Məhkəmə qərarları › İş №2(011)-5091/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-5091/2021

16.07.2021 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-5091/2021 16.07.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, Səfərzadə Kənan Muxtar oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı aylıq ödənişlərin bərpa edilməsi barədə iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı cavabdehin 2008-ci ilin avqust ayından dayandırdığı aylıq ödənişin bərpa edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı Bakı Avtomobil Zavodunun rəhbərliyinin 29.04.1987-ci il tarixli 63/k saylı əmrinə əsasən həmin zavodun nəqliyyat sexində yükləyici vəzifəsinə təyin edilmişdir. 19.01.1988-ci il tarixində istehsalatda əmək xəsarəti almışdır (20.01.1988-ci il tarixli 2 nömrəli Akt). Tibbi-Sosial Ekspert Komissiyasının 13.06.1988-ci il tarixli 512 saylı aktına əsasən Bakı Avtomobil zavodu üzrə 09.09.1988-ci il tarixli 369 saylı əmri ilə 13.06.1988-ci il tarixdən 3-cü dərəcəli əlil kimi iddiaçıya maddi ziyana görə 81,91 manat məbləğində ödənc müəyyən edilmişdir. TSEK-in qərarının əmək məsləhətinə əsasən xəsarət nəticəsində iddiaçıya peşə əmək qabiliyyətini itirdiyi Bakı Avtomobil Zavodu tərəfindən verilmir. 25.06.1988-ci il tarixli 55/k nömrəli əmrə əsasən zavodun abadlaşdırma sahəsinin qarderob növbətçisi vəzifəsinə keçirilmişdir. TSEK-in 1989-cu ildən 1998-ci ilədək olan dövr üzrə qərarlarına əsasən iddiaçıya aylıq ödənişlərin və müavinətlər təyin edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24.09.1996-cı il tarixli 129 saylı qərarını əsas tutaraq zavod tərəfindən iddiaçıya 20.05.1997-ci il tarixli 44 saylı əmrə əsasən 01.10.1996-cı il tarixində 40600 manat xəsarətə görə müavinət təyin edilmişdir. Bakı Avtomobil Zavod üzrə 03.04.1998-ci il tarixli 28 saylı əmrə əsasən müəssisədə xəsarətə görə verilən müavinəti yenidən hesablanması üçün komissiya yaradılıb. Komissiyanın aktına əsasən zavod tərəfindən iddiaçıya 20.04.1998-ci il tarixli 32 saylı əmrə əsasən 51283 manat müavinət təyin edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24.09.1996-cı il tarixli 129 saylı qərarını 22ci bəndini əsas tutaraq iddiaçıya orta əmək haqqına əsasən verilməli olan aylıq müavinətin məbləğinin yenidən hesablanması qeyd edilmişdir. Bakı Avtomobil Sənaye ASC-nin təqdim etdiyi məlumata əsasən müəssisə iddiaçıya 2008-ci il tarixədək aylıq ödənc etmişdir. Lakin 2008-ci ildən müəssisə iddiaçıya ödəməli olduğu aylıq ödənişi dayandırmışdır. Aylıq ödənişin dayandırılmasının səbəbini Azərbaycan Respublikası Prezidentinin 04 avqust tarixli 804 nömrəli Fərmanıni əsas gətirmişdirlər. Halbuki, həmin fərman iddiaçının aylıq ödənişinin dayandırılmasına şamil edilə bilməz. Çünki müəssisə fəaliyyət göstərmiş, vergi ödənişlərini etmiş və hal-hazırda da vergi ödəyicisidir. "xxxx" ASC-nin səhmlərinin əmək kollektivinin üzvlərinə güzəştlə satış nəticəsində yaradılmış özəlləşdirmə komissiyasının təşkil etdiyi hərracda iştirak edərək "xxxx" ASC-nin 11 ədəd səhmini əldə etmişdir. İddiaçı məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin onun nümayəndəsi məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını və mülki iş materiallarında olan sübutları araşdıraraq belə qənaətə gəlir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, mülki işin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı 29.04.1987-ci il tarixdən 01.02.1990-cı il tarixinədək Bakı İxtisaslaşdırılmış Avtomobil Zavodunda işləmişdir. İddiaçı həmin müəssisədə 19.01.1988-ci il tarixdə istehsalat qəzası almış, nəticədə əmək qabiliyyətinin 80%-ni itirmiş, 12.06.1997-ci ildə əlillik müddəti təyin edilmişdir. İşlədiyi müəssisə tərəfindən 01.11.2008-ci il tarixədək iddiaçıya aylıq ödəniş edilmişdir. «Özəlləşdirilən və idarəetməyə verilən dövlət müssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc üzrə borcların tənzimlənməsi» Qaydalarına uyğun olaraq iddiaçıya 80%-lə 01.11.2008-ci il tarixdən 60 manat, 01.02.2016-cı il tarixdən isə 66 manat müavinət təyin edilmişdir. Halhazırda ödəniş davam etdirilir. Həmçinin iddiaçıya 9 il 6 ay 13 gün əmək stajı ilə əmək pensiyası təyin edilib və ödənilmişdir. Eyni zamanda Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən verilən məlumata əsasən qeyd olunan "Azərbaycan Respublikasında Dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramı” çərçivəsində yaradılmış "Bakı Avtomobil Sənaye” açıq səhmdar cəmiyyətinin səhmlərinin əmək kollektivin üzvlərinə güzəştli satışı Azərbaycan Respublikası Prezidentinin 23.12.2000-ci il tarixli 432 nömrəli Fərmanına uyğun olaraq müəssisədə yaradılan özəlləşdirmə komissiyası tərəfindən 21.01.- 14.02.2002-ci il tarixlərdə həyata keçirilimiş, iddiaçı əmək kollektivinə bərabər tutulan şəxs kimi (təqaüdçü) həmin hərracda iştirak edərək "xxxx" ASC-nin 11 ədəd səhmini əldə etmişdir, "xxxx" ASC-nin ümumi səhmlərinin 0,77%-i güzəştli satışda satılmış, qalan 99,23%-i isə dövlət mülkiyyətindədir. Hal-hazırda iddiaçı iddia tələbi ilə məhkəməyə müraciət edərək, məhkəmədən "xxxx" ASC-nin 2008-ci ilin avqust ayından dayandırdığı aylıq ödənişin bərpa edilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 4 avqust tarixli, 804 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc üzrə borclarının tənzimlənməsi” Qaydalarına əsasən bu Qaydalar “Azərbaycan Respublikasında 1995-1998-ci illərdə dövlət mülkiyyətinin özəlləşdirilməsinin Dövlət Proqramı”na və “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramı”na uyğun olaraq özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin (bundan sonra – dövlət müəssisələri) istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc üzrə borclarının əvəzinə aylıq müavinətin verilməsi qaydasını tənzimləyir. Qaydalar dövlət müəssisələrinin “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək baş vermiş istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc üzrə borclarına şamil olunur. Bu Qaydaların İİ bölməsində nəzərdə tutulan dövlət müəssisələrinin müvafiq dövr üçün istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş şəxslərə aylıq ödənc əvəzinə dövlət büdcəsinin vəsaiti hesabına - peşə əmək qabiliyyəti 80 faiz və daha çox itirildikdə – 66 manat məbləğlərdə aylıq müavinət verilir. Bu Qaydaların İİ bölməsində nəzərdə tutulan dövlət müəssisələrindən istehsalat qəzası və yaxud peşə xəstəliyi üzrə, eləcə də bu səbəbdən ailə başçısını itirməyə görə aylıq ödənc almaq hüququ olan şəxslər bu ödəncin əvəzinə müvafiq qaydada aylıq müavinət almaq hüququna malikdirlər. İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçi və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvü, yaxud himayəsində olan digər şəxs aylıq ödəncin əvəzinə aylıq müavinət almaq üçün qanunvericilikdə nəzərdə tutulmuş qaydada müavinət təyin edən orqana ərizə ilə müraciət edir və forması Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilən müvafiq müqavilə bağlayır. Aylıq müavinəti almaq üçün müraciət olunmadıqda, aylıq ödənc təqsirkar müəssisə tərəfindən mövcud qanunvericilikdə nəzərdə tutulmuş qaydada ödənilir. Aylıq müavinət onu almaq hüququ yarandığı gündən tez olmamaq şərtilə, 2003-cü il oktyabrın 1-dən başlayaraq dövlət müəssisələrinin özəlləşdirilməsi başa çatanadək və ya onları idarə etmək hüququna dair bağlanılmış müqavilə qüvvəyə minənədək olan dövr üçün verilir. Dövlət müəssisələrinin özəlləşdirilməsinin başa çatması tarixindən, eləcə də onları idarə etmək hüququna dair bağlanılmış müqavilə qüvvəyə mindikdən sonra istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclər Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 239-cu maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilmiş qaydada ödənilir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı tərəfindən "xxxx" ASC-dən mövcud qanunvericilikdə nəzərdə tutulmuş qaydada aylıq ödənci tələb etmək hüququ yoxdur. Belə ki, iddiaçıya Bakı İxtisaslaşdırılmış Avtomobil Zavodunda işlədiyi dövrdə baş vermiş istehsalat qəzası nəticəsində əmək qabiliyyətinin 80%-ni itirdiyinə görə müəssisə tərəfindən ödənilən aylıq ödəncin əvəzinə “Özəlləşdirilən və idarəetməyə verilən dövlət müssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc üzrə borcların tənzimlənməsi Qaydaları”na uyğun olaraq 80%-lə 01.11.2008-ci il tarixdən 60 manat, 01.02.2016-cı il tarixdən isə 66 manat müavinət təyin edilərək ödənilir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsassızdır. Buna görə də iddia rədd edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddiaçı cavabdeh "X1" ASC-yə qarşı "X1" ASC-nin 2008-ci ilin avqust ayından dayandırdığı aylıq ödənişin bərpa edilməsi tələbinə dair iddiası rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Əminə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar