Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(011)-5012/2024 17.05.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Eyvazova Samirə Əli qızı Ərizəçi Maraqlı şəxs qismində cəlb etdiyi doğum haqqında akt qeydində edilmiş yanlışlığın aradan qaldırılması vəzifəsinin maraqlı şəxsin üzərinə qoyulması tələbinə dair ərizəsini araşdırıb MÜƏYYƏN ETDİ:
1. Ərizəçi Maraqlı şəxs qismində cəlb etdiyi doğum haqqında akt qeydində edilmiş yanlışlığın aradan qaldırılması vəzifəsinin maraqlı şəxsin üzərinə qoyulması tələbinə ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizəçi məhkəmədən Əsədova (Cəfərova) Şəhla Ələsgər qızının xx.xx.1978-ci il tarixdə doğulması barədə vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi vəzifəsinin Bakı şəhəri Yasamal rayon qeydiyyat şöbəsinin üzərinə qoyulmasını xahiş etmişdir.
Tətbiq edilən hüquq:
2. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi (MPM): 149.2. Ərizədə aşağıdakılar göstərilməlidir: 149.2.3. iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb; 152.1. Hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır: 152.1.1. iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə 152.1.5. müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə; 152.4. İddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur.
İşə baxan məhkəmənin mövqeyi:
3. Məhkəmə ərizəni nəzərdən keçirib hesab edir ki, ərizə geri qaytarılmalıdır.
4. Belə ki, mülki prosessual qanunvericiliyin tələbinə əsasən mülki iş icraata götürülməmişdən əvvəl iddia ərizəsinin icraata qəbul edilməsinin mümkünlüyünün yoxlanılması zəruridir.
5. Məhkəmə qeyd edir ki, iddia ərizəsində iddiaçı öz tələbi kimi doğum haqqında akt qeydində edilmiş yanlışlığın aradan qaldırılması vəzifəsinin maraqlı şəxsin üzərinə qoyulması tələbini irəli sürmüşdür.
6. Lakin ərizəçinin tələbi ilə birbaşa əlaqəli olan sübutlar ərizəyə əlavə edilməmişdir. Ərizəçi yalnız ərizə verməklə kifayətlənmiş, öz şəxsiyyətini təsdiq edən sənədi də ərizəyə əlavə etməmişdir. Həmçinin, ərizəçi öz ərizəsində maraqlı şəxs qismində Bakı şəhəri Maraqlı şəxs cəlb etsə də ərizəsinin tələb hissəsində doğum haqqında akt qeydində edilmiş yanlışlığın aradan qaldırılması vəzifəsinin Bakı şəhəri Yasamal rayon qeydiyyat şöbəsinin üzərinə qoyulmasını xahiş etmişdir. Bu isə ərizəçinin tələbi və cəlb etdiyi maraqlı şəxslər arasında aşkar şəkildə ziddiyyətin mövcud olduğunu göstərir.
7. Azərbaycan Respublikasının MPM-nin 149.2-ci maddəsinə əsasən, iddiaçı öz iddia ərizəsində iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələbi göstərməlidir. Hal-hazırki ərizəçi iddia ərizəsinin Azərbaycan Respublikasının MPM-nin 149-cu maddəsi ilə müəyyən edilmiş tələblərinə riayət etmədiyindən ərizə geri qaytarılmalıdır.
8. Həmçinin, ərizəçinin hazırki tələbi qiymətləndirilməyən iddia tələbləri kateqoriyasına aid edilməklə məhkəməyə müraciət edildiyi zaman 100 manat dövlət rüsumunun ödənilməsini tələb edir. Lakin hazırki ərizə üzrə ərizəçi öz ərizəsinə qanunvericiliklə nəzərdə tutulmuş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədi (qəbzi) və yaxud dövlət rüsumunun ödənilməsindən azad edilməsinə əsas olan və bunu təsdiq edən sənədlərini öz ərizəsinə əlavə etməmişdir. Qeyd edilən hallar Azərbaycan Respublikasının MPM-nin 152-ci maddəsinin tələblərinə əsasən iddia ərizəsinin geri qaytarılması əsasları hesab olunur.
9. Eyni zamanda ərizənin qaytarılması ilə bağlı nöqsanlar aradan qaldırıldıqdan sonra ikinci dəfə məhkəməyə müraciət etmək hüququ ərizəçiyə izah edilir.
10. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının MPM-nin 152, 263- 264-cü maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ:
1. Ərizəçi Maraqlı şəxs qismində cəlb etdiyi “doğum haqqında akt qeydində edilmiş yanlışlığın aradan qaldırılması vəzifəsinin maraqlı şəxsin üzərinə qoyulması” tələbinə dair ərizəsi geri qaytarılsın.
2. Ərizəçi hazırkı ərizə ilə bağlı məhkəməyə ikinci dəfə müraciət etmək hüququnun olması izah olunsun.
3. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) şikayət verilə bilər.
Hakim: Samirə Eyvazova