Məhkəmə qərarları › İş №2(011)-5198/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №2(011)-5198/2023

03.07.2023 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(011)-5198/2023 03.07.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Abbasova X1, İddiaçı Cavabdeh qarşı “işə bərpa və pul” tələbinə dair iddia ərizəsinə baxaraq, M Ü Ə Y Y Ə N E T D İM : İddiaçı Cavabdeh qarşı “işə bərpa və pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri araşdıraraq, hesab edirəm ki, iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən, ərizə bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 3.2-ci maddəsinə əsasən kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə bu Qanunun 28-ci və 29-cu maddələrinə uyğun olaraq məhkəməyə müraciət etməmişdən əvvəl ilkin mediasiya sessiyasında iştirak tələb olunur. Mülki Prosessual Məcəllənin 149.2.4-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsinə dair məlumat iddia ərizəsində göstərilməlidir. Həmin Məcəllənin 150.0.8-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsini təsdiq edən sənəd iddia ərizəsinə əlavə edilir. Qeyd edilən müddəalardan da göründüyü kimi əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə tərəflər məhkəməyə iddia ərizəsi ilə müraciət etməzdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya sessiyasında iştirak etməli, bu iştirakla bağlı müvafiq sənədi əldə etdikdən sonra, həmin sənədi iddia ərizəsinə əlavə etməklə məhkəməyə müraciət edə bilər. Göstərilən tələblərə əməl etmədən iddia ərizəsi ilə məhkəməyə müraciət edilməsi isə iddia ərizəsinin geri qaytarılması üçün əsasdır. Mülki Prosessual Məcəllənin 152.1.6-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Yuxarıda qeyd edilmiş maddi və prosessual hüquq normalarının tələblərinə əsaslanaraq, hesab edirəm ki, iddia ərizəsi Azərbaycan Respublikası MPM-nin tələblərinə riayət edilmədən verildiyindən onun məhkəmə icraatı mümkün deyildir. Bununla bağlı olaraq iddia ərizəsi geri qaytarılmalı və iddiaçıya “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq mediasiya prosesində iştirak etmək üçün Azərbaycan Respublikası Mediasiya Şurasına müraciət etmək hüququ izah olunmalıdır. Azərbaycan Respublikası MPM-nin ərazi aidiyyətini müəyyən edən norması olaraq 35-ci maddəsi təsbit edir ki, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Hüquqi şəxsin törəmə müəssisəsinin fəaliyyətindən əmələ gələn iddialar müəssisənin ünvanının olduğu yerə görə verilir. Həmçinin İddiaçı cavabdeh qismində Cavabdeh, cavabdehin ünvanı kimi ünvan 1 ünvanını göstərmişdir. Qeyd edilməlidir ki, iddia ərizəsinə əlavə edilmiş əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, Cavabdeh qeydiyyatda olduğu ünvan kimi Azərbaycan Respublikası, miqrant qeyd edilmişdir. “Elektron məhkəmə” informasiya sistemindən olan çıxarışa əsasən müəyyən edilmişdir ki, Cavabdeh fərdi sahibkardır (VÖEN **********, fin F923B) və onun ünvanı Bakı şəhəri Nizami rayonu, X2, ev 102 mənzil 55 ünvanı kimi qeyd edilmişdir. Hesab edirəm ki, iddia ərizəsində irəli sürülən iddia tələbi ilə bağlı qanunvericilik başqa halı nəzərdə tutmadığı üçün həmin ərizə cavabdehin qeydiyyatda olduğu yerin məhkəməsinə verilməlidir. Göründüyü kimi iddiaçı tərəfindən məhkəməyə ərizə verilərkən prosessual qanunvericiliyin ərazi aidiyyəti ilə bağlı imperativ tələbinə əməl edilməmişdir. Azərbaycan Respublikası MPM-nin 152.1.3-cü maddəsi müəyyən edir ki, əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılır. Adı çəkilən Məcəllənin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Hesab edirəm ki, iddia ərizəsi geri qaytarıldığından 142213 təsnifat kodlu dövlət büdcəsinə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hesabına xx.xx.2023-cü il tarixdə ödənilmiş ********** qəbz nömrəli 165 manat dövlət rüsumu geri qaytarılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 149,152, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İM : İddiaçı Cavabdeh qarşı “işə bərpa və pul” tələbinə dair iddia ərizəsi iddiaçıya qaytarılsın. İddiaçı tərəfindən 142213 təsnifat kodlu dövlət büdcəsinə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hesabına xx.xx.2023-cü il tarixdə ödənilmiş ********** qəbz nömrəli 165 manat dövlət rüsumu geri qaytarılsın. İddiaçıya “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq mediasiya prosesində iştirak etmək üçün Azərbaycan Respublikası Mediasiya Şurasına müraciət etmək hüququ izah olunsun. İddiaçıya izah edilsin ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: İlahə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar