Məhkəmə qərarları › İş №2(011)-5159/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-5159/2024

03.10.2024 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-5159/2024 03.10.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, İskəndərova Əlvanə İlham qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı əmək müqaviləsinə xitam verilməsi barədə əmrin qanunsuz hesab edilməsi, əmək haqqının ödənilməsi və əmək müqaviləsinə xitam verilməsi barədə bildirişin sistemə yerləşdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi, İddia tələbi: İddiaçı Cavabdeh MMC-yə qarşı cavabdehin rəhbərinin iddiaçı barəsində “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işdən azada edilməsi haqqında” xx.xx.2021-ci il tarixli əmrin qanunsuz hesab edilərək ləğv edilməsi, xx.xx.2021-ci il tarixindən Cavabdeh MMC-nin rəhbərliyinin qətnamə qəbul edilən tarixə hər ayı 1000 manat (cəmi 28000) manat hesablanmaqla orta aylıq əmək haqqının ödənilməsi öhdəliyinin üzərinə qoyulması və əmək kitabçasında müvafiq qeydin edilməsi, tərəflər arasında olan əmək müqaviləsinin qüvvədən düşmüş hesab edilməsi, əmək müqaviləsinin qüvvədən salınması ilə bağlı məlumatların “əmək və məşgulluq” alt sistemə daxil edilməsinin X3 Xidmətinə həvalə edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddianın dəlilləri: İddianın dəlilləri ondan ibarət olmuşdur ki, xx.xx.2020-ci ildən xx.xx.2021-ci il tarixədək ünvan 1 ünvanında yerləşən fəaliyyət göstərən Cavabdeh MMC-də mühasib operator vəzifəsini icra etmişdir. Qarşılıqlı razılaşmaya əsasən hüquqi şəxsin İcraçı Direktoru iddiaçıya hər ay 1000 manat əmək haqqı ödəməli idi. İşə başladıqdan sonra iddiaçı öyrəndi ki, cavabdeh MMC–nin direktoru və təsisçisi sənədlərlə əmək haqqını 250 manat göstərmiş və keçən müddət ərzində bir dəfə Bank kartına əmək haqqı ödənilmişdir. xx.xx.2021-ci il tarixdə MMC-nin rəhbərliyi iddiaçını işdən kənarlaşdırmış, lakin rəsmi müraciət etdiyinə baxmayaraq 8 ay adını elektron portaldan çıxartmamışdır. Bundan başqa, hüquqi şəxsin rəhbəri iddiaçıdan qisas almaq və cəzalandırmaq məqsədi ilə Xətai Rayon Prokurorluğuna yalan məlumatlar vermişdir. Lakin araşdırma nəticəsində cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Hazırda iflasa uğramış hüquqi şəxsin rəhbərliyi keçmiş işçilərinə qarşı məhkəmələrdə əsassız iddialar qaldırmışdır. İki həftə əvvəl başqa yerdə işə düzəlmək istədikdə elektron sistem vasitəsilə məlum oldu ki, cavabdeh hüquqi şəxsin rəhbərliyi iddiaçını Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işdən azad etmişdir. Heç bir qanuni əsas olmadan Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən iddiaçını işdən azad etdiklərinə görə o, başqa yerdə işə düzələ bilmir. Sonuncu dəfə bir həftə əvvəl onu həmin əsasla işə qəbul etməkdən imtina etmişdirlər. Bu günədək iddiaçıya əmək kitabçası açılmayıb və verilməyib. Dəfələrlə şifahi xahişlər etməyinə baxmayaraq cavabdeh hüquqi şəxsin rəhbərliyi iddiaçının əmək kitabçasını vermir. Tərəflərin izahatları: İddiaçı məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddiaya etiraz edərək məhkəmədən iddianın rədd edilməsi xahiş etdi. O, məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, iddiaçı ilə cavabdeh təşkilat arasında bağlanmış əmək müqaviləsinə xitam verilməsi üçün əsas, iddiaçının edilən xəbərdarlıqlardan da sonra işə gəlməməsi və şirkətə külli miqdarda ziyanın vurması olmuşdur. İşin halları: İddiaçı ilə Cavabdeh MMC arasında xx.xx.2020-ci il tarixində Əmək müqaviləsi bağlanılmış, işçi mühasib-operator vəzifəsinə qəbul olunmuşdur. Əmək müqaviləsinə əsasən işçinin aylıq əmək haqqı məbləği 250 manat təşkil etmişdir. Məhkəmə təqdim edilmiş müqavilədə işçinin imzası yoxdur. Cavabdeh MMC-nin xx.xx.2020-ci il tarixli D-015 nömrəli əmrinə əsasən İddiaçı xx.xx.2020-ci il tarixində ştat cədvəlinə uyğun olaraq aylıq əmək haqqı 250 manat olmaqla mühasib-operator vəzifəsinə təyin edilmiş, sonuncu “Logix” proqram təminatı üzrə inzibatçı təyin edilmişdir. Əmrə əsasən İddiaçı tapşırılmışdır ki, proqrama yığılmış məlumatlarda düzəlişlərin, silinmələrin aparılması yalnız Cavabdeh MMC-nin təsisçisi X2 icazəsi ilə aparılsın. Cavabdeh MMC-nin xx.xx.2022-ci il tarixli MM402 nömrəli “İşçinin əmək müqaviləsinə xitam verilməsi ilə bağlı” əmrinə əsasən İddiaçı xx.xx.2021-ci il tarixdən işə gəlməməsi, maddi-məsul şəxs kimi ona həvalə olunan “Logix” proqramının administratoru olaraq ciddi pozuntulara bilərəkdən yol verməsi ilə bağlı aparılan audit yoxlaması nəticəsində Cəmiyyətə bir qrup şəxslərlə birgə, qabaqcdan əlbir olaraq külli miqdarda (51815,67 manat) mənimsədə faktı ilə əlaqədar dəfələrlə şirkət və sərbəst audit tərəfindən rəsmi və şifahi müraciət olunmasına baxmayaraq gəlməməsini, eyni zamanda hüquqmühafizə orqanlarında başlanmış cinayət işini nəzərə alaraq, Əmək Məcəlləsinin 70 maddisinin “ç” bəndinə əsasən İddiaçıİ ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2020-ci il tarixli müqaviləyə xitam verilmişdir. Bağlanmış əmək müqaviləsi barədə bildiriş xx.xx.2020-ci il tarixində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminin “Əmək və Məşğulluq” altsistemində qeydiyyata alınmışdır. Həmin bildirişin xx.xx.2022-ci il tarixində müqavilənin xitam tarixi xx.xx.2022-ci il tarixi qeyd edilməklə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə qüvvədən düşmüşdür. İddia tələbinin hüquqi əsası: Azərbaycan Respublikası Əmək Məcəlləsi Maddə 68. Əmək müqaviləsinə xitam verilməsinin əsasları

1. Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər.

2. Əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: a) tərəflərdən birinin təşəbbüsü; b) əmək müqaviləsinin müddətinin qurtarması; c) əmək şəraitinin şərtlərinin dəyişdirilməsi; ç) müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər); d) tərəflərin iradəsindən asılı olmayan hallar; e) tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar.

Maddə 70. İşəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsinin əsasları Əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: a) müəssisə ləğv edildikdə; b) işçilərin sayı və ya ştatları ixtisar edildikdə; c) peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə; ç) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda; d) sınaq müddəti ərzində işçi özünü doğrultmadıqda; e) dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə çatdıqda. Qeyd: Bu maddənin «c» bəndində «səlahiyyətli orqan» dedikdə, işçilərin ixtisasına, peşə dərəcəsinə, təcrübəsinə, peşəkarlıq səviyyəsinə görə tutduğu vəzifəyə uyğun olduğunu müəyyən etmək məqsədi ilə yaradılan və müvafiq səlahiyyətlərə malik olan attestasiya komissiyası, Azərbaycan Respublikasında dövlət məktəbəqədər və ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin və praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan işçilərin sertifikasiyasını həyata keçirən müvafiq icra hakimiyyəti orqan başa düşülməlidir. İşçilərin attestasiyası bu Məcəllənin 65-ci maddəsi ilə müəyyən edilmiş qaydada keçirilir.

Maddə 71. Əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilərkən görülən tədbirlər

1. İşçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən, o cümlədən işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edilərkən işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş tədbirlər görür.

2. Bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun.

3. İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır.

Maddə 72. Əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilən hallar

Aşağıdakı hallar işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir: a) özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi; b) alkoqollu içkilər, narkotik vasitələr və psixotrop, toksik və digər zəhərli maddələr qəbul edərək sərxoş vəziyyətdə işə gəlməsi, habelə işə gəldikdən sonra iş yerində həmin içkiləri və ya maddələri qəbul edərək sərxoş vəziyyətdə olması; c) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması; ç) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində əməyin mühafizəsi qaydalarını pozaraq iş yoldaşlarının səhhətinə xəsarət yetirməsi və ya onların bu səbəbdən həlak olması; d) qəsdən istehsal, kommersiya və ya dövlət sirrinin yayılması və ya bu sirrin gizli saxlanılması üzrə öhdəliklərini yerinə yetirməməsi; e) əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi; ə) əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması; f) iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllərə yol verməsi.

Maddə 296. Fərdi əmək mübahisələrinin həllində iddia müddətləri

2. Bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər.

3. Hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi və ya əmrin (sərəncamın, qərarın) işçinin elektron informasiya sistemində yaradılan elektron kabinetinə göndərildiyi və bu barədə işçinin məlumatlandırıldığı (elektron poçt və SMS vasitəsilə), həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür.

Maddə 300. Əmək müqaviləsinin ləğv edilməsi qaydalarına işəgötürən tərəfindən əməl olunmamasının hüquqi nəticələri

1. Əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. [335]

2. İşəgötürən və işçi fərdi əmək mübahisəsinin məhkəmədə həlli prosesində qarşılıqlı razılıqla yazılı barışıq sazişi bağlayarlarsa, hakim tərəflərin həmin sazişlə müəyyən edilmiş öhdəliklərin icrasının təmin edilməsi barədə qərardad qəbul edir. [336] Qeyd: Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş «dəymiş zərərin məbləği» dedikdə işçinin işdən çıxarılması ilə əlaqədar işləmədiyi müddətin orta əmək haqqı, fərdi əmək mübahisəsinə məhkəmədə baxılması ilə əlaqədar məhkəmədə hüququnun müdafiəsi üçün vəkil (müdafiəçi) tutması ilə əlaqədar çəkdiyi xərclərin məbləği, eləcə də işçinin iddia ərizəsi ilə tələb etdiyi mənəvi ziyanın, işsiz qalması ilə əlaqədar borc alması, şəxsi əşyalarının satılması nəticəsində çəkdiyi, habelə digər xərclərin məcmusu başa düşülməlidir.

Məhkəmənin mövqeyi: Məhkəmə mülki iş materiallarını və tərəflərin izahatlarını nəzərdən keçirərək belə qənaətə gəlir ki, iddia aşağıda göstərilənlər əsaslara görə rədd edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir. Həmin əmrdə işçi tərəfindən əmək vəzifələrinin köbud şəkildə pozulması hesab edilən iki hala istinad edilmişdir. Birincisi işçinin uzun müddət ərzində heç bir üzrlü səbəb olmadan işə gəlməməsi, ikincisi isə işçinin digər işçilərlə əlbir olaraq cəmiyyətinin külli miqdarda vəsaitinin mənimsəməsi olmuşdur. Məhkəmə araşdırması zamanı hər iki istinad edilən halın əsassız olduğu müəyyən edilmişdir. İlk öncə məhkəmə İddiaçı tərəfindən 2021-ci ilin sentyabr, oktyabr, noyabr və dekabr aylarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əmək Müfəttişliyi Xidmətinə ünvanladığı şikayətlərdən məlum olur ki, işçi həmin dövr ərzində dəfələrlə Əmək Müfəttişliyi Xidmətinə müraciət edərək işdən ayrılmaq istədiyi ilə bağlı iradə ifadəsini işəgötürənə bildirsə də, işəgötürən tərəfindən əmək müqaviləsinə xitam verilmədiyini bildirmişdir. Həmin şikayətlər üzrə müvafiq araşdırma çərçivəsində də, işəgötürənə işçinin işdən ayrılmaq niyyəti məlum olmuş, lakin buna baxmayaraq işəgötürən işçi ilə bağlanmış əmək müqaviləsinə 4 ay sonra, 2022-ci ilin yanvar ayının birində Əmək Məcəlləsinin 70-ci maddəsinin ç hissəsinə əsasən xitam vermişdir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, cavabdeh olan işəgötürən Cavabdeh MMC tərəfindən işçinin heç bir üzrlü səbəb təqdim etmədən işə gəlməməsi halına istinad edərək əmək müqaviləsinə 70ci maddəsinin “ç” hissəsinə əsasən xitam verilməsi işin həqiqi hallarına uyğun olmadığına görə qanunsuz və əsassız olmuşdur. Digər tərəfdən məhkəmə əmrdə istinad edilən digər hala, yəni işçinin digər işçilərlə əlbir olaraq şirkətin külli miqdarda vəsaitinin mənimsəməsi halına qiymət verərək, qeyd edir ki, əmək müqaviləsinə bu əsasla xitam verilməsi qanunsuz və əsassız olmuşdur. Belə ki, məhkəmə araşdırması zamanı cavabdeh İddiaçı tərəfindən digər şəxslərlə qrup şəklində cəmiyyətin vəsaitin mənimsəməsi əməlinin törədilyinə dair məhkəməyə müvafiq sübutları təqdim edə bilməmişdir. Məhkəmə iddiaya xx.xx.2021-ci il tarixindən Cavabdeh MMC-nin rəhbərliyinin qətnamə qəbul edilən tarixə hər ayı 1000 manat (cəmi 28000) manat hesablanmaqla orta aylıq əmək haqqının ödənilməsi öhdəliyinin üzərinə qoyulması hissəsində qiymət verərək qeyd edir ki, iddia ərizəsinin məzmunundan və iddiaçı tərəfindən verilən izahatlardan məlum olur ki, iddiaçı məcburi iş buraxmaya görə xx.xx.2021-ci il tarixdən hesablanmaqla aylıq 1000 manat olmaqla, ümumilikdə 28000 manat məbləğində ödənişin aparılmasını tələb edir. Lakin, məhkəmə araşdırması zamanı təqdim edilmiş əmək müqaviləsinin nüsxəsi və “Əmək müqaviləsinin bağlanması barədə bildiriş”dən məlum olur ki, iddaçının rəsmi əmək haqqı məbləği 250 manat təşkil etmişdir. İddiaçı əmək haqqı məbləğinin 1000 manat olduğuna dair məhkəməyə hər hansı sübut təqdim edə bilməmişdir. Odur ki, iddia əmək müqaviləsinə xitam verilməsi hissəsində əsaslı hesab edildiyi halda, məcburi iş buraxma müddəti üçün aylıq 250 manat məbləğində əmək haqqının ödənilməsi hissəsində əsaslıdır. Göstərilənlərlə yanaşı məhkəmə qeyd edir ki, cavabdeh tərəfindən iddia müddətinin tətbiqinə dair ərizənin verildiyi nəzərə alınaraq, iddiaçı tərəfindən əmək müqaviləsinə xitam verilməsi barədə əmrin ləğv edilməsi və məcburi iş buraxma müddətinə görə əmək haqqının ödənilməsi barədə iddia ərizəsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci bəndində nəzərdə tutulmuş iddia müddətini ötürməklə verildiyinə görə rədd edilməlidir. Belə ki, İddiaçı tərəfindən Əmək Müfəttişliyi Xidmətinə ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubundan məlum olur, onunla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” hissəsinə əsasən xitam verildiyi artıq məktub ünvanlandığı tarixdə məlum olmuşdur. Yəni, işçi hüquqlarının pozulduğu artıq qeyd edilən tarixdə bilmiş, lakin hazırkı iddia ərizəsi ilə məhkəməyə 2 il 3 ay sonra müraciət etmişdir Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı iddia müddətini ötürməklə müraciət etdiyinə görə əmək müqaviləsinə xitam verilməsi barədə əmrin ləğv edilməsi və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi barədə iddia rədd edilməlidir. Məhkəmə qeyd edir ki, iddia Cavabdeh MMC-nin xx.xx.2022-ci il tarixli MM402 nömrəli “İşçinin əmək müqaviləsinə xitam verilməsi ilə bağlı” əmrin ləğv edilməsi hissəsində iddia rədd edildiyinə görə bu tələbdən doğuran digər tələblər də, yəni əmək kitabçasında müvafiq qeydin edilməsi və tərəflər arasında olan əmək müqaviləsinin qüvvədən düşmüş hesab edilməsi, əmək müqaviləsinin qüvvədən salınması ilə bağlı məlumatların “əmək və məşgulluq” alt sistemə daxil edilməsinin X3 Xidmətinə həvalə edilməsi ilə bağlı iddia tələbləri də rədd edilməldir. Şərh edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-c maddələri rəhbər tutaraq

qət etdi:

İddiaçı Cavabdeh MMC-yə qarşı cavabdehin rəhbərinin iddiaçı barəsində “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işdən azada edilməsi haqqında” xx.xx.2021-ci il tarixli əmrin qanunsuz hesab edilərək ləğv edilməsi, xx.xx.2021-ci il tarixindən Cavabdeh MMC-nin rəhbərliyinin qətnamə qəbul edilən tarixə hər ayı 1000 manat (cəmi 28000) manat hesablanmaqla orta aylıq əmək haqqının ödənilməsi öhdəliyinin üzərinə qoyulması və əmək kitabçasında müvafiq qeydin edilməsi, tərəflər arasında olan əmək müqaviləsinin qüvvədən düşmüş hesab edilməsi, əmək müqaviləsinin qüvvədən salınması ilə bağlı məlumatların “əmək və məşgulluq” alt sistemə daxil edilməsinin X3 Xidmətinə həvalə edilməsi tələbinə dair iddiası rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay sonra qanuni qüvvəyə minir.

Sədrlik edən: Əminə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar