimov küçəsi, ev 34/128 ünvanında yerləşən fərdi yaşayış evinin istifadəçiləridir. Cavabdeh qanunsuz olaraq evə daxil olur, onları təhqir edir, bu hərəkətləri ilə də mənzildən istifadələrinə maneəçilik törədir. Azərbaycan Respublikası Konstitusiyasının 33.1-ci maddəsinə əsasən, hər kəsin mənzil toxunulmazlığı hüququ vardır. Azərbaycan Respublikası Konstitusiyasının 33.2-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş hallar və ya məhkəmə qərarı istisna olmaqla, mənzildə yaşayanların iradəsi ziddinə heç kəs mənzilə daxil ola bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 11.1-ci maddəsinə görə, mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası). Məhkəmə belə qənaətə gəlir ki, Bakı şəhəri, Xətai rayonu, Kazımağa Kərimov küçəsi, ev 34/128 ünvanında yerləşən fərdi yaşayış evi iddiaçıların mülkiyyətində olmadığına görə hazırki mübahisəyə qanunun analogiyası üzrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4-cü maddəsi tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə belə qənaətə gəlir ki, Bakı şəhəri, Xətai rayonu, Kazımağa Kərimov küçəsi, ev 34/128 ünvanında yerləşən fərdi yaşayış evindən iddiaçılar İddiaçı1 və İddiaçı2 istifadə etməsinə Cavabdeh tərəfindən maneəçilik törədilməsi qadağan edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Bakı şəhəri, Xətai rayonu, Kazımağa Kərimov küçəsindəki 34/128 saylı fərdi yaşayış evindən iddiaçılar İddiaçı1 və İddiaçı2 istifadə etməsinə Cavabdeh tərəfindən maneəçilik törədilməsi qadağan edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Əminə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar