Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-5004/2022 12.10.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sahibə Cavid qızının sədrliyi, Əliyeva Nailə Namiq qızının katibliyi, İddiaçı vəkili və nümayəndəsi X1, Cavabdeh1, Müstəqil tələb irəli sürməyən üçüncü şəxs Bakı şəhəri Xətai rayon İcra hakimiyyəti Başçısının nümayəndəsi X8 iştirakları ilə İddiaçı cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı “mənzildən çıxarılma” tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddia tələbi: İddiaçı məhkəmədə iddia qaldıraraq, cavabdehlər X9, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 оnun mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən evdən çıxarılmaları barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinin dəlilləri: İddia ərizəsi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən mülk RX seriyalı ******* saylı xx.xx.2019-cu il tarixli çıxarışa əsasən iddiaçının mülkiyyətindədir. 10 fevral 2022-ci il tarixdən, Bakı şəhəri İcra Hakimiyyətinin 11 iyun 2007-ci il tarixli Sərəncamına əsasən “Qara Şəhər” adlanan ərazidə (Turşu küçəsi daxil olmaqla) 221 ha torpaq sahəsində Bakı “Ağ şəhər” layihəsinin həyata keçirilməsi məqsədilə Bakı şəhər İcra Hakimiyyətinin 225 saylı 10 iyun 2013-cü il tarixli sərəncamı əsasında Turşu küçəsindəki 4 saylı evin 2 saylı mənzilinə cavabdehlər X17, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 müvəqqəti kirayənişinlər kimi yerləşdirilmişlər. Bu fakt 101 saylı MKİS-in Xətai Rayon məhkəməsinə ünvanlanmış arayışı ilə təsdiq edilir. Bakı şəhəri İcra Hakimiyyəti cavabdehlərin onun evində kirayənişin kimi qalmaları ilə əlaqədar 3 ay müddətində kirayə haqqı ödənilmişdir. Artıq 3 ay müddət bitdikdən sonra o, dəfələrlə cavabdehlərə onun evindən çıxmalarını bildirməklə onlara xəbərdarlıq etmiş, lakin cavabdehlər buna əhəmiyyət verməyib həmin ünvanda qalmağa davam etmişlər. Belə ki, cavabdehlər etirazlarına baxmadan 2 ay müddətində də əlavə olaraq kirayə haqqı ödəmədən bu günə kimi onun mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən evdə qalmağa davam edirlər. Cavabdehlərə dəfələrlə xəbərdarlıq etməsinə və etirazlarına baxmayaraq onun mülkiyyətində olan mənzildə qalmaları bir mülkiyyətki kimi onun hüquqlarını pozur və onun mənzildən istifadə etmək, həmçinin mənzilin barəsində tam sərəncam vermək hüquqları məhdudlaşır. Bu səbəbdən hesab edir ki, cavabdehlər onun mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən evi tam boşaldaraq ona təhvil verməlidirlər. İddiaçı məhkəməyə iddia tələbinə düzəliş edilməsinə dair ərizə təqdim edərək, iddia ərizəsində cavabdehlər X9, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 soyadlarının texniki səhvə yol verilərək “Həbiyev” əvəzinə “Nəbiyev” kimi göstərildiyini, bu halın üzürlü hesab edilərək, iddia tələbinə düzəliş edilməsinə dair ərizəsinin təmin edilməsini xahiş etmişdir. Tərəflərin izahatları: Məhkəmə iclasında İddiaçı vəkili və nümayəndəsi X6 iddianı müdafiə edib, cavabdehlər Cavabdeh1, X2, X7, X12 və X18 оnun mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən evdən çıxarılmaları barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 iddianı tələbini qəbul etməyib izahatında göstərdi ki, iddia tələbi əsassız və qanunsuzdur. Ona görə ki, mənzilə o özü iddiaçı ilə razılaşıb köçməmiş, o həmin mənzilə evini cinayətkarcasına sökmüş Xətai Rayon İcra Hakimiyyəti tərəfindən yerləşdirilmiş, ev məsələsi həll edilənədək orada qalmalıdır. O, iddiaçının mənzilində deyil, Çıraqov Elxan adlı şəxsin mənzilində məskunlaşdırılmışdır. İddiaçı 58 “C” saylı evin mübahisəsini edir, o isə Çıraqov Elxana məxsus 58 saylı binadadır. Surətini məhkəməyə təqdim etdiyi kommunal ödənişlərlə bağlı kartda və qəbzlərdə ev 58 qeyd edilmişdir. Odur ki, qeyd edilənlərin araşdırılaraq iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehlər X2, X7, X12 və X18 gəlməməsinin səbəbləri haqqında məlumat olmadığından məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, işə cavabdehlərin iştirakı olmadan baxmışdır. Məhkəmə iclasında müstəqil tələb irəli sürməyən üçüncü şəxs Bakı şəhəri Xətai rayon İcra hakimiyyəti Başçısının nümayəndəsi X19 izahatında qeyd etmişdir ki, Bakı Ağ Şəhər layihəsi ilə əlaqədar Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 225 saylı xx.xx.2013-cü il tarixli sərəncamı ilə Bakı şəhərində sosial infrastrukturun inkişaf etdirilməsi, Milli parkın genişləndirilməsi, müasir tələblər səviyyəsində yenidən qurulması, ekoloji vəziyyətin sağlamlaşdırılması istiqamətində həyata keçirilən tədbirlərin davam etdirilməsi ilə əlaqədar paytaxtda aparılan abadlıq və yenidənqurma işlərinin tərkib hissəsi olaraq Xətai rayonunda da yolların, kommunikasiya xətlərinin və digər infrastrukturun yaxşılaşdırılması üçün Bakı şəhəri, Xəqani Rüstəmov, Süleyman Vəzirov, Y.Əliyev küçələrinin əhatəsində və 8 Noyabr prospekti ilə Babək prospektini birləşdirən yolun yaxınlığında yerləşən yaşayış və qeyri-yaşayış sahələrinin köçürülməsi zərurəti yaranmışdır. Qeyd olunan Sərəncamın icrası ilə əlaqədar olaraq köçürülməyə məruz qalan yaşayış və qeyri-yaşayış sahələrinə görə daşınmaz əmlak sahiblərinə müəyyən edilmiş qaydada kompensasiya ödənilməklə köçürülmə işlərinin həyata keçirilməsi üçün Xətai Rayon İcra Hakimiyyəti Başçısının Sərəncamı ilə təsdiq olunmuş müvafiq komissiya yaradılmışdır. Sözügedən Sərəncamın icrasının təmin edilməsi istiqamətində məktubla İcra Hakimiyyəti tərəfindən "xxxx" firması (Əmlakın qiymətləndirilməsi) Məhdud Məsuliyyətli Cəmiyyətinə müraciət olunmuşdur. "xxxx" firması tərəfindən qiymətləndirmənin cavabında qeyd olunmuşdur ki, Xətai rayonu, Turşu küçəsi üzrə yaşayış evlərinin və həyət tikililəri üçün Azərbaycan Respublikasının “X4 üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununun (20 aprel 2010-cu il) müvafiq bəndlərini (maddə 32; maddə 56; maddə 58; maddə 59; maddə 66) nəzərə alınmaqla hesablanmış bazar qiymətinə Azərbaycan Respublikası Prezidentinin 26 dekabr 2007-ci il tarixli 689 saylı Fərmanının 2.3-cü bəndinə əsasən 20% əlavə haqq ödənilmək şərti ilə orta qiymətlər aşağıdakı kimi müəyyən olunmuşdur: Yaşayış evlərinin yaşayış sahəsinin 1 kv.m üçün 1000 manat, yaşayış evlərinin köməkçi sahəsinin 1 kv.m üçün 750,0 manat, həyətdə əlavə tikililərin 1 kv.m üçün 50,0-350 manat. İş üzrə Cavabdeh1 yuxarıda qeyd edilən şərtlər əsasında komissiyaya dəvət olunmuş, qeydiyyatsız və hüquqi sənədi olmadan məskunlaşdığı yaşayış sahəsi 70,83 kv.m, köməkçi sahəsi isə 38,3 kv.m olan özbaşına fərdi yaşayış evi 125674,00 (bir yüz iyirmi beş min altı yüz yetmiş dörd) manat dəyərində qiymətləndirilərək pul vəsaiti xx.xx.2021-ci il tarixdə X33 filialı vasitəsi ilə Cavabdeh1 şəxsi hesabına köçürülsə də o, yaşayış evini tərk etməmişdir. Ərizəçi, Cavabdeh1 faktiki olaraq yaşadığı fərdi yaşayış evinə baxış keçirilərkən evin qəzalı olduğu komissiyanın diqqətini çəkdiyindən Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X5 Agentliyinə müraciət olunmuş və Agentlik tərəfindən qeyd edilən fərdi yaşayış evinə baxış keçirilən zamanı xx.xx.2021-ci il tarixdə akt tərtib edilərək ünvan 4 ünvanında yerləşən Cavabdeh1 məxsus fərdi yaşayış evinin texniki vəziyyəti yoxlanılaraq fərdi yaşayış evinin ətrafının çəpərlənməsi, kommunikasiya xətlərinin (qaz, su, işıq) kəsilməsi, əraziyə girişin məhdudlaşdırılması və əlaqədar təşkilatların məlumatlandırılmasının təmin edilməsi təsdiq edilmiş və ərizəçi Cavabdeh1 qəzalı evdə yaşaması həyatı təhlükə yaratdığından o, özünün və oğlunun iştirakı ilə yaşayış evinə aid əşyaları və s. daxil olmaqla müvəqqəti olaraq mənzil məsələsi təmin olunanadək (3 ay müddətinə) kirayənişin kimi ünvan 5 ünvanında yerləşən və İddiaçı şəxsi mülkiyyətində olan 4-otaqlı tam şəraitli fərdi yaşayış evinə, ərazi aidiyyatə üzrə ÇKİS-nin əməkdaşlarının iştirakı ilə vasitəçi (makler) tərəfindən köçürülmüşlər. Cavabdeh1 ilə kirayə pulunun ödənilməsinə dair (hər ay 350 manat) razılaşmanın müddəti 3 ay olmasına baxmayaraq iş üzrə Cavabdeh1 əvəzindən yaşayış evinin mülkiyyətçisi, İddiaçı Xətai rayon İcra hakimiyyəti tərəfindən daxili imkanlar hesabına 8 ay kirayə pulu ödənilmişdir. Yuxarıda qeyd edilənlərə əsasən Cavabdeh1 istifadəsində olmuş ünvan 6 ünvanında yerləşən fərdi yaşayış evinə dair 125674,00 (yüz iyirmi beş min altı yüz yetmiş dörd) manat məbləğində pul vəsaiti iş üzrə cavabdehin şəxsi hesabına köçürüldüyünü nəzərə alaraq o, öz şəxsi vəsaiti hesabına mənzil şəraitini yaxşılaşdıra bilər. Hazırda mübahisələndirilən iddia tələbinin təmin edilməsini qanuni hesab etmişdir. İş üzrə şahid qismində dindirilmiş Bakı şəhəri Xətai rayon İcra Hakimiyyəti Mənzil- Kommunal Təsərrüfatı Birliyinin 101 saylı Mənzil-Kommunal İstismar Sahəsinin rəisi X3 məhkəmə iclasında verdiyi ifadəsində göstərmişdir ki, Cavabdeh1 Turşu küçəsindəki 4 saylı evin 2 saylı mənzilində uzun illər yaşayıb. Ağ Şəhər layihəsi çərçivəsində köçürülmüş 350-yə qədər mənzillərdən biridə onun mənzili olub.Onun mənzilinin köçürülməsi haqqında qərar qəbul olunub və o qərar yerinə yetirilib. Mənzil köçürülüb, onun əşyalarının hamısı onun tapdığı kirayə mənzilə köçürülüb və orada neçə aylardır yaşayırlar. Köçürülmə zamanı Bakı Şəhər İcra Hakimiyyətinin nümayəndələri, Ağ Şəhərin nümayəndələri, Bakı Şəhər Xətai Rayon İcra Hakimiyyətinin nümayəndələri, polis işçiləri və o işə cəlb olunmuş çox sayda mənzil istismar sahələrinin həm rəisləri həmdə mühəndisləri, həmçinin özüdə həmin ərazinin rəisi kimi iştirak etmişdir. Cavabdeh və onun ailə üzvləri gecə saat 12-də İddiaçı mənzilinə köçürülüblər və onlara qazın, işiğın kartları təhvil verilib. Hər ayın 10-da 350 manat məbləğində kirayə haqqı onun vasitəsilə evin sahibinə verilmişdir. 3 ay o kirayə haqqını İcra Hakimiyyətindən götürərək ev sahibinə təqdim etmişdir. Hər dəfə Əhli müəlliminin özünə xəbərdarlıq olunmuşdur ki, İcra Hakimiyyəti tərəfindən kirayə haqqı 3 ay ödəniləcək. İş materiallarında olan: İş materiallarında olan Bakı şəhəri Xətai rayon İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Birliyinin 101 saylı Mənzil-Kommunal İstismar Sahəsinin məhkəmə sorğusuna cavab məktubundan görünür ki, İddiaçı RX seriyalı ******* saylı xx.xx.2019-cu il tarixli çıxarışa əsasən Bakı şəhəri Xətai rayonunun Zakir Yusifov küçəsindəki 58G saylı şəxsi mülkün sahibidir. İddiaçı məxsus Zakir Yusifov küçəsindəki 58G saylı şəxsi mülkə, 10 fevral 2022-ci il tarixdən Bakı şəhəri İcra Hakimiyyətinin 11 iyun 2007-ci il tarixli sərəncamına əsasən, “Qara Şəhər” adlanan ərazidə (Turşu küçəsi daxil olmaqla) ayrılmış 221 ha torpaq sahəsində Bakı “Ağ şəhər” layihəsinin həyata keçirilməsi məqsədilə Bakı şəhəri İcra Hakimiyyətinin 225 saylı 10 iyun 2013-cü il tarixli sərəncamı əsasında Turşu küçəsindəki 4 saylı evin 2 saylı mənzilində yaşayan Cavabdeh1 Həbibulla oğlu ailə tərkibi 5 nəfər olmaqla kirayəçi qismində yerləşdirilmişdir. Cavabdeh1 xəbərdarlıq edilmişdir ki, dövlət qurumları tərəfindən kirayə haqqı 3 ay müddətinə ödəniləcəkdir. Bu müddət ərzində ona ayrılmış pulu bankdan götürməklə həyat şəraitini yaxşılaşdıra bilər. 3 ay müddətində ev kirayəsi İddiaçı ödənilmişdir. 3 ay tamam olduqdan sonra Cavabdeh1 Həbibulla oğlu İddiaçı məxsus olan şəxsi mülkün kirayə haqqını ödəməkdən və evi boşaltmaqdan imtina etmişdir. Cavabdeh1 ailə tərkibi aşağıdakılardır: Cavabdeh1 - özü, X10 – həyat yoldaşı, X16 - qızı, X22 – qızı və X29 - oğlu. İş materiallarında olan Xətai rayon İcra Hakimiyyəti Başçısının 18 iyun 1997-ci il tarixli 242 № saylı sərəncamdan çıxarışından görünür ki, Mirzə Davud küçəsi, 10b saylı özbaşına tikilmiş evdə yaşayan X23 müraciət edərək, 5 nəfər ailə üzvlərinin, sahəsi 19,0 kv.m olan bir otaqlı mənzildə yaşadıqlarını nəzərə alaraq, qəsəbədaxili ərazidə fərdi ev tikintisi üçün torpaq sahəsinin ayrılmasını xahiş etmiş, Mirzə Davud küçəsi, 10b saylı özbaşına tikilmiş evdə yaşayan X14 Sosialist küçəsi, 58 saylı binanın yaxınlığında, cizgidə göstərilən sahədə 0,04 ha torpaq sahəsi ayrılması, fərdi ev tikintisinə icazə verilməsi, yaşayış evinin layihə sənədlərinin tərtib edilməsinin rayon layihə-smeta bürosuna həvalə edilməsi və rayonun Baş memarı ilə razılaşdırılması, yaşayış evinin tikintisinin və layihə sənədlərinin tərtib edilməsinin S.M.Abışovanın hesabına yerinə yetirilməsi, ətraf ərazinin abadlaşdırılması və yollarının salınmasının S.M.Abışovaya həvalə edilməsi, yaşayış evinin tikintisinin 2 il müddətinə başa çatdırılmasının S.M.Abışovaya tapşırılması, tikintisi başa çatmış aərdi yaşayış evinin qəbul edilməsi və hüquqi qeydiyyata alınması məsələsinə baxılması “Evlərin hüquqi qeydiyyata alınması” komissiyasına həvalə edilməsi, sərəncamın surətinin Polis İdarəsinə, rayon MKTB-nə, Rayon Vergi Müfəttişliyinə, Rayon Gigiyena və Epidemiologiya Mərkəzinə, rayon Yanğından Mühafizə İdarəsinə, rayon İH-nin “Memarlıq və Tikinti” şöbəsinə və S.M.Abışovaya göndərilməsi və sərəncamın icrasına nəzarətin rayon İH-nin “Memarlıq və Tikinti” şöbəsinə həvalə edilməsi qərara alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən tərtib edilmiş xx.xx.2019-cu il tarixli Daşınmaz Əmlakın Texniki Pasportunun surətindən görünür ki, Bakı şəhəri Xətai rayonunun Zakir Yusifov küçəsindəki 58G saylı evin hüquq subyekti – İddiaçıdur. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyati haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 11 aprel 2019-cu il tarixli RX seriyalı ******* saylı sаylı çıxarışın surətindən müəyyən edilir ki, Bakı şəhəri Xətai rayonunun Zakir Yusifov küçəsindəki 58G saylı ev xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyetsrində 478 nömrəli reyestr kitabının 44849 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan Xətai rayon İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Birliyinin 101 saylı Mənzil-Kommunal İstismar Sahəsinin 03 aprel 2019-cu il tarixli 29 № saylı arayışından görünür ki, İddiaçı ailə üzvləri – oğlu X13, qızı – X20, qızı – X24, oğlu qızı – X26, həyat yoldaşı – X27 ilə birlikdə Laçın rayonundan məcburi köçkün kimi Bakı şəhəri Xətai rayonunun Zakir Yusifov küçəsindəki 58 saylı evdə məskunlaşmışlar. İş materiallarında olan 25 aprel 2014-cü il tarixli AA seriyalı 311135 saylı məcburi köçkün vəsiqəsindən görünür ki, İddiaçı 1992-ci ildən Laçın rayonundan məcburi köçkün kimi Bakı şəhərinin Xətai rayonunda məskunlaşmışdır. İş materiallarında olan Xətai rayon İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Birliyinin 101 saylı Mənzil-Kommunal İstismar Sahəsinin məhkəmə sorğusuna 14 sentyabr 2022-ci il tarixli 16 № saylı cavab məktubundan görünür ki, İddiaçı məxsus Xətai rayonunun Zakir Yusifov küçəsində yerləşən 58G saylı RX seriyalı ******* saylı xx.xx.2019cu il tarixli şəxsi mülk Z.Yusifov küçəsi, ev 58 ünvanı ilə eynilik təşkil edir. 101 saylı MKİSdə olan sənədlərə əsasən Z.Yusifov küçəsi, ev 58 haqqında heç bir məlumat yoxdur. Cavabdeh1 Həbibulla oğlunun ailəsi kirayənişin qismində Zakir Yusifov küçəsində yerləşən 58G saylı saylı fərdi evə köçürülmüşdür. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsində təsbit olunmuşdur ki, mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən, xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinə əsasən «hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz». Maddi nemətlərin fərdi mənsubiyyətini təsbit edən mülkiyyət hüququ Azərbaycan Respublikası Konstitusiyasında (13 və 29-cu maddələr) və ölkəmizin qoşulduğu beynəlxalq-hüquqi aktlarda (İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsi, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyaya 1 saylı əlavə protokolun 1-ci maddəsi və s.) nəzərdə tutulmuş fundamental insan hüquqları sırasında mühüm yer tutur. Mülkiyyət hüququ hamılıqla qəbul edilmiş ali insani dəyərləri özündə əks etdirən demokratik cəmiyyətin, hüquqi dövlətin təməl daşlarından biri hesab edilir. Yuxarıda qeyd olunan qanunvericilik müddəalarının mənasına görə mülkiyyət hüququ təbiəti etibarilə nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlak hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 6-cı maddəsinə əsasən, mülki qanunvericiliyin əsas prinsiplərindən biri mülkiyyətin toxunulmazlığıdır. Həmin Məcəllənin 146-cı maddəsinə əsasən, daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Yenə həmin Məcəllənin 152.1-152.4-cü maddələrinə əsasən, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülki Məcəllənin əsas vəzifələrindən biri mülki hüquq subyektlərinin hüquqlarını və qanuni mənafelərini müdafiə etmək (maddə 1.2), mülki hüquqların maneəsiz həyata keçirilməsinə şəraitin yaradılması (maddə 6.1.7) pozulmuş hüquqların bərpasının təmin edilməsidir (maddə 1.8). «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx.xx.2006-cı il tarixli qərarında göstərilir ki, Azərbaycan Respublikası «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının iştirakçısı və onu ratifikasiya etmiş dövlət kimi 2002-ci ilin aprel ayının 15dən Konvensiya və onun Protokollarının təfsiri və tətbiqi məsələləri üzrə insan hüquqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvensiyada nəzərdə tutulmuş hüquqlarını təmin etməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Marks Belçikaya qarşı» işdə əmlakdan maneəsiz istifadə hüququ ilə bağlı şərh verərək göstərmişdir ki, «əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibarı ilə mülkiyyət hüququna təminat verir». Həmin məhkəmə «Sporronq və Lonnrot İsveçə qarşı» işdə qeyd etmişdir ki, mülkiyyətçinin əmlakına hüququ ilə bağlı statusu toxunulmaz qalsa da, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının əhəmiyyətli dərəcədə məhdudlaşdırılması ilə mülkiyyət hüququ «şərti və qeyri-sabit» xarakter alır». Məhkəmənin mövqeyi: Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin, cavabdehin, müstəqil tələb irəli sürməyən üçüncü şəxsin, şahidin izahatını dinləyib, məhkəmə baxışında tədqiq edilmiş sübutlara və araşdırılmış iş materiallarına məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmənin qənaətinə görə, mübahisəli mənzil üzərində İddiaçı mülkiyyət hüququ cavabdehlər tərəfindən pozulduğundan o, cavabdehlərin mülkiyyətində olan mənzildən çıxarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Мəhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi 11 aprel 2019-cu il tarixdə daşınmaz əmlakın dövlət reyetsrində İddiaçı adına xüsusi mülkiyyət hüququ kimi qeydiyyatdan keçmişdir. İddiaçı məxsus Zakir Yusifov küçəsindəki 58G saylı şəxsi mülkə, 10 fevral 2022-ci il tarixdən Cavabdeh1 Həbibulla oğlu ailə tərkibi 5 nəfər olmaqla kirayəçi qismində 3 aylıq müddətinə yerləşdirilmişdir. Cavabdeh1 xəbərdarlıq edilmişdir ki, dövlət qurumları tərəfindən kirayə haqqı 3 ay müddətinə ödəniləcəkdir. 3 ay müddətində ev kirayəsi İddiaçı ödənilmişdir. 3 ay tamam olduqdan sonra Cavabdeh1 Həbibulla oğlu İddiaçı məxsus olan şəxsi mülkün kirayə haqqını ödəməkdən və evi boşaltmaqdan imtina etmişdir. Məhkəmə hesab edir ki, cavabdehlər iddiaçının iradəsinə zidd mənzildə yaşamaqla onun mülkiyyətində olan əmlak üzərində hüququnun həyata keçirilməsi imkanını əhəmiyyətli dərəcədə məhdudlaşdırmışlar. Beləliklə, məhkəmənin gəldiyi nəticəyə görə, iddia tələbi qanuni əsası olduğundan təmin edilməli, Cavabdeh1, X10, X16, X22 və X29 ünvan 1 ünvanında yerləşən evdən çıxarılmalıdırlar. Məhkəmə qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119, 216-220-ci, 360-cı maddələrini rəhbər tutaraq q ə t e t d i : İddia təmin edilsin. Cavabdeh1, X10, X16, X22 və X29 ünvan 1 ünvanında yerləşən evdən çıxarılsınlar. Qətnamə rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Sahibə Hacıyeva
Məhkəmə qərarları › İş №2(011)-5004/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-5004/2022
12.10.2022 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver