Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-5056/2021 30.06.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Cəfərzadə Fərid Zülfəli oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “yaşayış sahəsindən istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin Bakı şəhəri, Xətai rayonu, Zığ Yolu küçəsi, ev 44, 35 saylı mənzildən istifadə hüquqlarının itirilmiş hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Bakı şəhəri, Xətai rayonu, Zığ Yolu küçəsi, ev 44, 35 saylı mənzili notarial qaydada bağlanmış alğı-satqı müqaviləsinə əsasən 1998-ci ildə almışdır. Həmin mənzil uzun illərdir ki, iddiaçının xüsusi mülkiyyətindədir və 10 yanvar 1998-ci ildə iddiaçının mülkiyyət hüququnu təsdiq edən qeydiyyat vəsiqəsi ona təqdim edilmişdir. İddiaçı 1994-cü ildə həyat yoldaşı Cavabdeh4 boşanmışdır. O, mübahisəli mənzili boşandıqdan 4 il sonra əldə etmişdir. 1999-cu ildə iddiaçının keçmiş həyat yoldaşı Cavabdeh4 iddiaçıdan onu və oğlu Rüfəti mənzilə formal olaraq qeydiyyata salmağı xahiş etmişdir. İddiaçı onların qeydiyyata salınmasına etiraz etməmişdir. Bundan sonra iddiaçının nəvələri 20 avqust 2006-cı il təvəllüdlü Cavabdeh3 və 16 noyabr 2009-cu il təvəllüdlü Cavabdeh2 mənzilə formal qeydiyyata düşmüşlər. Həmin tarixdən bu günədək iddiaçının keçmiş arvadı, oğlu və nəvələri mənzildə qeydiyyatda olsalar da, mənzildə bir gün də yaşamamışlar. İddiaçıya məxsus mənzildə cavabdehlərin qeydiyyatda qalmaları onun mülkiyyət hüququnun pozulmasına səbəb olur. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək onun təmin olunmasını xahiş etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında cavabdehlərin faktiki olduğu yer məlum olmadığından, onlar məlum olan axırıncı yaşayış yeri üzrə xəbərdar edilmiş, lakin cavabdehlərin həmin ünvanda yaşamamasına dair qeyd yazılmış bildiriş məhkəməyə qaytarılmışdır. Belə olan halda məhkəmə Azərbaycan Respublikası MPM-in 147-ci maddəsinə əsasən, işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının izahatlarını dinləyib, işin faktiki hallarını araşdıraraq, toplanmış və məhkəmədə tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarından görünür ki, Bakı şəhəri, Xətai rayonu, Zığ Yolu küçəsi, ev 44, 35 saylı mənzil İddiaçı mülkiyyətindədir. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 iddiaçının qohumları olmaqla ona məxsus mənzildə yaşamamışlar. Lakin onlar hazırda Bakı şəhəri, Xətai rayonu, Zığ Yolu küçəsi, ev 44, 35 saylı mənzildə formal qeydiyyatdadırlar. Məhkəmə iddia tələbinin iddiaçının oğlu Cavabdeh1 mənzildən istifadə hüququnun itirilməsi hissəsini araşdıraraq belə hesab edir ki, iddia tələbi həmin hissədə təmin edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Cavabdeh4 iddiaçının keçmiş arvadı, Cavabdeh1 iddiaçının oğludur. Onlar, mübahisəli mənzilə iddiaçının razılığı ilə 04 fevral 2004-cü il tarixdə qeydiyyata alınmışlar. Məhkəmə hesab edir ki, mənzillə bağlı hüquq münasibətləri 2004-cü ildə yarandığından hazırkı mübahisəli hüquq münasibətinə həmin dövrdə qüvvədə olan maddi hüquq normalarının tələblərinə uyğun olaraq hüquqi qiymət verilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2001-ci il tarixli qərarında göstərilmişdir ki, 2000-ci ilin sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228-ci maddəsinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə görə, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Məhkəmə iddia tələbinin Cavabdeh1 yaşayış sahəsindən istifadə hüququnun itirilməsi hissəsinə qiymət verərək qeyd edir ki, sonuncu iddiaçının oğlu olduğundan iddiaçı ilə cavabdeh arasında etibarlı ailə əlaqələrinin mövcudluğu nəzərə alınmaqla Cavabdeh1 həmin mənzilə istifadə hüququ yaranmışdır. Məhkəmə iclasında iddiaçının verdiyi izahatlardan müəyyən edilmişdir ki, Cavabdeh1 heç vaxt mübahisəli mənzildə yaşamamış onun qeydiyyatı formal xarakter daşımışdır. Eyni zamanda Cavabdeh1 adına şəxsi mülkiyyətinin mövcud olması (Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, ev 99, 90 saylı mənzil) ilə bağlı təqdim edilən sübutlardan sonra məhkəmə hesab edir ki, cavabdeh iddiaçıya məxsus evdə yaşamış olsaydı belə onun adına mövcud olan mülkiyyətin əldə edilməsindən sonra sonuncunun yaşayış sahəsinə olan ehtiyacını iddiaçının mülkiyyətində olan evindən istifadə etməklə qarşılamaq məcburiyyəti aradan qalxmışdır. Bunlara əsasən məhkəmə hesab edir ki, Cavabdeh1 kompensasiya ödənilmədən iddiaçının qanunla müəyyən olunmuş qaydada əldə etdiyi yaşayış evinə Cavabdeh1 istifadə hüquqlarına xitam verilməlidir. Məhkəmə hesab edir ki, 20 avqust 2006-cı il təvəllüdlü Cavabdeh3 və 16 noyabr 2009-cu il təvəllüdlü Cavabdeh2 Cavabdeh1 yetkinlik yaşına çatmayan uşaqları olmaqla məhz valideynləri mübahisəli mənzildə qeydiyyatda olduğu üçün həmin ünvana qeydiyyata alınmışlar. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 5-ci maddəsinə əsasən, 15 yaşı tamam olmamış vətəndaşın yaşayış yeri üzrə qeydiyyata alınması onun qanuni nümayəndəsinin bu barədə müraciəti olduqda həyata keçirilir. Mülki Məcəllənin 27.2-ci maddəsinə əsasən on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. Məhkəmə iddia tələbinin Cavabdeh4 yaşayış sahəsindən istifadə hüququnun itirilməsi hissəsinə qiymət verərək belə hesab edir ki, iddia tələbi həmin hissədə rədd edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı ilə Cavabdeh4 arasındakı nikah 23 iyun 1994-cü ildə pozulmuşdur. Cavabdeh4 mübahisəli yaşayış sahəsində 2004-cü ildən qeydiyyatda olsa da, o, heç bir zaman həmin yaşayış evində yaşamamışdır, hazırda da həmin yaşayış evində yaşamır. Onun özünün ailəsi ilə birgə yaşadığı ayrıca evi vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Həmin Məcəllənin 228.2-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Göründüyü kimi, yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun yaranması üçün mülkiyyətçi ilə yazılı razılaşmanın bağlanılması, həmin razılaşmanın notariat qaydasında təsdiq edilməsi və istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması mütləq şərt kimi göstərilmişdir. Göründüyü kimi, Mülki Məcəllənin tələbləri baxımından cavabdehin mənzildən istifadə hüququ yaranmamışdır. Odur ki, yaranmayan istifadə hüququnun itirilməsinə dair iddia tələbi əsassızdır. Buna görə də iddia tələbi Cavabdeh4 aid hissədə rədd edilməlidir. Beləliklə məhkəmə hesab edir ki, Cavabdeh4 mübahisəli mənzilə qeydiyyatı icazə xarakteri daşımır və yalnız qanunvericilik ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilərdi. İşin hallarından da göründüyü kimi Cavabdeh4 mübahisəli mənzildə formal olaraq qeydiyyatdadır və faktiki olaraq qeyd edilən mənzildə yaşamır. Yuxarıda qeyd edilən halları nəzərə alaraq məhkəmə Cavabdeh4 mübahisəli mənzildən qeydiyyatdan çıxarılmasını məqsədəmüvafiq hesab edir. Hazırkı qətnamə qanuni qüvvəyə mindikdən sonra qətnamə “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin 1-ci hissəsinin 5-ci bəndinə əsasən cavabdehin mənzildən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün əsas sayılacaqdır. Məhkəmənin qeyd etdiyi bu qayda müvafiq dövlət orqanının üzərinə vəzifə qoyulması deyil, qanunun göstərişinin iddiaçıya və müvafiq dövlət orqanına izah edilməsidir. Beləliklə, məhkəmə yuxarıda sadalananlara əsasən, belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 iddiaçıya məxsus olan Bakı şəhəri, Xətai rayonu, Zığ Yolu küçəsi, ev 44, 35 saylı mənzildən istifadə hüququna xitam verilməli, iddia tələbi Cavabdeh4 aid hissədə rədd edilməlidir. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. İş materiallarında olan qəbzdən görünür ki, iddiaçı 20 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, məhkəmə dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 20 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 iddiaçıya məxsus olan Bakı şəhəri, Xətai rayonu, Zığ Yolu küçəsi, ev 44, 35 saylı mənzildən istifadə hüquqlarına xitam verilsin. İddia tələbi Cavabdeh4 aid hissədə rədd edilsin. Bu qətnamə Cavabdeh4 Bakı şəhəri, Xətai rayonu, Zığ Yolu küçəsi, ev 44, 35 saylı mənzildən qeydiyyatdan çıxarılması üçün əsasdır. Ödənilmiş 20 (iyirmi) manat dövlət rüsumu İddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova
Məhkəmə qərarları › İş №2(011)-5056/2021
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-5056/2021
30.06.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver