Məhkəmə qərarları › İş №2(011)-5140/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-5140/2022

17.11.2022 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-5140/2022 17.11.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qızının sədrliyi, Osmanova Əfsanə Fəxrəddin qızının katibliyi, İddiaçı nümayəndəsi və eyni zamanda vəkili Vəkil, Cavabdehlər Cavabdeh1 və Cavabdeh3 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “mənzildən çıxarılma tələbinə dair” iddiası üzrə mülki işə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyənetdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı Xətai Rayon İcra Hakimiyyətinin və Azərbaycan Respublikası Qaçqınlar və X4 üzrə Dövlət Komitəsinin də üçüncü şəxs qismində cəlb olunduqları “mənzildən çıxarılma tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində göstərmişdir ki, o, Azərbaycan Respublikası Maddi və Texniki Təchizat Komitəsində uzun müddət işlədikdən sonra növbə əsasında 27 iyul 1992-ci il tarixli, 012947 nömrəli order əsasında ünvan 1 ünvanında 2 otaqlı mənzil almışdır. Lakin həmin mənzilə köçməmiş mənzil Şuşa rayonundan köçkün düşmüş Həsənov Böyükkişi və onun ailə üzvləri tərəfindən zəbt olunmuşdur. Hazırda ünvan 1 ünvanında yerləşən mənzildə bildiyinə görə faktiki olaraq Cavabdeh3 və onun həyat yoldaşı yaşayır. O, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi yaşayış yeri üzrə qeydiyyat haqqında ******* qeydiyyat nömrəsi əsasında 15 fevral 2022-ci ildə həmin mənzilə qeydiyyata alınmışdır. X1 2-ci Qarabağ müharibəsi veteranıdır və Cənab Prezident tərəfindən Xocavənd və Cəbrayıl rayonlarının işğaldan azad edilməsinə görə medallarla təltif olunmuşdur. Cavabdehlər və onların ailə üzvlərinin mənzili zəbt etməklə onun və ailəsinin mənzil hüquqlarını pozmuşlar. İddiaçı yuxarıda göstərilənləri nəzərə alaraq, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Bakı şəhəri, Xətai rayonu, 2942D məhəllə, General Şıxlinski küçəsi, ev 1 ünvanında yerləşən 14 saylı mənzildən çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında çıxış edən İddiaçı nümayəndəsi və eyni zamanda vəkili Vəkil iddia tələbini müdafiə etməklə yanaşı, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında çıxış edən cavabdehlər Cavabdeh1 və Cavabdeh3 hər biri ayrıayrılıqda onlara qarşı irəli sürülmüş iddia tələbini qəbul etmiş, sadəcə Şuşa şəhərinə köçürülənədək onlara vaxt verilməsini məhkəmədən xahiş etmişlər. Cavabdeh1 eyni zamanda bildirmişdir ki, 1992-ci ildən həmin mənzildə məskunlaşmışlar. Sonra həyat yoldaşı şəkər xəstəliyinə tutulmuş və onlar 2 otaqlı mənzildə yaşaya bilməmiş, baldızının evinə köçmüşlər. Hal-hazırda bir otaqda yoldaşı ilə o, digər otaqda baldızı yaşayır. Mübahisəli mənzildə isə oğlu ailəsi ilə birgə yaşayır. İddiaçı tərəf elə bilir onların evləri var, lakin həmin ev onların deyil, baldızınındır. Hal-hazırda Şuşada evlər tikilir, möhtərəm Prezident gələn ilin ortalarından köçürməyə başlayacaqlarını bildirmişdir. Mübahisəli mənzili təmir etmiş, istilik sistemi çəkmiş, lazım gəlsə mebeli də içində qoyub gedəcəkdir, sadəcə iddiaçı onlara möhlət versin ki, onlar çıxıb getsinlər. İş üzrə digər Cavabdeh2 məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişləri göndərilməsinə baxmayaraq, məhkəmə bildirişləri müvafiq qeyd aparılaraq məhkəməyə geri qaytarılmışdır. MPM-nin 147-ci maddəsinə əsasən məhkəmə digər cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehlərin çıxışlarını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək belə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan Nərimanov rayon İcra Hakimiyyəti tərəfindən verilmiş 012947 nömrəli orderin surətindən məlum olur ki, Bakı şəhəri, Xətai rayonu, Gen.Şıxlinski küçəsi, məhəllə 2942D, ev 1, 14 saylı mənzil order əsasında İddiaçı verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Qaçqınların və X3 üzrə Dövlət Komitəsi tərəfindən məhkəməyə ünvanlanmış 13 oktyabr 2022-ci il tarixli məktubundan məlum olur ki, məktubdan adları şəkilən Şuşa şəhərindən məcburi köçkün düşmüş vətəndaşlar – Cavabdeh1 və onun ailə üzvləri Cavabdeh2 – həyat yoldaşı, Cavabdeh3 – oğlu 2004-cü ildən ünvan 3 ünvanında müvəqqəti qeydiyyatdadırlar və faktiki olaraq məskunlaşmışlar. İş materiallarında olan 99 saylı MKİS-si tərəfindən verilmiş arayışdan görünür ki, Cavabdeh1 Bakı şəhəri, Xətai rayonu, Gen.Şıxlinski küçəsi, məhəllə 2942D, ev 1, 14 saylı mənzildə 1992-ci ildən Şuşa rayonundan məcburi köçkün kimi məskunlaşmış və ailə tərkibi ilə birlikdə yaşayır. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinə əsasən də, “hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.” İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin 27 sentyabr 2007-ci il tarixli “Akimova Azərbaycana qarşı Qərarında” Məhkəmə qeyd etmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsinin birinci bəndindəki «mülkiyyət» anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da «mülkiyyət» kimi qiymətləndirilə bilər. Həmin qərarda Məhkəmə, həmçinin, məcburi köçkünlər müstəqil surətdə özlərinə yaşayış yeri taparkən digər şəxslərin hüquqlarını pozarlarsa, dövlət hakimiyyəti orqanlarının onları başqa yaşayış yerlərinə köçürməli olduğu barədə «Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında» Qanunun 5-ci maddəsinin, eləcə də «Məcburi köçkünlərin məskunlaşdırılması Qaydaları»nın 4-cü maddəsinin tələblərini nəzərə alır (bax, yuxarıda § 23 və 25). Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası MM-nin 152-ci maddəsinə əsasən mülkiyyət hüququsubyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. “Mənzil fondunun özəlləşdirilməsi haqqında” 26 yanvar 1993-cü il tarixli Qanunda nəzərdə tutulmuşdur ki, dövlət və ya ictimai mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi bağlamış şəxslərin yaşadıqları mənzilləri öz şəxsi mülkiyyətinə keçirmək hüququ vardır (1-ci maddə). Belə özəlləşdirmə könüllü və pulsuzdur (2-ci maddə). “Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinə əsasən, məcburi köçkünlərin məskunlaşdırılması müvafiq icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir. Məskunlaşdırma məqsədilə yaşayış üçün yararlı olan və ya yararlı hala salınması mümkün olan yaşayış, inzibati və yardımçı binalardan, habelə digər binalardan istifadə edilir. Məcburi köçkünləri belə binalarda məskunlaşdırmaq mümkün olmadıqda və ya müəyyən yaşayış məntəqələrində əhali sıxlığı buna imkan vermədikdə onlar məcburi köçkünlər üçün xüsusi olaraq təşkil edilmiş düşərgələrdə məskunlaşdırılırlar. Düşərgələr yaşayış üçün zəruri tələblərə cavab verməlidir. Məcburi köçkünlərin müstəqil olaraq müvəqqəti məskunlaşmasına o halda yol verilə bilər ki, bu digər şəxslərin hüquqlarını və qanuni maraqlarını pozmasın. Belə hallar mövcud olduqda müvafiq icra hakimiyyəti orqanları məcburi köçkünlərin həmin yaşayış məntəqəsi daxilində başqa yaşayış sahəsinə köçürülməsini təmin etməlidir. Göründüyü kimi, istinad edilən qanun normasında da məcburi köçkünlərin müstəqil surətdə məskunlaşmasına yalnız o halda yol verilir ki, bu digər şəxslərin hüquqlarını və qanuni maraqlarını pozmasın. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Akimova Azərbaycana qarşı” işi üzrə qərarında göstərilmişdir ki, “1 saylı Protokolun 1-ci maddəsinin başlıca və ən əsas tələbi mülkiyyətdən istifadə hüququna dövlət tərəfindən hər hansı bir müdaxilənin qanun çərçivəsində olmasından ibarətdir. Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Bundan əlavə, qanunun aliliyi demokratik cəmiyyətin fundamental prinsiplərindən biridir və Konvensiyanın bütün maddələrindən ayrılmazdır. Bundan irəli gəlir ki, cəmiyyətin mühüm maraqlarının qorunması və müdafiəsi arasında tarazlığın əldə edilməsi artıq müəyyən edildiyi kimi qanunauyğun olmalı və özbaşına xarakteri daşımamalıdır”. Məhkəmə hesab edir ki, cavabdehlər iddiaçıya order əsasında məxsus olan mənzildə heç bir qanuni əsas və hüquq olmadan yaşadıqları və bununla iddiaçının sahiblik və istifadə hüquqlarını pozduğu, mülkiyyət hüquqlarının rəsmiləşdirilməsinə maneə törətdiyi üçün onlar həmin mənzildən çıxarılmalıdırlar. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə Qətetdi: İddia tələbi təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Bakı şəhəri, Xətai rayonu, 2942D məhəllə, General Şıxlinski küçəsi, ev 1 ünvanında yerləşən 14 saylı mənzildən çıxarılsınlar. Qətnamədən rəsmi qaydada verildikdən sonra tərəflər 1 (bir) ay müddətində işə baxan Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki işlər üzrə kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Sədrlik edən: İlahə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar