Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-520/2025 04.02.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Həsənova Elnarə Daşdəmir qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbi” barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin faktiki halları:
1. Cavabdehlə "xxxx" BOKT MMC arasında bağlanmış xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə əsasən sonuncu cavabdehə illik 21,04% olmaqla, 36 ay müddətinə 15000 ABŞ dolları məbləğində kredit vermişdir. Eyni zamanda, iddiaçı ilə "xxxx" BOKT MMC arasında xx.xx.2015-ci il tarixdə zaminlik müqaviləsi bağlanmış, müqaviləyə əsasən iddiaçı cavabdehin kredit müqaviləsi üzrə öhdəliklərinin icra edilməsi üçün məsuliyyəti öz üzərinə götürmüşdür.
2. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsi ilə "xxxx" BOKT MMC-nin iddiaçı ilə cavabdehə qarşı iddiası qismən təmin edilərək "xxxx" BOKT MMC ilə cavabdeh arasında xx.xx.2015-ci il tarixdə bağlanmış BAKU1-4821-11425 saylı kredit müqaviləsinə, BAKU1-4821-11425/1 və BAKU1-4821-11425/2 saylı Razılaşmaya xitam verilmiş, tərəflərdən müştərək qaydada 10616,73 ABŞ dolları əsas, 2407,52 ABŞ dolları faiz, 1872 ABŞ dolları cərimə olmaqla, cəmi 14896,25 ABŞ dolları və 14 manat dövlət rüsumunun tərəfllərdən müştərək qaydada tutulması qət edilmiş, həmin qətnamədən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2018-ci il tarixli qətnaməsi ilə təmin edilməmiş, sonuncu qətnamədən iddiaçının verdiyi kassasiya şikayəti isə AR Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2015-ci il tarixli qərarı ilə qismən təmin edilərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2018-ci il tarixli qətnaməsi cərimə borcunun tutulması hissəsində dəyişdirilərək tərəflərdən müştərək qaydada 1000 ABŞ dolları borcun tutulması qərara alınmışdır.
3. Bakı şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən 10616,73 ABŞ dolları əsas, 2407,52 ABŞ dolları faiz, 1872 ABŞ dolları cərimə olmaqla, cəmi 14896,25 ABŞ dolları və 14 manat dövlət rüsumunun iddiaçı ilə cavabdehdən müştərək qaydada tutulması barədə icra vərəqəsi xx.xx.2017-ci il tarixdə verilmiş, bundan sonra iddiaçının əmək haqqından xx.xx.2018-ci il tarixdə 698,92 ABŞ dolları pul tutulmuşdur. Bundan başqa, iddiaçı tərəfindən cavabdehin aldığı kredit üzrə 2019-cu il üzrə 1029,23 ABŞ dolları, 2020-ci il üzrə 2524,78 ABŞ dolları, 2021-ci il üzrə 2820,15 ABŞ doları, 2022-ci il üzrə 6951,17 ABŞ dolları pul ödənilmişdir. Ümumilikdə, zamin olaraq iddiaçı tərəfindən cavabdehin aldığı kredit üzrə (əmək haqqından tutulmalar və ödəniş qəbzləri ilə birlikdə) 14024,25 ABŞ dolları pul ödənilmişdir.
İddia ərizəsinin və ona etirazın dəlilləri: a) İddia ərizəsinin dəlilləri
4. İddiaçı 25500 manat məbləğində pulun və ödənilmiş 168 manat dövlət rüsumunun cavabehdən tulularaq ona ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
5. İddiaçı iddia ərizəsində qeyd etmişdır ki, “TBC Bankı" BOKT MMC ilə cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli BAKU1-4821-11425 saylı kredit müqaviləsinə əsasən bank onlara müştərək qaydada 15000 ABŞ dolları kredit vermişdir. O, həmin müqavilə üzrə cavabdehə zamin olmuş və bu barədə zaminlik müqaviləsi bağlanmışdır.Cavabdeh krediti qaytarmamış və "TBC Kredit MMC məhkəməyə müraciət edərək kreditin ödənilməsinə dair iddia qaldırmış və iddia təmin edilərək o və cavabdehdən müştərək qaydada cəmi 14896.25 ABŞ dolları məbləğində pul vəsaiti tutulması qət edilmişdir. Cavabdeh müqavilə üzrə öhdəliyini icra etmədiyindən "xxxx" BOKT MMC həmin məbləği onun əmək haqqından xx.xx.2022-ci il tarixə kimi hər ay müxtəlif tarixlərdə müxtəlif məbləğlər olmaqla cəmi 25.500 manat məbləğində akseptsiz qaydada pul vəsait tutmuşdur. Lakin cavabdeh əmək haqqından tutulan pulları bu günə kimi ona qaytarmamışdır. Hazırda cavabdehin 25.500 manat məbləğində borcu var. Dəfələrlə cavabdehə müraciət edərək, pulunu tələb etsə də, o hər dəfə müxtəlif bəhanlər gətirərək borcunu ödəməkdən yayınır.
b) Cavabdehin iddia ərizəsinə etirazının dəlilləri:
6. Cavabdeh məhkəməyə yazılı etirazını təqdim etməmişdir.
Məhkəmə iclasında verilən izahatlar:
7. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, mülki işə onun iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin edilməsini xahiş etmişdir.
8. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilsə də o, məhkəmə iclasına gəlməmiş və gəlməməyinin üzürlü olması barədə məhkəməyə məlumat vermədiyindən məhkəmə, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
Mülki işə tətbiq edilən hüquq:
Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
9. Maddə 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür.
10. Maddə 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar.
11. Maddə 475.1. Öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər.
12. Maddə 475.2. Zamin öhdəliyi icra etdikdən sonra kreditor borcluya qarşı tələbi təsdiqləyən sənədləri zaminə təqdim etməyə və həmin tələbi təmin edən hüquqları verməyə borcludur.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
13. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
14. Maddə 76.1 Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
15. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
16. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
17. Maddə 119.1 Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
İşə baxan məhkəmənin mövqeyi:
18. Məhkəmə iddianın dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslıdır.
19. İlk növbədə qeyd olunmalıdır ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır.
20. Mülki Məcəllənin zaminliklə bağlı maddi hüquq normalarının təhlilindən göründüyü kimi zaminlik öhdəliyinin məzmunu kreditorun tələb hüququndan və zaminin ödəlik üzrə məsuliyyət daşımasından ibarətdir. Zaminlik hüquq münasibətləri subyekt tərkibi baxımından kreditor, borclu və zamindən ibarətdir. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, zaminin birgə məsuliyyəti nəzərdə tutulduğu halda zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Birgə məsuliyyət dedikdə o başa düşülür ki, kreditor əsas öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi təqdirdə öz istəyi ilə tələbini eyni zamanda həm əsas borcluya, həm də birgə məsuliyyət daşıyan zaminə qarşı yönəldə bilər.
21. Borclunun kreditor qarşısında öhdəliyinin zamin tərəfindən ödənildiyi halda, kredit müqaviləsi üzrə pulun tutulmasına dair hüquqi münasibətlərdə subyekt tərkibi dəyişir. Belə ki, öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir.
22. Mülki Məcəllənin 475-ci maddəsi öhdəliyi icra etmiş zaminin mənafelərinin müdafiəsi məqsədi daşıyır. Həmin normanın tətbiq edilməsi üçün başılıca şərt - zaminin borcu ödəməsidir. Bu isə kreditora mənsub olmuş tələb hüququnun zaminə keçməsinə səbəb olur. Borcun ödənilməsi nəticəsində kreditor öhdəlik hüquq münasibətlərindən çıxır və onun yerini zamin tutur.
23. Mülki Məcəllənin 475-ci maddəsinin dispozisiya şərtləri əsasında işin halları əsasında müəyyən olunur ki, məhkəmə qətnaməsi çıxarıldıqdan sonra iddiaçı cavabdehin banka olan borcunu ödəmişdir.
24. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı, kredit müqaviləsi üzrə cavabdehin aldığı pul məbləğinin Banka qaytarmasına dair öhdəliyini tam icra olunmasına görə zamin olduğundan, borcun ödənilməməsi üçün məsuliyyət daşıdığından, borcun bir qismi cavabdehin əvəzindən onun tərəfindən ödənildiyindən iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etməkdə haqlıdır.
25. Lakin, məhkəmə qeyd etmişdir ki, öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Banka olan borcun tərəflərdən müşyərək qaydada tutulmasına dair məhkəmə qətnaməsi qəbul edildikdən sonra xx.xx.2018-ci il tarixdən xx.xx.2022-ci il tarixədək iddiaçı tərəfindən Banka olan borca görə cəmi 14024,25 ABŞ dolları məbləğində ödəniş edilmişdir. İddiaçının həmin öhdəlik üzrə hüquqları onun banka ödədiyi pul həcmində, yəni 14024,25 ABŞ dolları həcmində keçmişdir. İddiaçı isə cavabdehin əvəzindən onun Banka olan borcundan qalan 11475,75 ABŞ dolları məbləğində ödəniş edildiyini təsdiq edən sübutlarını məhkəməyə təqdim edə bilməmişdir.
26. Məhkəmə iddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş ödəniş qəbzlərinə və Bank tərəfindən iddiaçıya verilmiş xx.xx.2022-ci il tarixli iddiaçının Banka heç bir borcunun olmaması barədə arayışa münasibətdə isə qeyd edir ki, həmin arayışda iddiaçının xx.xx.2022-ci il tarixli, BAKU2-15575-20455 saylı kredit müqaviləsi üzrə Banka heç bir borcunun qalmadığı qeyd edilmişdir. Cavabdehlə Bank arasında bağlanmış və iddiaçının da zamin olduğu kredit müqaviləsi xx.xx.2015-ci il tarixli BAKU1-4821-11425 saylı müqavilədir. Arayışda qeyd edilən xx.xx.2022-ci il tarixli müqavilə isə də iddiaçının özünün şəxsi ehtiyacları üçün (iddiaçının bildirdiyinə görə cavabdehin Banka olan borcunu bağlamaq məqsədilə) aldığı kreditlə bağlıdır. Ödəniş qəbzlərinin surətərindən isə görünür ki, həmin ödənişlərin bir qismi iddiaçının özünün borclu kimi çıxış etdiyi xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə edilmiş ödənişlərdir.
27. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilərək 14024,75 ABŞ dolları məbləğində pul vəsaiti ödəniş gününə olan Azərbaycan Respublikasının mana cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir.
28. Məhkəmə hesab edir ki, 168 manat məbləğində dövlət rüsumu iddianın təmin olunması nisbətində (iddia ümumi tələbin 55%-i nisbətində təmin edilmişdir) tərəflərə aid edilməlidir.
29. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə
QƏTETDİ:
İddia qismən təmin edilsin. 23841,23 manat məbləğində pul vəsaiti və ödənilmiş 92,40 manat dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı ödənilsin. Ödənilmiş dövlət rüsumunun 75,60 manat hissəsi iddiaçıya aid edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən: Pərviz Zamanlı